UŞAQ ÖLÜMÜ NİYƏ ARTIR?

FAİQ QİSMƏTOĞLU
63783 | 2015-01-23 09:50
Hər bir insanın öz arzusu və istəyi var. Aydındır ki, ailə qurandan sonra dünyaya uşaq gələndə hamı sevinir. İlk növbədə də hamıdan çox bu sevinci ata və ana yaşayır. Düzdür, babalar da sevinirlər ki, onların nəvəsi dünyaya gəlir. Nəvədən də şirin şey yoxdur. Çünki atalar deyib ki, dövlətdə dəvə, övladda nəvə. Bu həqiqətən də belədir. Nəvə bal kimi şirin olur.
Sözümüz bunda deyil. Sözümüz ondadır ki, bir çox həkimlərin səhlənkarlığı üzündən doğuş prosesi zamanı ana və uşaq dünyasını dəyişir. Bu ən azından bir elin, bir nəslin və bir ailənin ümidsizliyə qapılması deməkdir. Hələ üstəlik, dərdin, kədərin içində boğulan bu insanlar bir müddət özlərinə gələ bilmirlər.
Ürək ağrısı ilə deməliyik ki, ötən il respublikamızda doğuş prosesi zamanı çoxlu sayda uşaq dünyasını dəyişib. Onların bəzisi ana bətnində ölüb və bəziləri də doğuşdan sonra həkimlərin səhlənkarlığı nəticəsində dünyalarını dəyişiblər. Xüsusən də bu cür faktlar rayonlarda daha tez-tez baş verir. Qəribə də olsa deməliyik ki, bir çox qadınların hamiləlik dövründə elə bir problemi olmasa da doğuş prosesində onlar çətin anlar yaşayır, ya özləri dünyasını dəyişirlər, ya da övladları ölürlər.
Əlbəttə, son illər respublikamızda səhiyyənin inkişafı üçün dövlət səviyyəsində çox böyük layihələr həyata keçirilib. Ən azından regionlarda və rayonlarda müasir tələblərə cavab verən tibbi diaqnostika mərkəzləri istifadəyə verilib. Və bu mərkəzlər ən müasir texnika və texnologiya ilə təchiz edilib.
Bəli, ilk baxışdan hər şey çox gözəl və yaxşı görünür. Şərait var, mövcud avadanlıqlar hər cür imkanlara malikdir və eyni zamanda texniki problemlər yoxdur. Bunlar hamısı alqışlanası və müsbət addımlardır. Amma aysberqin görünməyən tərəfi ondan ibarətdir ki, hamilə qadınların doğuş prosesinə qədər keçirdikləri patoloji proseslər və yaşantılar bir o qədər də həkim nəzarətində olmur. Və bəzən olsa belə, həkimlər nədənsə zamanında baş verən patoloji dəyişiklikləri aşkar edə bilmir. Bu da birmənalı olaraq regionda yaşayan və işləyən bəzi həkimlərin təcrübəsizliyindən, səriştəsizliyindən və öz işini kifayət qədər yaxşı bilməməsindən irəli gəlir.
Biz demirik ki, regionlarda və rayonlarda savadlı, təcrübəli, yaxşı həkimlər yoxdur. Belə həkimlər rayonlarda kifayət qədərdir. Ancaq gəlin razılaşaq ki, heç də xəstələrin müraciət etdikləri genekoloqların hamısı o qədər də savadlı və təcrübəli deyillər. Əgər onlar yetərincə savadlı və təcrübəli olsaydılar doğuş prosesi zamanı neçə-neçə ana və uşaq həkim səhlənkarlığının, diqqətsizliyinin qurbanına çevrilməzdi.
Xəstəni ağır vəziyyətdə hər hansı rayon xəstəxanasının genekoloji şöbəsinə gətirirlər və orda da həkimlər görürlər ki, pasiyentin vəziyyəti olduqca ağırdır, lakin tamah onlara güc gəldiyinə görə etiraf edib bildirmirlər ki, bu bizlik deyil. Onu təcili ya Bakıya, ya da rayon mərkəzi xəstəxanasına çatdırın. Çünki zamanında aşkarlanmış hər hansı ağır xəstəlik operativ də müdaxilə tələb edir. Bu cür xəstələr vaxtında Bakıdakı aidiyyəti xəstəxanalara çatdırılsa, həmin pasiyentlərin həyatını xilas etmək o qədər də müşkül məsələ deyil. Sadəcə olaraq, hər xəstəliyin öz mütəxəssisi və bilicisi var. Həmin mütəxəssisə də zamanında müraciət edildikdə pasiyentin səhhətində yaranmış mövcud problem aradan qaldırıla bilər.
Sirr deyil ki, bir çox insanlar ailələrini və uşaqlarını itirəndən sonra hüquq-mühafizə orqanlarına müraciət edirlər. Təbii ki, hüquq-mühafizə orqanları da faktlara istinad edərək həkim səhlənkarlığına və savadsızlığına görə doğuş prosesi zamanı dünyasını dəyişən ana və uşaqlara görə cinayət işi başlayır və təqsirkar şəxsləri məsuliyyətə cəlb edirlər. Bu barədə istənilən qədər faktlar sadalamaq olar və kimlərinsə soyadını, adını xatırlamaq mümkündür. Çünki həkim səhlənkarlığının qurbanı olan çoxlu sayda pasiyentlər də var.
Gəlin bir məsələyə də obyektiv münasibət bəsləyək. Çünki hər şeyi həkimlərin üstünə atmaq və onları ittiham etməka də bir o qədər obyektiv, ədalətli deyil. Ona görə ki, bəzi pasiyertlər həkimlərin yanına vaxtında getmir, tibbi müayinədən keçmir və səhhəti ağırlaşanda həkimə üz tuturlar. Bu zaman isə həkimlər çıxılmaz vəziyyətdə qalır. Yəni müəyyən hallarda doğuş prosesində həkimin səhlənkarlığı varsa, bir çox məqamlarda da pasiyentlərin məsuliyyətsizliyi yaranır ki, onlar vaxtında həkimlərə müraciət etmirlər.
Hər halda, həm həkim, həm pasiyent məsuliyyətli olmalıdır ki, mövcud problemlər zamanında aradan qaldırılsın və doğuş məqamında ana və uşaq sağ-salamat qalsın.

TƏQVİM / ARXİV