adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

BARIŞ MANçONUN çAY DƏSTGAHI

23092 | 2009-02-21 07:16
Həyatda hər zaman təsadüfün hökmü böyükdür. O, qabaqcadan xəbər vermədən sevinc, ya da kədər gətirə bilər. Bəzən bütün həyatının istiqamətini dəyişər, yaxud mənasını, axarını alt-üst edər. Təsadüfü özün seçmirsən, o səni haqlayır. Barışla da məni günlərin birində Ankara şəhərində xoş təsadüf qarşılaşdırdı. Amma tanışlığımızın dostluğa, qardaşlığa çevrilməsi heç də təsadüfi olmadı. Bunun üçün uzun yol keçdik, çox sınaqdan çıxdıq. Zaman ötdükcə daha da yaxınlaşdıq. Sevincimizi, kədərimizi paylaşdıq. Xoşbəxtəm ki, bu dünyada pisliklə, natəmizliklə, şərəfsizliklə heç vaxt heç cür barışmayan Barış adlı dostum vardı. İnana bilmirəm ki, dünyasını dəyişdiyi gündən artıq on il ötdü. Kimsəyə pisliyi dəyməyən bu ustadın xeyirxahlığı, mərhəməti, səmimiyyəti, insanlara məhəbbəti yerə-göyə sığmazdı. Yaxşı adam görəndə uşaq kimi sevinərdi. Pisi də pisləməzdi, qaralamazdı. Sadəcə üstündən xətt çəkib könül dəftərindən biryolluq silərdi. Kimin kim olduğunu bəzən tez, bəzən gec anlardı. Zənnində, gümanında yanılan günlərində, xəyanətlə üzləşəndə xəyal qırıqlığına uğrar, çox pərişan olar, mənən zəhərlənərdi.
   
   Son illər özünü ifadə üçün televiziya ona böyük imkanlar vermişdi. Topladığı həyat təcrübəsi, istedadı orijinal layihələrdə birləşərək sənət aləmində onu yeni zirvələrə ucaltmışdı. Barışın auditoriyası çox geniş idi, 7-dən 77-yə qədər. Mustafa Kamal Atatürk vaxtilə kütləyə xitabən - türk milləti çalışqandır, zəkidir - deyəndə bu sözlər təkcə onun gəldiyi qənaət deyildi, həm də hər kəsin şüurunu yönəltmək istədiyi son ünvan, əsas hədəf idi. Barış Manço da bir gün adam olacaq cocuqları indidən adam kimi böyütməyə çalışardı. Proqramlarının əsl amacı, məqsədi də bu idi. Türk gənclərinin zəki, çalışqan, cəsur, dünyaya düşmən deyil, dost olan, millətlərə nifaq deyil, sayğı bəsləyən aydınlar kimi yetişməsini arzulayardı. Hər millət uşaqlarını doğru tərbiyə etsə, vaxtında sevgi, məhəbbət, mərhəmət aşılasa o zaman yer üzündə savaş azalar, kin-küdurət aradan qalxar, düşmənçilik, ədavət unudular, dünya barış içində yaşar. Dünyanı Tür-kiyəyə, Türkiyəni dünyaya tanıtmaq üçün bir yerdə qərar tutmayıb ölkələr dolaşan vətəndaş qeyrətli Barış bu qənaətdə idi.
   
