adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

imzalı imzasızlar

CEYHUN MUSAOĞLU
29609 | 2009-02-07 08:08
"Azad söz" təşəbbüs qrupundan təşviqat qrupuna çevrilə bilmədi. 65 dairədə 862 imza vərəqinə 43 100 imza atdıran bir neçə baş redaktorun əməyini MSK yerə vurdu. Məzahir Pənahov və onun komandasının əməliyyatı nəticəsində 43100 imzadan 38261-i etibarlı, 4839-u etibarsız çıxdı. Bir qrupdan başqa qrupa çevrilmək üçün isə 40000 imza lazımdır.
   
   Tələb: İmzaların heç biri saxta olmamalı; xatırlatma: imza sahibləri saxta ola bilər.
   
   Müxalifət mətbuatı "Azad söz" ün başına gələn bu faciədən sevinmiş kimi görünür. Yoxsa məşum xəbəri "iqtidaryönlü qəzetlərin yaratdığı" şəklində təqdim etməzdi. Əslində bu təqdimatda reallıq var və çoxdur. "Azad söz" təşəbbüs qrupunu hakimiyyət və hakimiyyətyönlü mətbu orqanlar yaratmışdı. Təşəbbüs qrupu kimi meydana çıxmaqdan ötrü toplanan 2000 imzanın içərisində adı Ceyhun, rəsmi soyadı Musayev olan birisi də vardı. Hakimiyyətyönlü müstəqil "Ədalət" qəzetində çalışır. "Azad söz"ün Spase televiziyasındakı ilk toplantısında 6-cı sırada oturmuşdu. Özüm gözlərimlə görmüşəm. Bəli, bəli, "gözlərimlə" ifadəsinin lap yeridir. Çoxdandır buralarda çoxlu adamlar çox şeyi gözləriylə görə bilmir. Mənsə iki gözümlə gördüm ki, 6-cı sıranın ikinci yerində oturan "Ədalət"in nümayəndəsi "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm xanımla söhbət edirdi. Səmimi görünürdülər. Çünki müzakirə edirdilər, bir-birinin sözünü kəsirdilər. Tez-tez jestlərlə birinci sıranı göstərib, gülüşürdülər. Başqasının söhbətini dinləmək mədəniyyətsizliyindən geninə-boluna istifadə edib, 7-ci sıranın ikinci yerində oturdum. Söhbət birinci cərgədə əyləşən Umud Rəhimoğlunun yanındakı boş yeri kimin üçün qoruduğunu aydınlaşdırmaq barədə idi. Xoşqədəm xanım israr edirdi ki, o yerdə Mətbuat Şurasının sədri Əflatun Amaşov oturacaq. Ceyhun isə zala daha önəmli simanın daxil olacağı təqdirdə boş yerin əldən çıxacağını deyirdi. Xoşqədəm xanım növbəti köşəsində bu mənzərənin şəklini çəkəcəyini söylədi. "Eh o qədər belə mənzərələrin şəklini çəkib, sonra da baxıb utanmışam ki...". Bu sözlər də cavab olaraq Ceyhunun dilindən çıxanlardır.
   
   Artıq "Azərbaycan"qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov səhnədə sədarət üçün ayrılan masanın arxasına keçmişdi. Bu o demək idi ki, başlamaq vaxtıdı. Amma iki yazarın söhbətinə mövzu olan boş yerin sahibi gəlib çıxmamışdı. ATV-nin prezidenti Tağı İbrahimovun qapıda görünməsi gizlincə söhbətlərini dinlədiyim həmkarlarımdan birinin halını pozdu. Sən demə, Xoşqədəm xanımın proqnozuna üç nöqtə qoyulubmuş. Tağı müəllim həmin boş yerə doğru addımlayırdı.
   
