CAN AğRISI

ƏBÜLFƏT MƏDƏTOĞLU
35323 | 2009-01-31 05:05
Sovet ordusunda xidmət keçənlər yəqin ki, indi də həmin günlərin bir məqamını şirin xatirələr kimi yaşayırlar. Bu da ordudan ya məzuniyyətə, ya da tərxis olunub gələn məqamdı. Belə ki, biz, yəni azərbaycanlılar Sovet (yəni rus) ordusunda qulluq keçəndə adətən elə hərbi hissələrə göndərilirdik ki, orada daha çox yer qazmaq, palçıq qatmaq, daş daşımaq, rəng çəkmək, bir sözlə, söküntü-tikinti məsələləri... Lap ən yaxşı halda hansısa yanacaq və yaxud da ərzaq anbarlarını qorumaq. Amma...
   
   Deməli, Sovet ordusunun həmin hərbi hissələrində çox az-az hallarda zabitlərin hərbi çini, yəni rütbəsi polkovnik olardı. Adətən bu cür hərbi hissələrdə zabit heyəti daha çox kapitan, mayor, polkovnik-leytenant olurdu. General ulduzunu görmək yuxuda mələk görmək kimi bir şey idi. Di gəl ki, bizlər ordudan evə qayıdan kimi kənd arasında sinəmizi qabardıb yekə-yekə danışardıq ki, bəs "generalın qızı ilə gəzirdim... Polkovnikin evində qalırdım... Mayor özünü öldürdü ki, qızımı al, maşınımı da, evimi də sənə verim..." və sair və ilaxır. Amma haqq üçünə çoxumuz heç o ulduzların fərqini də bilmirdik. Lakin bir quru bəyliyimiz, ədamız var idi, mütləq sinəmizə döyməliydik. Və adını da özümüzdən uydurduğumuz hansısa Nataşanı, Veranı və kimisə fırladığımızı adımıza yamaq eləməliydik. Nəsə bu bizdə xəstəlik kimi bir şey idi.
   
   Bu məqam yadıma təsadüfən düşmədi. Bu günlərdə tələbəlik illərinin dost-tanışları ilə bir yerə yığışmışdıq, necə deyərlər, öz məclisimiz idi. Və hər kəs də ordan-burdan, dağdan-arandan danışırdı. Hamımızın xətrini çox istədiyimiz və içimizdə ən abırlılardan biri olan dostumuz bilmirəm içkinin təsirindən idi, yoxsa o da dəstədən geri qalmamaq üçün qəflətən bir söz işlətdi. Bizə də elə o söz kifayət etdi ki, ucundan tutub ucuzluğa gedək. Dedi ki, tələbə vaxtı Xarici Dillər İnstitutunun yataqxanasında bilirsiniz nə günlər görmüşəm... Ardını təsvir etmirəm, özünüz fikirləşin o nə günlər görüb, mən gəlim mətləb üstünə.
   
   Həmin söhbətdən iki-üç gün keçmiş qəflətən rastlaşdıq. Sözü fırlayıb həmin məsəlin üstünə gəldim. Dostumu qurdaladım ki, görüm bizə motal atıb, yoxsa həqiqətən onun da qəribə macəraları olub. Tutuldu. Elə tələbəlik illərində olduğu kimi yanaqları qıpqırmızı qızardı. Təkcə bir söz dedi:
   
   - Sizin yanınızda ala qarğa bala çıxarmaz!
   
   Bəli, başa düşdüm ki, dostum dilinin bəlasına düşüb. Bir sözlə, özü-özünü ifşa edib. Görünür, bu ehtiyatsızlıq onun üçün gözlənilməz olduğu qədər də ağrılı idi. Çünki üstündən 30 ildən artıq vaxt keçmişdi və onun indi nəyə görəsə qızarması ilk anda başa düşülən deyildi. Lakin onu dolayacağımızı bildiyindən mənə üz vurdu. Dedi ki, öz aramızda qalsın, doğrudan da mənim də keçmişimdə nələrsə olub, amma yerin də qulağı var deyirlər. Xanımım qısqancdı, siz də çənəsi boş. Birdən ağzınızdan söz qaçırarsınız, ondan sonra day mənim günümü özünüz təsəvvür edin.
   
   Bu söhbət Sovet ordusundan qayıdan bizlərin özünü öyməsinə nə qədər oxşasa da, amma görünür, "suyun lal axanı, insanın yerə baxanı" zərb-məsəli də elə-belə deyilməyibmiş. Bizim bildiyimizə görə, dostumuzu valideynləri evləndirmişdi. Hətta nişan gününə qədər ona kimin alındığını da, hətta nişanlısının adını da bilməmişdi, amma sən demə, onun də öz "romanları" varmış...
   
   Həyat sirlərlə doludur - deyirlər. Əslində həyatı sirli edən elə bizlər, yəni insanlar imiş. Dostumuzun sirrini bildik, gizlətməyə gücümüz, daha doğrusu, səbrimiz çatmadı. Onun günahına şərik olmağa hazırıq. Çünki günahsız bəndənin varlığına heç vaxt inanmamışam.

TƏQVİM / ARXİV