BAĞLI QAPI… İTMİŞ AÇAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
66148 | 2015-01-23 18:12

Onu cibimdə gəzdirirəm

Dağların arasında,necə deyərlər, dünyanın ən gözəl guşələrindən birində sıralanıb evlər. Baxıram,bu evlərin dörd tərəfində ancaq yaşıllıqlardı – ağaclar, çay kolları, gül-çiçəkvə bir də axıb gedən dağ çayları… Dayanıb baxmaqdan doymuram. Fikir, xəyal çəkibməni uzaqlara aparsa da, amma nəzərlərim daha çox evlərə sancılır, evlərə dikilir. Onu da deyim ki, burdakı kəndlərin bir qəribəxüsusiyyəti var – çox yığcamdı. 15-20,lap uzağı 50 evdən ibarətdi. Ola bilsin ki, bu dağın o biri üzündə, bu vadinin başqabir yerində daha böyük kəndlər var. Onu deyə bilmərəm, fakt odur ki, mən keçib gəldiyimyol boyunca bizlərin oba dediyimiz balaca kəndləri gördüm və bu kəndlərin evlərini gördüm. O evləri ki, hər üçündən, dördündən birinin damından tüstüçıxırdı. Amma həyət-baca çox abad, çox səliqəli idi. Dostum Əhməd bəyə tərəf gözucubaxdım. Elə bil ki, ürəyimdən keçənləri oxudu:

- Abi, bu evlərinsakinlərinin bir çoxu şəhərdə işləyir. Ona görə də qış mövsumundə onlar ailəlikcəşəhərdəki evlərinə köçürlər, orda yaşayırlar. İlk baharda isə bu evlərin qapı-pəncərəsiyenidən açılır. Şəhərdə qışı keçirən insanlar, xüsusilə yaşlılıar qayıdırlar kəndinə.Ona görə o evlərin damından tüstü çıxmır. Amma istirahət günləri mütləq o qapılaraçılır, sahibləri bir günlük də olsa evlərinə baş çəkirlər…

Əhməd bəy danışır,məlumat verir, mən isə lap uzaqlara getmiş fikrimin dalınca öncə Qarabağı gəzibdolaşıram, sonra boşalan kəndlərimizi.Yadıma Ağcabədidə, bir hüzr məclisində eştdiyim söz düşür. min o məclisdə kənd müəllimlərindən birisöylədi ki, cavanların əksəriyyəti şəhərə,Rusiyaya, Türkiyəyə gedirlər. Dünyasını dəyişən adamlarımızın tabutunu yerdən qaldırmağabəzən oğullar tapılmır…

Çox qəribə bir gerçəklikdibu. Rusiyaya çörək dalınca gedirlər, bəzən çörək əvəzinə arxada qoyub getdiklərininüstünə özlərinin tabutları qayıdır, cənazələri gəlir!!! Bu, faciədi! Və bu faciəninbir çaları da bundan ibarətdir ki, bizdə gedənlər bəzən ya qayıtmaq istəmir, yada qayıtmaqları çox çətin olur. Bilmirəm bu nədəndir? Bilmirəm bizim seyrələn, boşalankəndlərimizin bəxtini kim düyünə salıb? Bu kəndlərin üstünə hansı namərd əsnəyib?.. Amma doğrudan da bizim gözəl, bağlı-bağatlı, mənzərəli,lap konkret desəm,yaşamalı kəndlərimiz heç də dünyanın ən gözəlguşələrindən belə,geri qalmır. Deməli, günah o kənddə, o torpaqdadeyil. Günah... Hərdən deyirlər ki, övlad böyüyür, təhsil almağa,iş-güc sahibi olmağa haqqı var. Deməli, bu haqq onu kəndindən, evindən uzaqlaraçəkib aparır. Bəs onda bu kəndin, bu ocağın haqqını niyə unuduruq? Axı oxumaq, işləməkdalınca gedən bilməlidir ki, bu ocağın da, bu evin də onun üzərində haqqı var, onunçiynində, onun boynunda haqqı var. Buhaqq qaytarılmalıdı, ödənilməlidi. Səhv etmirəmsə, «Dədə Qorqud» filmindədi. Ordadeyilir ki, əkib-becərmədiyin, qorumadığın torpağın nə önəmi, nə mənası var… təbiiki, mən filmdə səslənən fikri bir az öz istəyimə,öz yazıma uyğunlaşdırdım. Yəqin ki, bunu mənə irad tutmazsınız. Və bir də biz onsuz da çox şeylərə uyğunlaşmağa başlamışıq.Bağlı qalan qapılara da, əsirlikyaşayanevlərə də, ciblərimizdə gəzdirdiyimiz və artıq paslanmaqda olan açarlara da. Açardemişkən, yadıma dəyərli şair qardaşım Vahid Əlifoğluna yazdığım şeirin bir bəndi düşür. Onda yazmışdım ki:

