adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DüNYA SEVƏNLƏRiNDiR

23309 | 2009-02-14 00:59
Məhəbbətin aşıb-daşdığını izhar edəndə, adətən deyirik ki, səni dünyalarca sevirəm. Demək, dünyaya olan məhəbbət gözümüzdə ən yüksək ölçü vahididir. Bəlkə ona görə dünyadan beşəlli tutanların sayı günbəgün artmaqdadır? Amma istəyirsən lap onəlli yapış, onsuz da xeyri yoxdur. Dünyaya məftun, malına vurğun olanlar bilmir ki, bu sevdada vüsala yetmək yoxdur. Qarşılıqsız məhəbbətin eşq dastanı yaranmaz. Dünya öz qoynunda çox məcnunlar, leylilər görüb. Nə qədər eşq oduna yananların atəşini söndürüb. Fəqət bağrı sevgidən deyil, mərmilərdən alovlanıb, parçalanıb. Tüstüdən gözlər tutulsa da, beyinlər açılmayıb, əksinə, bir az da çox dumanlanıb. Nadanlar artdıqca dünya bunu həzm etməyib dağılmağa başladı. Tarix boyu hökmdarlara sərvət azlıq edəndə, topladıqları xəzinə gözlərinə kiçik görünəndə, savaş elan edib, sərhədlər aşıb, hərbi yürüşə çıxıblar. Fəzada, dəryada, yerin altında kəşf olunmamış məkan, gizli saxlanclarda dəfinə axtarıblar. Bütün bunlardan sonra vida zəngi çalınanda cibsiz kəfənə bürünərək hamı kimi dinməz-söyləməz dünyanı tərk ediblər.
   
   Harun hökmdar da səfərə çıxanda yalnız xəzinəsinin açarları 40 qatıra yük olardı. Ondan daha zənginini tarix hələ görmədi. Amma axirət dünyasına o da hamı kimi eyni yüklə getdi. O, özüylə nə apardısa, hər kəs o qədərini aparacaq. Dünən də, bugün də dünyanı qarışdıranlar axirəti düşünməyənlər olur. Evində, ailəsində iç savaşlardan yaxa qurtarmayanlar ölkələri, münaqişəli dövlətləri barışdırmağa qalxır. Harınlıqdan, hərislikdən beyni qızıb, nəfsinə sahib çıxmağı bacarmayanlar şəhvətə qul olub gözünə xoş gələn neçə gözəli abrından-ismətindən ayıranlar, adamları heçə satıb, əslində heç olan əşyalara mehri-məhəbbət salanlar çoxaldıqca, aramızda mədə niyyətlilər artdıqca mənəviyyat sahibləri dəyərdən düşür. Neçə səltənətdə külli miqdarda sərvət milləti səfalətdən qurtarmaq üçün deyil, danışanın dil-dodağını, rəqiblərin əl-ayağını bağlamaq üçün bir çəlləyə toplanan dəhşətli zəhərə dönür. Sarayların həndəvərində qarnı dolu, qəlbi boş, qeyrəti xoş imansızlar çoxaldıqca zaman-zaman dünyanı satın almaq sevdasına düşən paşalar zühur edir. Alan tapılsa da, satan ki olmaz. Sahibi-ixtiyar Yaradan yaratdığını satmaz! O bir əmanətdir bizə, vaxtı gələndə geri alınar. Bir vaxtlar Allahın sevimli bəndəsi şair Məmməd Araz demişdi: "Dünya sənin, dünya mənim, dünya heç kimin"... Eşidən çox oldu, fəqət dərin hikmətin əsl mahiyyətini sonadək anlayan tapılmadı... Mövlanə də xəbərdar etmişdi:
   
   
   
   Mal yiyəsi, mülk yiyəsi,
   
   Hanı bunun ilk yiyəsi?
   
   
   
   Dünyada hər şey alınır, hər nə varsa satılır düşüncəsi beyinlərə hakim kəsilən gündən el-obanın taleyini düşünənlər, dərdinə şərik çıxanlar qeybə çəkildi. Pulsuza kasıb da demədilər, ağıldan kəm kimi baxdılar. Haqq söz deyəni boşuna hürən köpək adlandırıb önünə tula payı atdılar ki, sussun. Fəqət, susan yalnız tulalar oldu. Güclülər özlərini toxunulmaz sandılar. Bir gün qapıya Əzrayıl təşrif buyuranda dil-dodaq əsə-əsə onun pişvazına çıxdılar. Vaxtsız-vədəsiz gəlsən də, əliboş qayıtma, dedilər. Adını eşidıb, üzünü görmədikləri Mələyə bəxşiş təklif etdilər. Qonaq rüşvət götürmədi, narahatçılığa əsas yoxdur, dedi, mən onsuz da əliboş qayıdan deyiləm... Əzrayılı (ə.s.) bəxşiş adıyla kimsənin rüşvətə öyrədə bilmədiyinə bəni-adəm inanmadı. İmansızlar Allahın mələklərinin təmənnasız iş görməyə adət etdiyini dərk edə bilmədi.
   
   
   
   İşin düşdü Əzrayıla, gərək nəğdi can verəsən.
   
   Əlindəki var-dövlətin bu məqamda sanma çəkər.
   
