adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YAŞAMAQ VƏ ÖLMƏK ŞƏRƏFi

VƏSİLƏ USUBOVA
31534 | 2009-02-21 07:17
- Zərifə xalagilin evi hardadı?
   
   - Filankəs müəllimgilin binasında...
   
   Əlüstü hesablayıram: mənim evimdən o binaya piyada yarım saatlıq yoldu, maşınla getsən, heç on dəqiqə çəkməz. Mənsə, düz on beş ildi o mənzilə yol gedirəm. On beş ildi gah bürkülü, gah da yağışlı-küləkli havada göz yaşı tökə-tökə, həyəcandan titrəyə-titrəyə ünvan soraqlayan xəyal yolçusuyam. Amma gedib mənzil başına çıxa bilmirəm. Çünki yaman qorxuram bu səfərdən. Elə dərd yükü var ki, daşımaq olmur. Elə yaralar var ki, məlhəmi tapılmayıb hələ. O məlhəmi heç axtaran da yoxdu.Tapılmağına güman olmadığı kimi. Heç bir sözün, təsəllinin işə keçmədiyi yerdə müvazinət saxlamaq hünər istəyir adamdan. Bacarırsan, dodaqlarını kip-kip sıx, gözlərini nəmlənməyə də qoyma. Özünü qayıdanbaşa saxla. Elə ki, ayağını qapıdan bayıra qoydun, daha öz ixtiyarındasan. İndi dəm ver gözlərinə: lap elə küçədəcə, hamının gözü qabağında hönkürüb ağla. Ağlaya bildiyin qədər ağla...
   
   Bunlar mənim azı yüz dəfə quraşdırdığım, pozub təzədən yazdığım təxminlərimdi. Ancaq həyata keçirə bilmirdim. İllüziyalarım çoxaldıqca, həyəcanlarım da artırdı...
   
   ***
   
   Bir dərdli Ananın görüşünə getməliydim. (Cümlə nə bəsit çıxdı). "Şəhid anası" yazmalıydım, ancaq yaza bilmədim. Çünki Zərifə xala bir şəhidin anası deyil, bir gündə iki şəhid oğlunun tabutunu alan Anadı...
   
   Tarixdə çoxmu olub belə faciələr?! Bilmirəm. Nə kitablardan, nə filmlərdən misal çəkmək istəmirəm. Sovet dövründə "Komsomolskaya pravda" qəzetində doqquz oğul dağı görmüş bir ana haqqında yazı oxumuşdum. Bir səhifəlik yazının ortasında ananın, dörd bir yanında da itirdiyi doqquz oğulun şəkilləri verilmişdi. Ana oğullarını Birinci Dünya müharibəsi, Vətəndaş müharibəsi, kollektivləşmə, İkinci Dünya müharibəsi illərində itirmişdi. Qəzet yazırdı ki, oğulların hamısının adı ananın başdaşına həkk edilib...
   
   ***
   
   Zərifə xala şəhid anası kimi arabir tədbirlərə dəvət olunurdu. Bir dəfə tədbirdən qabaq tanış qadınla otağımda oturub gözləyirdi. Ona qədər üzünü görməmişdim. Söhbət zamanı tanıdım. Heç nə deməyib səssizcə ağladım. Hiss elədim ki, yanındakı qadından nəsə soruşdu, o qadın da nəsə deyəndə:
   
   - Hə... Deyirəm, axı... Nəsə var...- sözlərini eşitdim.
   
