adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Yuxunuz zirin olsun

34569 | 2009-02-07 08:09
Heç yuxuda şəhər görürsünüz? Şəhərin küçələri, evləri, binaları, meydanları, ağacları, yolları, adamları, maşınları... Bir tanışım var, son vaxtlar yuxusuna tez-tez Qız qalası gəlir. Yazıq bundan yaman həyacanlanır, narahat olur. Niyəsini özü də bilmir. Doğrudan da, görəsən, dostumuzu rahat buraxmayan gecə təşvişlərinin ardında nə durur? Qız qalasına aşağıdan baxanda, adamın ürəyi açılır. Belə gözəl abidə ilə həmyerli olduğuna fərəhlənirsən. Qədimi, hündür, sirli... Qala öz sirrini bizdən gizlətsə də, göy qübbəsinə hər şeyi açıb danışır. Ona görə də Qız qalasının üstündən göyün üzü bizə elə baxır ki, sanki böyük adamdır, heç nə anlamayan uşağa sakitcə baxıb, halını pozmadan gülümsəyir, ona təskinlik verir: "darıxma, inşaallah vaxt gələr böyüyərsən, hər şeyi anlayarsan."
   
   Biz isə böyümürük, elə hey nağıllar uydurub özümüzə danışır, başımızı qatır, amma heç nə anlamırıq.
   
   Nağıl pis şey deyil. Nağıl olmasaydı darıxardıq, başqalarını, başqalarından daha artıq özümüzü aldatmaqda çətinlik çəkərdik. Hərdən gərək özünü aldadasan. Yoxsa həqiqət yükünə davam gətirmək çətin olur. Bunlar öz yerində. Amma insan hər nə görürsə, yaxud kənardan hər nə özünü insana göstərirsə bunun nə demək olduğunu anlamalı, anlayıb bilməli, tanımalıdır. Biz tanış dünyada, tanış şəhərdə yaşamalıyıq. Yoxsa özümüz özümüzə yadlaşarıq. İnsan belə yaranıb. Anlamadığına ya baxmır, məhəl qoymur, ya da ondan çəkinir, qorxur. İstər gerçəkdə olsun, istərsə də yuxuda.
   
   Gerçəkdə Qız qalasının nə olduğu, nə vaxt tikildiyi, nəyə görə tikildiyi haqda çoxlu versiyalar var. Bunların əksəriyyəti ağla batan da olsa, hələ heç biri təsdiqini tapmayıb. Yəni elə bir sənəd, yazı, daş kitabə tapılmayıbdır ki, orada bu versiyalardan birinin düz olduğunu görə bilək. Tək bircə XII əsrə aid olan Məsud ibn Davud adı həkk olunmuş daşı misal gətirmək olar. Burda təsdiqdən söhbət gedə bilməz. Alimlərimizin əksəriyyəti bir ağızdan söyləyir ki, həmin daş qalanın inşasından neçə əsrlər sonra divara hörülüb. İndiyəcən mübahisələr davam edir, biri elə deyir, biri belə.
   
   Ağlına hörmət etdiyim, sirli olanı duymaq bacarığına valeh olduğum, yaşının səksəni adlamasına baxmayaraq hələ də ezoterik araşdırmalar aparan, hər dəfə daha maraqlı tapıntılarla çıxış edən İsmət Həkim Qız qalasına gün çıxandan gün batana doğru yuxarıdan nəzər salır və onu "96" rəqəmi və "ba", "kü" hərflərilə müqayisə edir. Nəticədə "Baku" alınır. Bundan savayı qalanın çıxıntılarından, memarlıq quruluşu barədə qeyri-adi mülahizələr yürüdür, düşüncə üçün az qala ümman açan dəlillər gətirir. Digər tədqiqatçılar müqəddəs kitabımızda Allahın 96-cı adının "baqi", tərcümədə "əbədi" olduğunu xatırladır. Əlbəttə, bunlar maraqlıdır, düşündürür. Amma unutmayaq ki, Qız qalası maddidir. Ona görə də hər şeydən əvvəl onun maddi və tarixi mənşəyi ilə tanış olmalıyıq. Burda da ən müxtəlif fikirlər gətirilir. Məsələn, Davud Axundov qalanın inşasını eramızdan əvvəl VII əsrə çəkib aparır...
   
   Biz gerçəkdə olanlardan danışdıq. Bəs yuxuda? Adamın yuxusuna qala gələndə onu nəyə yozurlar? Deyirlər bu ucalıq, böyüklük deməkdir. Buna sevinməlisən, deməli işlərin yaxşı gedəcək, iş yerində, tanış-biliş yanında ucalacaq, böyüyəcəksən. Başqa yozumda qala alınmazlıqdır, yəni qabağına hal-hazırda çətinliklər çıxıbsa, yaxud sənə qarşı hardansa hücumlar baş qaldırıbsa, onların hamısını dəf edə biləcəksən, sən alınmaz qalasan, hər təcavüzə sinə gərməyi bacarırsan. Həm də deyirlər ki, əgər qala uçulub dağılırsa və sən də onun içindəsənsə, deməli yaşadığın cəmiyyətdə iğtişaşlar baş verəcək. Allah göstərməsin! Getsin o günlər, bir də qayıtmasın.
   
