adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

üçüNCü YOLçU

VƏSİLƏ USUBOVA
27864 | 2009-02-14 00:59
... Ömür var ki, başdan-ayağa qəmə köklənib. Uca Yaradan sanki bir bəstəçi kimi belələrinin ömür payını qəmli notlardan yoğurub və atıb Yer üzünə ki, yaşa kədər içində, üstəlik qarşına çıxanlara da qəm-qüssə yüklə. Mənim tanıdığım O Qadın kimi. Əslində o, qadın deyil, yaşı çoxdan əllini ötmüş qızdı. Çoxdan tanışam onunla. İşdən dönəndə rastlaşırıq. Hava gec qaralanda ayaqüstü xeyli dərdləşirik. Bu söhbətlərdən həyatına yaxından bələd olmuşam. Çoxlarının ondan qaçdığını, özündən də çox, heç bir sevinc qarışığı olmayan aurasından qaçdıqlarını duyuram. Adamlar öz ovqatlarını qorumaqda mahirdilər. Mənsə ona qulaq asmağı, qəlbindəki tənhalıq çöküntüsünü bir az əritməyə hazıram həmişə. Uşaqlıqdan qayğılı, fikirli çöhrələri sevmişəm. Həmişə gülümsəyən adamlar ya çox iradəlidilər, ya da qeyri-səmimi. Söhbət edəndə gözlərinə baxmamağa çalışıram. Bəbəklərində qaynayan yaşı görməməkçin. O bəbəklərdə bütün arzuları gözündə, yaşanmamış duyğuları canında qalan insanın selə-suya dönüb axmaq, daşmaq istəyən yanğıları var. Bu yanğının çınqıları duyan, düşünən hər kəsin ürəyinə od salır, göynədə-göynədə yandırır...
   
   Qadının arzu-muradının gözündə qalması çox böyük dərddi!..
   
   Başqalarını qınamaq elə asandı ki... Xüsusən ömrü-günü xoş keçənlərçin. Özlərini elə aparırlar ki, guya alın yazılarını əlləriynən yazıblar. Belələri az qala bir udum havanı da zülmlə, əzabla udanları çətin ki, anlasınlar. Kim bilə-bilə öz həyatını çətinləşdirər, ömrünü-gününü məşəqqətə çevirər?! Əlimizdə olsaydı, hamımız özümüzə ən uğurlu qisməti yazardıq. Dünyanın ən məlahətli, ağıllı qadınına evlənər, ən arzuolunan kişisinə ərə gedərdik. Ömür payımızın hər dəqiqəsini mənalı, yaddaqalan edərdik...
   
   Bir də ki... Niyə yapışmışıq ey, bu xoşbəxtliyin ətəyindən?! Nə olan şeydi bu Xoşbəxtlik?! Deyəsən, biz onu əməlli-başlı heç dərk də eləmirik, axı... Bəlkə bütün günü deyib-gülmək, çalıb-oynamaqdı xoşbəxtlik? Bəlkə ən yaxşı yeməkləri yeyib, ən bahalı paltarları geyməkdi? Bəlkə sarayların, imarətlərin qoynunda, bahalı maşınların içindədi? Yox, bunlar çox ucuz xoşbəxtliklərdi. Ona görə ucuzdular ki, onları pulla almaq olur...
   
   
   
   ***
   
   Bu yazımda xoşbəxtlikdən danışmaq istəmirəm. Çünki onu özüm də anlamamışam hələ. Amma bu çox işlək söz haqqında öz qənaətlərim var. Çox qısa ömürlü bir hissdi bu xoşbəxtlik adlanan şey. Elə qısa və sürətli bir andı ki, ancaq ötüb keçənən sonra anlaşılır, yeri görünür. Uşaqlıqda dayaz arxlardan, gölməçələrdən əl boyda balıqları tutmağa çalışardıq. İkiəlli yapışıb bərk-bərk sıxırdıq. Ürəyimiz elə sevinclə döyünürdü ki, az qalırdı ağzımızdan tökülsün. Nə qədər bərk sıxırdıqsa, balıq da bir o qədər tez və asan şütüyüb əlimizdən çıxırdı. Bu elə məyusluqdu ki, o anı yaşamayanlar çətin ki, təsəvvür edə bilələr. Xoşbəxtlikdən danışılanda həmişə o günləri xatırlayıram. Ancaq yuxuda rahat balıq tutmaq olur. İnsan əsl xoşbəxtliyi də elə yuxuda görür...
   
