hacklink Adalet.az | GECƏNİN BARINI YARAN MÜHÜM XƏBƏR Adalet.az | GECƏNİN BARINI YARAN MÜHÜM XƏBƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GECƏNİN BARINI YARAN MÜHÜM XƏBƏR

Berlin, 8 mayyy, 1945-cci il. KAPİTULYYASİYYA AKTININ İMZALANMASI

21495    |   2009-01-31 05:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə nömrəsində)

1945-ci il may ayının səkkizindən doqquzuna keçən gecə Moskva vaxtı ilə saat iki radələrində səsinin əzəməti, nitqinin səlistliyi və kütlələrə emosional təsir gücünə görə müharibə illərində xüsusilə fərqlənən, sovet təbliğat maşınında müstəsna rol oynayan İttifaq radiosunun diktoru Yuri Levitan mikrofon qarşısında danışmağa başladı. Məsəl var deyərlər, "gecənin xeyrindən gündüzün şəri yaxşıdır". Yox, bu dəfə hər şey başqa cür oldu. Bu dəfə Levitan həmişəkindən daha təmtəraqlı, daha möhtəşəm danışırdı. Nə zamandan bəri hər kəsin həsrət və intizarla gözlədiyi xəbəri bənzərsiz ifa tərzi ilə ilk dəfə o səsləndirdi:
   
   "Diqqət, danışır Moskva. Sovet İttifaqının bütün radiostansiyaları efirdədir. Bu gün Berlində alman komandanlığının nümayəndələri tərəfindən qeyri-şərtsiz kapitulyasiya barədə akt imzalanıb! Sovet xalqının apardığı müharibə qələbəylə nəticələndi. Faşist Almaniyası tamamilə darmadağın edildi!"
   
   Müharibə başlanandan üç gün sonra Sovet İttifaqı Məlumat Bürosu adlanan yeni qurum yaradılmışdı. Onun məqsədi rəsmi xəbər, müraciət və digər məlumatları, beynəlxalq aləmdə baş verən hadisələri, cəbhə bölgələrində vəziyyəti, eləcə də ölkədə gedən prosesləri operativ şəkildə mətbuatda və radioda işıqlandırmaq üçün material hazırlamaq idi. Mühüm xəbərləri insanlar Levitanın dilindən eşitməyə alışmışdı. Deyilənə görə, Hitler onu bir nömrəli düşməni elan etmişdi və Moskva alınandan sonra dar ağacından asılacağını söyləmişdi. Eyni zamanda almanlar tərəfindən başına 250 min mark məbləğində mükafat ayrılmışdı. Bu səbəbdən səsi hər kəsə bəlli olan məşhur diktoru üzdən çox az sayda insan tanıyırdı.
   
   Əslində may ayının birində Reyxstaq üzərində Sovet bayrağı dalğalanan gündən müharibənin aqibəti hamıya aydın idi. Buna baxmayaraq, Berlin uğrunda gedən amansız küçə döyüşlərində hər saat minlərlə adam qırılırdı. Qova-qova Oder çayının sahillərinə sıxışdırılan faşist qoşun hissələrinin tərkibində hələ də milyona yaxın silahlı vuruşurdu. Cəbhə bölgəsinin ayrı-ayrı istiqamətlərində alman ordusunun qalıqları müqavimət göstərməkdə davam edirdi. Kapitulyasiya sənədi müharibənin son günlərində hər iki tərəfdən nahaq qan axıdılmasına rəsmən son qoymalı idi. General-feldmarşal Vilhelm Keytel və digər iki yetkili şəxs (Frideburq və Ştumpf), eləcə də mərasimdə iştirak edən marşal Georgi Konstantinoviç Jukov və müttəfiq dövlətlərin rəsmi nümayəndələri tərəfindən imzalanan Alman silahlı qüvvələrinin hərbi kapitulyasiya barədə aktı dərhal qüvvəyə mindi. Ertəsi gün paytaxtının xarabalıqları arasında son ana kimi müqavimət göstərən 134 min düşmən əsgəri silahı yerə qoyub təslim oldu. Mənim bildiyimə görə, tarixən kapitulyasiya barədə akt may ayının 7-də Reyms şəhərində imzalanıb. Stalin belə mühüm sənədin işğalçı Almaniyada deyil, Fransanın kiçik şəhərlərindən birində imzalandığını eşidəndə qəzəblənib. Onun fikrincə, bu tarixi sənəd yalnız məğlub ölkənin ərazisində imzalanmalı idi. Buraxılan səhvi düzəltmək üçün dərhal müttəfiq dövlətlərlə danışıqlar aparıldı. Ümumi razılıq əldə ediləndən sonra Reymsdə meydana gələn akt ön anlaşma kimi dəyərləndirildi və əsl sənəd may ayının səkkizi axşam saatlarında Berlin ətrafındakı Karlhorst yaşayış məntəqəsində imzalandı.
   
