Nuzirəvan Məhərrəmli Polat Alemdarın axırına çıxdı

ETİBAR CƏBRAYILOĞLU
40892 | 2009-02-07 08:08
Metroda mürgüləsəydim heç yuxuma da girməzdi ki, Polat Alemdarın axırı belə olacaq. Türkiyəni bir-birinə qatan, ABŞ Müdafiə Nazirliyini qəzəbnləndirən, Polat bizim Nuşirəvan Məhərrəmlinin qarşısında aciz qalacaq.
   
   Yəqin ki, söhbətin kimdən, daha doğrusu kimlərdən getdiyi məlumdu. Necə deyərlər, görünən çoxmərtəbəli binaya nə bələdçi? Yazımın qəhrəmanlarından birini bütün dünya tanıyır. "Kurtlar vadisi- pusu"dakı Polat Alemdarın adı Ələtdəki körpələr evindən tutmuş ABŞ-dakı "Ağ Evə"cən hər yerdə dillər əzbəridi. İkinci qəhrəmanımıza hələki belə xoşbəxtlik nəsib olmayıb. Yenə deyirəm, hələlik, amma işlər belə davam etsə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli barədə də bütün dünyada danışacaqlar. Artıq bunun işartıları görünməkdədi....
   
   Türk dilində çəkilən seriallara Azərbaycan teleməkanında qadağa qoyandan sonra Nuşirəvan müəllim haqqında təkcə Ağdaşda deyil, Ankarada da danışmağa başlayıblar. Milli Teleradio Şurasının sədri aradabir belə əcaib-qəraib qərarlara mübarək imzasını atır. Yadımdadı, bir dəfə də əlini masanın üstünə çırpıb ANS-i bağladı, mətbuat konfransı keçirib qərarından dönməyəcəyini açıqladı. Amma Nuşirəvan müəllimdən yuxarıda oturan əlini masanın üstünə ondan da bərk vurunca Milli Teleradio Şurasının sədri qərarını geri götürdü. Lakin bu dəfə vəziyyət tamam başqa cürdü. Bu həna, o hənaya oxşamır. Nuşirəvan müəllim deyir ki, bu məmləkətdə ya mən qalmalıyam, ya da Polat Alemdar.
   
   Son vaxtlar bizim telekanallara baxmıram, qonşuların, dost-tanışın rəyinə inansam, türk serialları yasaqlanandan sonra efirimiz naşı dramaturqun yazdığı pyesə oxşayır. "Kurtlar vadisi-pusu"ya, "Yapraq dökümü"nə baxmağa adət etmiş insanlar telekanallarda maraqlı heç nə tapa bilmirlər. Nə Polat Alemdarı görən var, nə də Ali Rza bəyi. Nuşirəvan Məhərrəmli bir qələmlə Polat Alemdarın qələmini qırdı. Milli Teleradio Şurasının sədri nə etdisə "Kurtlar vadisi-pusu"ya nəinki Azərbaycanda, Türkiyənin özündə də baxmaq müşkülə dönüb. Bütün rekordları qıran serialın çəkilişləri dayanıb, filmi istehsal edən "Panafilm" studiyasında qurd ulayır. Polatın sağ əli Memati bekarçılıqdan tum çırtlayır, onların sinfi düşməni İsgender Böyük yaranan fasilədən istifadə edib nəfəs dərir, göy qutabı yeyir. Necə deyərlər, Polat Alemdar kaput... Qəzetlərimiz yazır ki, Milli Məclisdəki bəzi deputatlar tələb edir ki, Milli Teleradio Şurası qərarına yenidən baxsın. Yəni türk serialları dublyajsız-filansız göstərilsin. Deyəsən, Nuşirəvan müəllimin Polatın axırına çıxdığından millət vəkillərinin xəbəri yoxdu.
   
   Milli Teleradio Şurası "Panafilm" studiyasını xaraba gününə qoymaqda olsun, sizə kimdən danışım-özümdən. O gün balaları da götürüb getdim Fəvvarələr meydanına, guya pullu adamam. Gəzintiyə təzə başlamışdıq ki, Polat Alemdarı diz çökdürən Nuşirəvan Məhərrəmli yadıma düşdü. Çünki Fəvvarələr meydanına ingilis dilində mahnı oxuyan yelləncəklər, urusca danışan fal aparatları, çin dilində qışqıran tərəzilər gətiriblər. Birdən telekanallardan biri Fəvvarələr meydanından reportaj hazırladı. Belə çıxır ki, telekanal Milli Teleradio Şurasının qərarına görə yelləncəyin, fal aparatının və tərəzinin əcnəbi dilində nə dediyini bizim dilə tərcümə eləməlidi? Sözün açığı bu sualın cavabını heç özüm də bilmirəm. Polat Alemdar kimi əjdahanı diz çökdürən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlidən də soruşmağa ürək eləmirəm.
   
   Yeri gəlmişkən, qəsdən yazıboyu Milli Teleradio Şurasının adını bütöv yazdım, qısaldıb mötərizəyə salmaq istəmədim. Mötərizədən heç xoşum gəlmir...

TƏQVİM / ARXİV