   Sonralar da ondan heç nə soruşmadım. Ancaq bir gün evlərinə gedib əməlli-başlı söhbətləşməyə, dərdləşməyə həmişə can atırdım... Son vaxtlar gözümə dəymirdi. Yəqin xəstələnib, deyirdim, bəlkə də nə vaxtdı heç yorğan-döşəkdən də qalxa bilmir. Biz də gözə görünməyəni axtarmağa adət eləməmişik hələ. Yenə ürəyimlə baş-başa qalmışdım. Bəs, indi necə? Yanına getmək olarmı? Tutaq ki, getdin. Gedib nə deyəcəksən? Bəlkə də indi xeyli zəifləyib, üzülüb, heç danışmağa da taqəti qalmayıb. Eşitsəm ki, ölüb, buna da təəccüblənmərəm. Əslində Zərifə xala on beş il bundan qabaq ölmüşdü, yaşayan quru nəfəsiydi. Deyirlər, ana ilə bala arasında fiziki bağlılıq ikisindən biri öləndən sonra da qırılmır. Hər ikisinin yarı canı bir-birinin yanında qalır. Ayrı-ayrılıqda hər biri iki dünyada yaşayır. Zərifə xala isə iki balasını itirib, deməli, heç yarı canı da bu işıqlı dünyanı hiss eləmir... Yanına getsəm, bu üzüntülü halında o məşum günü necə yadına salaram? Bir də ki, nəyinə lazımdı? Onsuz da, bir an belə olsun, yaxandan əl çəkib səni rahat buraxmayan zəngin illüziyalarının gücüynən azı yüz dəfə göz önünə gətirmisən. Daha nəyi bilmək istəyirsən? İstəyirsən biləsən ki, həmin gün başını neçə dəfə daşa-divara çırpıb, Zakirini, Vaqifini əlindən alan bu qanlı-qadalı dünyadan canını biryolluq qurtarmaq istəyib? Yorğun əllərinin dırnaqlarıynan qarayanız sifətində neçə qanlı şırım açıb? Nəyinə lazımdı bunları bilmək? Yazacaqsan? Yazıb kimin qəlbini yumşaldacağına ümid bəsləyirsən? İndi kimdi başqasının dərdinə şərik olan, yarasını özününkü sayan?!
   
   ***
   
   Tarix kitablarında bir zamanlar Allahların da yer üzündə adamların arasında yaşadıqlarını oxuyardıq. Görəsən, onda adamlar özlərini necə hiss edirmişlər?! Bunu bilməsəm də, hökmdarların da öz döyüşçüləriynən bir cəbhədə çiyin-çiyinə vuruşduqları dövranın necə romantik olduğunu təsəvvür edirəm. Ancaq Sabirabad Sparta deyil. Orada kişilər bir nəfər kimi döyüşə yollandılar. Həm də Sparta olmayan təkcə Sabirabaddımı?! Bizim məmləkətdə bir stolu, stolunun üstündə bir telefonu olanın da qapısına şəhid tabutu gəlmədi. Zərifə xala dərdini götürüb birinin qapısını döyəndə çoxlarının xoşuna gəlmirdi. Yəni, ölüm sənin, yaşam bizim!
   
   Onunku yaşamaq deyildi ki... Səmum yellərinin döydüyü ucsuz-bucaqsız səhraların ən dözümlüsünün də ürəyinə xal salmağı bacaran bir dərddən ikisini çəkirdi Zərifə xala... Nərin, dəvənin deyil, bəlkə filin çəkə bildiyi dərdi...
   
   ***
   
   ... Heç yana gedən deyiləm. Bax, elə bu yağışın tökdüyü vədədə durub düz gedirəm parka. Feyzullayev qardaşlarının qoşa büstü olan parka. (Uşaqlarım balaca olanda orada oynardılar, mən də onlara göz olardım. Onda Qarabağ savaşı hələ yuxularımıza da girmirdi. Yəqin ki, Zakirlə Vaqif də hələ uşaq olardılar). Ən yaxşısı budu. Dayan yağışın altında: düşün, nə qədər düşünürsən, yan, nə qədər yanırsan. Bu yağışda, çiskində nə canından çıxan tüstünü görən olacaq, nə göz yaşlarını sezən... Fevral soyuğu başqa soyuqlara bənzəmir. Elə bil daha çox üşüdür adamı, iliyinə-sümüyünəcən dondurur. Xüsusən də, on yeddi il bundan qabaqkı fevralın 26-dan bəri...
   
   ...Bir zamanlar igidlərin arasında yaşadığımızı anlamadıq. Doğrudanmı, igidləri tanımaqdan ötrü mütləq müharibələr olmalıdı?! Zərifə xala isə öz igidlərinin çiynində gora getməyəcək. Ancaq bu səfər nə rahat, şirin bir yolçuluq olardı həsrətdən, nisgildən sümükləri də yanan anadan ötrü...
   
   ***
   
   İndi də iş yoldaşımdan soruşuram:
   
   - Çoxdandı Zərifə xala görünmür. Xəbərin yoxdu?
   
   - Zərifə xala rəhmətə gedib...

TƏQVİM / ARXİV