   Moskva radiosunda Levitanın səsləndirdiyi məlumat ildırım sürəti ilə aləmə yayıldı. Hava hücumundan qorunmaq üçün mənzillərdə pəncərələrdən asılan qara pərdələr tələm-tələsik çıxarıldı. İnsanlar sevincək düşüb küçələrə axışmağa başladı. Dost-tanış olmayan da bir-birinə sarılırdı. Yeni açılan səhərin səması belə bir xoş ovqatla işıqlandı. Bayram əhval-ruhiyyəsi bütün gün davam etdi. Bayraqlar, plakatlar, transparantlar şəhəri bəzədi. 9-u axşam göy üzünə yaraşıq verən atəşfəşanlıq kimsəni biganə qoymayacaq dərəcədə gözəl idi. Qəlblərdəki sevinc hissi bir ümman idi ki, aşıb-daşıb aləmi bürümüşdü. Milliyyətindən, cinsindən, yaşından, mövqeyindən asılı olmayaraq hamı bu ümmanda qərq olmağı arzulayırdı. Küçələr, meydanlar insan axınına tab gətirmirdi. Çalıb-oynayan kim, deyib-gülən kim. Bir hərbçi görəndə camaat onu qucağına alıb "sağ ol əsgər, yaşa, var ol, əsgər", deyə atıb-tuturdu. Küçələrdə ünvanlı-ünvansız təbriklər, mahnılar qulaq batırırdı. Yaxşı ki, o günlərdən xatirə qalan nadir kino lentləri, fotoşəkillər, saralmış qəzet səhifələri var. Misli görünməyən, miqyası ölçüyə gəlməyən xalq həyəcanını, çöhrələrdə doğan, baxışlara hakim kəsilən o səmimiyyəti, sevgini, inamı, paklığı, saflığı, ilkin şəkildə boyasız-riyasız yalnız o materiallarda görmək olur.
   
   O tarixi gecənin bənzərsiz mənzərəsi ledi Çörçil və onu müşayiət edən şəxsləri heyran qoymuşdu. Moskva radiosu ilə Britaniya Baş naziri Uinston Çörçilin sovet xalqına təbrikini xanım özü oxudu. Sovet radiosunda ABŞ prezidenti Harri Trumenin bəyanatı, Stalinin müraciəti də yayınlandı. Bayramın ertəsi günü xoş ovqatla Klementina Çörçil havası dumanlı olduğu qədər də siyasi atmosferi buludlu olan Londona qayıtdı. Orada da qələbə ovqatı yaşanırdı. Çörçil ailəsinin doğmaları, yaxınları üzün müddət Rusiya səfərindən yenicə qayıdan Klementinanın xoş xatirələrini dinlədi.
   
