adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MÜASİR AZƏRBAYCAN ROMANI

VAQİF YUSİFLİ
50060 | 2015-01-24 10:44
(icmal) (Əvvəli ötən şənbə saylarımızda)

Məlumdur ki, yaşadığımız bu həyat mürəkkəbdir, təzadlarla doludur. İnsan çeşidləri də rəngarəngdir. Təbii ki, hər bir yazıçı cəmiyyətdə baş verən mürəkkəb hadisələri, ictimai-siyasi olayları, mənəviyyat aləminin təzadlı mənzərələrini və bu fonda XXI əsr insanının, konkret desək, müasir azərbaycanlının həyat tərzini, duyğu və düşüncələrini qələmə almaq üçün dərin müşahidə qabiliyyətinə malik olmalı, bədii ümumiləşdirmələr aparmağı bacarmalıdır.
Son iiyirmi ilin romanlarında müəlliflər əsasən İNSANIN CƏMİYYƏTDƏ, YAŞADIĞI MÜHİTDƏ BİR FƏRD VƏ ŞƏXSİYYƏT KİMİ ROLU, TUTDUĞU MÖVQEYİ ilə bağlı duyğu və düşüncələrini, hərəkət və fəaliyyətini əks etdirirlər. Təbii ki, hər bir yazıçı bu məsələyə münasibətdə özünəməxsus bir yol seçməyə çalışır - cəmiyyətdə baş verən hadisələrin qəhrəmanın şüurunda necə əks-səda doğurmasını və bu qəhrəmanın hərəkətində, insanlara münasibətində bunun necə təzahür etdiyini hərə özünəməxsus bir şəkildə canlandırmağa səy göstərir.
Həyatda, yaşadığımız cəmiyyətdə müxtəlif problemlər, müşgüllər mövcuddur. Məlum Qarabağ hadisələri, müharibənin doğurduğu ağrı-acılar, yeni ictimai münasibətlərin, bazar iqtisadiyyatının yaratdığı əksliklərgsosial münasibətlərə tam uyğunlaşmayan insanların qarşısına çıxan maniələr, milli, yaşarı ənənələrlə Qərb mədəniyyətinin şüurlarda yaratdığı təbəddülatlar... Əksəriyyətinin varlanmaq, asan yolla pul-para qazanmaq ehtirası. Tədricən aradan qaldırılsa da, yenə də özünü göstərən yoxsulluq, işsizlik. Bütün bunlar son iyirmi ilin romanlarında öz bədii təcəssümünü tapır. Görünür, bu zamanda, bu çağdaş durumda Şərin yaratdığı mənfi halların kökü kəsilmək bilmir və ədəbiyyatın bir missiyası da bu mənfiliklərə qarşı mübarizədən ibarətdir. Ancaq bu, o demək deyil ki, bizim romanlarda həyatın, gerçəkliyin pozitiv cəhətləri əks olunmur. Təbii ki, o işığı da görmək, göstərmək lazımdır.
Roman ustası Sabir Əhmədlinin "Axirət sevdası", "Kef" əsərləri həyatın ziddiyyətlərini reallığı ilə əks etdirmək baxımından onun yaradıcılığında mühüm hadisə sayılmalıdır.
"Axirət sevdası" bir Atanın-Sabir Əhmədlinin müşahidə etdiyi, bilavasitə şahidi olduğu hadisələrin timsalında müharibəyə nifrət duyğusu oyadır. "Kef"də isə yazıçı yaşadığımız doxsanıncı illərin ziyalı mühtini qələmə alır, məşhur bir ziyalının yeni dönəmdə bütün məişət çətinliklərini təfərrüatınacan qələmə alır, belə bir həqiqəti nəzərə çarpdırır ki, təkcə zamanın çarxları paslanmayıb, insanların içində də mənəvi paslanma gedir.
