adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ALLAHIN QONŞULUĞUNDA VƏ YA ŞAİR AĞASƏFAYLA SÜLEYMAN PEYĞƏMBƏRİN NƏ YAXINLIĞI?

4111 | 2015-01-24 10:22

Qəşəm İsabəyli

(əvvəli ötən sayımızda)


Ağanın satirik şeirləri də öz təbiəti üstdə köklənib. Bu şeirlərdə paxıllıqdan doğan acıq, qəzəb, hirs, dargözlükdən doğan nalə-nifrin görməzsən. Bu şeirləri oxuyanda qanın qaralmır, əhvalın korlanmır, əksinə dodağın qaçır, könlünə xoş ovqat gəlir:

Boynu bükükdü - nal kimi,
Ağzı açıqdı - mal kimi,
Kəlləsinin tən ortası
Sürtülübdür qaval kimi,
Harda cəm olsa üç nəfər,
Peyda olur sual kimi;
Hər çatana olur qəmiş -
Görməmiş oğlu görməmiş!

Ağasəfanın bu satirik əhval-ruhiyyəsi, əlbəttə qanında da var, yəqin ki, o dövrün məşhur jurnalı "Kirpi"də işlədiyi vaxtlarda bir az da cilalanmışdı. Güman ki, Ağasəfanı bu jurnala çəkib gətirən də, jurnalın baş redaktoru mərhym Seyfəddin Dağlıyla yerliliyindən irəli gəlmişdi. Amma Seyfəddin müəllimin bu yerliliyi "yerlibazlıq" deyilən məlun duyğulardan qat-qat yüksəkdə daya-nırdı. O vaxtı yarım ilin içində özünə mal-mülk yarada bilmək hünəri vardı "Kirpi"də işləyən hər kəsin. Ağasəfa isə belə haramlıqdan uzaq idi.
-Bir dəfə Qubaya getmişdim ezamiyyətə. Atamın dostuna rast gəldim. Məndən qabaq bir qutu alma yollayır bizə. Evə qayıdanda gördüm anam oturub küçə qapısında, alma dolu qutu da qaba-ğında.
-Ay arvad, - dedim, - otarırsan deyəsən?!
-Bu necə gəlib bura elə də qaytar getsin gəldiyi yerə. Qoca vaxtımda mənim haram yeyən halım yoxdu.
-Ay ana, bu haram deyil...
-Nədi bəs?
-Pay!
-İndi haramı pay adıyla göndərirlər də. Tez bunu rədd elə burdan!
Atamın dostunun adını verəndən sonra almaların ayağı açıldı evimizə.
Rəhmətlik anam deyərdi, bir manat da olsa bu evə haram girməməlidir. Pulunuz olmayanda, deyin, sizə xərclik verim. Nə badə özgənin qazancına tamah salasınız!

***
Rəhmətlik Vaqif xaloğlum Ağasəfanın Sabirabada gəlməyindən danışdı mənə. Gedəndən sonra "Süpürgə" adlı yazı yazması o vaxtı sabirabadlıları bərk qayğılandırmışdı. Sabirabad belə yerdi ki, indisindən xəbərim yoxdu, onda bir adamı paysız yola salmazdılar. Gəl ki, Ağasəfaya dişləri batmamışdı. Bu da sabirabadlılara bərk təsir eləmişdi ki, demə, belələri də varmış.
Bir dəfə indiki Fəvvarələr meydanında dayanmışdıq. Kimsə dedi: - O gedən... Ağasəfadı.
Baxdım, arıq bir adam asta addımlarla Nizami muzeyinə tərəf gedirdi. İlk dəfə Ağasəfanı onda görmüşdüm. Ona qədər isə ilk kitabçasını oxumuşdum və "Yaman fikirlisən, yoldaş komissar" şeirini az qala əzbər bilirdim:

Yaman fikirlisən, yoldaş komissar,
Qəlbini gözündən oxumuşuq biz.
Gözlər danışanda, dodaqlar susar,
Bəli, qırxikidə doğulmuşuq biz.
Bəli, o nəhs ilin yadigarıyıq,
Hərəmiz bir nəslin yadigarıyıq!