   Hər dəfə Barış Mançodan söz düşəndə onun barəsində nağıl qəhrəmanı kimi danışmaq istəyirəm. Ona görə ki, Barış bizi bəzi günlük qayğılarımızdan ayıran, xəyallarımıza qanad verən, adilikdən aliliyə, adilliyə səsləyən bir ozan obrazında təsəvvürümdə canlanır. Dünyaya yük olmağı özünə sığışdırmayan, dünyanın yükünü gücü çatan qədər daşıyan cəngavər idi Barış. Geyimi, görkəmi, saç düzümü, davranışı, səsi, baxışları, hərəkətləri içindəki həyat fəlsəfəsini, yaşam tərzini ifadə edərdi. Barış Manço təkcə vətəndaşı olduğu məmləkətin deyil, bütün türk dünyasının fəxri səfiri idi. Qitələr adlayıb, dağlar aşıb, səhralar dolaşıb, dərələrdən sel kimi, təpələrdən yel kimi keçib kimlərlə təmas qurmadı? Bir yandan qüdrətli dövlət başçıları, fövqəlgüc sahibləri, elm, sənət xadimləri, bir yandan da bizim kimi sıravi adamlara görüşüb müsahibə alardı. Verilişləri elit salonlarda nümayiş üçün hazırlanmırdı, geniş xalq kütləsinə ünvanlanardı. Barışın qazandığı ən ali mükafat tək-tək tanımadığı böyük insan kütləsinin sonsuz məhəbbəti, tükənməz rəğbəti idi. El içində nə qədər tanınsa da, sevilsə də bir aparıcı kimi televiziya proqramında çəkiliş zamanı özünü gözə soxmazdı, öyünməzdi, məziyyətlərindən danışmazdı. Həmişə qəhrəmanını, qonağını ön plana çəkərdi, diqqət mərkəzində onu saxlardı. Bəziləri kimi müxtəlif atmacalar, yanıltmacalar işlədib həmsöhbətini karıxdırmazdı, əksinə, bərkə düşəndə yardımçı sualları ilə istiqamətləndirər, fikirləri sərbəst ifadə etməyə şərait yaradardı. Müsafirini elə təqdim edərdi ki, verilişi elə qurar və aparardı ki, tamaşaçı ekran qarşısında oturduğu müddəti zaman itkisi kimi dəyərləndirməsin. Əksinə, biliyini artıran, maraq dairəsini genişləndirən, zövqünü kamilləşdirən bu unudulmaz dəqiqələri ömrünə yazardı, gördüyünü, eşitdiyini hafizəyə alardı. O səbəbdən hər həftə 7-dən 77-yə qədər onun görüşünə gəlmək istəyən milyonlarla izləyici televizorların önündə kilidlənərdi. Cəmi bircə dəfə Barışın sehrinə düşən hər dəfə onunla mavi ekranda yeni görüşə tələsərdi. Bu minvalla illər boyu hər bazar günü Barış dərsləri davam edərdi. Aradan on il ötür. Bu illər ərzində Türkiyədə televiziya kanallarının sayı xeyli artdı. Amma kanal və proqram çoxluğunda Barışı əvəz edən bir nəfər tapılmadı. Efirdə, səhnədə, cəmiyyətdə Barış şəxsiyyətinə olan ehtiyac daha da böyüdü. İndi hər kəs yavaş-yavaş dərk edir ki, Barış Manço həqiqətən əvəzedilməz sənətkar idi... Təkcə səsinə, sözünə, zəkasına, mütəfəkkir düşüncəsinə görə deyil, ümumən şəxsiyyətinə, daşıdığı şərəfli missiyaya görə onun yeri hər zaman boş qalacaq, görünəcək və bu boşluğu toplum hiss etdikcə, onu özlədikcə Barış Manço daim qəlbimizdə var olacaq.
   
   
   
   ***
   
   Barış mənim dəvətimlə ilk dəfə Azərbaycana 1992-ci ildə gəldi. Təyyarədən düşəndə ilk sözü bu oldu ki, Abşeronu səmadan seyr etdim və çox bəyəndim. Bu, yarımsəhra deyil, neft ormanıdır. Ağacların əvəzinə hər yerdə buruqlar bitib.
   
