adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Müqəddəslik qurtaran yerdə... dünyanın qara yelləri əsir

3546 | 2015-01-24 10:15
(əvvəli ötən sayımızda)
Vətəndən danışan, xala xətrin qalmasın onun qabağına bir "ana" sözü də artırıb ağzı köpüklənən adamların dərhal ürəyinə boylan, orada qorxaq, ürkək, riyakar, üzə bir astara iki sifətlər, hazırlanıb öz növbəsini gözləyən min cür maskalar görəcəksən. O adamlardan uzaq gəz, o adamlara qarşı çıx, yalanlarını üzlərinə de, qoy qızarsınlar, qoy bozarsınlar... Dediklərimi eləsən torpaq da səndən razı qalar, heç olmasa təsəlli tapar ki, üstündə qədir-qiymətini bilən damazlıq adam gəzir", - deyir.
Təbii ki, Ümidin içindəki saflığı, təmizliyi də onu Pirdəliyə yaxınlaşdırır. Bu yaxınlaşma, təmas isə Dilsiz uşağın dilinin açılmasından daha çox ona lazım olan yaddaşının bərpasına kömək edir. "Mənim adım Ümiddir" - uşağın ürəyinə sərinlik çökdü. "Şükür, adım yadıma düşdü". Pirdəli isə - "Yox, bu, dədənin sənə qoyduğu adın əvəzinə pirin sənə verdiyi təzə addır. Görünür, sənə inanmağa başlayır, öz adını sənə verdi", - deyir.
Romanda situasiyalar elə ustalıqla, sənətkarlıqla dəyişir ki, bir daha təkrar edirəm, oxucu hərəkətə (baş verən hadisəyə) yazıçı təxəyyülünün, fantaziyasının "məhsulu" kimi yox, reallığın, gerçəkliyin ifadəsi olaraq yanaşır. Məsələn, Dilsiz uşağın daxilində birdən-birə yaranan kəskin dəyişiklik baş verənlərin ümumi fonunda məntiqi nəticə kimi diqqət çəkir: "Aman!.. Çiyinlərimdən ağrı tutdu. Of ayaqlarım da yeriyə bilmir...gOf...gBu nə ağrılardı. Dözə bilməyəcəm...g Mədəm də alovlanır, elə bil içimdə ildırım çaxır...g Niyə axı birdən-birə bütün bədənim əsməyə başladı..."
"Bu, gələcəyin ağrılarıdı" - Pirdəli geri dönüb Ümidə tərəf baxdı - "Döz, bu ağrılara dözmək lazımdır, ancaq fikirlərini ayıq tut ki, özünü itirməyəsən, ürəyinsə məndə olsun. Çiyinlərin gələcəkdə daşıyacağın yükün ağırlığını göstərir, görünür, pir öz adını sənə elə-belə verməyib, həm də öz yükünü bölüşmək istəyir. Çiyinlərinə ağır yük qoyub ki, onun adı insanlara insan olduqlarını xatırlatmaq yüküdür. Onu ömrü boyu daşımalı olacaqsan. Ayaqların getmək istəməsə də gedəcəksən, hamıdan irəlidə getməyə məhkum olmaq təkcə şan-şöhrət üçün yox, həm də hamının əvəzinə düşünmək üçün lazımdır. Mədəndə çaxan ildırım nəfsini doğrayıb-tökür, pirin yükünü daşımaq sənə asan gəlməsin".
...Və təkrar edirəm, dili tutulan uşaqla - "tər-təmiz, çirklənməmiş, ağ kağız parçası kimi saf bir ürək"lə Pirdəlinin bir-birinə bağlanmalarının, bir-birinin "içlərini" oxuya bilmələrinin, "ürək pıçıltılarını" eşitməklərinin səbəbi aydındır: ikisi də hələ bu dünyanın "kirlənmiş, azğınlaşmış adamlar"ının əclaflıqlarına bulaşmayıb, saflığı, təmizliyi qoruyub saxlayıb.
Pirdəlini elə bu fövqəl keyfiyyətinə (adamların ürəklərini oxumaq, bunu qışqıra-qışqıra demək gücünə) görə də bir vaxtlar Ümidqovandan qovub çıxarıblar. Gəlib Pirə-müqəddəs ocağa sığınıb, çünki bura onun üçün toxunulmazdı. Təqib olunanda Pirə qaçır və ocağın qorxusundan ona xətər toxundurulmur.

