adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BiZiM DüNYA... UŞAQ ŞILTAQLIğI... VƏ ƏL çATMAYAN KEçMiŞ

ƏBÜLFƏT MƏDƏTOĞLU
28630 | 2009-02-21 07:17
Günəş yenicə özünü göstərməyə başlamışdı. Adama elə gəlirdi ki, günəş elə bu boyda, bu biçimdə qalacaq. Çünki onun işığı da, onun çöhrəsi də o qədər məsum idi ki, elə bil üç-dörd aylıq əl boyda bir uşaq doğmalarının üzünə gülümsəyir. Orda heç bir ürək incidən, könülə toxunan işartı yox idi. Hər şey dupduru bulaq suyu qədər könüloxşayan idi. Bax, günəşin belə könüloxşayan məqamında onun üçün həyatın, dünyanın, bütövlükdə yaşamın anlamı itmişdi. Çünki o səhəri dirigözlü açmışdı. Şərin necə qarışdığından, ayın necə doğduğundan və nəhayət dan yerinin sökülməsinə qədər baş verən bütün olaylardan xəbərsiz olmuşdu. Ona görə yox ki, canı ağrımışdı və yaxud da hardasa dostları ilə qədərindən bir az artıq içki qəbul etmişdi... Xeyr, sadəcə o, arzuladığı, özü üçün xəyalən qurduğu bir dünyanın ortasında, necə deyərlər, onun şah damarının üsütündə dayandığı bir anda dünyanın başına fırlandığını, ayağının altından yerin qaçdığını hiss etmişdi. Və ona elə gəlmişdi ki, artıq sondur. Özü də təkcə onun həyatının, yaşamının yox, bütövlükdə dünyanın sonudur...
   
   Həmin gün görüşmək barədə razılaşmamışdılar, adətləri idi. Həmişə, harda, saat neçədə görüşəcəkləri barədə əvvəlcədən danışıb, razılaşardılar. Bəzən də görüşlərin sonunda növbəti günün proqaramını, gündəliyini özləri üçün cızardılar. Bu gün isə hər şey qəflətən baş verdi. Telefon zəng çaldı. O, telefonu qaldırıb adəti üzrə "Bəli" - dedi. Və o sözü dilinə gətirənə qədər ağlına gətirmədi ki, zəng vuran ODU. Çünki əvvəldə dediyim kimi razılaşmamışdılar və o da zəng gözləmirdi. Telefonun dəstəyini bir anlıq ovcunda sıxdı. Çünki o doğma səs, nəfəs onun bütün vücudunu ağuşuna almışdı və ona elə gəlmişdi ki, telefonla yox, elə onun özü ilə üzbəüz, həmsöhbətdi. Özünü necə itirmişdisə qızın dediklərini ancaq dinləmiş və sonda bircə kəlmə "gəlirəm" demişdi.
   
   İş yoldaşlarına heç nə demədən yerindən qalxmış və qapını tələsik çırpıb özünü küçəyə atmışdı. Qarşısına çıxan ilk maşına əyləşib "Sahil" metrosuna sürməyi xahiş etmişdir. Onlar adətən burada görüşürdülər. Maşından düşəndə qızın dayanıb onu gözlədiyini gördü. Tələsik ona doğru addımladı. Və çatan kimi də salamsız, kəlamsız ilk sözü bu oldu:
   
   - Nə olub? Nə baş verib? Niyə həyəcanlısan?
   
   Sualları bir-birinə caladı. Qız onun təlaşını bir könül rahatlığı ilə canına, qanına hopdurdu. Sanki ilk dəfə idi ki, belə bir mehribançılıq, narahatlıq hiss edirdi. Amma əslində belə deyildi. Onlar bir-birinə qarşı həmişə həsəd aparılacaq dərəcədə səmimi və diqqətli, həm də mehriban idilər. Sadəcə indi qızın yaşadığı narahatçılıq, bu sualları ona xoş təmas, isti nəfəs kimi xoş gəldi. Və o da heç nə olmamış kimi təəccüblə:
   
   - Yaxşı, bəs sənə nə olub? Elə bil dalınca atlı qovub? Sualları bir-birinə calayırsan?
   
   - Telefonda dediklərin, illah da ki, sənin üçün yaman darıxıram sözün məni yerimdən oynatdı. Və mənə elə gəldi ki, nəsə baş verib. Ona görə işdə də heç kimə, heç nə demədən yanına qaçdım. Doğrudan, nəsə baş verib?
   
   - Yox, ay dəli. Doğrudan-doğruya birdən sənin üçün darıxdım. Özümə yer tapa bilmədim və götürüb işinə zəng vurdum, sonra da peşiman oldum. Səni işdən elədim axı!
   
   - Şükür, ürəyim qopmuşdu. Mənə elə gəlmişdi ki, nə isə olub. Ordan bura gələnə kimi, ağlımdan min cürə fikirlər keçib. Amma nə yaxşı ki, fikirləşdiklərim heç biri çin çıxmadı (sonra gülümsədi). Amma yaxşı ki, darıxmısan... və mən də uça-uça gəlib, sənin yanına çıxmışam. Kaş həmişə mənim üçün darıxasan.
   
   - Forslanıb, eləmə. Guya sən darıxmamışdın. Bir də ki, həmişə deyirsən ki, bir adamıq. Deməli onda ikimiz də darıxmışıq də!
   
   - Bəli, mən yenə sözümün üstə dururam. Bir adamıq və Tanrı bizi bir-birimiz üçün yaradıb. Sən darıxanda, elə mən də darıxıram. Axı, bunu sənə dəfələrlə demişəm.
   
   Həmin gün oğlanın işdən və onu işdə axtaranlardan xəbəri olmadı. Çünki o indi öz dünyasında, öz arzularının qanadında, öz xəyallarının qoynunda, özünün bir parçası olan insanla baş-başa idi. Və onlar bu anları canlarına, qanlarına, ruhlarına hopdururdular. Həm də onlar üçün bu anlar yaşadıqları dünyadan, sakini olduqları yerdən çox-çox uzaqlarda idi. Oraya heç kimin nə əli çatırdı, nə də səsi. O dünya onların özlərinə aid idi...
   
   P.S. Hərdən qarşılaşanda həmin anları xatırlayırlar. Və özlərinə də qəribə gəlir. Elə bilirlər ki, uşaq şıltaqlığı ediblər. Amma, nə boyda şıltaqlıq olur-olsun son dərəcə səmimi və təbii idi. Kaş o şıltaqlığı bir də yaşaya bilərdilər.

TƏQVİM / ARXİV