   O, Bakını dünyanın ən nadir şəhərlərindən biri kimi dəyərləndirdi. Bakı heykəllər şəhəridir, deyirdi. Tarixi simalarına bu qədər sayğı göstərilən ikinci diyar görmədim. Hamı heykəlləşib gənclərə nümunə kimi qalır. Xüsusən İçərişəhərin dar küçələrini dolaşmaq ona zövq verərdi. "Babaların mirası sizdə çox. Qədrini bilin bu nemətin. Belə şeylər kolay-kolay bulunmaz, deyərdi. Amma bir az qədim şəhərin natəmizliyindən, tarixi abidələr fonunda ümumi ahəngi pozan təzə tikililərdən rahatsız olduğunu da gizlətməzdi. Axı o, həm də memar idi. Bir dəfə ürəyi dözmədi, danışmağa başladı:
   
   İçərişəhər dediyiniz bu yer ki var, bayır şəhər dediyiniz paytaxtı da yaşada biləcək qədər sizə qazanc gətirər. Təbii ki, bu qoruğu həqiqətən qoruya bilsəz, dəyərləndirməyi bacarsaz. Memari uslubu saxlamaq, zahirən binaların əski halını yaşatmaq, fəqət iç qismini çağdaş yaşam tərzinə uyğunlaşdırmaq lazım ki, insanlar rahat yaşasın. Turistləri cəlb edən Şərq üslublu əyləncə və ticarət mərkəzləri açılsa, xalq sənətləri satışsərgi salonları çoxalsa, qala divarları içində yalnız faytonlar dolaşsa nə gözəl olar. Qoy burada hər kəs yürüyərək gəzib dolaşsın. Avtomobillə buraları pisləmək günah. Bəzi sokakları xalq sənətini yaşadan insanlara əmanət etmək lazım. Alt qatlar emalatxana və satış yeri, üst qatlarsa yaşayış kimi istifadə edilə bilər. Gecələr də şəhər canlanar. Bu abidələri rəssam gözüylə işıqlandırmaq lazım. Bu əzəmətdə Qız qülləsi harada var?
   
   Amma ensiklopediyanın binasını heç bəyənmədi:
   
   Bu bina İçərişəhərə yamaqdır. Bir gün bir ağıllı çıxıb bu binanı yıxıb yerində orta əsr üslubunda bina inşa edərsə, afərin deyərəm ona. İçərişəhərin bir özəlliyi də gördüyümüz dar sokaklardır. Onları olduğu kimi saxlamaq nə gözəl. Bax, bax. İki kişi yanyana keçə bilməz. Turistləri belə şeylər cəlb edər. Onları görmək, yanında rəsm çəkmək üçün yabançılar bura axışacaqlar. Azərbaycan qoy bir az toparlansın, ayağa qalxsın, dünyanın ən hüzur içində zəngin dövləti olacaq. Doğal qazınız, neftiniz var. Suyunuz bol. Dənizinizin balıqları fövqəladə nəfis. Musiqi, söz-sənət, kültür sizdə. Vallahi, mən Bakını çox sevdim. Bəlkə bir gün buraya daşındım. Əsl yaşanılacaq yer burası imiş.
   
   İlk gəlişində rayonlara gedə bilmədiyimizdən Abşeron kəndlərinin gəzməli-görməli yerlərini də ona tanıtmağa çalışırdım. Atəşgah diqqətini çəkdi. Buna bənzər yerləri Hindistanda gördüyünü söylədi. Mərdəkanı, Şüvəlanı çox bəyəndi. Qədim qalalar, Qala kəndi, sahildəki sal qayalıqlar onun ruhunu təzələyirdi. Bir gün yenə yolumuz Şüvəlana düşdü. Nahara memar dostum Hacəmi Atakişiyevgildə qonaq idik. Bu ailə həmişə qonaq-qaralı olub. Hacəminin rəhmətlik atası Hacıbaba kişi sadə adam idi. Vaxtilə neft mədənlərində qazmaçı işləyib. Fin davasından başlayaraq müharibənin od-alovundan keçib, öz ocağı Şüvəlana 1946-cı ildə qayıtmışdı. Zirə kəndində ən dərin neft quyusunu qazıb.
   
