adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

iyirmi altı idi onlar?

18988 | 2009-01-31 05:05
Söhbətimiz bu haqda olmayacaq. Keçmişdə "26-lar bağı" adlanan və adından asılı olmayaraq şəhər sakinlərinin asudə gəzdiyi, dincəldiyi, gənclərin görüşdüyü bağda sonuncu söküntü işləri aparıldı və bununla da bitdi. Son günlər bu barədə o qədər danışılır ki, sanki məsələ ciddi şəkildə müzakirəyə qoyulub və bu müzakirələrin nəticəsindən asılı olaraq qərar qəbul ediləcək: sökək, ya sökməyək? Söküldü. Çar dövründə inqilabçıları, üsyançıları, terrorçuları, xülasə, sözə baxmayanları edam edəndə orkestr çaldırırdılar. Bir dəfə edam vaxtı orkestrdə qoca fleytaçının başı çalğıya o qədər qarışır ki, məhkumun artıq o dünyalıq olduğundan xəbər tutmur. Qaydaya görə, bu zaman orkestr musiqini dayandırmalıdır. Amma qoca fleytada elə hey yeknəsək musiqi motivini təkrar-təkrar özü üçün ifa edir. Dar ağacının ətrafına toplaşan kütlə edam olanı yaddan çıxarır. Araya çökən ölü sükutda hamı küt nəzərlə fleytaçıya baxır ki, bu nə çalır, çalğısı ilə nədən bəhs edir? Nəhayət, orkestrdən başqa bir musiqiçi həmkarının çiyninə vurub deyir:
   
   - Kişi, çalğını saxla. Görmürsən artıq hər şey bitdi?
   
   Hər şey bitdi. Daha Bakının nə dərdi var, nə də bu şəhər xəstədir. Amma fleyta çalmaqda davam edir. "Tariximizə hörmətsizlik... Yerdən iyirmi üçünün qalığı çıxdı. Aha, deməli, Şaumyan bütün o illər ərzində İngiltərədə, ya da Hindistanda ömrünü keflə yaşayıb. Yaxşı, bir qalığın yoxluğunu yazdıq Suren müəllimin adına. Bəs iki qalıq da çatmır axı, onları kimə aid edək? Onlar da yəqin... eee... nə isə, bunun mənası yoxdur... Kabalistika başlayır... Əslində, 27 idilər onlar. Mikoyan görəndə ki, gəmi Həştərxana yox, Krasnovodskiyə (indiki Türkmənbaşı şəhərinə - red.) üz tutur, özünü atmışdı Xəzərin sularına və üzə-üzə gedib çıxmışdı Həştərxana (Anastas İvanoviçin idmançı dərəcəsi haqqında məlumat yoxdur - red.) ... Xeyr, Bakı sovetində iyirmi yeddi yox, səkkiz komissar var idi, qalanları onların adının üstünə hədiyyə olaraq əlavə edilmişdi, elə Əzizbəyov da əlavədən başqa bir şey deyildi..."
   
   Daha maraqlı fikirləri bu günlərdə, yəni artıq hər şey bitəndə Rusiyadan gələn rəylərdə tapmaq olar. Bakı komissarlarına abidənin sökülməsinə münasibət bildirən rus politoloqlardan biri Bakıda son günlərdə həyata keçirilən aktı Tallində 2007-ci ildə yerdəyişməyə məruz qalan "Bürünc əsgər"lə, şəhəri alman faşistlərindən azad edən döyüşçüyə qoyulmuş heykəllə müqayisə edir. Bu rəydə söhbət tarixdən və ya bugünkü ideoloji görüşlərdən asılı olmayaraq ona hörmətlə yanaşmadan getmir. Politoloq bunu çağırış, meydan oxuma adlandırır.
   
   Əlbəttə ki, müqayisə səhvdir. Bəli, Tallində "Bürünc əsgər"in yerinin dəyişdirilməsi ruslara və eləcə də Rusiya dövlətinə qarşı çağırış idi. Özü də bu çağırışdan, bu sınağaçəkmədən qalib Estoniya çıxdı. Estonlar xeyli əvvəldən geniş şəkildə elan etmişdilər ki, "Bürünc əsgər"in yerini dəyişəcəklər. Burda bir növ Qarsia Markesin "Elan olunmuş qətlin tarixçəsi" adlı kiçikhəcmli romanının konstruksiyasından istifadə etdilər. Həmin əsərdə qardaşlar bütün şəhərciyə əvvəlcədən gur səslə elan edirlər ki, biz filankəsi öldürəcəyik. Bunun gizli mənası odur ki, ay camaat, bizə mane olun, biz öldürmək, qatilə çevrilmək istəmirik. Şəhərlilər də bu elana cavab olaraq günahsız oğlanı gizlətməli və bununla da qardaşları nahaq qan tökməkdən, qatilə çevrilməkdən qorumalı idi. Makonda şəhərinin adamları isə üzərlərinə düşən mənəvi yükün əksinə hərəkət edirlər. Onlar oğlanı gizlətmək, qaçırmaq, başına gələcək fəlakətdən onu xəbərdar etmək əvəzinə, min bir işarə ilə qardaşları onun harda olmasına tərəf yönəldirlər. Beləliklə, elan olunmuş qətl baş tutur. Qardaşlar günaha batır. Əsl qatil isə Makondanın əhalisi olur. Onlar bu hadisəni, elan şəklində verilmiş bu çağırışı uduzur.
   
