adalet.az header logo
  • Bakı 16°C

BAŞDAŞI

VAHİD ƏLİFOĞLU
21112 | 2009-02-07 08:08
Televizoru xətdən ayırıb dayandı düz otağın ortasında. Bir otağın uzununa baxdı, bir də eninə. Darıxdı. İstədi qayıdıb televizoru təzədən qoşsun xəttə. Amma qayıtmadı. Fikrindən keçdi ki, görəsən otağın uzunluğu neçə addım olar? Yavaş-yavaş yeriyib dirəndi pəncərəyə. Pərdəni çəkib boylandı bayıra. Ətrafdakı evlər zülmətə qərq olmuşdu. Bircə küçə işıqları yanırdı. Gözləri şüşədəki şəklinə satşdı. Üz-gözünü turşutdu. Sözsüz ki, əksi xoşuna gəlmədi... Cəftəni çəkib pəncərəni açdı. Qurşaqdan yuxarı pəncərədən sallanıb yol aşağı, yol yuxarı baxdı. Yol boş idi. Sonra dikəlib bir siqaret yandırdı. Günortadan ona dinclik verməyən əhvalatı yenə xatırladı...
   
   - Dayı, salam.
   
   Çevrilib səs gələn tərəfə baxdı. Səliqəli geyinmiş cavan bir oğlan dayanmışdı yolun içində.
   
   - Əleykümə salam, bala.
   
   - Dayı, 201 nömrəli ev hansı tərəfdədi?
   
   - Bax, o tərəfdi, bala. Əliynən evin olduğu istiqaməti göstərib üzünü çevirdi. "Qəribədi ey. Kənd yox, ad yox. Nömrə, vəssəlam. Nə kişi bilinir, nə arvad, nə uşaq.
   
   Sabah məni də soraqlayan olsa rastlaşdığından elə-belə də soruşacaq: 195 nömrəli evi axtarıram. Tay deməyəcək ki, mənə Seyidəhmədli Əvəz kimi lazımdı. Belə getsə gor evinə də nömrə ilə köçəcəyik. Başdaşımız da yazacaqlar: 195 nömrəli ölü"... Ağlına gələn bu fikirdən özü də təəccübləndi...
   
   ... Siqareti çölə atıb pəncərəni bağladı. Yadına düşdü ki, bəs otağın uzunluğunu ölçməliydi. Çox mühüm, əhəmiyyətli bir tapşırığı yerinə yetirməli olduğunu müəyyənləşdirib özünü cəmlədi. Addımlarını tarazlayıb otağın o başına doğru addımladı. "Bir, iki, üç, dörd"... Divan qabağını kəsdi. "Yaxşı, divanın da eni olsun bir addım. Deməli, cəmi-cümlətanı beş addımdı. Artıq olmaz"... Alnını, boynunu ovuşdurub uzun-uzadı əsnədi və asta-asta çökdü divana...
   
   ... Bükmüşdülər ağ parçaya, uzandırmışdılar gəbənin üstünə. Ətrafda beş-on adam var idi. Bütün bunları ona görə bilirdi ki, həm uzanıqlıydı, həm də ayaq üstə. Kəsəsi, özü-özünə kənardan baxa bilirdi.
   
   "Götürün, aparağın". Qabaqda dayanmış oğlan dilləndi. "Hara aparağın, axı?" Bunu deyən baş tərəfdə dayanmış orta yaşlı kişi idi: "Hara aparacağıq? Aparaq basdıraq də". Bayaq ki, oğlan elə dedi ki, səsindəki hövsələsizlik dərhal hiss olundu. Baş tərəfdəki kişi bu dəfə əlacsız, yazıq tonda dedi: "Başdaşı yoxdu". Bayaqdan etinasız və laqeyd dayanıb naməlum nöqtəyə baxan ağsaqqal diksindi: "Nəə! Başdaşı yoxdu. Yoxdusa bunu basdırmq olmaz". Birinci danışan oğlan dərhal soruşdu: "Bəs neyniyək?. Ağsaqqal sakitcə, arxayın dedi: "Buna bir nəfər də qoşun, gedib özünə başdaşı tapıb gətirsin"...
   
   ... Hər tərəf dörd bir istiqamətə səpələnmiş irili-xırdalı ayaq izləri ilə doluydu. Elə bil dünyada nə qədər iki, dörd ayaqlı var idisə, bu düzənlikdən keçib getmişdilər. Başını qaldırıb bu düzənliyə baxanda adamın gözləri qaralırdı, hövsələsi bir damcı olurdu. Çünki bu qarmaqarışıq izlərdən, bomboz və bitkisiz düzənlikdən başqa dünyanın ayrı bir hissəsi də olduğuna inanmaq çox çətin idi...
   
   ... Piyada gedən yolçu bayaqdan fikirləşirdi ki, görəsən, neçə gündü yol gedirlər? Bir on-on beş dəfə hesablaşmışdı, amma bir tərəfə çıxara bilməmişdi. Ona elə gəlirdi ki, tapdığı rəqəm ya çoxdu, ya da az. İstədi atlıdan soruşa. Di gəl ki, onu bayaqdan girinc eləmiş sözü deyil, tamam ayrı bir məsələni dilinə gətirdi:
   
   - Deyirəm bəlkə qayıdaq? Dalınca getdiyimiz "o şey" bəlkə heç yoxdu...
   
   Atlı atın boynu ilə danışırmış kimi gözlərini atın boynundan çəkmədən yad, quru səslə dedi:
   
   - Nə sayıqlayırsan? Bu boyda yolu basa-basa tay niyə gəlmişik? Dalınca getdiyimiz "şeyin" varlığına şübhən var?
   
   Piyada yolçu verdiyi sualdan elə bil utandı. "Bu nə axmaq fikirdi mənim ağlıma gəldi. Bəyəm o "şeysiz" mən geri qayıda bilərəmmi?"...
   
   ... Günəş günorta yerinə çatmışdı. Peysəri od tutub yanırdı. Boğazı qurumuşdu. Udqunduqca dilçəyi iynə kimi batırdı boğazına. Dili ağzında elə bil taxta parçasıydı... Üç iri addım atıb çatdı ata. Əlini uzadıb yapışdı yəhərdən. İndi tay yerimirdi. Atdan asılmışdı, ayaqları yernən sürünürdü. At bir az da artmış ağırlıqdan büdrədi. Atlı atın yerişindəki dəyişikliyi hiss etdi, bu neçə gündə birinci dəfə geri çevrilib arxaya baxdı. Piyada yolçunun qaralmış sifətini, qarası itmiş gözlərini gördü və dedi:
   
   - Bir az dincələk...
   
   ... Bir-birindən iki-üç addım aralı sərələnmişdilər toz-torpağın içinə. Torpaq o qədər tapdalanmışdı ki, yerdəki toz az qala uzananların ağzına dolurdu. Atlı atın cilovunu bağlamışdı ayağına. Piyada yolçu azca dirsəklənib yazıq-yazıq dedi:
   
   - Vallah, qardaş mənə nə deyirsən de. Buralar mənə yaman tanış gəlir. Deyəsən biz burda olmuşuq.
   
   Atlı başını qaldırmadı. Əlini üzünə çəkib yüngülcə köksünü ötürdü:
   
   - Ə, bayaqdan nə boş-boş danışırsan. Biz bu yerdə birinci dəfədi ki, oluruq. Yer yerə oxşayar də...
   
   ... Nəsə bərkdən fınxırdı. Hər ikisi cəld qalxıb ətrafa boylandılar. İki addımlıqda öküz arabası dayanmışdı. Arabadakı ağ saqqallı, ağ saçlı qoca təəccüblə baxırdı onlara:
   
   - Burda niyə uzanmısınız? Səs elə bil quyunun dibindən gəldi:
   
   - Dincəlirik, baba. Piyada yolçu tez dilləndi:
   
   - Burda dincəlmək olmaz, bala. Bura qəbristanlıqdı - dedi qoca.
   
   - Belə də qəbristanlıq olar? Bəs başdaşılar hanı? Təəccüblənmiş atlı ayağa qalxdı - Biz qəbirlərə başdaşını tozdan-torpaqdan qoyuruq ki, külək vurub dağıtsın, itib yox olsun...
   
   ... Piyada yolçu atlının yanına yüyürüb sevinə-sevinə dedi:
   
   - Gördün? Dedim ki, o "şey" yoxdu də...
   
   ... Baş tərəfdə dayanmış orta yaşlı kişi addımların arasından keçib yaxınlaşdı ağsaqqala və astadan pıçıldadı:
   
   - Qayıdıb gəldilər. Heç nə gətirməyiblər.
   
   - Niyə? Ağsaqqal soruşdu.
   
   - Deyirlər ki, neçə məmləkət gəzdiksə heç birində daş olmadı. Hər yerdə başdaşını tozdan, torpaqdan qoyurlar...
   
   Ağsaqqal xeyli susub nəhayət dedi:
   
   - Aparın basdırın. Başdaşının əvəzinə qum qoyun. Adını da yazın qumun üstünə...
   
   ... Gözlərini yavaş-yavaş açdı. Otaq ala-toran idi. Pəncərəyə boylandı. Hava işıqlaşırdı. Divandan qalxıb yüngülcə əl-qolunu oynatdı. Boynu bərk ağrıyırdı. Qapını açıb çıxdı həyətə. Yaz havasını ciyərlərinə çəkib şirin-şirin gərnəşdi...
   
   ... Bir əlində balta, bir əlində ağac kömürünün qırığı əl evindən çıxıb hərləndi evin arxasına... Baltanın ağzı ilə divardakı 195 rəqəmini qaşıyıb tökdü yerə. Sonra baltanı yerə qoyub kömür parçasını götürdü və ağarıb bülöv kimi parıldayan suvağa əyri-üyrü iri hərflərlə yazdı:
   
   - Seyidəhmədli Əvəz kişinin evi...
   
   Yazıya heyranlıqla, rahatlıqla uzun-uzadı baxıb bir siqaret yandırdı və dizlərini qatlayıb kürəyini söykədi divara...
   
   
   
   P.S. Əhdiman müəllim o gün düz gözlərimin içinə soyuqqanlıqla dedi ki, sənin yazdıqların yaddaşlarda qalmayacaq. Çünki gündəlik yazıların ömrü də elə bir günlükdü. Gündəlik yazılar başdaşı qumdan olan qəbirlər kimidi...

TƏQVİM / ARXİV