   May ayının 23-də İngiltərənin Baş naziri və hökumət üzvləri istefa versə də ser Uinston yaxın günlərdə keçiriləcək növbəti seçkilərdə qələbə qazanacağına şübhə etmirdi. Potsdam konfransına da ölkəsinin rəsmi təmsilçisi kimi yollanmışdı. Danışıqlarda zərrə qədər narahatlıq keçirmir, paralel olaraq Amerika prezidenti Harri Trumenlə gələcək birgə fəaliyyət barədə məsləhətləşmələr aparırdı. Almaniyanın məğlubiyyəti onların hər ikisinə Stalinlə müttəfiqliyin sona yetdiyini bildirirdi. Çörçil və Trumen əmin idilər ki, dünya yeni savaşın - soyuq müharibənin astanasında dayanıb. Onu qabaqcadan elan etmədən, sərhədləri keçmədən, topsuz-tüfəngsiz aparırlar. Çörçil bunu hamıdan gözəl bilirdi. Nahaq yerə onu soyuq müharibənin memarı adlandırmırdılar. Lakin ozünü milli qəhrəman, ümumxalq lideri statusunda görən ser Uinstonun siyasi imicinə gözlənilmədən güclü zərbə endirildi. İngiltərədə seçicilər mühafizəkarlara etimad göstərmədi. İyulun 26-dan etibarən Potsdam konfransında Britaniyanı yeni Baş nazir Klement Riçard Ettli təmsil etdi. Ona görə deyiblər ki, "sən saydığını say, gör Fələk nə sayır". Bəzən ağla gəlməyənlər insanın başına gəlir. Ser Uinston müharibədə qazanılan qələbədən sonra ona qarşı qədirbilməzlik kimi dəyərləndirilən bu münasibətin nə gerçək səbəbini anlaya bildi, nə də doğru-dürüst izahını tapdı. Başına gələnləri ürəyinə dərd etsəydi, yubanmadan bağrı çatlardı. Fəqət, tam əmin olmasa da ümid edirdi ki, onun təcrübəsinə, liderlik qabiliyyətinə bir gün yenə ehtiyac yaranacaq. Böyük siyasətçi ağır zərbələrə sinə gərməyi, üzləşdiyi haqsızlıqlara dözməyi, yalançı təriflərə və yersiz iradlara qulağını qapatmağı, kölgədə qalanda belə kölgə salmağı bacarmalı, kölgəsində daldalananlara sahib çıxmalı və ən nəhayət, gözü kölgəli olmamalıdır. Çörçil müharibə ilə siyasət arasında bənzərliklə yanaşı, çox önəmli bir fərq olduğunu da dilə gətirmişdi. O deyərdi ki, siyasət müharibə kimi, insanı həyəcanlandırır və eyni dərəcədə təhlükəlidir. Fəqət, müharibədə sənin cəmi bircə dəfə ölmək təhlükən var. Siyasətdə isə dəfələrlə məhv ola bilərsən. Parlament və hökumət üzvü kimi, bunu öz taleyində sınamışdı. Siyasi karyerasında dəfələrlə "ölüb-dirilmişdi".
   
   1946-cı ilin yanvar ayında "Xidmətlərinə görə" fəxri ordeni Kral şəxsən ona təqdim etdi. Həmin ilin mart ayında ABŞ prezidenti Trumen tərəfindən hüquq elmləri fəxri doktoru diplomuna layiq görüldü. Əlbəttə ki, bütün bunlar təcrübəli siyasi xadimin, dəyərli və duyğusal dövlət adamının könlünü almaq üçün müxtəlif bəhanələr idi. O da bunun fərqindəydi.
   
