adalet.az header logo
  • Bakı 16°C

GÖZƏL ÖLÜM

FAİQ QİSMƏTOĞLU
66023 | 2015-01-24 08:55
... Xırda addımlarla 60 il bundan əvvəl həyətdə əkdiyi tut ağacına yaxınlaşdı. Əlləri ilə tut ağacının gövdəsini sığalladı. Sanki yeni dünyaya gəlmiş uşağının saçına əl çəkirdi. Və elə bilirdi ki, bu ağac onun övladlarından biridir. Gözləri dolmuşdu. Tut ağacının yanında iki gilənar, üç ərik, dörd alma və beş də alça ağacı vardı. Gözlərini alça ağaclarının budaqlarına zillədi. Hava soyuq olduğundan və şaxta möhkəm düşdüyündən ağacın budaqları sanki qocalmışdı...
Dərindən nəfəs aldı. Bir neçə addım gedib yenidən fındıq ağaclarının yanında dayandı. Bu fındıq ağaclarını da 20 il bundan qabaq əkmişdi. Özü də hər dəfə bol məhsul verərdi bu ağaclar. Tək özləri üçün deyil, qohum-əqrəba, qonum-qonşu üçün də mövsüm başa çatanda fındıqdan pay verərdi. Deyərdi ki, nəvələrim səbirsizliklə fındığın yetişməsini gözləyirlər. Həyat yoldaşı Gülxanıma zarafatla bildirərdi:
- Ay arvad, bu fındıqdan nəvələrimə bir bağlama yığ, bir az Qubaya aparım, bir az Sumqayıta, bir az da Bakıya. Axı uşaqlar həmişə babalarının hədiyyələrini səbirsizliklə gözləyirlər.
Onun əkdiyi və becərdiyi fındıq ağacları başqalarından fərqlənərdi. Həm ağaclar çox qollu-budaqlı idi, həm də ağaclarda yetişən fındığın dadından doymaq olmurdu. İş elə gətirmişdi ki, həmin ili fındığın budaqlarında o qədər bar var idi ki, budaqlar əyilmişdi. Hiss olunurdu ki, bu il fındıq çox gətirib.
Kişi dərindən nəfəs aldı. Gözləri yenidən alma ağacına dikildi. O ağacın budağına qonan quş bir neçə dəfə cəh-cəh vurub yenidən havaya qalxdı. Nəbi kişi elə bildi ki, havaya qalxan onun ruhudu və quş o ruhu götürüb apardı. Amma hələ ürəyi döyünürdü. Və özünü də pis hiss eləmirdi.
... Yenidən o ağaca, o həyətə, o gözəlliklərə tamaşa elədi. Elə bil ki, ürəyinə dammışdı ki, bu onun sonuncu baxışıdı. Bir gün əvvəl böyük qızı Səkinə xanıma telefon açaraq demişdi:
- Səkinə bacı, gəl Dəvəçiyə, səninlə görüşək. Çünki bir daha məni görə bilməyəcəksən.
Səkinə:
- Qağa, sənə nə olub belə qəmli danışırsan? Onsuz da bir-iki günə gələcəm. Qubada bir xeyir iş var, ordayam.
Kişinin gözləri doldu:
- Day özün bilərsən. Allah sənin köməyin olsun!
Həyətdəki havadan doyunca ciyərlərinə çəkdi. Sonra da çiy kərpicdən tikilmiş ikimərtəbəli evin birinci mərtəbəsinə girdi. Oğlu Etibarı səslədi:
- Ay oğul, mən özümü pis hiss edirəm. Deyəsən Əzrayıl məni aparacaq.
Düz on beş dəqiqə bundan əvvəl o Əzrayılla danışırdı. Düz on beş dəqiqə heç kimə heç bir şey demədi. Bircə oğlu Etibara bildirdi ki, mənim yerimi salın, orda uzanım. Səhər saat 8 olardı. Gəlini dilləndi ki, ay qağa, yuxudan təzə oyanmısan ki? Nəbi kişinin gözləri yenidən doldu və kövrək baxışlarla ətrafa göz gəzdirdi. Nəvələrini, oğlunu gördü və sonra da dilləndi:
- Bala, bu dəfə mən həmişəlik yatacam.
Oğlu Etibara sanki vəsiyyət edirdi. Bax, mən uzanacam, beş dəqiqədən sonra da gözlərimi əbədi yumacam.
Onun üçün salınmış döşəyin üstündə uzandı. Gözlərini evin tavanına zillədi. Bircə kəlmə dedi:
- Əlvida!
Hələ ölməmişdən öncə oğluna bildirmişdi ki, özünüzü itirməyin və hay-küy qaldırıb camaatı narahat etməyin. Mən dünyamı dəyişən kimi əl-qolumu yanıma qoyun, gözlərimi qapayın. Elə belə də oldu. Dünyasını dəyişəndən sonra oğlu Etibar onun ayaqlarını və əllərini rahatladı və atasının bir göz qırpımında dünyasını dəyişdiyini hiss elədi. Hiss elədi ki, atası heç də nağıl danışmırmış və bir göz qırpımında Allahın dərgahına doğru gedirmiş.
... Nəbi kişi dünyanın ən halal adamı idi. Heç vaxt balalarına, ailəsinə haram tikə yedirtməmişdi. Süfrəsi həmişə qonaq-qara üçün açıq olmuşdu. Düzdü, elə də varlı adam deyildi, ancaq ürəyi və qəlbi çox səxavətli idi. Onun evinə kim gəlsə ona süfrə açılardı, yemək verilərdi və bundan sonra o kişi rahat nəfəs alardı.
... Yayın istisində kombaynda taxıl biçininə çıxardı. Üstəlik də kombaynlar xarab olub işləməyəndə elə hamı Nəbi kişini axtarardı. Çünki onun kimi texnikanın dilini bilən və qısa zamanda kombaynı təmir edən ikinci bir adam yox idi. Bir balaca hansı texnikada nasazlıq yaranırdısa, o dəqiqə sovxoz direktoru deyirdi ki, Nəbi kişini axtarın. Onlar da Nəbi kişini axtarırdılar və o da hər şeyi qaydaya qoyurdu.
Bu dünyanın əzabı da var, gözəlliyi də, sevinci də. O gözəl ölüm hər adama nəsib olmur. O gözəl ölüm ancaq alın təri ilə yaşayan, haqq-ədaləti üstün tutan, haram tikə yeməyən insana qismət olur. Dostlarımızdan biri deyir ki, Allah-Təala mənə gözəl ölüm qismət eləsin. Amma heç də hər adama gözəl ölüm gəlib çıxmır. Nəbi kişiyə o gözəl ölüm gəldi və onu da götürüb apardı Allahın dərgahına...


TƏQVİM / ARXİV