***
...Biclik meydan açanda haqq-ədalət, abır-həya, namus-ismət, saflıq-təmizlik qaçaq düşür, mizan-tərəzi itir, paxıllıq, xəbislik, qısqanclıq başa keçir...
... Riyakarlıq yaşam tərzinə çevriləndə, ömür rişxənd və qəhqəhə içində boğulanda ümidlər, xəyallar qırıqlanır, dağılır...
... Hiyləgərlik yalana həqiqət donu geydirəndə, həqiqətsə dərd-bəlanın içində it-bata düşəndə onun yiyəsi avaraya, sərsəriyə dönür, təklənir, tənhalaşır.
İnsan təklənəndə, tənhalaşanda, nadanlar, namərdlər inam-ümidləri çilikləyəndə isə dərdə uduzur, dərdə tab gətirmir. O zaman ən dəhşətli, vahiməli olan odur ki, doğmaların, əzizlərin də səni unutsunlar, səndən üz çevirsinlər... O zaman, bax, "gülüşündən kirpiklərin yan-yörəsi, dodaqlarının böyür-başı qırış bağlasın, ürəyində ağlayasan, öz içində göz yaşınla nisgil göyərdəsən..."
Romanda "öz içində göz yaşıyla nisgil göyərdən" Telli kəndin (Ümidqovanın) özünün yaşı ilə bir ölçülən tarixini nənəsinin dililə danışdıqca gözlərimiz önündə Ümidqovan kəndi boyda, ağırlıqda bir dərd yığnağı canlanır, bicliyin, riyakarlığın, hiyləgərliyin meydan suladığı bir məkan görünür. Əslində bu dərd, nisgil Telli üçün, dünyaya onun gözü ilə baxanlar üçün kədərli tarix sayıla bilər. Qırmızı Xudu, Burun Qasım, Qələm Bəkir üçün isə həyatları boyu yaşam prinsipi, əxlaq norması olub. İkiüzlülüyə, simasızlığa adi norma kimi yanaşılıb. El qınağı, töhməti peysərə yüklənib, hallarına zərrəcə təfavüt eləməyib.
Pirdəli də bicliyin, riyakarlığın, hiyləgərliyin qarşısında aciz olduğundan, təkləndiyindən, tənhalaşdığından Qırmızı Xudunun (bəli, məhz Qırmızı Xudunun) kəndində-Ümidqovanda duruş gətirə bilmir, Pirə sığınır. Burda da gündüzlər Qırmızı Xudunun gözünə görünməkdən çəkinir, gizlicə, xəlvətcə ziyarətə gələnləri "oxuyur", təmizini, safını, dərd ortağını axtarır, "amma özlərindən xəbərsiz kimin ürəyinə baş vurdusa, dərhal diksindi, heç birinə yaxın getmədi. Bircə bu gün on iki yaşlı çəlimsiz, qarayanız uşağı görəndə anladı ki, artıq özünü tapıb, indi pıçıltıyla olsa da, onu başa düşən birisiylə danışa bilər. Adam başa düşüləndə nə qədər yüngülləşərmiş, milyon nəfərdən biri səni başa düşürsə, özün kimi anlayırsa, bu, elə xoşbəxtliyin əlifbasına yazılan qaydadır. Vay o gündən fikrən təklənəsən... Başa düşülməmək dərdi - bütün dövrlərin ağlı başında olan adamlarının əsas bədbəxtliyi deyilmi?"
Bəli, vay o gündən fikrən təklənəsən, tənhalaşasan. Qırmızı Xudusa cəmlənəndə, artanda, çoxalanda cəmiyyətin faciəsi başlayır: dəyərlər itir, söz çəkisizləşir, torpaq, vətən tamah, iştah, nəfs anlayışlarından sonra gəlir, ürək-iç bomboş boşalır. İnsan, insanlıq Yoğun Minənin timsalında təsəvvür edilir... Bunu deyəndə əsərdəki bir məqamı xatırlayıram. Artıq Ümid də Pirdəli kimi ürəklərdən xəbər tuta bilir. Və o, çox çalışsa da təkcə Yoğun Minənin ürəyini oxuya bilmir. Çünki Minənin içi bomboş idi. Belə bomboş, hissiz, duyğusuz ürək həm də qaranlıq, zülmət olur... Sadəcə ürək Yoğun Minənin yaşatmaq üçün gərəkliydi. Ona görə də o ürəkdə yaşanılmayan olmuşlar barədə nə danışmaq olardı, axı?!. Ümid dərk edirdi ki, "boş ürəkləri oxumaq sadəcə mümkün deyil və buna cəhd eləmək də axmaq işdi".
...Ümid düşünürdü və düşündükcə sarsılırdı: görəsən, Ümid Piri bu haqsızlığa, ədalətsizliyə necə baxır, necə dözür?.. Dözə bilirmi?.. Görəsən, müqəddəs ocaq niyə Yoğun Minənin, Tellinin alın yazılarına düzəliş etmir? Axı "Minə içində boşluğu, qaranlığı, belə gözəlsə, dərd sandığını gəzdirir. Bu, haqsızlıqdı. Ümid Piri, gözünün qabağında bunu görmürsənmi?"
Ümid Piri insanı, insanlığı qiymətdən, dəyərdən salan hər şeyi görür. Və elə buna görə də bir vaxtlar içərisinə atılan məktubların hamısını bayıra tullayır. Bacasını da bağlayır... Bu, müqəddəsliyin yox olmasından (ərşə çəkilməsindən), dünyanın qara yellərinin əsməsindən xəbər verir...
Bu məqamda Ümidlə dədəsinin söhbətindən kiçik bir hissəni xatırlatmağım yerinə düşər:
-... Tay müqəddəslik qurtardı...g
-Ə, heylə şey olmaz? Bəs, indən belə nağayrajıyıx? Ümid Piri olmayanda hardan alajıyıx ümidi?
-Ay dədə, çox ürəyinə salma, bəlkə, hər şey ümid qurtarandan sonra başlayır, nə bilirsən?!.
...Doğrudanmı ümid tükənəndə, qurtaranda ölüm qapıdan boylanır. Doğrudanmı hər şeyin-sədaqətin, etibarın, düzlüyün, saflığın... bütün müqəddəsliklərin təzədən görünməsi ölümdən sonraya qalır. Doğrudanmı elə ona görə insanın ümidlərini öldürmək, məhv etmək mümkün deyil... Bəlkə də həyatın, dünyanın şirinliyi qarşılığında ölümə hazır olanlar, ölümün gözünə dik baxmaqdan belə çəkinməyənlər bu həqiqəti, bu fəlsəfəni dərindən-dərin dərk edənlərdir.