   Yəqin razılaşarsınız, yuxuda qala görməklə, Qız qalası görmək başqa-başqa şeylərdir. Doğrudur, yuxuyozma kitablarında qala haqqında nə qədər istəsən məlumat var. Lakin Qız qalasının yuxuda nə demək olduğunu heç bir kitabdan tapa bilməzsən. Odur ki, bunun nə olduğunu cəhd edib özümüz tapmalıyıq.
   
   Əvvəl başlayaq qızdan. Qız haqqında belə deyirlər: əgər yuxuda bakirə qız görən adam kişidirsə, mənim tanışım kişidir, deməli o, yaxın zamanlarda elə bir iş tutacaq ki, ətrafındakı adamların qınağına tuş gələcək. Onu hansısa əməlinə görə möhkəm ittiham edəcəklər.
   
   Mən bu yozumla razıyam. Çünki bir neçə il bundan əvvəl yuxu görmüşdüm. Orada məndən yaşca çox-çox cavan, sarışın, hələ bədənini almamış bir qızcığazla sevişmə səhnəsi baş tutmalıydı. Amma bu anda otağın qapısı açıldı, məktəbdə mənə botanikadan, ya zoologiyadan dərs deyən müəllim içəri girdi və mən tez özümü yığışdırdım. Müəllim ayaq saxlamadan, mən tərəfə baxmadan otağın o biri qapısından çıxıb getdi. İkinci dəfə sarışın qıza yaxınlaşmaq istəyəndə yenə otağın qapısı açıldı, bu dəfə mən hələ uşaq olanda rəhmətə gedən qonşumuz içəri girdi. O da sağa-sola baxmadan otağın o biri qapısından çıxıb getdi. Üçüncü dəfə uzaq qohumumuz olan bir qadın, sonra dostumun atası və sair və ilaxır adamlar gəlib getdilər və bununla da intimin baş tutmasına mane oldular. Daha doğrusu məni qınayıb, ittiham etdilər. Bu dəhşətli yuxu idi. Burda yaşadığın, böyüdüyün mühitin qadağaları, əxlaqı vardı. Yaxşı ki, gerçəkdə üzləşəcəyim ittihamlar elə yuxuda, rəmzlər vasitəsi ilə mənə çatdırıldı və cəzamı elə röyada ola-ola aldım.
   
   Belə çıxır ki, tanışım cəzasını məndən fərqli olaraq gerçəkdə alacaq. Amma o yuxuda təkcə qız yox, həm də qala görür. Özü də qalanı təkcə çöldən izləmir, içəri girib pilləkənlərlə burula-burula yuxarı qalxır və qalxdıqca həyacan keçirir. Görəsən bu həyacana səbəb, onun gizlində qalan mənası nədir?
   
   Yox, Qız qalasının söküləcəyinə inanmıram. Hər halda o dərəcədə bədbin adam deyiləm. Onun səthinin təmir olunacağı, müasirləşdirmək naminə dəmir, daş üzlüklə hörüləcəyi də ümidvaram ki, baş verməz. Şüşəyə də onu salmazlar yəqin. Qız qalası daş-daş, qırmaq-qırmaq tikildiyindən digər qədimi tikililərdən fərqli olaraq onu qaşıyıb ağartmaq da mümkün deyil...
   
   Çox şükr olsun ki, mümkün deyil! Bir anlığa qaşınıb təmizlənmiş Qız qalasını təsəvvürünüzə gətirin. Elə bil əhəngin içinə salıb çıxarmısan. Vallah, qorxulu yuxular, gecə təşvişləri bunun yanında yalandır. Amma nə bilmək olar. Bəlkə bu da baş verdi. Söz verilib ki, şəhər büsbütün dəyişməli, əvvəlki Bakıdan əsər-əlamət qalmamalıdır. Demək olar ki, sözə az qala doxsan faiz əməl olunub. Bu isə o deməkdir ki, yuxuya gələn bakirə qala on faizin içindədir. Bəlkə o da öz vaxtını gözləyir?
   
   Qız qalası həmişə Bakı şəhərinin rəmzi sayılıb. Əgər bu gün də bu fikir qüvvədə qalırsa, onda sual yaranır, hansı Bakının rəmzindən söhbət gedir? Doxsan faiz dəyişən, yoxsa on faiz qalan Bakının?
   
   Yenilik - yaratmaq, qurmaq deməkdir. Buna sevinmək, bu işlərə imkan verərlərsə, qoşulmaq lazımdır. Axı biz təkcə şəhərin yox, həm də dövrün sakinləriyik. "Dövrün sakinləri" sözünü gəlin səhv saymayaq. İllər keçəcək, bizim uşaqlarımız, nəvə-nəticələrimiz deyəcək, bunları bizim babalarımız tikib. Bu sözlərə, bu alqışa layiq olmaq üçün gərək hər birimizin bu günki günlə əlaqədar müəlliflik hüququmuz olsun. Bunun üçün hökm deyil hamımız inşaatçı olaq. Şəhərin, şəhərlərin necə dəyişməsi haqda açıq diskussiyalar olmalıdır. Bir-birimizi dinləməli, eşitməliyik.
   
   Yenilik - yalnız əbədi olanın, qorunanın yanında yenilik sayıla bilər. Ötəri-itəri olanlara yenilik, quruculuq demək olmaz. Qurmaqla qorumaq yanaşı getməlidir. Qoy bizdən sonra gələnlər fəxrlə desin, bunlar əsrlərin yadigarıdır, bunlar babalarımızdan qalıb. Bax buna hamımızın müəlliflik hüququ çatmalıdır.
   
   Yuxunuz şirin olsun.

TƏQVİM / ARXİV