    (Seyid Əzim Şirvani)
   
   
   
   Əslində dünya özü də vəfasızlıq timsalıdır. Onu nə qədər sevsən də səninlə əbədiyyətə getməyəcək, kimsəyə yol yoldaşı olmayacaq. Onun gözündə hamı bu torpaqda müvəqqəti kirayəşindir. Dünyanı özünə baş tacı etməkdən vaz keçməyə çoxunun ağlı çatmadı. Dünyanın qətiyyən buna ehtiyacı olmadığını anlamadı. Səbəb yüzdür, mən birini deyəcəm: ən azından ona görə ki, ölçülər düz gəlməz... Yaradanın şairlə göndərdiyi mesaj yenə unuduldu: "dünya sənin, dünya mənim, dünya heç kimin"...
   
   Heç kimin deyilsə, dünyanı sahibsiz bilib onun malına sahib çıxmaq istəyən köksüz xanlar, kölgəsiz bəylər də tapıldı. Ətrafındakı ədəbsizlərin "ən böyük sən, başqa kimsə yox", kimi yaltaq ifadələrindən xoşlanıb bir az da şışdilər. Hər dedi-qodunu, pıçhapıçı təngnəfəs gətirib ovuclarına qoyanlara ənam verdilər. Ciblər də qulaqlar kimi dolunca tarixdən ibrət dərsi almadan əbədilik sevdasına düşdülər. Ömrün payız çağında kimlər gəldi, kimlər getdi "əbədiyə qəhqəh çəkən" dünyadan ... Fəsillər dəyişəndə köçəri quşlar qanad çalıb uçdular. Sənsiz, mənsiz, onsuz və quşlarsız qalan Dünya yenə təzələnməyə başladı. Hava yavaş-yavaş açılır, təmizlənir, yeni nəfəs gəlir. Dünya neçə vaxtdan bəri onu təmənnasız sevənləri gözləyir. Axı, sevgidən yaranan dünya sevənlərindir!
   
   Və... bir daha məhəbbət haqqında.
   
   Dünyadan da yaşlı olan məhəbbət dünyanın özü kimi nə qocalar, nə köhnələr. Kainatda Dünya adlı məkandan gəlib-gedənlərin ömrü az, sayı çoxdur. Hərə bir dövrdə öz ömür payını yaşasa da, müxtəlif dillərdə danışıb paylaşsa da, hamını birləşdirən ümumi dil var - məhəbbət! Sevənlər üçün dil, din ayrılığı, yaş, sosial mənşə fərqi heç vaxt sədd olmayıb. Məhəbbət kor olar deyiblər. Məhəbbətsə onu görməyənlərə, duymayanlara kor deyib. Hər aşiqin öz dövranı olduğu kimi, hər dövranın da öz aşiqi var. Elə aşiqlər də olub ki, ömrü əsrlərlə uzanıb, məhəbbətləri dastanlar yaradıb, işıq salıb gənclərin yoluna.
   
   Dəyişən dünyanın dəyişməyən anlayışıdır məhəbbət. Bu qoca dünyada iki nəfərin yaratdığı, yaşatdığı yeni bir dünyadır məhəbbət. Bəzən dünyanın özündən böyük olsa belə, əslində iki sakinlik özəl aləmdir gözəl məhəbbət. Yeni dünya varsa, onun tək ünvanı sevdalı könüllərdir.
   
   Yer üzünün əşrəfi sayılan insanın özü kimi, ən böyük sənət əsərləri də sevgidən yaranıb. Bəli, bütün gözəlliklərin anası sevgidir. Məhəbbətin mənası yalnız vüsalda olmadığından sevilmədən yaşamaq olar, amma sevmədən yaşamaq mümkün deyil!
   
   Sevənlər üçün torpaq yoxdur, səma var. Gözə görünən maneə yoxdur, yalnız kama çatmaq üçün hədəf var. Nahaq yerə demirlər ki, sevənlərin ayağı yer tutmaz. Aşiqlərin xəyalları buludlardan yüksəklərdə pərvazlanar. Ulduz kəhkəşanında nə qədər parlayan varsa, hamısı ona qəlbindəki bəxt ulduzunu xatırladar. Hər kəs işığı Günəşdən alar. Fəqət, sevənlərin qəlbinin çırağını Ay alışdırar, yandırar.
   
   Şair deyər, məhəbbəti ən yaxşı vəsf edən qələmdir. Rəssam deyər, sevginin boyasız rəsmini kətan üzərində yaradan fırçadır. Bəstəkar deyər, məhəbbəti göylərə ucaldan yeddi səsin sehrindən yaranan nəğmələrdir. Məhəbbətsə cavab verər: mən nə sözəm, nə rəngəm, nə səsəm. Mən sözlə, rənglə, səslə ifadəsi mümkün olmayan ulu varlığam. Mən Yaradanın səbəbiyəm, məqsədiyəm, nəticəsiyəm! Mən məni görənlər üçün varam. Kimin qəlbində yuva saldımsa, onu bəxtiyar etdim. Şer mənə deyil, mənim gücümlə yazılar, mən var ikən nəğmələr oxunar.
   
   Hər məmləkətdə bir bəhanə ilə ildə bir gün kimi qışda, kimi yayda sevənləri şad edərlər. Əslində nə qədər ki, ürəkdə sevgi odu sönməyib, sevənlər üçün həyat özü fasiləsiz bayramdır! Məhəbbət manqalda közərməz, məşəl tək alovlanar. Bu alovu dənizlərin fırtınasından, səhraların səmum yellərindən, qışın çovğunundan, payızın leysanından qoruyub saxlayanlar, sonadək yaşatmağı bacaranlar həqiqətən xoşbəxtdir. Dünya sevənlərindir. Eşqdən yaranan dünya bütün bəlalardan, böhranlardan eşqlə xilas olacaq!

TƏQVİM / ARXİV