adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Ağ XƏZ

15791 | 2009-02-03 01:22
Evimizi dəyişdik, köhnə vərdişlər, tanışlar və təəssüratlar geridə qalırdı yavaş-yavaş. Səmimi məktəbimi, məhəlləmizi, xudmani evimizi və uşaqlıq dostlarımı arxada qoyan yolumun hara uzandığını bilmirdim. Universitetə qəbul olduğum il anladım ki, burda müəllimlər məktəbdəki kimi doğma deyil, heç olmayacaqlar da, qrup yoldaşlarım hərəsi bir tərəfdən gəlmişdi, oxuduğumuz 4 il ərzində ortaq sevinc, ya kədərimiz çox az oldu onlarla. Ingilis kimi özümə çəkilib tənhalaşırdım getdikcə. Universiteti fərqlənməylə bitirdikdən sonra bir-neçə il qəribə məşğuliyyətlər tapıb başımı qatırdım. Lazımsız kurslara gedir, balıq qulağı toplayır, İtaliya futbol komandasına azarkeşlik edirdim. Həyat adi keçir, bir az da mənasız yorğunluq yükləyirdi adama. Ara günlərdə hərdən şəhəri veyil-veyil dolaşırdım. Bu şəhərdə qədimlik qəribə müasirliklə əvəz olunurdu. Şəhərin keçdiyi həyat yolunu, xarakterini açan, sakinlərinin xatirələrini canlandıran heç nə qalmırdı. Sakinlər də elə bil hardansa qeybdən peyda olmuş və bu şəhərlə heç bir ruhsal, məntiqi əlaqəsi olmayan, onunla heç cür doğmalaşa bilməyən köçərilərə oxşayırdı. Şəhər öz yenilikləri və adamları ilə nənələrin lazımsız əski-üskünü bir-birinə yamayıb tikdikləri quramaları xatırladırdı. Nənə quramalarından fərqli olaraq bu calaqlar ayrı-ayrılıqda bəlkə də hansısa məzmun daşıyırdı, şəhərlə birlikdə isə heç nə ifadə etmirdi. Yüklə doldurulmuş basırıq ticarət gəmilərinə bənzəyən bu şəhərə baxanda adam qorxurdu ki, tab gətirməyib bata bilər, ya da gücə düşən elektirik cihazı kimi partlayar.
   
   Düzdür, lap qulağımızın dibindən də bir ölkədən qonağımız gələndə, onu girintili- çıxıntılı, hər tərəfində qara şəlaləyə oxşayan eskalatorlarla əhatələnmiş, uşaq vaxtı yuxularımda gördüyüm planetlərdəki kimi şüşəli liftləri olan müasir ticarət mərkəzlərində qürurla gəzdirirdik. Amma yenə də adamda elə təəssürüat oyanırdı ki, bağrının başında gəzən bu zavod kimi ağır adamlardan və bu bər-bəzəkli nəhəng tikililərdən şəhərin ürəyi qısılır.
   
   Yeni evə köçəni çox olmuşdu, amma qonşularla demək olar tanış deyildik. Hərdən kiminsə salamını alır, kim olduğunu isə heç cür yadıma sala bilmirdim. Tanımadığı adamlara salam verənlərdən savayı, adamı görəndə özlərini görməməzliyə vuran, üzünü yana çevirib harasa baxan tanışlar da olurdu.
   