Bir ev qoyub gəlmişəm

Açarları cibimdə

Açarla oynayıram-

Çadırların dibində…

Hə, Əhməd bəy danışırvə mən öz-özümə fikirləşirəm ki, bu evlərin sahibləri torpağa, kəndə gör nə qədərbağlıdı. Az qala 150-200 km bir məsafənihər istirahət günü qət etmək, gəlib evinin havasını dəyişib mətbəxində birstəkan çay içmək, qonşulardan, doğulduğunyurd-yuvadan xəbər tutmaq necə də gözəl və necə də dəyərli bir insani hissdi.Amma sonra özüm özümə etiraz edibdeyirəm ki, bizdə də belədi. Kəndi, evi olan yəqin ki, Bakıdan Şamaxıya, Qubayagetməyə ərinmir, yorulmur. Axı bu gediş, bu səfər istirahət etmək deməkdi...dünəninə, uşaqlığına qayıtmaq deməkdi...xatirələrini çözmək, atalı-analı günlərini, məktəb yollarını, daha nələri, nələri yenidən yaşamaq,yenidən o mühitə düşmək deməkdi. Nə isə…

Mənə elə gəlir ki,bütün bu dediklərim, bütün bu yazdıqlarım əslində adi bir duyğunun, istəyin sözləifadəsidi. Amma burda bir gerçək də var ki, mən şəxsən hərdən o,kəndinə, ata yurduna üz tutan dostların tam səmimi deyimki, bir növü bu kəndlə bağlılıq anlayışına həsəd aparıram. Çünki onlar bu səfərəo qədər biganə, laqeyd, necə deyərlər, az qala vərdiş kimi yanaşırlar, onda mənimiçimdəki həsəd mənim ürəyimi param-parça edir. Hər halda, bunu mənə bağışlayarlar.Çünki kənd həyatı, kənd dünyası mənim üçün hər şeydi - həm doğmalıqdı, həm paklıqdı,həm də halallıqdı. Ona görə də kənd adı gələndə, kəndlə bağlı düşüncələrimi ifadəedəndə mənə söykək olan həmfikirlərim, dostlarım anlayış nümayiş etdirirlər. Məhzonların baxışlarında, onların söz-söhbətlərində mən tək olmadığımı, bu duyğularıtək yaşamadığımı bir daha yəqin edirəm. Məsələn, şair qardaşım Həzi Həsənli iləhər görüşümüzdə, hər söhbətimizdə mütləq kəndlə bağlı bir detal, bir məqam diləgəlir, bir anın yaşamı bizi birləşdirir. Onda yadıma məhz Həzinin adına bağışladığımşeir düşür. O şeiri mən məhz həmin o içimdəki olan həsəddən qidalandırmışam.

İndicə düşüb sınacaq,

Yada alışıb yanacaq…

Vallah nə isə olacaq–

Ürəyimə!..

Sıxılmış nara bənzəyir

Xarlamış qara bənzəyir…

Kim isə yara bəzəyir –

Ürəyimə!..

Nə var burda çətin,dərin

Seçib duracağı yerin…

İynənin ucunda verin–

Ürəyimə!...

Mən gedib gələnəkimi

Ələyə,ələnə kimi…

Siz dözün, ölənəkimi –

Ürəyimə!..

***

Hərdən düşünürəmki, insan nə qədər böyük, qeyri-adi gücə malik olur-olsun dəxli yoxdu. Lap fironolsun, lap dünyanın sahibi, yenə dəxli yoxdu. O mütləq bir ocağa, bir evə borcludu.Çünki həmin o ocaqdan, həmin o evdən, həmin o yuvadan anbaan, günbəgün böyüyüb vəsonra firon olub, sonda qeyri-adi gücün, səlahiyyətin sahibinə çevrilib. Deməli,həmin o dayaq nöqtəsinə istinad etmək, ona bir az fərqli yanaşmaq, bir az fərqlisevmək, lap digərlərindən azacıq da olsa önə çıxarmaq gərəkdi. Təbii ki, bu mənimdüşüncəm, mənim istəyimdi. Amma doğrudan-doğruya mən doğulduğum kəndi, böyüdüyümocağı dünyanın istənilən nöqtəsindən və ordakı ən yüksək şəraitdən öncə görürəm,üstün bilirəm. Bəzən belə düşündüyümə görə, məni qaçqın, didərgin qohum-əqrabamqınayır. Hətta bir az ironiya da edirlər. Guya mən kəndin toz-torpağını, çamurunuo qədər tərifləyirəm ki, bu da özümü kiməsə göstərmək üçündü. Amma indi yenə təkrarvurğulayram ki, mənim düşüncəmə, mənim əqidəmə görə doğulub iməklədiyim torpaq dahafərqlidi. Qəbul etməyənlər etməsin. Yəni hər kəs öz düşüncəsində, öz baxışında fərqliolduğu kimi, mən bu məqamda özümü hamıdanartıq sayıram. Ona görə də kənd mənzərələri,xüsusilə dağlıq bir yerdə, coğrafi ərazidə olan kəndlər mənə daha doğmadı. Bax eləƏhməd bəyin məni gəzdirdiyi, mənə göstərdiyi Yaşıl Vadidəkikəndlər də, Uzungölün sahilindəkio,göz-könül oxşayan təbiət də, həyat da dediyim, vurğuladığım kəndin bir parçası idi,bir xatirəsi idi, bir görüntüsü idi. Çünki orda da dağlar idi, orda da dağ çaylarıidi, orda da yaşıllıq, orda da bacasından tüstü çıxan evlər. Hələ onu da deyim ki,çay içmək üçün qapısını döydüyümüz,Əhməd bəyin yaxını olanbir məkanda mən əllərimi odun sobasının istisinə isitdim. O odun sobası elə çırthaçırtla yanırdı ki, sanki həzin bir musiqiifa olunurdu. Özümü unutduğumu görən dostum gülə-gülə dedi ki:

- Abi, buranın sahibininadını desəm təəccüblənəcəksən.

Doğrudan da mən bu adı eşidəndə təəccübləndim:

- Zəhər Hüseyn!!!

Soruşdum:

- Niyə Zəhər Hüseyn?

Cavab verdi ki, buadam o qədər çox cəld, bacarıqlı, əyilməz, məğrur, həm də danışandı, o qədər çoxbilmişdi ki,bunun əlindən yaxasını hər kəs qurtara bilməz. Danışdıqcada mütləq hansısa bir sözlə ürəyinin harasınasa da toxunacaq. O gerçəyidemiş olsa da, yerində demədiyi üçün əhvalın pozulacaq. Buna görə də hamı onunlaancaq mehriban olmağa, acı sözünə tuş gəlməməyə çalışır…

Hə, elə o zəhər Hüseyninöz əli ilə dəmlədiyi çayı içə-içədağlara baxırasm. Oətrafı seyr edirəm. Pəncərədən baxdığım bu mənzərə mənəKirsdən üzü aşağı Şuşaya, Tuğa doğru əyilən dumanın qatlarını xatırladır. Həmino qat-qat duman üzü aşağı əyildikcə evləri,ağacları bir-bir öz pərdəsinə bürüyür, görünməz olur evlər, ağaclar. Amma ürək istəyəndə,ürək can atanda duman şair Qabil demişkən müsibət olmur. Müsibət biz özümüz oluruq.Çünki biz nəyi itirdiyimizi ya bilmirik, ya da unuduruq. Deməli, məni kövrəldən,məni düşünməyə məcbur edən bu mənzərələr doğulduğum yerdən az qala 2000 km uzaqlıqdayenidən yaxamdan tutdu, yenidən məni silkələdi.Doğrudu, mən hərdən təəsüf hissini qəbul etmirəm. Çünki təəssüfün yaranmasınınsəbəbkarı özümüzük, etinasızlığımızdı, laqeydliyimizdi,düzgün qərar çıxarmamağımızdı, gerçəyi görməməyimizdi. Olub keçəndən sonra dizədöymək, təəssüf etmək bugünə qədər heç nəyi dəyişməyib, heç bir köç edəni geri qaytarmayıb.Odur ki, həmin o Zəhər Hüseynin dəmlədiyiçayı içə-içə mən yaşadığım hislərin təəssüfə çevrildiyini gördüm, anladım. Ammaheç istəməzdim ki, bu hisslər bir vaxt yazdığım şeirdəki kimi yaşansın.

Sən

təəssüf etmə

heç nəyə

nəsə baş veribsə

demək gərəkdi…

bu əslində

mənə görə

tale özü də

bir növ çörəkdi…

kim necə bacarırsa

o cür də qazanır

həzm edir…

bax,

həmin o zamanın içində

hər şey

hətta

ömür də əriyib gedir…

sən təəssüf etmə

olanın,

gedənin,

arxasınca

bir iynə ucu boydabelə

hətta getmə!..

***

Bəli, bütün bu yaşananlarıniçərisində daha çox mən özüm var idim və daha çox mən özümün olduğu bu yazıda kimlərinsəhaqqını tapdadımsa, yerini dar etdimsə,üzr diləyirəm. Çünki yazı belə alındı. Öz təbii axarıyla beləcə gəldi dünyaya. Çoxistərdim ki, bu yazı və elə bütün yazılarım doğulduğum həmin o kənddə, o ünvandada yazılaydı, oxunaydı. Bu da bir istək -özü də ən böyük istək...


TƏQVİM / ARXİV