XOŞBƏXTLiYiN ANATOMiYASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
35159 | 2009-02-14 01:22
Əvvəlcədən xatırladım ki, mən heç kimin paxılı deyiləm və heç kimə də nə pis gün, nə problem, nə ağrı-acı arzu etmərəm. Ümumiyyətlə, bu cür fikirlərdən çox-çox uzağam. Çünki həyatda o qədər xeyirxahlarım olub ki, mənə pislik edənlərin topası onların birinin dırnağı boyda olmayıb. Məhz bu baxımdan da həmişə içimdə bir rahatlıq, bir arxayınçılıq hökm sürüb. Elə bilmişəm ki, dünyanın bütün malına, mülkünə sahibəm və bircə arzum olub ki, Tanrı hər kəsə verdiyi payın, xoşbəxtliyin bir zərrəsini də mənə çox görməsin. Loru dildə desək, qonşunun həmişə ikiinəkli olmasını istəmişəm. Bu öz yerində.
   
   Bu gün şou əhli təkcə şou yaratmaqla yox, həm də özünə gün-güzəran yaratmaqla diqqət mərkəzindədir. Telekanalların həmin şou əhlinə həsr etdiyi, özü də xəsislik etmədən gen-bol efir verdiyi verilişlərinə baxanda adamın ürəyi dağa dönür. Baxıb görürsən ki, maşallah olsun, Məleykə Əsədovanın, Könül Kərimovanın, Xumar Qədimovanın, Xatirə İslamın və digərlərinin gözəl evi-eşiyi, necə deyərlər, hər kişinin arzu etdiyi cah-cəlalı var. Allah min artıq etsin. Və bu şəraiti təbii ki, onlar öz canlarıyla, qanlarıyla qazanıblar. Tanrının onlara bəxş etdiyi istedad işlərinə yarayır. Doğrudur, deyirlər ki, hər kəsin özünə görə problemi var. Bu, qaçılmaz həqiqətdir. Amma bu da var ki, cəmiyyət özü bütövlükdə problemlərdən xali deyilsə, onda onun üzvləri də kimliyindən asılı olmayaraq mütləq o problemlərin müəyyən qisminin daşıyıcısıdır. Yəni insan varsa, onun problemi də var.
   
   Deməli, bu günlərdə telekanalların hansında idisə tanınan, üzdə-gözdə olan sənətçilərimizin qarderoblarından söhbət gedirdi və çox hörmətli xalq artistimiz Aygün Kazımova xanım da həmin proqramda öz qarderobundan danışanda onların dəyərini də bizlərə çatdırdı. Az qala ürəyim dağ boyda oldu. Hələ bəlkə də bir az ondan da böyük. Zarafat deyil, Azərbaycan sənətçisinin dünyanın indiki durumunda, türk qardaşlarımız demiş, bir-birindən gözəl, bir-birindən bahalı əlbisələri var. Sağlıqla geyinsin, sözüm onda deyil.
   
   Bəli, bizdə üzdə olmaq hər adama nəsib olmur. Üzdə olmaq üçün sənətini, özünü təsdiq elətdirməlisən. Elə sənətçilərimiz də gecə-gündüz qan-tər töküb şou proqramlarda, toylarda, restoranlarda, aradabir də dövlət tədbirlərində xalqla canlı ünsiyyətdə olurlar. Və biz də onların nəyə qadir olduğunu dinləyib, seyr edib feyziyab oluruq. Adamın başının üstündə Allah var, gərək gördüyünü desin. Məsələn, Aygün xanım, Röya xanım, Rəqsanə xanım və digər xanımlar ekrana çıxanda adam istəyir beş-altı göz də borc alıb doyunca onlara tamaşa eləsin. Geyimlərindən tutmuş ifalarına, ifalarından tutmuş təqdimatlarına qədər hər şey bir-birindən gözəldir. Bəh-bəhlə baxıb zövq alırsan. Bircə dilxorçuluq onda olur ki, kişi xeylağının yanında xanımı, qızı, gəlini oturur. Bax, onda yavaş-yavaş tər dabanına kimi axıb gedir. Əlin gəlmir ki, kanalı dəyişəsən. Yanında oturanlar da elə bil sənin acığına durub o biri otağa keçmirlər. Hə, adama bircə bu əziyyət verir.
   
   Azərbaycanda sayı bəlli olan evsiz-eşiksiz, yurd-yuvasından didərgin insanlar yaşayır. İllərlə evsizlik ucbatından toylarını ləngidən nişanlı vətəndaşlarımız var. Əlləri göydə Allaha yalvarırlar ki, üzlərinə bir qapı açılsın, qovuşsunlar bir-birlərinə. Təbii ki, qurban olduğum da bu cür duaları, yalvarışları eşidir, sadəcə növbə məsələsi var. Görünür, Aygün xanımın duası, yalvarışı daha öncədən olub. Mən hiss edirdim ki, xalq artistimiz qarderobunu daha geniş təqdim etmək, çeşidini artırmaq üçün müəyyən sıxıntılar yaşayır. Və nəhayət, onun arzusu çin olub. Bu günlərdə doğum tarixini qeyd edərkən onun köhnə mənzilinin qapısını şad bir xəbər döyüb. Özünün də efirdən elan etdiyi kimi ona üçotaqlı mənzilin açarı bağışlanıb. İçində sağlıqla yaşasın. Burda bir haşiyəyə çıxmağa məcburam.
   
   Haşiyə: Əldə etdiyim informasiyalara görə, Aygün xanım həmin mənzildə ancaq qarderobunu yerləşdirəcək. İkinci bilgi də odur ki, gənc yazarlar Qan Tural, Əli Əkbər, Seymur Baycan Aygün xanıma məktubla müraciət ediblər ki, durumları onları çox sıxır, kirayə pullarını ödəyə bilmirlər. Əgər imkan varsa öz köhnə mənzilini bu cavanlara bağışlasın, hamısı da yığışıb bir damın altında Aygün xanıma ömür boyu duaçı olsunlar. Düzü, bilmirəm bu məktuba nə cavab veriləcək, amma təxmin edirəm ki, Aygün xanım cavanların qəlbinə dəyməz. Nə isə...
   
   Bəli, Allah hər kəsə bir qismət verir. Heç kimin qismətini başqası onun əlindən ala bilməz. Görünür, Aygün xanımın qismətində bu üçotaqlı mənzil də varmış. Bir daha Allah mübarək eləsin. Tanrı aradabir biz tərəfə də nəzər yetirsin. Mətbəxi, balkonu olmayan bir otağa da razıyam. Təki qismət olsun. Çünki mən orda özüm yaşayacam, paltarlarım yox.
   
   
   
   P.S. Köhnə günləri xatırlasaq bu gün "Den Valentin"di. Mən xatirələrlə yaşayanları, sevənləri və ad günü olanları ürəkdən təbrik edir və onlara da xoş qismət arzu edirəm!
   
   

TƏQVİM / ARXİV