adalet.az header logo
  • Bakı 20°C

3698 SAYLI BUNKERDƏ YAŞANAN TARiX

22018 | 2009-02-07 08:09
Londonun mərkəzində Parlament binasının qarşısında bir abidə ucalır. Əyninə şinel geyinmiş, əlində əsa tutan heykəlləşmiş adam 1973-cü ildən burada daimi qərar tutub qalaraq, nədənsə, çox sərt baxışlarla yoldan ötənlərə nəzər salır. Qranit oturacağın üzərində ingiliscə yalnız bircə kəlmə yazılıb CHURCİLL.
   
   2002-ci ildə ictimai rəyi öyrənmək məqsədilə BBC-nin keçirdiyi sorğunun nəticələrinə görə "ən görkəmli britaniyalı" kimi Uinston Çörçil yüksək səs toplayıb. Amerikalılarsa həmişəki kimi uzaqgörən tərpənib, hələ 1963-cü ildə, yəni Uinston Çörçilin sağlığında onu ABŞ-ın Fəxri vətəndaşı elan etmişdilər.
   
   2005-ci ilin yanvar ayında Londonda ilk dəfə Çörçil muzeyi açıldı. Muzeyin yaradılması xeyli zaman, əmək, vəsait apardı. Təşkilatçılar çalışırdı ki, burada hər şey vaxtilə olduğu kimi görünsün, müharibə illərinin atmosferi yaransın. Almanlar Londonu bombardman edəndə Baş nazir qabaqcadan yeraltı komanda mərkəzi kimi nəzərdə tutulan sığınacağa daşınardı. Hərbi Şuranın iclaslarını təhlükəsizlik baxımından çox vaxt burada keçirərdi. Beləliklə, nisbətən darısqal və yetərincə rahat şəraiti olmayan 3698 saylı bunker dizaynerlərin fantaziyası sayəsində faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində Uinston Çörçilin memorial muzeyinə çevrildi. Ekspozisiyanın canlı alınması üçün aidiyyatı olan hər kəs əlindən gələni əsirgəmədi. Vaxtilə Uinstonun təhsil aldığı məktəbin müdiriyyəti belə onun sinif jurnalını muzeyə təqdim etmişdi. Bu məktəb (Harrow-E.B.) özünün məzunları ilə məşhurdur. Əsası 1572-ci ildə qoyulub. Lord Bayron (17881824), Hindistanın Baş naziri Cəvahirlər Nehru (18891964), İordaniya kralı Hüseyn (19351999), dramaturq Riçard Şeridan (17511816) və bir çox görkəmli simalar vaxtilə qocaman təhsil ocağında oxumuşlar. Ekspozisiyanın maraqlı, həm də tarixi baxımdan dəqiq alınması üçün Çörçil haqqında yazılan kitablar, xatirələr, digər elmi materiallar toplanaraq, mütəxəssislər tərəfindən ətraflı öyrənildi. Kembricdə onun adını daşıyan kollecin zəngin arxivindən də faydalanmağın xeyri dəydi. Stalinin gümüş çərçivəli portreti muzeydə nümayiş olunan hədiyyələr arasında yer alıb. Dauninq stritdə yerləşən 10 nömrəli binanın (bu ünvanı deyəndə Londonda hökumət başçısının rəsmi iqamətgahı nəzərdə tutulur - E.B.) giriş qapısı da buranın eksponatıdır. İndi qiymətli muzey malına dönərək sərgilənən orijinal telefon aparatı vaxtilə bunkerdən Çörçilin verdiyi mühüm tapşırıqları ünvanına çatdırmaq üçün yeganə rabitə vasitəsi idi. Baş nazirin əyləşdiyi kreslo, yazı masası, müxtəlif geyim əşyaları, o cümlədən siqar saxladığı qutu, əsa, başına qoyduğu şlyapa, qalstuk əvəzinə boynuna bağlamağı xoşladığı üstü ağ xalxallı qara kəpənək... Köynəyin yaxasına taxdığı həmin boyun bəzəyi bir çox fotoşəkillərdən bizə yaxşı tanışdır. Göydən yağış əvəzinə bombalar ələnəndə gecə vaxtı bir balaca gözünün qarasını almaq üçün istifadə etdiyi çarpayı da əvvəlki yerində sabit durur. Bir küncə sığan kiçik mətbəx dəsti olan-qalan qab-qacağıyla ilkin görkəmini alaraq, getdikcə bizdən uzaqlaşan günlərin mənzərəsini yaşadır. Ən əsası da bütün bunlar dekorasiya, butaforiya deyil, həqiqi tarixi əşyayi-dəlillər, dilsiz də olsa, çox mətləblərdən xəbər verən şahidlərdir. Ona görə təbiidir, təsirlidir, əvəzsizdir. Bunkerdə müharibə illərinin ortamını yaratmaqla bərabər, içəridə ziyarətçilərin rahat gəzib dolaşmasına, eksponatlarla, məlumatlarla yaxından tanış olmasına, video materiallara tamaşa etməsinə texniki imkanlar yaradılıb. Beş bölmədən ibarət ekspozisiya ilə tanışlıq xronoloji ardıcıllıqla verilmir. Yerləşdiyi məkanın şəraitindən çıxaraq, ekspozisiya Çörçilin müharibə dövrü fəaliyyəti ilə tanışlıqdan başlayır. Ayrıca rəfdə toplanan sənədlər qələbədən sonrakı Baş nazirin siyasi uğursuzluğunun səbəblərini açıqlayır. Muzeyin təşkilində Çörçilin oğul nəvəsi də çox yaxından iştirak edib. O da Uinston Çörçildir. Yazıçı-jurnalist Uinston mühafizəkarlar partiyasının üzvüdür. Bir vaxtlar Parlamentdə təmsil olunub. Onun fikrincə, indiki nəsil yaxın öz keçmişi barədə çox az məlumatlıdır. Tarixi yetərincə öyrənmədikləri kimi, tarixi şəxsiyyətləri də tanımağa meyl göstərmir. Babasının adını yaşadan Uinstonla bu məsələdə tam razıyam. Çox təəssüf ki, həmin iradlar yalnız İngiltərə gənclərinə aid deyil.
   