   Uinston Çörçilin sağlıq durumunda ilk ciddi problem hələ 1941-ci ildə yaranmışdı. O zamandan bəri ürək ağrıları onu ara-sıra narahat edərdi. 1949-cu ildə qəflətən infarkt keçirdi. Yaşlaşdıqca orqanizmdə sayı və çeşidi artan ağrılar, sancılar, mərəzlər hər kəsi daban-dabana təqib etməyə başlar. Belə vaxtda ruh düşkünlüyündən uzaq olmaq üçün Klementina kimi sədaqətli ömür yoldaşının varlığı həqiqətən böyük nemətdir. Ser Uinstona ən şəfalı dərman, təsirli məlhəm xanımının aramsız qayğısı, sonsuz diqqəti, tükənməz nəvazişi idi.
   
   1951-ci ildə mühafizəkarlar partiyası səs çoxluğu qazanaraq hakimiyyətə qayıtdı. Baş nazir kreslosuna yenidən 76 yaşlı Uinston Çörçil əyləşdi. Bu onun üçün həm də bir növ siyasi bəraət idi. 1953-cü ildə ədəbiyyat sahəsində xidmətlərini nəzərə alıb ona Nobel mükafatı verdilər. 1955-ci ildə səhhəti ilə əlaqədar dövlət qulluğundan həmişəlik ayrıldı. Təbiətin qoynuna çəkilib rahat bir guşədə xatirələrini yazmağa, ürəyi istəyəndə yağlı boya ilə rəsm çəkməyə davam etdi. Amma zaman ötdükcə insanın təkcə yaşı artmır, həm də vücudu yaşlanır, hafizəsi zəifləyir, tez yorulub halsızlaşır, taqətdən düşür.
   
   1963-cü ildə bu ailədə növbəti faciə yaşandı. Böyük qızları 54 yaşlı Diana xeyli yuxu dərmanı içərək özünə qəsd etdi. Bir qadın kimi həyatda onun bəxti gətirmədi. İki dəfə ərindən boşandı. Sıxıntı və üzüntülərdən, uğursuzluqlardan lap təngə gəldiyindən günlərin birində ömrünə qənim kəsilməklə həyatdan qisas aldı. Bizdə deyərlər ki, ölən ölür, vay qalanın halına. Bu faciə 88 yaşlı atanın zəifləmiş səhhətini bir az da laxlatdı. Övlad dərdi çəkmək bütün millətlərdə eyni dərəcədə ağırdır. Aradan iki il ötmüş Uinston Çörçil möhkəm soyuqladı. Bu, Fələyin ona göndərdiyi son çağırış vərəqi oldu. Artıq nə irəli gedəcək, nə geriyə dönəcək yolu qalmamışdı. Son dayanacaq lap yaxındaydı. 1965-ci il yanvar ayının 24-də ser Uinston Leonard Spenser Çörçil beyninə qan sızması nəticəsində dünyasını dəyişdi. Bu itkidən ən böyük zərbə onun 57 illik ömür-gün yoldaşı Klementinaya dəydi. Yaşı səksənə çatsa da belə çətin məqamda özünü ələ almağı bacaran, hüzn, kədər, qəm dəryasına batsa da ruhən sarsılmayan xanım qollarını çırmalayıb ərinin yarımçıq qalan xatirələr kitabını çapa hazırladı.
   
   Ailə başçısının vəfatından 3 il sonra əcəl yenə bu evin qapısını döydü. Bu dəfə Klementinanın 57 yaşlı oğlu Randolf (1911-1968) rəhmətə getdi. Bir çox oğullar kimi, o da uzun müddət atasının başmağını geyinsə də yerişini gedə bilmədi. Yəni siyasətlə məşğul olmağa başladı, amma gözəgəlim uğurlar qazanmadı. Öz dəsti-xətti ilə fərqlənmədiyindən siyasət aləmində yalnız ser Çörçilin oğlu kimi tanındı. Bacısı Sara Çörçil (1914-1982) də üç dəfə ərə getməsinə baxmayaraq, nəticə etibarı ilə sağlam ailəyə sahib ola bilmədi. Birinci ərindən boşandı. Digər iki sevgilisi isə vaxtsız-vədəsiz öldü. İçkiyə düşkünlüyü də başına bəla olmuşdu. Çörçil ailəsində dünyaya gələn beş uşağın içində bəxt sarıdan az-çox yarıyanı Meri oldu. O, tanınmış bir siyasətçi ilə xoşbəxt ailə həyatı sürdü. Atası barədə kitablar nəşr etdi, fotoalbom buraxdı. Ərindən 11 yaş kiçik olan ledi Klementina da təxminən bir o qədər ser Uinstonun vəfatından sonra yaşadı. Haqq dünyasına eyni vaxtda getməsələr də, hər ikisi demək olar ki, eyni yaşda ora yollandı. 1977-ci il dekabrın 12-də doxsanı haqlamış nəcib xanımı ərinin yanında basdırdılar.
   
