adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"ATLI" LOBYA

VAHİD ƏLİFOĞLU
30057 | 2009-01-24 00:05
Kar iki dəfə gülər, qaçqın hər ayın axırında
   
   Təzə atalar sözü.
   
   
   
   ... Sarmaşıq sarıldığı ağac yıxılanda anlayır ki, çatdığı ucalığa öz gücü ilə yetişməyib.
   
   Baba müəllimin qəsəbə toyunda dediyi sağlıqdan.
   
   
   
   ... Son vaxtlar yaddaşımda qəribə bir dəyişiklik əmələ gəlib. Ya deyilənləri elə o dəqiqə unuduram, ya da mənə xeyli gec çatır.
   
   ... Mənsub olduğum nəslə kənddə "Əsgərli" tayfası deyirlər. Anam söhbət edərdi ki, yaylağa köçənlər köçürdülər, hələ desən az qalardılar dönələr arana, "Əsgərlilər" təzə-təzə dəvələri, atları yükləyirdilər ki, köçsünlər dağa. Görünür bu "astagəllik" mənə də kökdən keçmədi... Hacı Zamin də bir müddət imzasını dəyişib oldu Zamin Hacı Əsgərli. Sonra nə hiss etdisə qayıtdı köhnə imzasına...
   
   ... Qəsəbədə tanış bir həkim var, dərdimi ona danışmışam. Deyir ki, fikir vermə, xəstələnəndə aldığın "narkoz"un təsirindəndi. Çoxlu noxud, lobya ye, keçib gedəcək...
   
   ... Elmdə bilmirəm, el arasında lobyanın iki sortu var. Bir var ağaca çıxan lobya ki, ona "atlı" lobya deyirlər, bir də var heç nəyə çıxmayan öz kökü üzərində dayanan "piyada" lobya. Noxudun "atlısı", "piyadası" yoxdu. Var "adam" noxudu, var "mal" noxudu, vəssalam.
   
   ... Maşallah, müasir tələblərə cavab verən, Avropa standartlarına tam uyğun gələn "ziyalılarımız" peyda olub ki, sarmaşıb qalxmağa, qol-budaq atmağa çubuq, ağac, "paska" axtarışındadılar. Bir lobyanı ki, mən əkəm, kökü ola mənim çəpərimdə, uzanıb çıxa qonşunun ağacına. Belə "lobya ziyalıların" ya noxudu çatmır, ya da kökündə nəsə var. Dədə-babadan belə bir qayda var idi. Ağac "cırlaşanda" dərhal dibindən kəsirdilər, bəzən də (nadir hallarda - V.Ə) gövdəsinə mismar çalırdılar...
   
   ... Qasım kişi Çartazdan Nadya adında bir erməni qızı alıb eləmişdi özünə arvad. Bu erməni qızı eybəcərin, kifirin biriydi. Həmişə də ağzının, burnunun suyu axardı. Bilmirəm bu illər ərzində Qasım kişi ondan nə "təməsik" anladı, amma onu bilirəm ki, it də tamah salmazdı bu haxçığa. Nə isə. Qarabağ məsələsi təzə-təzə qızışanda bu erməni qızı kənddə kiminlə rastlaşırdısa, utanmadan, çəkinmədən belə deyirdi:
   
   - Bu Qarabağ nə böyük şeydi. Verin getsin, canınız qurtarsın...
   
   Əvəz əmi o vaxtdan Qarabağdan söhbət düşən kimi deyirdi ki, hiss etmişəm, deyəsən Qarabağ əlimizdən çıxacaq...
   
   Soruşanda ki, niyə Əvəz əmi? Deyirdi ki, çörəyini, suyunu verdiyimz, ağzının-burnunun suyunu bir yerə yığa bilməyən, öz "gəlinimiz" Nadya deyirsə ki, Qarabağı verin, indii gör o tərəflərdə nələr var...
   
   ... On beş ildi ki, yardım bağlamasından çıxmış "italyanski beret"imi qabağıma qoyub fikirləşirəm ki, niyə "məşhur" bir "əsərin" qəhrəmanının adı Petruxadı?...
   
   Bəndəniz görkəmli dilçi və azman tənqidçi olmasa da özünə görə müəyyən araşdırmalara və mülahizələrə malikdi. Müəyyən etmişəm ki, "Petruxa" sözü "petya", "Petka", "Petux" sözünün törəməsidi. Nədən bu "əsərin" süjetində, ideyasında məhz "Petruxalıq" və ya "Petuxluq" dayanır, anlamıram. Görünür bu da təzə ədəbi üslubdu. Düzdü "petuxizm" cərəyanı qərbdə Nuh-Nəbidən mövcuddu. Yəqin bizə də qloballaşma ilə əlaqədar gəlib çıxıb. Sözsüz ki, bu araşdırmalar və mülahizələr mənim bilik səviyyəmdən yüksəkdədir. Elə ona görə də bu əsər haqqında olan fikirlərimin "noxtasını" sivirib, Haramı düzünün riqqətə gətirdiyi könlümün poyeziya çələngini ərməğan edirəm "lobya yazıçıların" səfərinə:
   
   ...Dünya kəldi, yedəyində biz, kotan,
   
   Əllər qayış, bel davahan, diz kotan.
   
   Şor torpağı yüz yol əkə, yüz kotan,
   
   Sonda baxarsan ki, şumu çürükdü.
   
   
   
   Qanadlanıb, koru, karı uçacaq,
   
   Yarı sürünəcək, yarı uçacaq.
   
   Az qaldırın bu hasarı, uçacaq,
   
   Palçığı qatıdı, qummu çürükdü.
   
   
   
   Daş dediyin suya düşmüş kəsəkmiş,
   
   İçi cındır, çöl-bayırı bəzəkmiş...
   
   Şam bildiyim tüstülənən təzəkmiş,
   
   Piltəsi əsgidi, mumu çürükdü...
   
   
   
   Hansı bağa əsilsizlər yol açar,
   
   Bülbül susar, ala qarğa dil açar.
   
   Peyinlikdə gəndəlaş da dil açar,
   
   Meyvəsi zəhərdi, tumu çürükdü...
   
   ... Mən az çox nə yazmışamsa yazdıqlarımda erməni adlanan nə varsa, istər yazıçı olsun, istər dəllək, hamısının bir nəfər kimi düşmənim olduğunu demişəm. Elə bilirəm ki, türk olan hər bir kəsin düşmənidi, erməni. Kimsə ermənini özünə dost, qardaş bilirsə və özünü türk əsilli, bəy nəsilli hesab edirsə...
   
   Ola bilər, mənim yurdumda sarımsaq əkənlər, kiminsə yurdunda gül əkib, bağ salıb...
   
   ... Xanlar kişi oğlunu evləndirirdi. Əyləşmişdi toy mağarının girişində qəlyanını tüstülədə-tüstülədə toya gələnlərin xeyir-duasını qəbul edirdi... Kəndin cavanlarından bir-neçəsi möhkəm yeyib-içib mağardan çıxanda Xanlar kişiyə xeyir-dua vermədən "yanpörtü" çıxıb gedəndə kişi dözə bilmir, gedənləri çağırtdırır geriyə və deyir:
   
   - Ay bala, çörəyimi yemisiniz, arağımı içmisiniz. Xeyir-dua vermirsiniz-vermirsiniz tay ma niyə gözünüzü ağardırsınız...
   
   ... Çörəyimizi yeyib, suyumuzu içənlər özgə həyətindəki ağaclara dırmaşdılar. "Atlı" lobya kimi...
   
   

TƏQVİM / ARXİV