adalet.az header logo
  • Bakı 19°C

Bədən danızır

287288 | 2009-02-14 00:59
İncəsənətin, nə qədər qəribə görünsə də, böyük mənada mahiyyətini baletə getdiyimdə daha dəqiq anladım. Bu sahənin gücü onun insanın ruhunda yaratdığı incəlikdir. İnsan bədəninin əslində nə qədər zərif və həlim ola bildiyini yaşamaq olduqca təbii, eyni zamanda inanılmazdır. İncə Sənət istedad səltənətidir. Və bu səltənətin sakinləri duyğusal istedadı və yaratmaq istedadı olanlardır.
   
   Balta kimi kobud və ağır, plastikasız bədənlərdən, bu bədənlərin ayrı-ayrı üzvləri- ağız, əl, göz və başqa yerlərdən ötürülən qaba hərəkətlər insanın əxlaqından, amalından xəbər verir. Bu, çox dərin qatlardan süzülüb gələn jestlərdir. Bütün hərəkətlər və əməllər bədənin sol tərəfində yerləşən mərkəzdən, ötürücüdən gələn siqnallardır. Bədənin çölündə baş verən hər şey onun içiylə bağlıdır.
   
   Uşaqlara diqqətlə fikir verəndə onların əllərini ən çox nəyə uzatdıqlarından böyüyəndə nəyin arxasınca gedəcəyini, hansı nəsnəyə meyllənəcəyini bilmək olur. Körpə danışa bilməyəndə biz onun nə istədiyini bədənindən anlayırıq. O, ağlayır, gülür, əliylə nəsə deməyə çalışır və biz bu hərəkətlərlə onun arzusunu tapırıq. Uşaqlar danışa bilməyəndə hərəkətlərə yer verirlər. Böyüklərdəsə bu "hərəkətəgəlmə prosesi" kortəbii olur. Bədən vicdanın, xarakterin ekranı rolunu oynayır. Onun hərəkətlərinin hər detalı kimliyi açan əlamətlər kimi yozula bilir. İnsanın özünü qurudub oturmasından, ya da danışanda dartınmasından onun kimliyini müəyyən etmək mümkündür.
   
   İncə-sənət qabalığa alternativdir, seçmək imkanıdır. Qəlbini incidən nə varsa incəsənətlə təmasdan sonra çürüyüb gedir. Mənzərə çeşidi müqayisə imkanı verir. Axtardığın həqiqətləri tapmağa kömək edir.
   
   Vəhşi və aqressiv mühitdən ayrılıb, məsələn, baletə - sehrli bir sənətə daxil olsan danışan bədənləri görəndə xəfif həyəcan içini titrədər. Görərsən ki, bədən necə ehmalca yığılıb-açılır. Onun nə demək istədiyini anlamağa çalışarsan. Hər hərəkətini öz bildiyin kimi yozarsan. Və bu yozum sonra sənin başqalarıyla da münasibətdə ağlına gələr. Sən insanları bədənlərinin diliylə dinləməyə başlayarsan. İnsan bədəni səninçün tükündən dırnağına qədər hərəkətə gələr, canlıya çevrilər. Balta kimi bədənlər artıq səninçün əhəmiyyətini itirər. Bu kobud amallı bədənlərdən ötürülən pis enerjidən gücənməzsən daha. Bütün "baltalar" artıq səninçün bir nöqtəciyə dönər.
   