"Yazıçı" nəşriyyatında işləyəndə isə Ağasəfa mənim "Heç nə istəmir anam" kitabının redaktoruydu. Bir gün nəşriyyatın koridorunda gülümsər çöhrəsini mənə çevirdi: - Heç sənin şeirlərini belə bilməzdim, - dedi, - xoşuma gəldi. Bəziləri eləmədiklərini də elədikləri kimi gözə soxur. Amma sən elədiklərini də eləməmiş kimi görünməyə çalışırsan.
Bu sözlər yadında qalıbmı-qalmayıbmı, deyə bilmərəm, amma o vaxtı, belə sözlərə ehtiyacım olan vaxtı Ağasəfa bunları demişdi mənə. Onda, elə indinin özündə belə, yaxşıya yaxşı deməyə bəzi qələmdaşların dili var gəlməzdi. Elə bilərdilər "yaxşı" olmaq yalnız onların imtiyazıdı. Hünəri nədir ki, başqası da "yaxşı" olsun. Ağasəfa isə qəlbinin saflığından, mənim - öz cavan həm-karının yazılarında gördüyü, hələ əl qızdırmağa təpəri çatmayan qığılçımları od-ocaq eləməkdən çəkinməmişdi.

Ağasəfanın "hannibalizm"i və ya şairin aspirantı kəsmək əhavalatı

Bu gün Ağasəfanın bizdən bir üstünlüyü var ki, o hələ də kitaba müqəddəs baxır. Hələ də o nəşriyyatda işlədiyi dövrün kitab təəssüratıyla yaşayır; nəşr edilən hər kitab - ədəbi hadisədir, oxucu marağıdır, bir az da tanınmaqdır ondan ötrü. Biz isə pessimistik: "Təzə kitabın çıxıb!?" deyənə ürəyimizdə lağ eləyirik: "Nə olsun!"...
"Yazıçı" nəşriyyatında otaqlarımız bir-birindən aralı olsa da, onunla məhrəm idik. Növbəti kitabının redaktorluğunu da mənə etibar eləmişdi. Bir satirik şeirini əlyazmasından çıxartmışdım:
-Ağa, bunu verə bilmərəm!
-Niyə!? - Qaşlarını düyünləyib, ağzını büzüb, gülümsər çöhrəsiylə üzümə baxdı. - Kimin bostanına daş atmışam!?
-Direktorumuzun.
-Adını göstər.
-Adı yoxdu, şəkli var.
-Qorxma, durmuşam şeirin dalında, ver getsin!
-Adını yaz, verim.
Qəh-qəhə çəkdi...
Kitabı nəşr ediləndən sonra, bir gün yanıma gəldi:
-Bu şənbə sizə qonalğa verəcəm.
-Qonalğa nədi, ay Ağa?
-Kitabı yumaq lazım deyil bəyəm!? Sizə bir aspirant kəsəcəm!
-Aspirant?
-Özü də canlısından. - Mat-mat üzünə baxdığımı görüb, - gələrsən, görərsən. - Sonra da redaktoru olduğum kitabını yan cibindən çıxarıb qoydu qabağıma. - Buyur, zəhmətinin bəhrəsidi. - Otaqdan çıxdı.
Bu, 11 avqust 1984-cü il idi. Mənim də ad günümə 72 saat qalmışdı. "Günəşin dalınca gedən oğullar" ("Yazıçı") Ağasəfanın ilk sanballı, qalın qabıqlı poetik toplusuydu. Titul vərəqində yazmışdı: "Əziz qardaşım, həmkarım, qələm dostum Qəşəm! O gün olsun ki, mən sənin nataraz-nataraz kitablarına qol çəkim!" ("Qol çəkim", yəni çapa verim, nəşr olunsun).
Bu arzuya çatmaq nə Ağasəfaya qismət oldu (nəşriyyatdan getdi) nə mənə. Ağzıgöyçəklərin sözüylə desəm, özümün nəşriyyatım olsa da hələ ki, 200 səhifədən böyük kitabımı nəşr etməmişəm. Adamlara yazığım gəlib ki, əllərinə alanda qolunu salmasın. Onsuz da indi qol salan kitabları Bakı tutmur. Nə yaxşı Kitab Ticarəti Təşkilatımız yoxdu. Belə kitablar rayonlarımıza gedib çıxmır. Yoxsa millət şikəst olardı.
Vaxt yetişdi; həftənin altıncı günü mən oldum, nəşriyyatımızın "Folklor" şöbəsinin redaktoru, müəllif qonalğalarını yeməkdə böyük təcrübəsi olan mərhum Musa Axundov oldu, bir də Azərbaycan Radiosunun "Uşaq verilişləri redaksiyası"nın müdiri Rafiq Savalan (indiki Hacı Rafiq), getdik Ağasəfanın Yasamaldakı həyət evinə. Çatan kimi dünəndən marağımda oturmuş "aspirant" söhbətini atdım ortalığa. Ağa bir ağız gülüb, "Tələsmə!" dedi.