   Gerçəklikdə isə səadət zülmət gecədə bir göz qərpımında çaxıb ətrafda hər şeyi işıqlandıran şimşək kimidi. İllərlə həsrətini çəkib ürək çırpıntılarıynan gözlədiyin, qulaqlarından axıb bütün vücuduna yayılan o bir kəlmə şirin sözün özüdü. Səbəbini özün də bilmədiyin, gözlənilmədən hardansa axıb qəlbinə dolan işıq, ümid selidi... Yəni,
   
   Çox ani, ötəri bir şey... Ancaq işığı min illəri yarıb bizə çatan ulduzlar kimi həmişə canımızda yaşatmağa çalışdığımız bir duyğudu xoşbəxtlik... Həmişə sorağında, ovunda olduğumuz bir işıqdı. Elə bir işıq ki, ani parıltısı bütün ömrə yetə bilir bəzən...Bütövlükdən, tamlıqdan qidalanan bir duyğudu. Ancaq həyatda nə bütöv ürək var, nə də tam ömür. Deməli, xoşbəxtlik də qırıq-qırıqdı...
   
   Onun ömrünə bir qırığı da düşməyib xoşbəxtliyin. Deyəsən, heç özü də bu barədə düşünməyib. Elə yaşamaqla keçib ömrü. İnsan təkcə yaşamamalıdı, arabir yaşamaq haqqında düşünməlidi də. Uzun yol gedən adam arada çiynindəki ağır yükü yerə qoyub dincəlir, tərini silir, kişidisə bir papiros da yandırıb xəyala dalır. Boylanıb bir arxaya- gəldiyi yola, bir də irəliyə- hələ gedəcəyi yola baxır, götür-qoy edir. Buraya qədər necə gəldiyini, bundan sonra necə gedəcəyini düşünür. Ömür yolu da belədi və bu yolun üç cür yolçusu olur. Birincilər həm yaşamağı, həm də düşünməyi bacarırlar. Deməli, ömrü dərk edə-edə, zövq ala-ala yaşayırlar. İkincilər yaşamaqdan çox düşünənlərdi. Belələri hey götür-qoy edir, hər addımlarını ölçüb-biçir, suyu üfürə-üfürə içirlər. Bir nəticəyə gələ bilməyib bu günün işini sabaha qoyurlar. İşləri-peşələri başqalarını eninə-uzununa ölçməkdi. Bir də ayılıb görürlər ki, artıq mənzil başına yetiblər, amma nə arxada xatırlamalı bir şey qalıb, nə qabaqda üz tutub getməli bir ünvan...
   
   Üçüncülər ayaqları yer tutan gündən yaşamağa başlayırlar. Ancaq öz ağıllarıynan yox, başqalarının buyruğuynan. Hara göndərirlərsə, ora gedirlər, nə deyirlərsə, onu da edirlər.Düşünməyə-daşınmağa vaxtları belə qalmır. Bütün günü iş-güc, axşamlar da gecə yarısınacan yır-yığış, sonra da başlarını atıb yatırlar. Necə deyərlər, gündüz naxıra, axşam axura. Belələriyçin günəş elə onlarçın gözlərinin görə bildikləri yerdən çıxıb əks tərəfdə də batır. Vəssəlam. Ömür necə keçdi, bilmirlər. Bu da onların həyatıdı...
   
   Mənim qəhrəmanım da üçüncülərdəndi. Belələri həm də qurbandılar. Könüllü qurbanlar. Həm bilərəkdən, həm də bilməyərəkdən insana, yaşama xas olan hər şeylərini əzizlərinə, doğmalarına sərf edən ömürlük " kamikadzelər"...
   
   
   
   ***
   
   Kənddə böyüyüb. Əslində, kənd də demək olmaz, rayon mərkəzinə yaxın, çoxdan şəhərə qarışmış, asfaltı, dəmiryolu olan bir məkanda əriyib gedib yaşamağa, dərk eləməyə macal tapmadığı uşaqlığı, gəncliyi. Çoxuşaqlı ailənin ilkiydi. On-on iki yaşından anası yorğan-döşəyə düşdü. Başı çəkənlər yaxşı bilir , evdə xəstəsi olmaq nə qədər ağrılı, üzücü bir durumdu. Doğma adamını həmişə ağrıyan, sızıldayan görməyin özü xəstə olmaqdan qat-qat ağırdı. Onda ki, bu xəstə sənin anan- evin istisini, işığını, rahatlığını, nəvazişini canında gəzdirən bir varlıq ola. O, ikiqat, üçqat üzülürdü.Özündən kiçikləri yedizdirmək, əyin-başlarını təmiz saxlamaq, hava işıqlananda evdən çıxıb, bir də qaş qaralanda geri dönən, həm öz təsərrüfatından, həm də kolxoz işlərindən başı ayırd olmayan atasının qulluğunda durmaq yeniyetmə qızın bütün uşaqlıq və gənclik xəyallarını qamarlayıb məhv elədi. Düz deyiblər, yatan ölməz, yetən ölər. Anası uzun illərin xəstəsi olsa da, gözlənilmədən bir gün atası vəfat elədi.Yorğun-arğın işdən qayıdan kişi elə süfrənin qırağındaca keçindi... Qəribə də olsa, bu itkidən sonra ana sağalıb yorğan-döşəkdən durdu. Qonşu arvadlar demiş, elə bil kişi arvadının azar-bezarını özüynən o dünyaya apardı...
   