***
Ümid Pirinə gələnlər onun bacasından içəri yazılı kağızlar atardılar. O kağızlarda arzu-istəklər, niyyətlər öz əksini tapardı. Həmin yazılardan biri məzmununa görə fərqlənir. Ölümün yolunu gözləyən ağbirçək arvadın "məktubuna" onun xahişilə Ümid bir cümlə də əlavə edir: "Ümid Piri, Qarabağ amanatı".
...Gün gəlir, bacasından içəri atılan bütün kağızları (niyyətləri) pir çölə (bayıra) səpələyir. Təkcə "Ümid Piri, Qarabağ amanatı" yazılan ağbirçəyin "məktubu" bacanın ağzında ilişib qalır.
...Həmin vaxt Ümid o arvadın "məktubundakı" digər cümlələri də xatırlayır. "Qarı uzun-uzadı yalvar-yaxarlı cümlələrlə pirdən yalnız bir şeyi istəyirdi - ölməyi. Kəfəni də hazır idi, qəbiristanlıqdakı yerinin də behini vermişdi, amma ölməyin yolunu-yolağasını bilmirdi. Ümid məktuba diqqətlə baxdı, srağagün yazdığı sözlərin az qala hamısını xatırlasa da, kağızda onların yerində sadəcə nöqtələr vardı, bütün hərflər heç nəyi ifadə eləməyən mənasız-məzmunsuz nöqtələrə çevrilmişdi, yalnız kağızın lap axırında bütün nöqtələr qurtarandan sonra ikicə söz ilişib qalmışdı: "...Qarabağ amanatı..." Ölümə tələsən qadın bu sözləri, pirin bacasına çatar-çatmaz ağlına nə vermişdisə, geri qayıdıb yazdırmışdı. Ümid o vaxt bunun mənasını başa düşməmişdi, sadəcə, Qız Telli belə yozmuşdu ki, görünür, ölümə qənşər adamlar ruhları üçün də vətən axtarırlar".

***
...İndi mən məcburam ki, min illərlə hesablanan tarixin gərdişindən xəbərdar olan, başımızın üstə dayanıb bizə baxan o Kişiyə "bu dünya nə vaxt düzələcək?" sualını verəm.
Düşünürəm ki, belə halda- "həyatda nə qədər ki, Qırmızı Xudu, Yoğun Minə, Qələm Bəkir, Burun Qasım... var, dünya düzəlməyəcək, heç cür düzəlməyəcək..." cavabını eşidərəm...

TƏQVİM / ARXİV