   Baletə baxanda beynimdə bədən haqda bütün bildiklərim fırlanırdı. Kunderada oxuduğum cümlələr yadıma düşürdü. "Qadının alnı onun kimliyini daha dəqiq açır. Ağzından çox alnı danışan qadın haqda dəqiq demək olar ki, o, ağıllıdır." Səhnədə, gözünün qarşısında əriyən və yenidən öz şəklini alan plastik bədən əzələsinin nə qədər zərif ola bildiyini, möhtəşəm musiqiyə hopmaq bacarığını izləmək adamı elə yumşaldır ki... yumşalırsan. Həzin hərəkətli, qıvraq bədənləri müşahidə edən, onu daha elastiki, daha zərif olmağa şirnikləndirən və eyni zamanda sənin də əzgin duyğularınla söhbətləşən musiqi gözəgörünməz paraşutla yüksəklərə qaldırır ruhunu. Və yalnız ordan baxanda incəsənət qapısından o tayda qalan sivilizasiya öz saxta estetikasıyla bir az daha sərt və bir az daha soyuq görünür, bir az daha üşüdür. Bu saxta estetikanın əslində nə qədər qeyri-estetik və sərt olduğunu hündürdən baxanda görürsən. Bu sərtlik onunla münasibətdə sənin əks instinktini - duyğusallığını artırır. Daha da duyğusallaşırsan.
   
   İntellektual sənət hərfi mənada elm aşılayan, dərs öyrədən sənət demək deyil. Duyğuları, ağılı, təfəkkürü, təxəyyülü, fantaziyanı, müşahidə qabiliyyətini, seçmək bacarığını və sairəni itiləyən, işə salan sənətdir. Beyinləri aktivləşdirən sənətdir. İncəsənət beyinləri aktivləşdirir və nəticədə işlək beyinlərdən ibarət bir toplum formalaşır. İntellektual sənət həqiqi incə sənətdir. İnsanlar incəsənətlə ünsiyyətdə məişətdən ayrıla bilirlər. İncəsənətlə ünsiyyətdən yaşamaq kimi supergücə sahib olurlar. Xırdaçılıqdan uzaqlaşırlar, böyük ola bilirlər.
   
   İnsanlar incəsənəti ona görə sevirlər ki, onlar bu sənət nümunələrində özlərinin gizli incə hisslərinə həmdəm tapırlar. Sevgi romanlarında özlərini görürlər, balet onların məhbəsdə qalan kövrək hisslərinə azadlıq verir, musiqi qayğıların, duyğuların ifadəsiyçün əlverişli şərait yaradır, fəlsəfi əsərlərdə öz həyat nəzəriyyələrini, həqiqətlərini axtarırlar.
   
   Böyük, qiymətli sənət ruhsallığımızı genişləndirir və bizi yuxarılara qaldırır. Kiçik, ucuz "sənət" isə başqa işlərlə məşğuldur. O, aşağıya, dibə, ucuzluğa çəkib aparır. Apardıqca balta kimi kobud və ağır bədənlərin-xarakterlərin sayını artırır. Ucuz sənət ucuz adamların sayını çoxaldır. Ruhu, mahiyyəti yoxsul olan bir məişət toplumu yaradır...
   
   ... Və mən zalda oturub səhnəni izlərkən truppasıyla birlikdə nəsə bir ehtiyac, nəsə bir süstlük, bezginlik hiss edirdim baletimizdə. Mənə elə gəlirdi ki, onlar yorğundular. Balerinlər olurdu ki, balerinaları az qala əllərindən salırdılar. Hərdən çaşırdılar, ya da hansısa çətin bir manevr uğursuz alınırdı. Stimul çatmırdı. Elə bil hədərə oynadıqlarına əmin idilər. Buna baxmayaraq, Cabbarlıca desək, "baletçi elə bir heykəltəraşdır ki, yaratdığı əsər özüdür". Baletçi bədən həssaslığının heykəlini yaradır və "bədənin nağılını" anladır.
   
   Onlar candərdi, mənsə həyəcanlı... tamaşanı bitirdik... Baletdən çıxandan sonra yalnız kübar, ruhu geniş insan mühitinə düşməyi arzuladım. Sonra fikrimi dəyişib heç bir yad sifətin təəssüratlarımı korlamaması üçün gedib evimin divarları arxasında gizlənməyi üstün tutdum. Təəssüratlarımı isə yalnız oxucularımla bölüşmək qərarına gəldim...
   
   

TƏQVİM / ARXİV