   Neft daşlarının salınmasında Koveroçkinlə birlikdə işləməsindən, orada ilk dəfə açıq dənizdə şəhər salan neftçilərin qəhrəmanlığından vaxtilə bizə çox maraqlı söhbətlər edərdi. Təqaüdə çıxandan sonra da rahatlığı işdə tapardı. Əlindən hər iş gələrdi. Daim həyət-bacada nəsə quraşdırardı. Həyətdəki əl quyusuna düşüb çıxmaq üçün özü bir qurğu düzəltmişdi. Rəhmətlik 1983-cü ildə dünyasını dəyişdi. Amma onun qoyduğu ailə ənənəsi, qonaqpərvərlik Hacəminin və evin gəlini Sayalı xanımın qanına hopmuşdu. Barış gələndə bir süfrə açmışdı ki, vay görməyənin, o nemətlərdən dadmayanın halına. Biz də, maşallah, çəkiliş qrupu ilə birlikdə 15 nəfər idik. Amma kimsənin yeri dar olmadı. Çünki ev sahiblərinın ürəyi də, süfrəsi də geniş idi. Yeməklərin çeşidi, ləzzəti pəhriz saxlayan Barışı da həmin gün, həkim məsləhətlərini unutmağa vadar etdi. Sayalı xanım çay tədarükü də görmüşdü. Amma belə düşündük ki, çayımızı çayxanada içək. Həm çay içək, həm kənd camaatı ilə bir az söhbətləşək. İlk dəfə Azərbaycana səfər edən Barış üçün dəyişik ortam olsun.
   
   Bəli, xəbər-ətərsiz gəldik "Qala" çayxanasına. Kənd içində hamı oranı Əzizağanın çayçısı kimi tanıyır. İçəridə xeyli adam vardı. Əsasən gənclər yığışmışdı. Qonaqlar içəri daxil olanda ortalıq həyəcanlandı. Hamı uzun saçlı Barış Mançonu üzdən tanıyırdı. Gecənin bu saatında Barış hara, Əzizağanın çayxanası hara? Amma insafən kimsə onu rahatsız eləmədi. Ağsaqqallardan biri cavanları ehmalca başa saldı kişi dincəlməyə gəlib, qoy dincəlsin. İndi hərə bir yandan üstünə hücum çəkib imza almaq istəsə və ya sual yağmuruna tutşa ədəbsizlik olar. Bu da ibrətamiz məqam idi.
   
   Bizim masamıza çaydan öncə meyvə, şirniyyat, çeşidli mürəbbələr düzüldü. Qoz, gül, əncir, qarpız, üzüm, gilas, tut, heyva, albalı... Barış bunları görüncə heyrətləndi. Biz sadəcə çay içməyə gəldik, dedi. Bu nə biçim şahanə süfrə. Üzərində nə desən var. Bu qədər rəçəlmi (mürəbbə) olar? Bağda meyvə qalmadı ki. Bir çayla bunları dadmaq olmaz. Barışa anlatdıq ki, belə masa arxasında çay bir stəkan içilməz. Əzizağa qardaşımız da masaya yaxınlaşıb öz şirin ləhcəsiylə qonağı sakitləşdirdi ki, çayın biri qaydadır. İkisi cana faydadır. Üçü nəsdir, dördü bəsdir. Çıxdı beşə, vur on beşə... Barış tez bir qələm-kağız istədi. Qoy bunu mən yazım, ilk dəfə eşidirəm, gərəyim olar, dedi. Sonra ətrafı bir də gözdən keçirib fikrə daldı. Məndən soruşdu ki, burada çəkim yapmaq olar? Əlbəttə olar, dedim. Amma bu qələbəlikdə nə çəkməyi düşünürsən? Dedi ki, bu fürsəti qaçırmaq istəməzdim. Bax, elə gördüklərimi çəkəcəm. Nə varsa, hamısını. Bu dəyişik simaları. Sizin çay süfrənizi. Çay süfrəniz əslində dostlarla görüşmək, söhbətləşmək üçün bir bəhanədir. Mən bunları qismət olsa hər kəsə anlatmaq istəyirəm. Buna heç yerdə rast gəlmədim.
   