   Bir günorta həyətdən gurultu, qışqırıq , vay-şüvən eşidildi. Demə, bizim binaya yaxın yerləşən uşaq baxçası satıldığı üçün, tərbiyəçilər uşaqları yatdıqları yerdə yuxudan oyadıb bir-bir evə yollayırlar. Bu hadisəyə məəttəl qalan valideynlər bərk əsəbləşmişdilər. Həyətimizdən həmin bağçaya kimi iki bir, üç bir yığılan qonşular bərkdən-bərkdən danışır, bir-birinə şikayətlənir, mobil telefonlarıyla ciddi-cəhdlə haralarasa zəng vururdular. Az qala ürəyi partlayan bir qoca, uşaq bağçasının ətrafındakı, ömrü boyu əzizləyib qulluq etdiyi qollu-budaqlı nəhəng ağacları "yolub tökməmələri" üçün ağackəsən dəzgahla əcaib mənzərə yaradan uniformalı adamlara əlacsız-əlacsız gah yalvarır, gah hədə - qorxu gəlirdi. Bizə gələn qonaqlar həmin ağaclığa zarafatyana "Quba meşələri" deyirdilər. Ağacların kökündən qoparılmadan kəsilməsi də qəribəydi. Valideyinlər qocanın halına yanıb, döydükləri davanı unudaraq ona dəstək çıxsalar da faydasız oldu. Bütün ağacları doğrayıb, maşına yığıb apardılar. Təbiət daha qoruq kimi deyildi və yavaş-yavaş yoxa çıxırdı.
   
   Hər gün kəsik ağac kövdələrinin yanında bir qoca kişinin oturduğunu gələn də, gedən də görürdü həmin gündən. Qoca bağbana baxanda yadıma Nazim Hikmətin "Yaşamaq! Bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına..." misraları düşürdü nədənsə...
   
   Həmin aralar mən minnət, tanış, tapşırıqla məktəbə, uşaq birliyinin rəhbəri düzəlmişdim. Söz deməyə xəsislik edən, amma ağzından çıxan hər kəlməsini güddüyümüz, qocaman bir müəlliməmin nüfuzu və öyrətmən duruşu məktəb vaxtından məndə onun kimi olmaq arzusu oyatmışdı. Və tez-tez keçmiş həyətimizdə keçirdiyimiz şənliklərdən savayı "məktəb-məktəb" də oynayır, qonşuluqda yaşayan nə qədər uşaq varsa hamısını yığıb dərs saatı düzəldir, həmin müəlliməni yamsılayırdım. İşə düzələndən sonra bozarmış məktəb həyatının solğun, həvəssiz sakinlərini görüb ümidimi itirirdim. Elə bil həmişə özünü müəllimə kimi aparan mən deyildim. Bir müddət sonra artıq dərs yüküm də var idi. Sevdiyim işə, özü də belə çətinliklə düzəldiyimə görə sevinməliydim. Özümü sevindirməkçün fikirləşib tapdığım səbəblər işə yaramırdı, nəsə sevinə bilmirdim. Məktəb həyatı əvvəlki kimi deyildi. Şagirdləri ələ almaq olduqca çətinləşmişdi, valideyinləri iclasa çağırmaq üçün az qala evlərinə gedirdik, dərsə gəlməyənlər getdikcə çoxalırdı, həm də uşaqlar yaman ölüvay olmuşdular.
   
   Yeni il qabağı küçələrdə qurulan bir cüt, bir tək yolkaların görünüşü yeni ildən çox qocalıq saçırdı. Qışı sevsəm də paltom bir az köhnəldiyinə, yenisini isə almağa gücüm çatmadığına görə bitməsini səbirsizliklə gözlədiyim bu fəsli mənim acığıma dartıb uzatmışdılar elə bil. Ədəbaz deyildim, amma varlı uşaqların bahalı, şık geyimlərinin fonunda kasıb müəllimə kimi görünməkdən də bir az utanırdım. Hamımız dəyişirdik, mən, başqaları. Görünür, zaman hər şeyi dəyişdiyi kimi, çox şeyi öz öhdəsinə götürüb köməyimizə də çatır. Zaman keçdikcə şagirdlərimlə ümumi dil tapmağa başlamışdıq. Biz adətən dərsin sonuna yaxın kitab-dəftəri yığışdırıb müxtəlif şeylərdən danışırdıq. Onlara öz uşaqlığımdan danışırdım, küknar ağacını necə oğurladığımızı nağıl edirdim. Əllərini çənələrinə qoyub, çox maraqla mənim əhvalatlarımı dinləyirdilər. Bir dəfə də söz verdim ki, onları Dendroparka aparacam. Tez həyəcanlandılar, yerlərində qurdalanmağa başladılar, özümüzlə nə götürəcəyimizi, necə gedəcəyimizi müzakirə etdik. Gedib orada qar adamı düzəltmək istədikləri üçün tezliklə qarın yağmasını arzulayırdılar. Hələ getməmişdən elə sevinirdilər ki, mən də onlara qoşulub sevinirdim.
   