   Cavanlıqdan Klementina ilə Uinston öz aralarında məktublaşmağı xoşlardı. Nə mutlu ki, bu adəti ixtiyar çağlarında da yaşatmağı bacardılar. Bəzən bir evin içində belə yazışırdılar. Görünür, elə mətləblər, hisslər var ki, onları yazılı şəkildə çatdırmaq daha rahatdır, səmimidir, təsirlidir. Arxivlərdə hər ikisinin olduqca duyğusal məktubları saxlanılır. Baş nazir fədakar, cəfakeş xanımına çox vaxt "mənim zərif pişiyim", deyə müraciət edərdi. Qırx illik evlilikdən sonra yazılan bir məktubu təqdim etmək istərdim. Siz onun məzmununa, ifadə tərzinə diqqət yetirin və səmimiyyətinə zərrə qədər şübhəniz olmasın. Bu cür ülvi münasibətlər həqiqətən həsəd aparılasıdır:
   
   "Mənim zərif pişiyim. Bu səhər məktubunu aldım. Sən heç təsəvvür edə bilməzsən ki, sözlərindən necə mütəəssir oldum. Səninlə bərabər keçən ömrümdə dəfələrlə elə olub ki, səni həddən ziyadə sevdiyimi sanki yenidən dərk etmişəm. Bundan böyük məhəbbət olmaz ki. İndi hiss edirəm ki, qəlbim sənin eşqinlə doludur. Getdikcə daha çox mənə gərək olduğunu anlayıram. Sənsiz neylərdim, mənim vəfalı Klemim? Bizim məhəbbətimiz xəzinədir. Biz həyatın bütün sınaqlarından çıxdıq, məşəqqətli illərdən keçdik, duyğularımız, münasibətlərimiz daha da möhkəmləndi. Hər zaman və əbədi sənin olan Uinston".
   
   Qəribədir ki, şəxsi ailə albomlarında, qohumların, tanışların evində, yaxud hər hansı muzeyin eksponatları arasında Uinstonla Klementinanın toy məclisinin şəkillərinə rast gəlmək mümkün deyil. Çörçilin bioqrafları müəyyən ediblər ki, 1908-ci ildə nigah kəsiləndə, dəbdəbəli toy gecəsində, eləcə də toyun sabahı günü ən yaxın adamlar üçün düzənlənən səhər yeməyində Con Vilyam Rayton adlı bir fotoqraf iştirak edib. Səbəbkarların, qonaqların, hətta Kral ailəsinin hədiyyələrinin də şəkillərinin çəkildiyinə şübhə yoxdur. Fəqət, indiyə kimi nə ailə üzvlərinə, nə arxiv əməkdaşlarına həmin mərasimlərdə çəkilən şəkilləri əldə etmək müyəssər olmayıb. Şerşelin memorial muzeyində də onlara rast gəlməzsiniz. O günlərdən xatirə kimi cəmi-cümlətanı bircə şəkli ictimaiyyətə təqdim olunub. Bəs, digər fotoları harada axtarmaq lazımdır? Toydan düz yüz il keçəndən sonra bu suala cavab tapmaq o qədər də asan deyil. Axtarışlarsa davam edir...


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK