EViN TiKiLSiN, AYGüN KAZIMOVA

ETİBAR CƏBRAYILOĞLU
47641 | 2009-02-21 07:16
Hərə bir söz deyir. Biri deyir Bakıda evlər ucuzlaşıb. O qədər ucuzlaşıb ki, hətta su qiymətinə də Bakıda mənzil almaq olar. Digərinə də inanmamaq olmur. And içib aman edir ki, evlərin qiyməti yenə qalxıb. İndi Amerikada, İngiltərədə, Fransada, İspaniyada dəbdəbəli malikanələrə xərclənən pula Bakıda heç quş damı da almaq mümkün deyil. "Tarqovı" tərəfdə beşotaqlı ev almaq istəyənlər indi Pirallahı tərəflərdə heç bir otaqlı mənzil belə ala bilmirlər.
   
   Sözün düzünə qalsa, şəxsən mən belə mübahisələrə qoşulmuram. Ev olmayandan sonra mübahisəyə, vaxt itirməyə dəyərmi? Lakin elə xəbərlər gəlir ki, ona biganə qalmaq mümkünsüzdü. Elə götürək Aygün Kazımovayla ilgili xəbəri. Başa düşdüm, indi hamı bir ağızdan soruşacaq ki, hansı xəbəri? Çünki Aygün şou-biznesin gündəminə işləyən sənətçidi. Onunla bağlı ən azı hər gün təzə xəbər eşitmək mümkündü. Necə deyərlər, əməliyyat olunmasından soyunmasına qədər...
   
   Amma yazmaq istədiyim belə xəbərlərdən deyil. Söhbət daha ciddi mövzudan gedir. Bu günlərdə bütün gecəni növbəti ad gününü qeyd edən və bu üzdən səhər telekanalların birində aparıcısı olduğu verilişin canlı yayımına çıxa bilməyən Aygün Kazımova qiymətli hədiyyə alıb. Xalq artistinə ev bağışlanıb, özü də üçotaqlı! Bizdə xalqın yarısı evsiz-eşiksiz olsa da bütün xalq artistlərinin çoxmənzilli evi var.
   
   Həmkarlarım bu xəbərin bütün tərəflərini işləyiblər. Təzə evin sahibi həmişə olduğu kimi, bu dəfə də əliqələmlilərə bolluca mövzu verib. Mətbuatda yazılanlar bir-birini təkzib edir. Gah yazırlar ki, xalq artistinə bağışlanan mənzil hələ tikintisi başa çatmayan göydələnlərin birindədi. Gah da Aygün Kazımovanın artıq təzə mənzilə daşındığını yazırlar. Bir gün deyirlər ki, Aygün həmin evdə yaşamayacaq, oradan anbar kimi istifadə edəcək. Çünki o qədər şlyapası, ayaqqabısı, paltarı var ki, onları qoymağa yer tapmır. Bağışlanan təzə mənzil lap göydəndüşmə olub. O biri gün deyirlər ki, yox, əvvəlki xəbər həqiqəti əks etdirmir, Aygün Kazımova ona hədiyyə edilən üçotaqlı mənzili şəhid ailələrindən birinə bağışlayacaq. Çünki qızı İlqarə bunu anasından xahiş edib. Bu xəbərin də ömrü qısa oldu. İndi də deyirlər ki, belə söhbət-filan yoxdu. Aygün həmin mənzili heç kimə bağışlamayacaq. Azərbaycanda indiyə qədər hədiyyəni kim özgəsinə bağışlayıb ki?
   
   Həqiqətin hansı tərəfdə olmasını bilmək üçün gərək bir qədər gözləyək. İnşallah, göydələn tikiləndən sonra biləcəyik ki, Aygün Kazımova həmin mənzildən anbar kimi istifadə edir, özü yaşayır, yoxsa başqasına bağışlayır...
   
   Aygün Kazımova göydələnin tikilməsini gözləyir. Bu yaxınlarda 50 illik yubileyinə toplaşdığımız gözəl şair və qəzetçi dostumuz Əbülfət Mədətoğlu da gözləyir, lakin nigarançılıqla. Qarabağdan qaçqın düşəndən sonra Bakıda minbir əziyyətlə tikdiyi evi sökmək istəyirlər. Təzə avtovağzalın ətrafındakı məhəllədə məskunlaşan şair əvvəllər sübhə qədər yatmayıb ilham pərisinin gəlişini gözləyirdi. İndi isə buldozerlərin gəlib evi sökəcəyindən narahatdır və gözlərinə yuxu getmir.
   
   Buldozerçiyə nə var ki... O, heç Əbülfət Mədətoğlunu tanımır. Şairin ali təhsilli oğlu Babəkin hərbi xidmətdə olduğunu da bilmir. Amma yəqin ki, buldozerin ön şüşəsinə Aygün Kazımovanın şəklini yapışdırıb.
   
   Dünya hər gün bizi təəccübləndirməkdən elə bil ləzzət alır. Ən bahalı avtomobillərdən birini sürən, var-dövləti başından aşan müğənniyə üçotaqlı mənzil bağışlayırlar, çörəyi qəzetçilikdən çıxan qaçqın şairin evini sökürlər...
   
   Bu işləri görəndən sonra heç nə barədə düşünmək belə istəmirəm. Əlimdən də Tanrıya dua etməkdən başqa heç nə gəlmir. Evin tikilsin, Aygün Kazımova. Evin sökülməsin, Əbülfət Mədətoğlu!

TƏQVİM / ARXİV