   Nobel mükafatına layiq görülən Uinston Çörçil sağlığında 55 kitab nəşr etdirib. O, sözün qüdrətinə və kəsərinə inanırdı. Hər kəlməni yerində işlətməyi, adi kəlmələrin məna tutumunu artırıb kəlam etməyi, hədəfə dəqiq yönəltməyi gözəl bacarırdı. Onun çoxsaylı aforizmləri ayrıca kitab şəklində dərc olunub. Hərtərəfli istedada malik bu insanın əlində təkcə qələm deyil, fırça da möcüzələr yaradırdı. Çəkdiyi rəsm əsərlərinin sayı isə 500-ü ötmüşdü. Çörçilin rəngkarlıq əsərləri onun sağlığında da böyük maraq doğurduğu kimi, indi də yüksək qiymətləndirilir. Təkcə müəllifinin nüfuzuna görə deyil, bədii-estetik səviyyəsinə, işlənmə texnikasına görə dəyər daşıyırdı. İndinin özündə də onun rəsmləri auksionlarda çox baha qiymətə satılır. İki il öncə satışa çıxarılan yağlı boya ilə işlənmiş "Mərakeş" əsərinin isə qəribə tarixçəsi var. Baş nazir vəzifəsindən kənarlaşan Çörçilə ABŞ prezidenti Harri Trumen həmişə xüsusi diqqət ayırıb, qayğı göstərib. Uinston dostuna minnətdarlıq əlaməti olaraq qırxıncı illərin sonunda yuxarıda adını çəkdiyim əsəri hədiyyə etmişdi. Atlas dağlarının fonunda Şərq memarlığı üslubunda ucalan qala divarlarının, şəhərə giriş darvazasıının təsviri kompozisiya quruluşuna, rəng duyumuna görə sənətşünasların ümumi fikrincə, rəssamın ən uğurlu işlərindən sayılır. Trumen hədiyyəni çox bəyənmişdi. Deyirdi ki, gərək onu ömrümün sonuna kimi yaxşıca qoruyub saxlayam. Qızıma yadigar və məndən miras qalacaq böyük sərvət elə bu şəkil olacaq. 1972-ci ildə vəfat edən prezident yanılmadı. Hər şey onun söylədiyi kimi oldu. Qızı Marqaretə miras qalan əsər 2007-ci il dekabr ayının 13-də Londonda auksiona çıxarılarkən ilkin qiyməti 1 milyon dollar məbləğində müəyyən edilmişdi. İlin son ayının nəhs rəqəmli günündə belə bir uğurlu rəsm əsəri görən kimə və neçəyə satıldı? Ömrünün sonuna lap az qalmış xanım Marqaret bu əsəri niyə satışa qoydu? Onun ki elə bir ciddi maddi problemi olmamalıydı... Harri Trumenin yeganə qızı 1954-cü ildə "New York Times" qəzetinin icraçı direktoru Klifton Daniellə ailə qurmuşdu. Dörd oğul anasıydı. 2008-ci ilin yanvar ayında 83 yaşında Çikaqodakı evində vəfat etdi. Yazıçı olaraq 32 kitabın, o cümlədən detektiv janrında yazılmış 23 romanın müəllifi kimi tanınırdı. "Mərakeş"in aqibəti mənim üçün də gizli qaldı...
   
   
   
   ***
   
   
   
   1945-ci ilin fevralında üç müttəfiq dövlət başçısının tarixi görüşü keçirilən Livadiya sarayda neçə illərdir ki, muzey fəaliyyət göstərir. Çörçil hakimiyyəti dövründə İngiltərənin xarici işlər naziri Enton İdenin dul qadını 2002-ci ildə Yaltaya səfər edəndə bu muzeyə də baş çəkir. Orada ABŞ prezidenti Franklin Ruzveltin guşəsini görəndə düşünür ki, burada nədən Çörçilin də guşəsi olmasın? Vətənə qayıdandan sonra Yaltada gördüklərini və ağlına gələn fikri Çörçilin qızı Meriyə danışır. Deyir ki, amerikalılar 1998-ci ildə orada Ruzvelt bölümü açıblar. Biz də Çörçilin nişanəsini o məkanda əbədiləşdirsək yaxşı olar. Meri İngiltərə Xarici İşlər Nazirliyinə məsələ ilə bağlı müraciət edir. Müvafiq razılaşmalar alınır və 2004-cü ildə Livadiya sarayının otaqlarından birində Çörçilə aid guşə yaradılır. Bu hadisədən üç il sonra, daha dəqiq desəm, 2007-ci il may ayının 21-də İngiltərədən Yaltaya gələn nümayəndə heyətinin tərkibinə 85 yaşlı ledi Soams da daxil idi. Mənalı və maraqlı ömür yolu keçmiş bu qadın vaxtilə bir çox xarici səfərlərdə atasını müşayiət etmişdi. Potsdam konfransının keçirildiyi günlərdə Stalinlə, Trumenlə görüşüb. Gənc yaşlarından dərin müşahidə qabiliyyətinə, iti hafizəyə malik olması, eləcə də gündəliyində apardığı qeydlər sonralar karına gəldi. Meri onların sayəsində sonradan onlarla kitabın müəllifi oldu. 1947-ci ildə amerikalı siyasətçi və diplomat Xristofor Soamsla ailə qurub xoşbəxt yaşadılar. Beş övlad dünyaya gətiriblər, 12 nəvə sahibi olublar. Həyat yoldaşıyla qırx il birgə ömür sürəndən sonra 1987-ci ildə onun yoxluğuyla barışmaq məcburiyyətində qalıb. Səyahət etməyi xoşlayan ledi Krımda gördüklərindən, ona göstərilən qonaqpərvərlikdən xeyli məmnun qaldı. Mən Meri Soamsın səfərinin o dövrün mətbuatında necə işıqlandırılması ilə də maraqlandım. Qəzetlərdə yazılanlar əsasən qısa xəbər xarakteri daşıyırdı və informasiya yükünə görə bir-birindən o qədər də fərqlənmirdi. Amma Simferopolda çıxan "Faktı" qəzetində dərc olunan məqalə diqqətimi çəkdi. Onun müəllifi özündə canlı tarix yaşadan ledi Meri ilə görüşüb ətraflı danışmış, fikirlərini öyrənmiş, onu maraqlandıran suallara ətraflı cavab almışdı. Yazının sonunda müəllifin təsvir etdiyi vidalaşma epizodu olmasaydı, üzərində heç dayanmazdım. Amma belə şeyləri gözdən qaçırmaq olmaz, deyə oxucumla bölüşmək istəyirəm.
   
   Yelena Ozeryan adlı jurnalist yazır ki, ingiltərəli qonaqlar avtobusa əyləşib yola düşməzdən öncə zahirən erməni xalqının nümayəndəsinə bənzəyən bir adam Çörçilin qızına yaxınlaşaraq sual verdi:
   
   - Eşitmişəm ki, sizin atanız yaxşı konyakın qədir-qiymətini bilən adam olub.
   
   - Bəli, deyə Çörçilin qızı ona cavab verir.
   
    Eləysə, bu hədiyyəni məndən qəbul edin.
   
   Ozeryanın yazdığına görə, yaxınlıqdakı sanatoriyada dincələn həmin adam yüksək zövqlə qablaşdırılmış əla növ erməni konyakını ağbirçək qonağa təqdim edir və Sevastopola yollanan avtobusun arxasınca bir Ukrayna xalq mahnısı səslənir... Yazı elə beləcə tamamlanır. "Faktı" adlı əyalət qəzetində haqqında danışılan bu epizod kim bilir ki, faktdır, yoxsa jurnalist qələminin məhsulu? Ledi Meridən də bunu kimsə soruşub dəqiqləşdirən deyil. Əslində bunun elə bir əhəmiyyəti də yoxdur. Sözümün canı odur ki, görün, necə ustalıqla, məharətlə hər fürsətdə, hər məqamda erməni qələm əhli harada olmasından, nədən yazmasından asılı olmayaraq, ermənilərin gizli milli ideoloji maraqlarına xidmət göstərir. "Faktı" qəzetində yazılanı deyə bilmərəm, ermənilər barədə söylədiklərim faktdır! Ermənilər Uinston Çörçilin "Dvin" markalı erməni konyakına məftun olmasından, yeşiklə o konyakdan içməsindən, ara tutuquşundan da, Tehran konfransı zamanı hazırlanan terror aktından onları məhz erməni əsilli qoçağın qurtarmasından da qəribə sözlər danışırlar.
   
   (ardı var)

TƏQVİM / ARXİV