adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Yanvar 2015 12:43
4880
ƏDƏBİYYAT
A- A+

Tərcümə Mərkəzində İsveç-Azərbaycan ədəbiyyatı müzakirə olundu

İsveç səfirliyinin İşlər üzrə müvəkkili cənab Tomas Danestad Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

 

Mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyəti barədə qonağa qısa məlumat verib, Mərkəzin bu vaxta qədər İsveç ədəbiyyatından tərcümə etdiyi nümunələrdən söz açıb: "İsveç ədəbiyyatından biz Pyer Lagerkvistin, Nobel mükafatı laureatları Selma Lagerlöfün və Tomas Tranströrmerin, həmçinin, Marqaret Ekströmün əsərlərini tərcümə və nəşr etmişik. Bu il məşhur içveç nasiri Avqust Strindberqin və istedadlı rejissor İnqmar Berqmanın əsərlərini, həmçinin, Berqmanın rejissor peşəsinin incəliklərindən bəhs edən və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsi üçün əhəmiyyətli olacaq "Berqman Berqman haqqında” kitabını tərcümə və nəşr etməyi planlaşdırırıq”. 


Sonra A.Məsud ötən ilin sentyabr ayında İsveçin Höteborq şəhərində keçirilən Beynəlxalq Kitab sərgisində iştirakı və təəssüratlarından danışıb: "Bu səfərdə qarşılaşdığım bir çox yaddaqalan hadisələrlə yanaşı, məni bir yazıçı kimi təsirləndirən, isveçlilərin dilinə, ədəbiyyatlarına münasibəti oldu. İsveçlilər üçün milli ədəbiyyatları, sanki, bir sitayiş məbədidir. Ədəbiyyata olan bu sakral münasibət ölkənin hər küncündə – "quyruq”larında İsveç yazıçı və şairlərinin şəkilləri ilə dünya ölkələrinə uçan təyyarələrindən başlamış, aeroport, küçə və xiyabanların divarlarına qədər ədəbiyyat muzeyini andıran bu məmləkətin hər tərəfində duyulur. Bu, ilk növbədə İsveç xalqının mənəvi zənginliyindən, yüksək maarifçiliyindən xəbər verən heyrətamiz ədəbiyyat sevgisidir ki, buna dünyanın hər ölkəsində rast gəlinmir”. 

 

Mərkəzin direktoru daha sonra İsveç dilinin Azərbaycan universitetlərində tədrisi məsələsinə toxunub: "Biz İsveç dilinin ölkəmizdə tədris edilməsində maraqlıyıq. Bu, dövlət və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi ilə yanaşı, ədəbi-mədəni mübadilələrin qurulması üçün çox böyük əhəmiyyət daşıyır. Çox istərdik ki, İsveçin ədəbi mühiti Azərbaycanı və onun qiymətli söz xəzinəsini yaxından tanısın. Düşünürəm bu işin, yəni İsveç dilinin tədrisinin təşkili ilə bağlı hamımız – İsveç səfirliyi, Azərbaycan Dillər Universiteti və ADA universitetləri birgə çalışmalıyıq. Bu layihənin maliyyə mənbələrini tapmalı, ümumi konsepsiya və tədris proqramları hazırlamalıyıq”.