Süfrə salınıb, badələr dolduruldu. İndikindən iraq, onda mən də... Ağasəfa ayağa durdu: -Bizdən bir az o yana beşmərtəbəli binada bir professor yaşayır, bir dəstə də aspirantı var. Qapısı da üzlərinə açıq; biri gedir, biri gəlir. Hamısı da əlidolu gəlib, əliboş qayıdır. Mənim də hər axşam işdən sonra, istirahət günləri isə günümün çoxu qoyunlarımı otarmaqla keçir. Qoyunlarım da öz yerlilərimdi. Atamın Xızıdan - doğma Qarabulq kəndindən köçüb Bakıya gələndə gətirdiyi dörd-ayaqlıların nəticə-kötükcələridi. Hələ bir deyin görüm, "kabab necədi?"
-Əla.
-Bax, belə kabablıq qoyunlarım var; tükünü çək, yağı damsın!
Bir gün də professor yol keçəndə dönüb gəldi yanıma:
-Ay şair, nə gözəl qoyunların var!
Özümü bir az təhqir olunmuş kimi göstərib:
-Bunlar qoyun deyil! - Dedim.
Təəccüblə üzümə baxdı:
-Necə yəni qoyun deyil!?
-Bunlar aspirantdı!
O gedən oldu.
4.Bir gecənin içində
- Tanrının məni təkliklə sınağa çəkdiyi vaxtlarım idi; arvad ölmüş, evim dağılmış, cibim boş, özüm də top kimi gedib düşmüşdüm Səngəçala. Amma Allahın ver günü o boyda yolu basa-basa durub gəlirdim şəhərə - Ədəbiyyatı Təbliğ Bürosuna, görən də deyirdi, kişinin oğlu işə gedir. Bir gün də Ələkbər Salahzadəydi (Allah rəhmət eləsin. Bu yazı yazılanda sağ idi), rəhmətlik Allahverdi Məmmədliydi, Saday Şəkərliydi oturub, puldan və ədəbiyatdan başqa hər şeydən danışdığımız vaxtı, -şair dostum Tariyel Ümidlə Qarabulağa növbəti səfərimdə Ağasəfa süfrə başında bu söbəti açdı bizə, - birdən qapı cırıldadı, göydən düşmüş kimi cəlilabadlı şair Abbasağa girdi içəri:
- Bu nə oturmaqdı, ə!? Nə olub sizə!? Ac adama oxşayırsınız. - Qoltuğunda qovluq, başını sağa-sola yelləyə-yelləyə otaqda var-gəl eləməyə başladı. - Allahverdi, düş aşağı, kafeyə de, yer saxlasınlar, gəlirik...
Allahverdinin dalıyca dabanqırma özümüzü atdıq bayıra. Süfrə açıldı... araq şüşələrinin kəlləsi görünməyə başladı... gözümüz işıqlandı. Fikrimiz istəkanın yekəsindəydi. Abbasağa, nədənsə balaca badəylə qurtum-qurtum içirdi. Deyəsən, qonalğaya gedəcəkdi. Biz döşəyirdik. "Düüt" deyincə yeyib-içib ayağa duranda Abbasağa qovluğu soxdu qoltuğuma:
-Səhərdən redaktor gəzirdim, bu gecə bunun fatihəsini verirsən, balaca da bir "Ön söz" qoyursan üstünə, sabah gətirirsən bura. - 2-3 "şirvan" da, onda bu az pul deyildi, basdı cibimə.
-Sabaha çatdıra bilmərəm, Abbasağa. Özüm vurmuşam, yolum da uzaq.
-Yox, sabaha çatdırmalısan. Bir prokuror var, qulağını kəsə-kəsdəyəm. Bu işin sənə də fay-dası olacaq. Kitabını nəşr etdirəcəm.
Şirnikməkdən başqa əlacım qalmadı. Səngəçala çatıb, evə girən kimi gördüm çarpayıdayam. Gecə elə bil vurub ayıltdılar məni; əlyazmasını qoydum qabağıma. Abbasağaya nə redaktə, gözdən keçirtdim. Hətta balaca bir "Ön söz" də yazdım. Səhər kefi kök, damağı çağ, bir də illərlə həsrətini çəkdiyim təzə kitabımın eşqiylə Baksovetlə üzbəüz binanın qabağında heykələ dönmüşdüm. Yarım saat keçdi, bir də gördüm dünənki uşaqlardan biri mənə sarı gəlir:
-Nə yaxşı burdasan?
-Abbasağanı gözləyirəm.
-Abbasağanı!? Saday deyir, dünən axşam rəhmətə gedib.
-Nə!? - əlim-ayağım yerdən üzüldü.
Abbasağa bizdən ayrılandan sonra hansısa məclisdə olur, evə qayıdır, həyat yoldaşı danışırdı, divanda oturub, həmişə atdığı dərmanı çıxarıb ağzına qoyan kimi "ha... a..." elədi...
(ardı var)

TƏQVİM / ARXİV