   Umud Rəhimoğlu Əflatun Amaşov üçün qoruduğu yeri itirməli oldu. Çox güman bundan sonra Ceyhunla Xoşqədəm xanımın söhbəti maraqsız olacaqdı. Bəxtiyar Sadıqovu dinləməyi daha məqsədəuyğun hesab edib, "Azad söz" adlı təşəbbüs qrupunun yaradılmasını alqışlayana qədər yerimdən qurcalanmadım. İlkin mərhələnin uğurla başa çatması münasibəti ilə əlimi Ceyhunun çiyninə qoyub, "qardaş səni təbrik edirəm" dedim. Heç soruşmadı ki, məni niyə təbrik edirsən?
   
   Zaldan onunla bir yerdə çıxdıq. Sevinirdi. Aqil Abbas təşəbbüs qrupu idarə heyətinə üzv seçilmişdi. Yolboyu deyirdi ki, 40 min imza toplayacağıq, təşviqat qrupu kimi qeydiyyatdan keçəçəyik, Aqil Abbasdan xahiş edəcək referendumla bağlı təbliğat-təşviqat kampaniyası zamanı qanunla ayrılan efir vaxtından ona da bir dəfə 5 dəqiqəlik pay düşsün. Bu payı başı üzərinə qaldırıb, seçicilərə nə "referenduma gəlin və Konstitusiya dəyişikliklərinə səs verin" deyəcək, nə də "referenduma gəlməyin və Konstitusiya dəyişikliklərinə səs verməyin". Çalışacaq ki, orijinal, əsl müstəqil jurnalist kimi danışsın.
   
   Arada emosiyalarını yğışdıra bilmirdi: "Axf neçə il gözlərimiz iki rəng görəcək: ağ və qara? İfrat pisləyənlərin və ifrat tərifləyənlərin ayaqları altında nə qədər tapdanacağıq axı..."
   
   Ayrılanda onu yenə təbrik elədim. Təsəlli də verdim: "Darıxma, Aqil Abbas düzər-qoşar təbliğat zamanı ekrandan fikirlərini deyərsən. Rəhbər vəzifədə olan ağıllı adamlar az deyil. Elə bilirsən onlar iki rəng görməkdən, eyni fikirləri eşitməkdən bezməyiblər?.. Beziblər qapdaş. Darıxma hər şey yaxşı olacaq".
   
   MSK-nın katibi Natiq Məmmədovun "Azad söz" barəsində verdiyi informasiyanı eşidəndə, Qurana and olsun ki, yadıma Ceyhun düşdü. Əl telefonuna zəng elədim. Gec cavab verdi. "Ədalət"dəyəm, 4398026-nı yığ" deyib, telefonu söndürdü. 4398026-nı yığdım. Dəstəyi götürən kimi başladı: "Əcəb oldu "Azad söz" qeydiyyatdan keçmədi. Biabırçılığa bax, qırx min imza toplaya bilmirik. Yadındadı "Spase"də kimlər var idi?.. Hə, televiziya rəhbərləri, bərkgedən qəzetlərin baş redaktorları, teleaparıcılar, belə aparıcılar, elə-belə aparıcılar... Biabırçılıqdı. Guya iki min gurnalistin 40 min oxucusu yoxuymuş?... Adama iyirmi nəfər düşür. Nə oxucu a kişi... hərəmizin iyirmi nəfər dostumuz, qohumumuz, qardaşımız, yoxuydu?...". Onu sakitləşdirməyə çalışırdım. Aramızda qısa dialoq yaşandı:
   
   - Niyə ki, 43100 imza toplayıblar da, sadəcə, 4839-u etibarsız çıxdığı üçün barajı aşa bilməyiblər.
   
   - Dolamısan e, deyəsən məni... Barajı aşa bilməzlər də, çünki imzalar hasarın bu tayında yığılıb. Hasarın o tayına da keçmək lazım idi. Axı orda da adamlar var. Özləri hasara dırmaşmaq istəmirlər ki, əlləri-qolları cızılar, bizə də müraciət eləmirlər. Onsuz da elə günümüz hasarların başında keçir də.
   
