adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Robot əxlaqı

CEYHUN MUSAOĞLU
31149 | 2009-01-31 05:06
"Hörmətli abunəçi, zəng etdiyiniz istiqamətdə bütün kanallar məşğuldur" xəbərdarlığındakı mədəniyyət adamda əsəb xəstəliyi yaradır. Hər addımda bir-birinin azadlığını işğal edənlərin məskunlaşdığı icmada operator xanımların "lütfən bir az sonra zəng edin" xatırlatması ən kəskin söyüş və bu söyüşü eşidəni barmağına sarımaqdır.
   
   Təsəvvür edin, evdəsiz və kompüterdə işlədiyiniz zaman işıqlar artır-azalır, yəni dalbadal "göz vurur". Vəziyyət bir neçə dəqiqə belə davam etsə, kompüteriniz sıradan çıxa bilər. Təbii ki, telefon dəstəyini götürüb, ərazinin işıq idarəsinə zəng edirsiz. Yoğun kişi səsi eşitməyə və şikayətinizi söyləməyə hazırlaşırsız ki, xanım deyir: "Hörmətli abunəçi, zəng etdiyiniz istiqamətdə bütün xətlər məşğuldur".
   
   İşıqlar yenə göz vurur, "gözvurma əməliyyatı"nın uzun müddət davam edəcəyini təcrübədən bilirsiz, kompüterin sıradan çıxma təhlükəsi çoxalır, onu söndürsəz işıniz yarımçıq qalacaq. Deməli, əsəbiləşmək haqqından istifadə etmək məcburiyyətindəsiz. Sizi eşidə bilmədiyiniz yoğun kişi səsi yox, eşitdiyiniz incə operator xanım səsi yoldan çıxarır. Dəstəyi yerə çırpıb deyirsiz: "Cəhənnəmə bütün xəttlər məşğuldur". Robot imkan vermir ki, sakinlərə qarşı tərbiyəsizlik edən işıq idarəsinin məsul şəxsinə "əgər xəbərdarlıqsız mənim evimdə hər hansı bir texnikanın sıradan çıxmasına şərait yaradan hərəkət edirsənsə, terrorçusan" deyib, qoyun olmadığını, çörəyi qulağının dibinə yemədiyini başa salasan.
   
   Bəli, buralarda robotların dalında gizlənənlərin sayı əvvəl beş-beş artırdı, indi beş yüz-beş yüz artır. Dünyaya böhran ixrac etdiyi halda demokratiya paylaması görüntüsünü yaradan ABŞ-ın ölkəmizdəki səfirliyinin mətbuat xidmətində telefonlara "avtootvetçik" cavab verir. Günün hansı saatında zəng edirsənsə, dostumuz-qardaşımız Mehdinin əvəzinə robotu eşitməli olursan.
   
   Hissə qapılmadan deyilən "lütfən", "hörmətli" ifadələri onların ünvanladığı şəxslərə ən ağır söyüşdür. İnsanlarda axtardığın nəzakəti robotlarda görəndə, əxlaqsızlıq girdabına düşdüyünü bir daha anlayırsan.
   
   Özünü tərbiyəli göstərməyə çalışan adamlar da robotlardır, məncə. Onlar davranışlarına qəsdən nəzakət maskası taxıblar. Ki, yalanlarını üzlərinə vuran olmasın. Beləsi başqasının azadlığını gəmirəndə "nə qədər mədəni, alicənab adamdır" reaksiyası ilə qarşılaşır. Bütün əclaflıqları bu reaksiya ilə reaksiyaya girərək ordan alnı açıq, üzü ağ çıxır beləsinin. Nəzakət maskası altında qazanılan bir qələbə növbəti əclaflıqlara stimul verir. Ona görə də nəzakətli görünən adamlardan iyrənirəm.
   
   Sonuncu qənaətimdən sonra mənə irad bildirəcək şəxslərə nəzakətli görünən iki nəfərin dialoqunu təqdim edirəm:
   
   - Necəsiniz?
   
   - Çox sağolun, Allaha min şükür. Bir tikə çörək tapıb yeyirik.
   
   - Əlbəttə, əlbəttə, bu zəmanədə ac qalmırıqsa, Ulu Yaradana minnətdar olmalıyıq...
   
   - Çox-çox üz istəyirəm, sözünüzün arasında balam dursun, siz Allah, məni düzgün başa düşün, ananız necədir?
   
   - Lap yaxşıdır, lap yaxşı... Canınıza dua oxuyur.
   
   - Xahiş edirəm, ona mənim salamımı çatdırasınız. Deyərsiniz ki, onun dadlı, ləzzətli, xoş ətirli yeməkləri üçün darıxmışıq. Həyat yoldaşım Moskvadadır. İnşallah, yaxınlarda gəlməlidir...
   
   - Sözünüzü balnan kəsim, həyat yoldaşınızı da götürüb, bir gün bizə gəlin.
   
   - Necə də ürəyimi oxudunuz, elə mən də onu demək istəyirdim.
   
   - Deməli, yaxın günlərdə görüşəcəyik...
   
   - Əlbəttə, bizim ailənin sizin ailəyə xüsusi rəğbəti, hörməti, sayğısı var.
   
   - Olduqca minnətdaram. Bizim ailənin də sizin ailəyə rəğbəti, hörməti, sayğısı bir o qədərdir.
   
   - Sizinlə görüşümdən məmnun qaldım. İnanmazsınız, dünən röyamda sizi, ananızı, gül balalarınızı görmüşdüm. Durub suya danışdım...
   
   - Su tərpənmədi ki?
   
   - Tərpəndi, tərpəndi.
   
   - Suya yuxu danışanda tərpənirsə, deməli, çin çıxacaq.
   
   - Çin çıxdı da.
   
   - Hi,hi, hi...
   
   - Hi, hi, hi...
   
   - Hələlik, salamat qalın.
   
   - Sizə də uzun ömür, ailənizlə birlikdə can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
   
   Mənim kimi düşünənlər bu dialoqu belə adlandırır: "İt otu bağayarpağı". İzah edərdim, sadəcə, nəzakətli görünməyə çalışan, vuruşan adamların obrazını canlandırmaq üçün hazırladığım dialoqdan sonra ürəyim bulanmağa başladı. Gərək ayaqyoluna gedim. Növbəti şənbə gününə qədər özümə gəlsəm, icmamızda nəzakət maskası taxanların ad və soyadlarını oxumaq istəyənlərə "İt otu bağayarpağı" rubrikası altında sıralayacam.

TƏQVİM / ARXİV