   Ruslar Tallində "Bürünc əsgər"lə əlaqədar geniş şəkildə elan olunan yerdəyişmənin qarşısını almaq üçün o qədər küy saldılar, o qədər çıxışlar etdilər, o qədər teledebatlar qurdular və o qədər Estoniyada yaşayan bir ovuc rusu o tərəf-bu tərəfə apardılar, meydanlara saldılar ki, guya sonda bunların heç bir mənası olmayacağını bilmirdilər. Çox yaxşı bilirdilər. Bu çağırışın qarşısını almaq üçün tamam başqa, əks çağırış siyasəti aparmaq lazım idi. Rusiyanın buna qüdrəti çatmırdı. Bu, SSRİ deyil. SSRİ-nin gücü çatardı. Ruslar tərəfindən "Bürünc əsgər"lə əlaqədar küysalmanın isə bir mənası vardı: "əşşi, nə istəyirsiniz edin, təki bizdən əl çəkin".
   
   Daha bir çağırış 2008-ci ilin avqust ayında Gürcüstan və Şimali Osetiya sərhədində baş verdi. Burda da, əlbəttə, bir qədər daha ciddi şəkildə küysalma baş verdi. Amma çağırışa lazımi cavab verilmədi. Hadisələr yəqin ki, tamamlanmayıb.
   
   Mövzudan uzaqlaşmamaq üçün qayıdaq öz başkəndimizə. Çox illər bundan əvvəl şəhərdə söz gəzirdi ki, "Sahil" metrosunun üstündə filankəs çoxmərtəbəli ev tikir və elə yaxınlıqda, nəvaxtsa "26-lar" adlanan bağda iri yeraltı qarac salınmalıdır. Ev tikildi, indi ora varlı adamlar köçüb yaşayır, bağın aqibəti isə uzandı. Birdən Bakı küləyi kimi gözlənilmədən bağı və onun tən ortasındakı bağı başladılar demontaj etməyə, yəni sökməyə.
   
   Bəs çağırış? Məgər Bakıda, Şamaxıda, Azərbaycanın digər yerlərində 1918-ci ildə bolşeviklərin, Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin və Daşnak partiyasının silahlı qüvvələri, özü də əksəriyyəti Rusiyadan göndərilən silahlı qüvvələr tərəfindən qırğınlar törədilməmişdi? Törədilmişdi. Bunun haqqında o qədər danışılıb, o qədər kitablar yazılıb, elmi konfranslar keçirilib. Çox yaxşı. Amma bunlar özümüz üçündür. Bunlar çağırış deyil. O vəhşiliklərə, o tarixi cinayətə görə bu abidədən istifadə etmək olmazdımı? Bu illər ərzində əmin olduğumuz həqiqətlərdən biri də odur ki, elə bir tarixi məqam yetişə bilər ki, nə vaxtsa toxunulmaz olan, ən görkəmli yerdə ucalan abidəni sökmək, tum çırtdamaq kimi asan bir şeyə çevrilə bilər. Bu gün "26-lar"ın abidəsini sökmək nə çətin işdir ki. O bağda digər abidələr də vardı. Onlar da o vaxt, ötən əsrin səksəninci illərinin sonunda çox mənasız hay-küylə dağıdıldı.
   
   Bu gün abidənin sökülməsini geniş şəkildə elan etmək, bunun ətrafında ictimaiyyəti birləşdirmək, başqa ölkələrə çağırış ünvanlamaq da olardı. Son günlərdə Rusiyada bu hadisəyə reaksiyadan məlum olur ki, bu siyasi aksiyanı həyata keçirmək olardı. Bizim buna haqqımız var. Bakıda törədilən mart qırğınlarına görə açıq şəkildə etiraz, ittiham ünvanlamaq olardı. Tarix bir dəfə baş verir. Amma həmişə yaşayır, bizimlədir. Vaxtı çatanda öz sözünü deyir.
   
   "26-lar" haqqında yenidən mübahisə açmaq, yaxud tarixi abidələrin sökülməsinin doğru olub-olmadığı barədə yorğun söhbətləri gündəmə gətirmək artıq gecdir. Bunu çoxdan, məqsədyönlü şəkildə etmək lazım idi. İndi bu barədə uzun-uzadı söhbətlər bir az mənasız yerə küysalmaya bənzəyir.
   
   Bir də axı, hansı tarixdən, hansı çağırışdan söhbət gedə bilər. Bu sonuncu söküntüyə Bakıda axır bir neçə il ərzində aparılan digər söküntülər və tikintilər kontekstində baxmaq lazımdır. Daha doğrusu, baxıb əhəmiyyət verməmək düzgün olar. Əhəmiyyət versən nə edəcəksən? Ən yaxşı halda fleyta çalacaqsan. Necə ki, indi çalınır. Amma bircə anlığa başını qaldırıb ətrafa baxsan görəcəksən sən çaldığın artıq bitib. Yenisi başlayır.

TƏQVİM / ARXİV