   Beləliklə, maşından işıqlar, kameralar içəri daşındı. Çayxana tezliklə dönüb oldu çəkiliş meydançası. Yönətmən Ərkmən Sağlam özünə əl qatdı. Operatorlara, işıqçılara, səs rejissoruna göstərişlərini verdi. Belə epizodu təbii alınması üçün ancaq bir dəfəyə çəkmək yaxşı olardı. Çəkiliş başladı. Barış kamera önündə Azərbaycanda çay süfrəsinin nə anlam daşıdığından elə duzlu-məzəli, yerli-yataqlı danışdı ki, biz onun hafizəsinə, müşahidə qabiliyyətinə, ən əsası içdən gələn Azərbaycan sevgisinə bir daha valeh olduq. Bir həftə keçmiş İstanbuldan mənə zəng elədi ki, "Vipsaj" studiyasındayam. Öyzədim (studiyanın sahibi-E.B.) bəyin də sənə salamları var. Bu bazar günorta TRT1-də yayınlanacaq proqramda "Qala" çayxanasındakı çəkilişimizə baxarsan. Dostlara xəbər elə qoy onlar da tamaşa etsin. Qoy çayları dəmləsinlər. Mən yenə gələcəyəm.
   
   Beləliklə, 1992-ci ilin may ayında Azərbaycanla bağlı Barış Mançonun bir-birinin ardınca 4 verilişi Türkiyənin dövlət televiziyası ilə yayınlandı. Onun təqdimatında çay süfrəmiz, mədəniyyətimiz, bu şəfalı pürrəngi içki ilə bağlı adətlərimiz aləmə nümayiş etdirildi. Həmin dövrdə Azərbaycanın səsini duyuran, tanıdan, onun dostlarının, xeyirxahlarının sayını artıran bu cür beynəlxalq miqyaslı televiziya layihələrinə böyük ehtiyac vardı. Barış Manço heç bir təmənnasız may ayının dörd həftəsini Azərbaycandan birgə hazırladığımız verilişlərə həsr etdi. Bu sağlam dostluğun, yaradıcılıq əməkdaşlığının təməlində hələ neçə-neçə yeni proqram çəkiləcəkdi. 1998-ci ilin sonunda Barışın son televiziya proqramı da Azərbaycana həsr edilmişdi. Bəlkə bu da bir təsadüf idi?.. Alqış bu təsadüfə!
   
   
   
   * * *
   
   Barışla bağlı xatirələrim çoxdur. Bu gün onlardan birini danışdım. Çağdaş dünyamızı irilixırdalı savaşlar bürüdüyündən Barışın yeri sanki efirlərdə daralıb. Radioların, televiziyaların sayı artsa da Barış Mançonun səsini, özünü nədənsə nadir hallarda eşidirəm, görürəm. İstəməzdim ki, onu dinləyənlər azalsın. Bilirsiniz niyə? Onun mahnıları insanı dinləndirir, düşündürür, həyata bağlayır, mehribanlıq, vətənpərvərlik hissi aşılayır. Adamın içini rahat edir, mənəviyyatını zənginləşdirir, ağırlığını götürüb ağlını qidalandırır, ruhunu təzələyir, təmizləyir, duyğusal edir. Bütün bunlar indi təkcə türklərə deyil, bütün bəşəriyyətə hava-su kimi gərəkdir... Barış Manço on ildir ki, ömür karvanını çəkib getdi. İndi Barışın bizə deyil, bizim Barışa ehtiyacımız var...

TƏQVİM / ARXİV