Aqil Abbasın "Allahı qatil edənlər" romanı da cəmiyyətdə baş verən kataklizmləri, sosial mühitdə cərəyan edən neqativ halları əks etdirmək baxımından maraq doğurur. Bu əsərdən də müharibə qoxusu gəlir, ancaq müharibə səngərlərdə baş vermir, mənən təmiz insanlarla onlara əks qütb təşkil edən adamlar arasında baş verir. Aqil Abbasın povest və romanlarına xas olan sərt realizm, bəzən hadisələri, insan xarakterlərini bütün kəskinliyi ilə əks etdirməsi bu əsərdə də bariz nəzərə çarpır.
Əlabbasın "Qiyamçı" və "Qaraqovaq çölləri" romanlarında da həmin o sərt realizmi, cəmiyyətdə, ictimai mühitdə baş verən sosial haqsızlıqlara qarşı üsyan və etirazı izlədik.
Aslan Quliyevin "Yazıçının savaşı", "Keçmiş döyüşçü və oğlan", "Payız" romanları haqda da eyni fikri söyləyə bilərik. Hər üç romanın mövzusu bir-birinə yaxındır, müəllif ayrı-ayrı fərdlərin yaşadıqları mühitdə haqsızlıqlara, neqativ hallara qarşı mübarizəsini təsvir edir. Keçmiş döyüşçü də, Yazıçı da eyni amal uğrunda mübarizə aparırlar - Şəri, insanlara qarşı mənəvi zülmü aradan qaldırmaq, haqqı, ədaləti müdafiə etmək...
Ümumiyyətlə, Azərbaycan romanlarında həmişə İşıqla Zülmətin, Xeyirlə Şərin mübarizəsinin şahidi olmuşuq və bu mübarizə əsrlərdən bəridir ki, elə ədəbiyyatın da əsas konfliktini təşkil edir. Seyran Səxavətin "Nekroloq" romanında biz bunun əyani şahidi oluruq. Romanda bədii təsvir hüdudları genişdir. Doxsanıncı illərin çağdaş Azərbaycan mənzərəsi bütöv və genişdir, az qala cəmiyyətin bütün zümrələrini əhatə edir: çadırlarda yaşayan soydaşlarımızdan tutmuş nəhəng maliyyə fırıldaqları ilə məşğul olan mafioz qruplara qədər... Ancaq Seyran Səxavət romanda konkret olaraq kimlərə isə işarə etmir, oxucu fəhmlə anlayır ki, bu simvolik-rəmzi obrazlar həyatın, gerçəkliyin reallıqlarını əks etdirir.
Azad Qaradərəlinin "Günəş tutulan yerdə" romanında da "Nekroloq"da olduğu kimi sərt həyat həqiqətləri canlandırılır. Ancaq bir fərqi var ki, Azad Qaradərəli cəmiyyətdə baş verən mənəvi aşınmaları təkcə cəmiyyətdə yox, ilk növbədə, bir ailənin timsalında izləyir. Dəyişilən, yeniləşən təkcə zaman deyil, həm də insanlardır. Amma bu "yeniləşmədə" əksliklər daha çox nəzərə çarpır. Əqidələr, prinsiplər, insanların daxili aləmi dəyişir. Ziyalılar zamanın acılıqlarına dözə bilmir, ələbaxımlıq maddiyyatı ön plana çıxarır, ziyasızlar, nadanlar iş başına keçir. Məsələn, onun qəhrəmanı Mirzə müəllim vaxtilə mitinqlərdə azadlıq mücahidi kimi çıxışlar eləyirdi, müstəqillik uğrunda mübarizə aparırdı, amma çox keçmədən o, dəyişir, deputat olandan sonra ona dəstək verən xalqdan uzaqlaşır, mafiozlaşır və beləliklə, istər-istəməz başqa bir adama çevrilir.