   Məktəbə hər dəfə komissiya gələnə yaxın "müəllimlər otağı" na toplaşan həmkarlarım elə bil beynəlxalq yarışa hazırlaşırdılar. Çox şey əvvəlki kimi olmasa da müəllimlərin komissiya xofu olduğu kimi qalmışdı. Amma müəllimlər nə eləsələr də uşaqlar komissiya sözündən qorxmurdular. Hətta yoxlama və ya nəzarət zamanı onları incidən, ya qiymətlərini kəsən, ya nə bilim öz aləmlərində xətirlərinə dəyən müəllimlərdən qisas almaq üçün müxtəlif hoqqalar çıxarırdılar. Heç vaxt unutmayacağım bu hadisə isə ümumiyyətlə, şagird qisasının kuliminasiyası olmuşdu. Çox dəcəl və ucaboy bir oğlan, ona rüblükdə iki yazan ədəbiyyat müəllimindən intiqamını almaq məqsədiylə həmin müəllim açıq dərsdə özünün pedaqoji metodikasını nümayiş etdirib tər tökdüyü vaxt, balacaboy məktəb yoldaşını boynuna mindirib, qapını taybatay açaraq, ciddi sifətlə sinifə girib, oturmaq üçün ondan icazə istəmişdi. Müəllimin qəribə xəstəliyi vardı. Əsəbləşəndə üzü qızarır və şişirdi. Yazığın üzü elə günə düşmüşdü ki, bir müddət işə gələ bilmədi. Belə hoqqabazlar olsa da ümumilikdə uşaqların xarakterində hər gördüyündən sual çıxaran yeniyetməlik ehtirasının yoxluğu möcüzəydi.
   
   Bir dəfə də komissiya gələndə şagirdlərimiz göstərdikləri növbəti nömrəylə bütün məktəbi silkələdilər. Çıxış edəndə bir nöqtədə dayanıb sağ əlini var-gücüylə uzadaraq Leninin "danışan" heykəlinə oxşayan, elə hey sovet şagirdlərinin əməksevərliyindən bitməz-tükənməz misallar gətirən komissiya rəhbəriylə zarafat etmək istəyən şagirdlər, əvvəlcədən hazırladıqları al qırmızı pioner qalstukunu çantalarından çıxarıb o gələndə taxmışdılar. Rəhbər işçi bunu təxribat adlandırdı. "Məktəbiniz azğınlaşır" deyərək yamanca əsib-coşdu. Xeyli su və dərman içdi. Məktəblə bağlı ölçü götürüləcəyiylə bizi hədələsə də özünün əməllicə qorxduğunu hiss eləmişdik. Biz sonralar həmin hadisəni yadımıza salıb uğunurduq.
   
