adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

DAR çAğI

VAHİD ƏLİFOĞLU
20415 | 2009-01-31 05:05
... Dərmansız, davasız bəlanın, dərdin,
   
   Dalınca göz yaşı tökməyə nə var.
   
   Quyunun dibində qalanın dərdin,
   
   Quyunun başında çəkməyə nə var...
   
   
   
   ... Bir "şair" dostum var. Təsadüfən yolda rastlaşdıq. Əlindəki bazar zənbilinə oxşayan bağlamadan sanballı bir kitab çıxardı, elə dizinin üstüncədə avtoqraf yazıb bağışladı mənə. Üç yüz səhifəlik, yalan olmasın Sovet dövründə buraxılmış Ensklopediya ölçüsündə. Əlimdə təxmini ağırlığını müəyyənləşdirməyə çalışaraq soruşdum:
   
   - Sağlığına qismət. Bunu hansı hesaba çap etdirmisən...
   
   "Şair" səsinin tonunu aşağı endirib "müdrikcəsinə" pıçıldadı:
   
   - Oxuyanda görəsən. Bunun xərcini çəkənin atasına içərisində poema yazmışam...
   
   ... Amma nə oxudum, nə də nəyisə gördüm...
   
   ... Heç bir axşam üstü bu günkü kimi darıxdırıcı olmayıb. Bəlkə də günəşin dağların arxasına endiyi, yavaş-yavaş saralıb yox olduğu görünsəydi belə olmazdı... Güman ki, bir az başqa cür olardı. Amma elə belə də oldu. Səbəbi də ondadı ki, səhər açılandan göyün üzü "örtüldü". Nəinki günəşin batdığı, heç çıxdığı da hiss olunmamışdı və daha bir gün də beləcə "say hesabı" yerdəkilərin ömrünə yazılırdı, vəssəlam...
   
   ... Keçən gecə qəribə yuxular görmüşəm. Ayılana qədər yalnız xəritələrdə gördüyüm ölkələrdə "yaşamışam", adını eşitdiyim şəhərlərin küçələrində "gəzmişəm"...
   
   ... Bu "say hesabı" məsələsi yüz faiz mənə və kənd Horadizli Əvəz kişiyə aiddir...
   
   ... Mən demirəm ki, Haramı boyda bu düzənliyin ortasında dünyanın dərdini çəkən iki nəfər var. Biri mən, biri də həmin bu Əvəz kişi ki, bir saatdı kəsib qabağımı böyürlərini ovuşdura-ovuşdura sızıldayır:
   
   - Qağa, bu ağrılar öldürür ey, məni...
   
   ... Çox qəribə və təəccüblüdür ki, bilmirəm hardansa heç ağlıma gəlməyən Aydın Məmmədov "girib" düşüncələrimə və nədənsə çıxıb evə getmək istəyirəm, di gəl ki, bu kişi imkan vermir ki, vermir...
   
   Desəm ki, Aydın Məmmədovu həmişə xatırlayıram, onun yoxluğunu tez-tez hiss edirəm, bu yalan olar... Çünki mənim Aydın Məmmədovla nə şəxsi tanışlığım olub, nə də sözüm, söhbətim...
   
   Elə nədənsə bu "böyük adam" bu darıxdırıcı günün dar çağında "düşüb" dalıma və mən bir az da "hövsələ meydanımın" get-gedə daraldığını hiss etməkdəyəm...
   
   ... Bir siqaret də yandırıb özümü şən və gümrah göstərməyə çalışdım:
   
   - Eh, ay rəhmətliyin oğlu, az ufulda də. Əhəmiyyət vermə... Gül, danış... Yadından çıxsın ağrıların...
   
   Əvəz kişi yazıq-yazıq baxdı üzümə:
   
   - Yadımdan çıxmır ey, qardaş. Ha fikrimi yayındırıram ağrıyır elə. Neyniyim axı?
   
