adalet.az header logo
  • Bakı 20°C

TANIYA BiLMƏDiKLƏRiMiZ...

CEYHUN MUSAOĞLU
28622 | 2009-02-21 07:17
Bilirəm, fikirlərim "tənqidi jurnalistika" adıyla tanınan məhəllədə dostlar tərəfindən etirazla qarşılanacaq. Olsun, bir məhəllədə yaşayırıq. Bununla yanaşı, hər birimiz düşüncəmizdə azadıq. Sadəcə, azad düşünənlərimiz azdır. Hərəmiz nəyəsə nəzərən yazırıq. Bizi birləşdirən ortaq dəyər yoxdur. Bizi birləşdirən ortaq məkan var - "tənqidi jurnalistika" məhəlləsi. Biz burda doğulmuşuq, burda böyümüşük. Burdamı öləcəyik? Məhəlləmizə qoyulan adın qaramatından qurtula bilməyəcəyik? O ad həmişə bizi təqib eləyəcək, arxamızca düşüb, "yolunu azma", "adımıza layiq ol" təhdidləri ilə çürüdəcək beynimizin içindəkiləri? Beynimizdə maraqlı, insanların sevinməyinə hesablanan ideyalar çoxdur. Onları çürüdəkmi?
   
   Bizi aldadıblar, dostlar. Mətbuatın "tənqidi jurnalistika" adlı qolu olmur. Bu adı ona görə qondarıblar ki, dünyaya azadlıq ixrac etdiklərinin imitasiyasını Azərbaycanda gerçəkləşdirib regionun ağsaqqalına çevrilsinlər. Ağsaqqallara bax, dünyanı maliyyə cəhənnəminə atdılar. Hələ də qır qazanında yandırırlar ölkələri. Biz adı geydirmə olan məhəlləmizdə "yaxşı oğlan" imici formalaşdırmaqdan ötrü hansısa naziri, onun rəhbərlik etdiyi sahəni tənqid edirik, islahatlara ehtiyac olduğunu yazırıq. Onlarsa qaranquşun belində ölkəyə təşrif buyurur, 5-10 manat pul xərcləyir, tərəfimizdən xilaskar obrazında cəmiyyətə sırınır. Və liderə çevrilirlər. Düşürük bu liderlərin arxasınca, yazdıqlarımızı çiynimizə yükləyirik. Yorulub əldən düşəndə altımıza stul gətirirlər, yığılırıq dəyirmi masanın arxasına. Adama bir qələm verirlər. Ki, yaza-yaza onlara liderliklərini gözlərə soxmağa yeni imkanlar açaq. Dermantin materialdan hazırlanan çanta da bağışlayırlar. Kİ, belimizə yüklədiyimiz yazıları onun içərisinə yığıb yolumuza rahat davam edək.
   
   Mən özlərini "tənqidi jurnalistika" məhəlləsinin cəfakeşləri hesab edən baş redaktorları yaxşı tanıyıram, dostlar. Xarici ağsaqqalların verdiyi bir qələm, bir dermantin çantanın ardından həmin baş redaktorların "halaldı Qan Turalıya", "Elnur Astanbəyliyə eşq olsun bugünkü yazısına görə" təriflərini, içində min bir biclik gizlənən təriflərini yemək hallandırır bizi. Qələmlər, dermantin çantalar, təriflər, bir də səhifəlik yazıya qırıq-qırıq verilən 10 manat həzz verir bizə. Bu həzzin təsirindən bir də "Azərbaycan" nəşriyyatının bufetlərində ayılırıq. Ayılırıqmı? Sağ olsun nəşriyyatdakı bufetləri təşkil edənlər, hər qiymətə araq satırlar. Cəmi bir dəfə fikirləşmişəm ki, "Azərbaycan" nəşriyyatının bufetində niyə araq satılır...
   
   Ayılmaq təhlükəsi var, eləmi? Öz ölkələrində siqareti belə, yasaq edən ağsaqqallar, görəsən, niyə ciddi işlə, yaratmaqla məşğul olanların zəhərlənməsinə göz yumur? Çox uzadıram...
   
   Bizi aldadıblar, dostlar. Qərbdən və Avropadan ölkəmizə axan layihələri özümüz burda hazırlayıb islahatlar aparılmasına ehtiyac olan sahələrin rəhbərlərinə təqdim edə bilmərikmi?.. Yox, daha gecdi. Biz başqalarının üzərimizdə hegemon olmasına yol verdiyimizə görə yasaqlara dirənmişik. Mən də nazir olsam Herkelin danlağını qəbul eləmərəm, amma Şahvələd Çobanoğlunun iradını nəzərə alaram. Şahvələd mənə doğmadı. Doğmalar arasında ərk olur.
   
   Cəmi iki fakt yazacam. Mənim dostlarım ağıllıdı, istedadlıdı, savadlıdı. Bu iki faktdan sonra hər hansı nazir üçün Andreas Herkellə Şahvələd Çobanoğlu arasında fərq olduğunu başa düşüb, etiraf edəcəklər.
   