   Yenə təmtəkcə şəhərin lap mərkəzində gözümü ora-bura dikib hər tərəfdən yersiz yabanı bitkilər kimi göyərən binalara, klublara, parklara, reklam şitlərinə baxıb, hərdən dayandığım, hərdən də gəzişdiyim günlərin biri qarşıdan kiminsə əl eləyərək mənə doğru tələsə-tələsə gəldiyini gördüm. Yan-yörəmə boylandım, bəlkə həmin adamın mənə deyil, başqa birinə işarə etdiyini müəyyənləşdirmək istəyirdim. Həmin adam hövlənək mənə çatıb nəfəsini dərdi. Adama diqqətlə baxıb 11 yaşında kamazla Bakıya arvad-uşaq gətirən həmin oğlan olduğunu anladım. Olduqca yaxşı geyimdə, səliqəli üst-başda olsa da elə bil qocalmışdı. Onu çox diqqətlə süzdüm. Saçlarında xeyli ağ tük olduğunu sezdim. Bu ağlıq ona anlaşılmaz görkəm verirdi. Tanımayan adamçün onun yaşını müəyyən etmək çətin olardı. Mənə elə gəldi ki, o, həmin balaca oğlanı hardasa gizləyibmiş, məni görən kimi onu gizlətdiyi yerdən dərhal sevinə-sevinə çıxartdı. Əvvəlki kimi məsum və ciddi görünüşü vardı. Və o danışdıqca, qaşlarını çataraq vətəndaşlıqdan, torpaqdan, müharibədən, yaşı çatanda cəbhəyə gedəcəyindən, rayonlarını alacağından kişi-kişi danışan balaca oğlan gözümün önündə canlanırdı. İkimiz də həmin mövzulara qayıtmamağa çalışırdıq. Hiss edirdim ki, əvvəlki günlərdən söz düşəndə o da, mən də kamaz əhvalatından yan keçirik. Müharibədən isə ümumiyyətlə, danışmadıq. Gəzə-gəzə gəlib avtomobillər üçün ayrılmış parka çatanda parpar parıldayan, tündqəhvəyi, uzunluğu eni bilinməyən klassik inomarkasını təntənəylə təqdim edib dedi:
   
   - Bu maşını alanda anam dedi ki, səninlə fəxr edirəm. Məmləkətdə vicdanını bulaşdırmadan özünə bu yaşda maşın alan tək-tük kişilərdənsən... Almaniyadan özüm gətirmişəm.
   
   Nəzakətlə gülümsündüm və o, yenə nələrdənsə danışıb birlikdə şam etməyi təklif elədi. Gözümü onun inomarkasına zilləmişdim. Bir az düşünəndən sonra vacib işim olduğunu deyib şama gedə bilməyəcəyimçün üzr istədim. Sağollaşmağa hazırlaşırdım ki, paltosunun sol tərəfindəki üst cibindən vizit kartını çıxarıb mənə verdi. Dedi ki, bu yaxınlarda yenə Almaniyaya gedəcək, amma bu səfər maşın gətirmək üçün yox, başqa işlə bağlı. Mənimsə kordinatlarımı istəmədi. Onunla əlaqə saxlayacağıma söz verib getdim. Marşruta qədər bir az yeridim, cılız vücuduyla nə vaxtsa olduqca ağır yükün altına girən balaca oğlan xəyalıma gəlirdi. Kiçicik ovuclarıyla zorla tutduğu yekə, narahat kamaz sükanının arasından yola baxaraq hansı ürəklə və necə Bakıya qədər gəlib çıxdığını anlamağa çalışırdım.
   
   Özümü evə qədər demək olar ki, daşıyıb gətirdim. Bir dənə yaxşı, ətirli çay düzəldib, vedrə boyda fincanımı ağzına qədər doldurdum ki, durub təkrar çay süzməyim, eləcə də divana yapışıb qaldım. Əgər kimsə bizim milli xüsusiyyətlərimizdə ortaq zövqləri araşdırsa görər ki, birmənalı olaraq hamımız çay içməyi sevirik. Türkiyəlilər ləzzətlə hazırladıqları türk qəhvəsi, ingilislər südlü çayla qürrələndikləri kimi, biz də evimizə dəvət olunan adamı əvvəlcə mütləq pürrəngi çaya qonaq edirik və bütün günü yeri gəldi, gəlmədi çay içirik. Çay qurtum-qurtum içimi isitdikcə başımın dumanı açılırdı. Axır zamanlar yerli televiziyalar hamını mənasız verilişlərlə heydən saldığı üçün əhali demək olar ki, heç birinə baxmırdı. İntellektsiz üzləri görməkdən bezmişdik. Baxımlı bir proqram axtarıb kanalları çevirirdim ki, xarici moda tv-lərindən birində manikenlərin əynində bacımın boynunda ağ xəz olan Nikolaydanqalma kürkünə bənzər üst geyimləri gördüm. Ekranın aşağısında və manikenlərin gedib-gəldiyi podiumun fonunda "yeni ilin qış kolleksiyası" yazılmışdı. Dəbdə olan kürkləri nümayiş etdirən manikenlər isə ola bilər ki, ömrü boyu köhnəliyi yenilik kimi təqdim etməkdən təngə gəldikləri üçün həmişəki kimi cansız görünürdülər. Çayımı yarımçıq qoydum, manikenlər haqda çox düşünmədim, qaçıb köhnə pal-paltar olan dolabı eşələyib kürkü tapıb çıxardım. Yerə sərib tumarladım, ağ xəz təp-təzə qalmışdı, təravətini də itirməmişdi. Onu yumşaq iri dişli şotkayla darayıb asılqana keçirdim. Kürkə xeyli məmnun-məmnun baxdım və sonra xoşbəxtcəsinə yerimə uzandım. Bu kürk mənim şirin xatirələrimin hopduğu yaddaş abidəsiydi. Qaranlıq dolabın küncündə büzüşüb qalan kürklə yenidən qovuşduğumuzda hiss elədim ki, o da mənim kimi qəfildən tənhalıqdan qopdu elə bil . Onu təzədən asılqandan çıxarıb bərk-bərk qucaqladım. Adam xatirələrini qucaqlayanda xəfif hisslər keçirirmiş. Hər gün evdən çıxanda axşamdan yaranan kürkü geyinmək fikrimdən daşınırdım. Onu çıxarıb gecədən hazır qoyur, səhər ona xeyli baxır, sonra köhnə paltomu geyinib gedirdim.
   
   Uşaqlarımla dendroparka gedəcəyimiz gün əhvalım çox yüksək idi. Evdən çıxanda mənə elə gəldi ki, hər yer gözəlləşib, sakit aydın hava içimə dolub rahat ovqat yaradırdı, özümü yenilənmiş hiss edirdim. Qar yağmadı, amma biz heç təəssüflənmədən yığışıb dendroparka getdik. Burada nadir bitkilərin qorunduğu az-maz hiss olunurdu. Uşaqlarım balaca pişik balaları kimi atılıb düşürdülər. Ora hoppanırdılar, bura dırmaşırdılar, bir-biriylə zarafat edir, hər şeyə gülürdülər. Cürbəcür şıltaq hərəkətlərlə parkı bir-birinə qatan şagirdlərimə baxmaq ağ xəzli kürk qədər həzin hisslər oyadırdı məndə. Bir də onlara baxanda uşaqlıq dostumu düşünürdüm. O, özünün də anlamadığı dəhşətlərdən özünü və başqalarını xilas edəndə yaşca bu uşaqlardan da kiçik olub. Və indi anlayırdım ki, biz tanış olanda o artıq kifayət qədər böyük idi. Bəlkə də yalnız indi diqqətimi çəkən saçları, o vaxt balaca əlinə sığmayan sükanın arxasında ağarmışdı.
   
   Uşaqlar həkdən düşənə qədər gah katamaranda dəniz qulduru, gah "Arşın mal alan " filminin qəhrəmanları, gah da qorunan ağacların həndəvərində tülkü, çaqqal, ayı oldular. Mən o qədər bu sevincə müdaxilə etmək istəmirdim ki, bircə dəfə də olsun onlara "evə getmək vaxtıdır" demədim. Uşaqlarımın təbii sevincinə baxıb başa düşürdüm ki, bu sevincin bircə şeyə ehtiyacı var - azadlığa. Hava əməllicə qaralanda onlar özləri mənə yaxınlaşıb artıq yorulduqlarını və evə getmək istədiklərini dedilər.

TƏQVİM / ARXİV