Romanlarımızda simvolik olaraq bir ZAMAN obrazı da var. Həm də bu öncə qeyd etdiyimiz kimi, dəyişilən Zamandır. Bu zamanın nəbzini tutmaq, ona uyğunlaşmaq, onun prinsiplərinə boyun əymək isə çox çətindir. Və romanlarda təsvir olunan qəhrəmanlar da çox zaman bu çətinliklərdən, bu maniələrdən keçməli olurlar. Amma bu, çətin prosesdir və bəzən qəhrəmanların mənəvi depressiyasına və faciəsinə gətirib çıxarır. Əyyub Qiyasın "Sonuncu büt" romanında məhz belə bir qəhrəmanın həyatı canlandırılır. İyirmi səkkiz il həbsxanada yatan Məmmədağa azad həyata qovuşa bilmir və yaşadığı mühitdə yenə də eyni mənfiliklərin hökm sürdüyünü gördükdə istər-istəməz kriminal həyat keçirir. Amma bununla yanaşı, o, içindəki mənəvi potensialı, işıqlı duyğuları yaşada bilir, Şuşaya gedir, ölümü bahasına orada Azərbaycan bayrağını qaldırır.
Afaq Məsudun "Azadlıq" romanı isə tamamilə fərqli bir xüsusiyyəti ilə diqqəti cəlb edir. "Azadlıq" Afaq Məsudun insandan cəmiyyətə, fərdin daxili dünyasından ictimai-siyasi hadisələrə sıçrayışını (keçidini də demək olar-V.Y.) tam şəkildə açıqlayır. Əslində, onun "dörd divar" arasında təsvir etdiyi gerçəkliyin özü də cəmiyyətin mikromodeli təsiri bağışlayır, ancaq "Azadlıq"da cəmiyyət - Azərbaycan gerçəkliyi (söhbət doxsanıncı illərdən gedir) bütün reallığı ilə əks olunur. Təbii ki, romanda humanist prezident də, "Millət Atası" General da, digər obrazlar da prototipləri etibarilə oxuculara tanış gəlir. Ancaq bunlar gerçəklikdəkindən fərqli olaraq yazıçının məharətlə ümumiləşdirdiyi obrazlara çevrilir. Afaq Məsud bir nasir kimi yaşadığımız bu mürəkkəb, dramatik, fəci, son dərəcə ziddiyyətli həyatımızı, ictimai-siyasi hadisələri, bu hadisələrdə mühüm rol oynayan şəxsiyyətləri orijinallıqla əks etdirib. Doğrudur, bir müsahibəsində Afaq yazırdı ki: "Əslində, "Azadlıq" son illər ölkəmizdə baş verən hər hansı siyasi dəyişikliyə reaksiya kimi yaranmayıb". Amma inanmaq olmaz ki, bütün bu baş verən hadisələr bir yazıçı kimi ona təsir etməyə. Səfər Alışarlının "Mayestro" romanı Afaq Məsudun romanında təsvir olunan hadisələrlə səsləşir. Bu romanda da 90-cı illərin ilk yarısının hadisələri öz əksini tapır, amma mənzərə daha genişdir, zavod-fəhlələr, mayestro-opera, qəzet-jurnalist aləmi, prezident və məmurlar ordusu, qiyam və məmləkətin ictimai-siyasi durumu... bunlar real hadisələrlə bədii təxəyyülün "hibritini" əks etdirən səhnələrə çevrilir.
Təfərrüata varmadan, qısaca da olsa, biz bir sıra digər romanlarda da Azərbaycan gerçəkliyinin, sosial həyatın bu və ya digər dərəcədə əks olunduğunu söyləyə bilərik. Fikrimizcə, bu əsərlər içərisində Hüseynbala Mirələmovun "Qırxıncı otaq", "Gəlinlik paltarı" romanları mənən təmiz, saf adamların dramatik, bir az da faciəli həyatını, istək və arzularının reallaşmadığını açıqlayır. Onun qəhrəmanları mənəviyyat adamlarıdır və yazıçı oxucuya belə bir həqiqəti aşılayır ki, insan ilk növbədə, daxilən-ruhən saflaşmalıdır. Kamil Əfsəroğlunun "İt qanı", "Daşlı qala" romanları onun mövzuya, toxunduğu problemə bələdliyini, həm şəhər, həm də kənd həyatını, təsvir etdiyi obrazların psixlojiyasını diqqətlə müşahidə etdiyini göstərir. Müəllif süni şəkildə öz qəhrəmanlarına müsbət xüsusiyyətlər aşılamır, onların həyatın ağır sınaqlarından keçirir.