   Baş verənlər onun həyatında heç nəyi dəyişmədi. Lap düzünə qalsa, yağışdan çıxıb yağmura düşdü. Anasının dirçəlməsi, asta-asta gəzib dolanması, bəzi ev işlərinə əl yetirməsi ürəyini bir qədər açsa da, ata itkisi qayğılarını bir az da artırdı. Böyük bir ailə öz başçısını, çörək gətirənini itirmişdi. Özündən kiçiklər daha ev işlərində anaya kömək edə bilərdilər. O, da kolxoz işlərinə qatılmalıydı.
   
   Yenə evin əsas ağırlığı onun üstündəydi. Tarladan yorğun-arğın dönsə də, gecə yarısınacan evdə əlləşirdi.O, sabahların necə açılıb, axşamların necə düşdüyündən belə xəbərsiz günlər keçirəndə tay-tuşlarının həyatı öz axarıynan gedirdi. Kimi institutda, texnikumda oxuyur, kimi rayon mərkəzindəki idarələrdə özünə iş tapıb işləyir, kimi də nişanlanıb ər evinə köçür, ailə, oğul-qız yiyəsi olurdu. Məktəb yolunu çoxdan unutmuşdu, amma balaca bacı-qardaşlarını dərsdən soyumağa qoymurdu. Qohum-qonşuda toy, şənlik olanda kiçik bacılarını bəzəyib-düzəyib göndərirdi.Özü evnən tarla arasındakı yoldan sağa-sola dönmürdü. Get-gedə başqaları da onun varlığını unudurdular...
   
   
   
   ***
   
   Anası gəzib dolaşsa da, ayaqüstə əriyirdi. Bir gün o da ərinin yanına yollandı...
   
   O biri uşaqlar da böyüdükcə bir-bir evi tərk edib işləməyə, oxumağa getdilər, ailə qurub öz həyatlarını yaşamağa başladılar. Hamısında da onun əməyi yetərincə, hətta artıqlamasiləydi. Öz ömrü isə, dayanmış taksi sayğacı kimi boşuna çaqqıldayırdı...
   
   Deyir, nə özümün ağlım oldu, nə də başıma ağıl qoyub yol göstərənim. Keşkə, indi 17-18 yaşım olaydı... Nə anamın xəstəliyinə baxardım, nə də atamın ölümünə. Öz həyatımı qurardım... Yalan deyir. Canının odundan belə danışır. Heç nə dəyişməyəcəkdi. Təzədən o illərə qayıda bilsə, yenə də elə yaşayar, bəlkə elədiklərindən də beşqat artıq can yandırar... Amma bir həqiqət var: hamımız elə bilirik ki, biz olmasaq, doğmalırımızdan heç biri ayaq üstə dura bilməz. Bax, bu bizim ən böyük səhvimizdi. Unuduruq ki, bizli də, bizsiz də hər kəs öz yolunu tapıb yaşayacaq. Dünyanın əzəli və əbədi qanunudu bu...
   
   
   
   ***
   
   Arada başqalarının taleyi barədə də düşünməyə vaxt tapıram. Onun və ounun kimilərinin haqqında lap çox xəyallara dalıram...Çox-çox illər bundan öncə " Yunost" jurnalında bir povest oxumuşdum. Yaşı ötmüş bir qızın tənhalıq ağrı-acıları haqqındaydı o əsər. Orada belə bir fikir vardı: istər cavan olsun, istər qoca, istər ucaboylu olsun, istər alçaq boylu, istər arıq olsun, istər kök, istər qaraşın olsun, istər sarışın, istər gür saçlı olsun, istərsə də daz başlı- qadının əri olmalıdı! Elə lap kəm-kəsiriynən, ağrı-acılarıynan bir yerdə. Bir filmdə də tənha qadın ərli rəfiqəsinə deyir: heç olmasa, ağzının acısını tökməyə adamın var. Deməli, xoşbəxtlik haqqında deyilənlər yenə də havada qalır. Bunların heç birinin ona dəxli olmadı- hamısı yan keçdi. O, ömrü-günü küləklə sovrulanlardan biridi... Vəssəlam.
   
   
   
   ***
   
   Daha rastlaşanda dayanıb söhbət eləmirik. Uzun illərin söhbəti, giley-güzarı bir nəticə vermədi. Nə ürəyimiz boşaldı, nə də ömrümüzə bir şey doldu. Daha sözümüz qurtarıb.
   
   Sözü qurtarmaq da elə arzusu, kamı gözündə qalmaq kimi bir şeydi...
   
   

TƏQVİM / ARXİV