   - Neyniyəsən? Get kəndir tap, özünü as... Əvəz kişi "düzəldi", maraqla, heyrətlə bir xeyli üzümə baxıb, qəfil əlini-əlinə çırpıb bərkdən güldü və boğula-boğula dedi:
   
   - Allah qoymasa kəndiri bağlamağa ağac var ki, özümü asam? Qəsəbədəki ağaclar adam boyu qalxmamış quruyur. Haramının "şoru" imkan verir ki...
   
   ... Aralandım. On-on beş addımdan sonra çevrilib baxdım. Əvəz kişi hələ də bayaqkı yerindəydi... İstədim qayıdıb ondan soruşam ki, sən Aydın Məmmədovu tanıyırsan? Qayıtmadım. Bildim ki, soruşsam da onsuz da deyəcək ki, tanımıram...
   
   ... Ədəbi mühit Aydın Məmmədovsuz çox adi və bəsit görünür. Elə bil nəsə, çox lazımlı bir şey çatışmır. Ziyalı sözü bir azca his eləyən lampa işığına bənzəyir Aydınsız...
   
   ... Ədəbiyyatımızda xidmətləri olanların sicilləmə siyahısını ayaqdan başa, başdan ayağa ha oxuyuram, ziyalıların boy sırasız, adda-budda cərgələnməsinə ha göz gəzdirirəm Aydın Məmmədovun adı yoxdu...
   
   Daha Aydın Məmmədov sağ deyil ki, atasına poema yazıb kitabını çap etdirəsən... Milli Məclisin keçmiş yığıncaqlarının lent yazıları göstərilir, bir daha xatırlanır, Aydınsız...
   
   ... Bilmirəm Aydının mindiyi maşının çırpıldığı, Aydını bizdən həmişəlik alan Qax yolundakı o ağac durur, yoxsa yox?... Və o ağacın boy-buxunu hansı ölçüdədi? Görəsən o ağac Əvəz kişinin Hapramıda tapa bilmədiyi, budağından kəndir asmaq həddindədimi?...
   
   
   
   ... Nələr eləmədik, dözdü göy üzü,
   
   Göz yaşı içində üzdü göy üzü.
   
   Qara çarşablardan bezdi göy üzü,
   
   Yer üzünə sərin, dağılışağın...
   
   
   
   Haramıdadı alınma yazılan quyu,
   
   Vedrə kəndirindən asılan quyu.
   
   Bizim adımıza qazılan quyu,
   
   Boyumuzda dərin, dağılışağın...
   
   
   
   Birinci əlindən qaçan o dəryaz,
   
   Bayquş evi gəzir uçan o dəryaz.
   
   Qılınc əvəzinə biçən o dəryaz,
   
   Çoxdan azıb vərin, dağılaşağın...
   
   
   
   Haqqın sarayına dəli yeridi,
   
   Əlinin üstünə Vəli yeridi...
   
   Qardaşım, bu dünya ölü yeridi,
   
   Bir fatihə verin, dağılışağın...
   
   
   
   ... Bu yazını mən yazmamalıydım. Yaza bilənlər yazmalıydı. Axı mən Aydını yaxından tanımamışam heç vaxt... Heç vaxt sözü yerinə düşmədi, deyəsən... Və bu yazını yazmaqla hamımızın boynunda haqqı olan o "böyük adamın" xatirəsinə minnət qoymaqdan çox-çox uzağam. Aydın Məmmədov haqqında nəsə demək üçün mən çox "uşağam" hələ...
   
   ... Nədənsə darıxdım və ağlıma gələnləri dedim. Görünür Adam darıxanda elə belə olur... Aydın da darıxırdı... Bəlkə də Aydının Qax yoluna gedib çıxmağı da darıxmağından irəli gəlmişdi... Onda tək günəşi qüruba gedən günün deyil, çox şeylərin dar çağıydı...
   
   P.S. Sabah Əvəz kişi ilə rastlaşsam və öyrənsəm ki, özünü asmağa ağac tapmayıb deyəcəyəm ki, get özünü at Araza... Arazın da suyu yaman azalıb...

TƏQVİM / ARXİV