İlqar Fəhminin artıq bir romançı kimi formalaşdığını da təsdiq edə bilərik. Onun "Aktrisa" romanı öz fəlsəfi-psixoloji aspekti ilə seçilir. Mövzu müasir həyatdandır, İlqarın digər romanlarında diqqəti cəlb edən detektiv ünsürlərinə bu əsərində də təsadüf edirik. Ancaq sona doğru romanın ideyası realistik istiqamət alır və müəllif səhnədə, tamaşaçılar qarşısında deyil, həyatda öz faciəli rolunu oynayan bir insanın mənəvi süqutunu canlandırır.
Sual oluna bilər: son iyirmi ilin romanları doğrudanmı elə bu məhdud bölgüyə sığışır? Bəs hanı sevgi romanları? Bəs hanı ayrı-ayrı peşə-sənət adamlarının həyatından söz açan romanlar? Bəs hanı müasir gəncliyin istək və arzularını, mənəvi dünyasını əks etdirən romanlar? Bu "bəs"lərin sayını artırmaq da olar. Amma məsələ burasındadır ki, bütün digər mövzular bir BAŞ MÖVZUnun ayrı-ayrı şaxələri, qol-budaqları kimi diqqəti cəlb edir. Baş mövzu Azərbaycan gerçəkliyidir. İstər tarixi, istərsə də müasir Azərbaycan gerçəkliyi. İndi bütün mövzular bu gerçəkliyin "inhisarındadırlar". Baxın: qürbətdə yaşayan Gülşən Lətifxanın "Azər və Aida" romanı iki gəncin nakam sevgi münasibətindən söz açır, ancaq bu romanda gənclər amansız bir maniə ilə qarşılaşırlar - həyatın, gerçəkliyin sərt həqiqətləri onları kama çatdırmır. Baxın: Elçin Hüseynbəylinin "Tut ağacı boyunca", "Balıq adam", "Metro vadisi", "Yol ayrıcında qaçış", "Azıx" romanlarında da müxtəlif məsələlərdən söz açılır, amma tənqidçi Əsəd Cahangirin belə bir doğru mülahizəsi ilə şərikik ki, bu romanlar "günümüzün ən adi reallığından bəhs edir". Son illərdə "Bağban", "Bənna", "Bərpaçı" romanları ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş Mübariz Cəfərli də məhz həmin prinsipə sadiq qalır: onun romanlarındakı müxtəlif bədii priyomalar, şərtiliklər, mətndaxili "gəzişmələr" maraqlıdır, bunların bir çoxu yenidir, amma bizi ilk növbədə onun təsvir etdiyi gerçəklik, bədii təxəyyülü canlandırdığı həyat hadisələri cəlb edir. Artıq bir romançı kimi özünü təsdiq etməyə çalışan Varisin "Bir ovuc torpaq", "Sənə inanıram", "Yetmiş yeddinci gün", "Metamarfoz" romanları əsasən kriminal-detektiv aləmi əks etdirir və bu romanlarda da Azərbaycan gerçəkliyinin bədii inikası ilə qarşılaşırıq. Bu mövzu təsnifatına Nisbəyimin "Onlayın", Paşa Qəlbinurun "Qara su", Eyvaz Zeynalovun "Qisas", Məqsəd Nurun "Şəhər meri", Vaqif Sultanlının "Səhra savaşı", Qəni Uamalzadənin "Karxana" romanlarını da daxil edə bilərik.
Beləliklə, son iyirmi ilin Azərbaycan nəsri bizim real həyatı, ictimai-siyasi hadisələri, mənəvi dünyamızı əks etdirən romanlarla zəngin olmuşdur.

(ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV