ÖLüNüN DƏ XüSUSi HÖRMƏTLiSi...

ƏBÜLFƏT MƏDƏTOĞLU
29636 | 2009-02-07 08:08
Səhər-səhər həmkarlarımla oturub günün hadisələrini, yazacağımız mövzuları müzakirə edirdik. Həmişə olduğu kimi, telefon zəngləri də vaxtaşırı sözümüzü kəsirdi. Və elə bu arada bir dost ərklə otağımıza daxil oldu. Onu da deyim ki, bu dost o qədər də ərk etməyi, nəyinsə xahişçisi olmağı bir o qədər də xoşlamır. Amma bu dəfə gəldi və qəribə bir xahiş etdi.
   
   - Yəqin ki, filankəsi tanıyırsan və bilirsən ki, çox hörmətli bir kişinin atasıdı, özü də çox hörmətli olubdu. Bu günlərdə onun yubileyi keçirilir. Mən də həmin yubileylə bağlı bir yazı yazmışam, istəyirəm onu qəzetə verəsən.
   
   Söhbətin kimdən getdiyini biləndə üzrxahlıq etməli oldum. Bildirdim ki, bu hörmətli şəxsin hörmətli atası barəsində qəzetimizdə artıq bir neçə yazı çap olunub. İndi növbətini çap etmək o qədər də münasib deyil. Həm oxuculardan ayıbdı, həm də qəzet rəhbərliyi ilə aramızda söz-söhbət yarana bilər. Sağ olsun, məni başa düşdü və incimək-filan olmadan sağollaşıb getdi.
   
   Qəribə hisslər yaşadım və özümdən asılı olmayaraq indi yazacaqlarımı həmkarlarıma söylədim. Dedim ki...
   
   Bu məmləkətdə mən belə görürəm ki, artıq çox şeylər səmtini dəyişib, yerini itiribdir. Bəlkə əvvəllər də beləymiş xəbərim olmayıb və yaxud da fikir verməmişəm. Amma indi həqiqətən də adət-ənənə, nə bilim milli mentalitet və sair və ilaxır elə bil reklama, özünütəqdimata çevrilib. Odur ki, bu məmləkətdə daha yaxşı olardı ki, az-çox imkanı olanların tədbirləri keçirilsin, mərasimləri olsun, anım günlərinə tələsək. Bilirsiniz niyə?
   
   Yaxın günlərin söhbətidi. Məsul vəzifələrdən birində çalışan həmyerlimin qayınatası rəhmətə getmişdi, Allah rəhmət eləsin, yas mağarının uzunluğunu təsəvvür etmək o qədər də asan deyildi. Və bu məclisdə elə adamları gördüm ki, onların nə mərhuma, nə məclisin sahiblərinə, hətta mənim həmkəndçimə də dəxli yox idi. Deyə bilərsiniz ki, insanlar hüznü bölüşməyə gəlirlər, razıyam. Amma vallah-billah, tanımadığın, heç yuxuna da girməyən adamın hüznünü bölüşmək indi nağıl danışmaq kimi bir şeydi. Çünki insanların o qədər problemi, o qədər qayğıları var ki, bəzən öz adları yadlarından çıxır. Belə olan halda, hansısa bir imkanlının qayınanasının, qayınatasının, qudasının-nəmənəsinin hüzrünü saxlamaq, onunla dərdini bölüşmək barədə nəyisə mənə sübut etmək heç cürə mümkün deyil. Bu yalnız olsa-olsa "mən də filankəsin yaxınıyam, məclisində iştirak etmişəm" sövdası kimi bir şeydi. Yoxsa...
   
   Hə, indi hansısa imkan ucu olan şəxsin babasının, nənəsinin, yeddi arxa dönəninin barəsində yazı yazmaq, ədəbiyyata, hətta kolxoz quruculuğuna dəxli olmayan birisi barəsində qalın-qalın jurnal, qəzet materialları oxucuya sırımaq dəb halını alıbdır. Nədənsə adamlar bu yolla çörək qazanmağı utanc saymırlar. Yəni hansısa bir JEK müdirinin və yaxud bank sahibinin ulu babasının xatirinə elə kitab tərtib edirlər ki, o nəslin nümayəndələri belə həmin o ulu babanın adını unudublar. Amma neyləyəsən ki, qələmlə bu sevdaya düşənlər həmin o ulu babanı- istər Tuğdan olsun, istər Füzulidən, istər Ağdamdan, istər Kəlbəcərdən, istər Bakının ortasından - dəxli yoxdur - elə mataha, elə qəhrəmana çevirirlər ki, əlin-ayağın yerdən-göydən üzülür. Nə eşitdiyinə, nə oxuduğuna daha inanc yerin qalmır. Məncə, qələmi bu qədər ucuzlaşdırmaq, bu qədər hörmətdən salmaq olmaz. Ayıbdı axı.
   
   Bu günlərdə türk kanallarından hansındasa ölkəni Moskvada təmsil edəcək müğənni Hadisənin dərzisi danışırdı. Və çox qəribə bir söz işlətdi həmin o dərzi. Dedi ki, Hadisə üçün tikəcəyimiz əlbisənin gərək göbəyi açıq olsun, yoxsa dünya bizə gülər... Bu sözdən sonra doğrudan da məni dəli, gic bir gülmək tutdu. Və...
   
   Və görürəm ki, həmkarlarımın bəziləri, ümumiyyətlə, qələmi yəhərləyib hara gəldi çapan qələmdaşlarım kimdən-nədən gəldi pul xətrinə yazırlar. Amma nə təhər yazırlarsa həm bu yazıların, həm də o yazıda barəsində söhbət gedənlərin həmişə göbəyi açıq qalır. Və istər-istəməz də açıq yer həmişə diqqət çəkən olduğundan adam bu çılpaqlığa (oxu - həyasızlığa) gülməli olur, özü də bu dəfə, dəli kimi yox...

TƏQVİM / ARXİV