   Adını çəkməyin nə qədər yerinə düşəcəyini bilmədiyim üçün adını çəkmədiyim, bir vaxtlar kəskin müxalifət mövqeyində dayanan "Bakı-Xəbər" qəzetinin tanınmış əməkdaşı daxili işlər naziri Ramil Usubovun mətbuat konfransında iştirak edir. Baş redaktor ona özünün şəxsi kontekstindən çıxış edərək nazirə sual verməyi tapşırır. Birinci cərgədə oturan həmkarımız baş redaktorun tapşırığını layiqincə yerinə yetirir. Nazir jurnalistikaya dəxli olmayan sualdan təbii ki, hirslənməliydi və hirslənir. Müxbiri bütün yazar jurnalistlərin gözü, teleoperatorların kamerası qarşısında nəsihətlərlə bol olan ifadələrlə danlayır. Hadisəni bu yaxınlarda bizə danışan dostumuz deyir ki, sualın qoyuluşunun səhv olduğunu bildiyi üçün çox utanıb. Hadisədən xeyli müddət ötəndən sonra başqa qəzetdə çalışan jurnalistin övladının səhhətində ciddi problemlər yaranır və onu müalicə üçün təcili Türkiyəyə aparmaq lazım gəlir. Vətəndaşlıq pasportu isə yoxdu. İcazə verin arxasını özü danışsın: "Elə bil kimsə mənə dedi ki, daxili işlər naziri mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlova telefon açım. Yüz faiz hansısa gözəgörünməz qüvvə mənə kömək edirdi. Sadiq müəllim dedi ki, elə indicə nazirin qəbuluna girirəm və çalışacam ki, sənin problemini Ramil müəllimin nəzərinə çatdırım. Heç üstündən on dəqiqə keçmədi Sadiq müəllim zəng edib dedi ki, sənədlərini hazırla və Pasport Qeydiy-yat və Miqrasiya Xidmətinə get. Getdim. Sənədlərimi təqdim etdim və bir neçə saatdan sonra pasportumu aldım... Uşağım ağır xəstə idi. İndi hər şey qaydasındadı".
   
   İkinci fakt: Dünən Bəxtiyar Vahabzadənin yeddisi mərasimində idik. Zəlimxan Yaqub, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və tanımadığım bir neçə nəfərlə eyni masa arxasında oturduq. Aqil Abbas, Zəlimxan Yaqub olan yerdə maraqlı xatirələr eşitmək şansı var. Mən daha çox cəhd göstərirdim ki, Tağı müəllimi dinləyim. "Tənqidi jurnalistika"ya sığınan dostlarım yazılarında onun adını tez-tez çəkir. Nahaq yerə. İncə hisslərlə düşünə bilən adamlara hörmət eləmək lazımdı.Tanımırıqsa, əvvəl tanımaq lazımdı. Yeri gəlmişkən, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşovla hər dəfə rastlaşanda tövsiyə edir ki, son sözü deməyə tələsməyin. Bizim bu fəlsəfədən xəbərimiz var axı. Bəs niyə son sözü əvvəldə deyirik? Cavab: çünki dedizdirirlər.
   
   Yas yerində Tağı Əhmədov elə Zəlimxan Yaqub qədər sitat gətirdi Bəxtiyar Vahabzadədən. Bir-iki fatihədən sonra masanın arxasında Aqil Abbas, "Böyük Dayaq" İctimai Birliyinin sədri İlham Əliyevlə yanaşı dörd nəfər qaldıq. Vəziyyətdən istifadə edib Bəxtiyar Vahabzadə ilə ilk görüşümü danışdım. Tağı müəllim çox diqqətlə qulaq asırdı, orijinal müdaxilələr edirdi. İstəyirdim ki, o çox danışsın. Onun danışması ilk səhv buraxdığımız yeri göstərəcəkdi. Elə göstərdi də.
   
   Bir gün Bakı Metropoliteni rəisinin yanına tanıdığı adamlardan biri gəlib oğlunun hansısa prokurorun qərəzi ilə üzləşdiyini deyir. Deyirəm, Tağı Əhmədovun özünü dinləyək də: "Bir cavan oğlanın taleyi üzərindən heç nədən altı illik dağ çəkilirdi. Axı, mən neyləyə bilərdim? İndiyə kimi hansısa prokurora, məhkəməyə ağız açmamışam, yolunu da bilmirəm. Elə bil göydən hansısa mələklər enib problemi yoluna qoymağa başladı. ("Quran" haqqı "mələklər" ifadəsi Tağı müəllimə aiddir.-C.M.) Mənə ölkənin ən mötəbər şəxslərindən biri telefon açıb dövlət əhəmiyyətli işlə bağlı yanına çağırdı. Getməli idim. Qonağım kimin çağırışına gedəcəyimi bildi. Hələ də o gözlərdəki ifadəni unuda bilmirəm. Gözlər əməlli-başlı yalvarırdı. Elə bircə kəlmə deyib otaqdan çıxdım: "Mən bu problemi o mötəbər şəxsə deyə bilmərəm". Amma dedim. Ortada tapdanmış haqq vardı. Allah imkan verməz kiminsə haqqını yeməyə..."
   
   Tağı müəllim nəzarətində olduğu 4500 işçi üçün yaratdığı şəraitdən də danışdı. O, çox qəribə və insanlara bütün mənalarda yardım edəcək eksperimentlər həyata keçirir. Bilmirəm onları yazmaq nə dərəcədə uyğundu, amma yazmaq istərdim.
   
   Doğrudan da yerin altında başqa şəhər var. Bizim arzuladığımız şəhərə oxşayır. Bilirəm, "tənqidi jurnalistika" məhəlləsindəki dostlar nəinki inanmayacaqlar, hətta məni məzəmmət edəcəklər. Bunun bircə yolu var - şəhərin altına düşmək, oraları gəzmək və yazmaq. Faktı təhrif etdiyimə, lehinə təbliğat apardığıma, ortaya tərəf qoyduğuma, bir sözlə, jurnalistikanın, hətta beynəlxalq jurnalistikanın tələblərinə yazılarımda boyun əymədiyimə kiminsə iddia etməyə haqqı çatmır. Mətbuatın monitorinqini aparanlardan biri deyir bu sözləri, dostlar.
   
   Bizi aldadıblar, düz yazmadım, bizi aldadırlar, dostlar.

TƏQVİM / ARXİV