adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

BU YOL HARA GEDİR

FƏRİDƏ RƏHİMLİ
53145 | 2015-01-24 10:05
Yollar ... Vətənə, qürbətə, xeyirə, şərə, cənnətə, cəhənnəmə, savaba, günaha, pisliyə, yaxşılığa... aparan yollar. Sizmi günahkarsınız, yoxsa bu yolu tutub gedənlərmi? Bizi hara apardığınızın fərqindəsinizmi? Səfərimizin harada bitəcəyi, harada son dayanacağımız olacağı məlumdumu sizə?
Asan yol, çətin yol, abad yol, bərbad yol, yola düşmək, yoldan çıxmaq deyimi, yola yaxın adam, yolsuz adam, yolunu azmış adam, pis yolun adamı, yaxşı yol arzulanan adam, uğurlu yol dilənən adam - hamısı yol adamı... həyat yolunun, tale yolunun, qismət, qədər payının, alın yazısının ömrümüzə düşən hissəsi... harada qırılacağını, bitəcəyini bilmədiyimiz yollar...
Qatar yolundayam. Bir zamanlar Bakıdan başlamış doqquz - on rayon keçəndən sonra Horadiz vağzalına çatan bu yol, sonra yenidən bir neçə rayonumuzdan, o cümlədən Türkiyə ilə sərhəddimizdən keçərək İrəvana qədər uzanıb gedərdi...
İndi Horadiz hələlik sonuncu vağzalımızdı. Hələlikmi?!. Bu "hələlik" ümumun hesabıyla on doqquz il, mənim hesabımla yüz il çəkdi... hələliyin müddətini biləniniz varmı?
Tələbə ikən Horadizə çatanda qatarın tez yola düşəcəyindən ehtiyatlanıb, əşyalarımızı əvvəlcədən yığışdırar, qatardan tələm - tələsik düşərdik. İndi tələsmirdik - qatar burdan o yana bir addım da getməyəcəkdi... gedə bilməyəcəkdi...
Qatardan düşüb ətrafa baxıram. Vağzalda hər şey o vaxtlar olduğu kimidi - qələbəlik, düşənləri qarşılayan yaxınları, qatardakı yol yoldaşı ilə sağollaşanlar, müştəri "tutmaq" üçün dil tökən taksi sürücüləri, qiymət endirmək üçün ləngiyən sərnişinlər - hər şey eynilə on doqquz il əvvəl olduğu kimidi. Görəsən onları da qüssələndirirmi bu yarımçıq qalmış yollarımız, burdan o yana gedə bilməmək dərdimiz, utancımız? Qoşa qollar kimi uzanan, amma üstündəki qatarı irəli aparmaq gücündə olmayan boş qalmış dəmiryolumuza baxaraq kədərlənirlərmi?
Kəndə üz tuturuq. Şosse yolundan qatar yolunun Əhmədalılar keçidinə keçərkən dəmiryoluna boylanıram, bu keçidi keçərkən şlaqbaum olsa da, həyəcan keçirərdim. Çünki bir dəfə gözətçinin səhvi üzündən dəhşətli qəza baş vermişdi və bu, uşaq yaddaşıma həkk olunmuşdu. Hər dəfə bu yolu keçərkən qatarın gəlib-gəlmədiyini yoxlamaq məndə vərdiş halını almışdı. Sürücü boylandığımı görüb, laqeyd-laqeyd: arxayın olun, qatar Horadizdən bu yana keçmir ki... deyir. Arxayın oldum! Hamımız arxayınıq. Arxayın olmasaq, qatarımız İrəvana qədər gedərdi!!!
Keçiddən kəndimizə tərəf uzanan dəmiryoluna baxıram. Nə qədər ürəkağrıdıcıdı... Səssiz, bozarmış, üstünü tikan basmış, peşiman-peşiman uzanır... göz qaralınca bax, bax, bax... İlahi, bu yolun yolçuları hanı? Bir zamanlar kənd uşaqlarının (mənim də!) "göy poyuz" (sərnişin qatarı göy rəngdə idi -F.R) adlandırdığımız, sehirli "tıq - tıq" səsindən xoşlandığımız, səhər və axşam saat doqquz, ya onda həvəslə gözlədiyimiz gedənlərimizi, gələnlərimizi bizə qovuşduran qatar indi kəndimizə qədər də gedə bilmir...
Qüssəvericidi yolu kəsilmək, yolu bağlanmaq... Bir zamanlar sənin olan, sənin getdiyin, sənin tapdadığın yollar indi düşmənin ayaqları altındadı və sən o yollara həsrətsən. Təkcə həsrət qalmaq deyil adamı incidən, təkcə uşaqlıq, gənclik xatirələrimizin bu yollarda tapdanması deyil, həm də qeyrətimizin, qürurumuzun, heysiyyatımızın dünya dövlətlərinin əlində oyuncaq olanların tapdağı altında olmasıdı... Öz vətənimizdə, öz elimizdə yarımçıq qalmış yollarımız, yarımçıq qalmış arzularımız, ot - ələf basmış izlərimiz, bölünmüş torpaqlarımız, viran qalmış kəndlərimiz, sahibsiz qəbiristanlıqlarımızdı, səsimizin yatmış vicdanları oyada bilməməsidi, harayımızın özümüzdən başqa kimsənin tükünü belə tərpətməməsidi...
Yenə gedəcəkmi bu qatar İrəvana, biz görə biləcəyikmi o gediş - gəlişi? Buna ümidim heç vaxt azalmayıb. Amma vağzaldakı gündəlik qayğısından başqa heç nəyi düşünməyən, yarımçıq yolun davamı umurunda belə olmayan insanlara baxanda hər hala uyğunlaşan həmvətənlərimin buna da öyrəşəcəyinə, (təəssüf ki, artıq öyrəşdiyinə), axırıncı dayanacağı Horadiz olan qatarımızın uzaqlara yol almasına maraq göstərməməsinə təəsüfləndim...
Amandı, yolu olan, ancaq bu yolla gedəni olmayanlardan olmayaq! Bakıdan İrəvanadək uzanan dəmiryolumuzu Horadizə qədər getməklə kifayətlənməyək! Və bunu kənarın deyil, öz gücümüzün hesabına, sənin, mənim, onun - bizim əzmimiz, istəyimiz, təpərimiz, qeyrətimizlə əldə edək. Bizə açdıqları yolları qoruyaq, o yolla axıradək gedə bilək və özümüz də yeni yollar açaq!
Yolumuz açılsın, yolumuz Vətənə aparsın, Vətənə qovuşdursun - bütöv Vətənə! Amin!

TƏQVİM / ARXİV