adalet.az header logo
  • Bakı 17°C

Kor gürcü qızının toxuduğu firuzəyi şal...

SAMİRƏ ƏŞRƏF
26597 | 2015-01-24 08:35
Məscid nəzarətçisinin dediyindən belə məlum oldu ki, bayram günləri botanika bağının həndəvərində içkili insanların sayı çoxluq təşkil etdiyi üçün bağ məhz Yeni il ərəfəsində bağlı elan olunub.
Məsciddən çıxıb yaxın kafelərin birində nahar etdikdən sonra üzərimdə dəhşətli ağırlıq və yorğunluq hiss etdiyimdən otelə qayıtmalı oldum. Uşaqlar isə ataları ilə birlikdə Tacminda parkına yollandılar.
Ertəsi günü bayramın mənim üçün yaratdığı maneələr davam edirdi. Şota Rustaveli adına dövlət teatrı, eləcə də Pantomimo tetarının qapıları da üzümə bağlı oldu. Daha sonra baş alıb getdiyimiz Mirzə Fətəli Axundzadə adına Azərbaycan mədəniyyət muzeyinin öz dilimizdə danışan nəzarətçiləri də məkanın bir neçə gün işləməyəcəyini xəbər verdi. Qanım bərk qaralmışdı. Əslində yanvarın 25-dən sonra gedəcəyimiz Tiflis səfərinin bu qədər irəli çəkilməsinə təəssüflənirdim.
Rustaveli heykəlinin yaxınlığında bizim Tarqovunun kiçik variantını xatırladan küçədə səkinin üstünə qoyulmuş suvinir və bəzək əşyalarına baxırdım. Dəmir asılqanın üstünə sərilmiş rəngbərəng örpəklər nəzərimi cəlb etdi. Qırmızı, çəhrayı, yaşıl, firuzəyi, sarı rəngli nazik yun ipdən toxunma şallar havada elə gözəl yellənirdilər ki, yaxınlaşıb örpəkəri sığalladım. Firuzəyi şalın birini götürüb çiynimə atdım. Yaşı yetmişi adlamış qadın satıcıdan şalın qiymətini xəbər alanda təəccübləndim. Bizim pulla otuz manata qədər edirdi. Örpəyi yerinə qoyub -çox bahadır dedim. Qadın diqqətlə mənə baxıb soruşdu - neçəyə almaq istərdin? Mən örpəyi uzağı iyirmi manata ala biləcəyimi bildirdim. O, şalı çiynimə salıb dedi: - Götür gözlərinin rənginə uyğun gəldiyi üçün ucuz verirəm. Yoxsa təmiz əl işidi... Bunların hamısını neçə illərdi toxumaqdan gözləri görməyən qızım toxuyur. Ardınca isə bu sözləri əlavə etdi - axı o kordu... Daxili hissiyyatla şalı almağın peşmançılığını yaşadım...
Gəzmək istədiyim yerlərin heç birini görə bilməmişdim. Bircə istəyim qalmışdı. Kilsəyə getmək. Hava qaralmışdı. Axşam saat altı idi. Biz yaxınlıqdakı kilsələrdən birinə baş çəkmək istədik. Kilsənin hündür divarından boylanan pəncərələrdən narıncı işıq gəlsə də dəmir haşiyəli ağır taxta qapılar bağlı idi. Yaxınlıqdakı adamlar Tiflisdə kilsələrin saat dörd və ya beşə qədər açıq olduğunu bildirdi. Uzaqdan görünən "Metexi" kilsəsinə getmək yaxşı fikir deyildi. Ora da təmirə bağlanmışdı. Bircə ümidim qızılı qüllələri Tiflisin hər yerindən görsənib hələ dünəndən gözümə bənd olan "Sameba Katedralına" qalırdı. Bildiyimə görə ora axşam saat doqquza qədər açıq olurdu. Katedral isə biz dayandığımız yerə çox uzaq idi. Ancaq yarım saatdan sonra mən Tiflisin, eləcə də Avropanın ən hündür katedralının qarşısında dayanmışdım. Pilləkənlərlə yuxarı qalxıb içəri girdik. İçəridə turistlərlə yanaşı yerli əhali də vardı. İnsanlar müqəddəs təsvirlərin qarşısında dayanıb dua edir, şam yandırırdılar. Mən bir neçə şam yandırdıqdan sonra təsvirlərə tamaşa etməyə başladım. İsanın və Məryəmin təsvirləri olan bir neçə iri şəkil şüşə qoruyucuların arxasında idi. Onların çoxunun üzərində qalın zəncirə keçirilmiş cürbəcür bəzək əşyaları bahalı qızıl, sırğa, bilərziklər vardı. Bunlar kilsəyə nəzir kimi verilən əşyalar idi. Qəribə hisslər keçirirdim. Başqa ölkə, başqa məkan və dinin əhatəsində idim. Kilsədəki insanların inanclarına qarşı saf səmimiyyətləri məni xeyli mütəəssir etmişdi.
Katedraldan çıxıb uzaqlaşdıqdan sonra İsanın təsviri olan balaca lövhələri ala bilmədiyim üçün təəssüflənsəm də geri qayıtmağa həvəs yox idi. Qaranlıq küçələri addımlayıb kilsədən uzaqlaşanda geriyə boylanıb onun əzəmətli görünüşünə bir də tamaşa etdim. Xatirimə Umberto Ekonun "Qızılgülün adı" romanı düşdü. Və bir daha əmin oldum ki, yazı adamı üçün gəzinti və səyahət çox vacib məsələdi.
Ertəsi gün Tiflis bazarında bir neçə gürcü çaxırı və üyüdülmüş qəhvə aldıqdan sonra məmləkətə yola düşdük. Gəncəyə çatanda hava tamam qaralmışdı. Gedərkən tələsdiyimizdən Nizaminin məqbərəsinə baş çəkə bilməmişdim. Bu səbəbdən sürücümüz maşını birbaşa məqbərənin qarşısına sürdü. Mən maşından düşəndə yağış çiskinləyirdi. Məqbərə ilə üz-üzə yerləşən muzeyin mühafizəçisi bizə yaxınlaşıb girişin axşam vaxtı yasaq olduğunu bildirsə də, Bakıdan gəldiyimizi bilib məqbərənin qapılarını üzümüzə açdı. Tavandan sallanan şəbəkəli çıraqların işığında Nizami Gəncəvinin ruhuna rəhmət oxuyarkən yadıma Şirinin Xosrovun məqbərəsində özünü öldürməzdən qabaq söylədiyi bu misralar düşdü:

"Qovuşdu tənə tən, yetdi cana can,
Aradan yox oldu işgəncə, hicran".


Bakıya çatıb bütün əşyalarımı yerbəyer edəndə Tiflisdə aldığım şalı tapa bilmədim. Kor gürcü qızının toxuduğu örpəyi Tiflisdə unutmuşdum. O gözəl şəhərə həqiqi məhəbbətimin ifadəsi kimi.
Son

TƏQVİM / ARXİV