   - Nə demək istəyirsən?
   
   - Demək istəyirəm "Azad söz"ün saxta olmayan qırx min imza yığa bilməməsinin günahı özlərini İdarə Heyətinə seçən 21 nəfər baş redaktordadır. Təşəbbüs qrupunda maliyyə məsələlərinə nəzarət edən "Səs" qəzetinin baş redaktoru xərclənməli pulu ürəklə xərcləsəydi, yüz min imza yığılardı. O deee, Umud müəllim deyir ki, mənə desəydilər beş min imza gətirərdim".
   
   - Nə bilirsən. Bəlkə demək istəyiblər, sadəcə görüblər ki, Umud müəllimin başı Əflatun Amaşov üçün yer saxlamağa qarışıb, onsuz da eşitməyəcək, ona görə deməyiblər...
   
   - Mən ciddi danışıram, sən lağlağı eləyirsən.
   
   - Ciddi nə danışmısan ki?
   
   - Halaldı e, sənə. Bayaqdan üyüdüb-tökürəm... Rast ki, belə oldu, yaxşı lap açıq deyim. Ona görə yığılan imzaların "Azad söz"ün evini yıxan hissəsi saxta çıxıb ki, onları toplamayıblar. Ortada olan pulu beş nəfər bölüşdürüb və vərəqələri kimə gəldi veriblər. "Ucuz ətin şorbası olmaz" deyiblər. Pulsuz isə ümumiyyətlə ət olmur. Kimdi özünü zülmə salıb, havayı imza toplayan... Mənə 2005-ci il parlament seçkisində pulsuz 500 imza toplayanları hər dəfə görəndə utanıb, yerə girirəm. Bilirəm ki, onlara çəkdirdiyim əziyyət axirət günündə mənə ən böyük problem olacaq. Yoxsa cənnətə düşməyə nə var ki.
   
   Söhbətin mövzusunu dəyişməyə cəhd göstərirəm:
   
   - Sən cənnətin varlığına inanırsan?
   
   - Mən elə cənnətdə yaşayıram.
   
   - Daha nə istəyirsən ki?
   
   - Cənnətdən yalnız bir yer görünür - Cəhənnəm. Cəhənnəmdə yaşananların fiziki mənada mənə dəxli olmasa da, ruhumu sıxır. Ağrıyıram.
   
   - Onda keç cəhənnəmə.
   
   - Buraxmırlar. Cənəttdə yaşamağa məhkum edilmişəm. Sanki üzərmdə eksperiment aparırlar, görsünlər cənnət yaxşıdır, cəhənnəm.
   
   O, cənnət və cəhənnəmin qarşılıqlı əlaqələrindən danışmaqda həvəsli görünürdü. Mənimsə o dünya barəsində eşitmək fikrim yox idi. Ona görə də, "yaxşı, bizdə iclas başlayır" bəhanəsi ilə Ceyhunun sözünü kəsib sağollaşdım. Fikrimdən keçdi ki, "Səs" qəzetinin baş redaktoruna telefon açıb, eksklüziv müsahibə hazırlayım, zəng çatmadı. "İki sahil" qəzetindən isə bildirdilər ki, Vüqar müəllim redaksiyada yoxdur. "Azərbaycan" qəzetinə sadəcə, telefon açmadım. Bilənlər bilir: baş redaktor Bəxtiyar Sadıqovla əlaqə yaratmaq çətin məsələdir.
   
   İndi nə yazım? Baş redaktorlardan hadisəyə münasibət öyrənib imza qoyacaqdım ki, qonorarım çox olsun. Şərait yaratmadılar. Özləri də başqalarından imza istəyir, həm də saxta olmayan imza.
   
   Bu nədi alə, lap Ceyhun Musaoğlu kimi düşündüm...

TƏQVİM / ARXİV