"ƏZABSIZ ANLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
32885 | 2009-01-24 00:16
İndi bu anları xatırlamaq, təkrar-təkrar canından, qanından, yaddaşından keçirmək o qədər də çətin deyil. Çünki baş verənlərin üstündən cəmi bir gün, bir gecə keçmişdi. Əslində o heç keçməmişdi də. Həmin o bir gün, bir gecə onun üçün minbir gecədən, minbir gündən uzun, ancaq şirin olmuşdu. Çox qəribə idi, heç vaxt gecənin, gündüzün bu qədər uzun oldüğünü nə görmüşdü, nə də eşitmişdi. Amma sən demə ürəkdə bir rahatlıq, əsəblərdə bir sakitlik, canda bir qayğısızlıq olanda gündüz də, gecə də uzanıb gedirmiş.
   
   Onlar yenə baş-başaydılar. Və ilk dəfəydi ki, qız oğlanın iş yerinə gəlmişdi. Özü də oğlanın israrlı təkidlərindən, dəvətlərindən sonra. Hər dəfə də demişdi ki:
   
   - Nə olar bir mənim iş yerimə də gəl də. Harda işlədiyimi, hansı şəraitdə işlədiyimi gör, sonra hərdən məni nahaq yerə qısqandığını, qınadığını özün üçün saf-çürük elə.
   
   ...Axır ki, qız onun iş yerinə gəldi. Qapının ağzında bir anlıq dayanıb sonra güclə eşidiləcək bir tıqqıltı ilə qapını döydü. İçəridən oğlanın kobud və bəlkə də qızın heç vaxt eşitmədiyi quru səsi gəldi:
   
   - Kimsən? Gəl!- dedi.
   
   Qız otağa daxil olanda bir anlıq qapının ağzındaca duruxub qaldı. Baş-başa qoyulmuş dörd yazı stolunun üzərində sanki bir müharibə yaşanmışdı. Səliqəsiz kağız-kuğuzlar, qəzetlər, qələm, karandaş, külqabıları, bir sözlə, burda əməlli-başlı bir səliqəsizlik hakim idi. Təkcə pəncərənin önündəki güllərdən başqa. Açığı bu mənzərə heç bir-biriylə uyğun gəlmirdi. Elə bil onun bu uyğunsuzluğu görüb dərhal da oğlan reaksiya verdiyini hiss etdi . Yavaşca yerindən qalxıb:
   
   - Xoş gəlmisən, keç əyləş mənim yerimdə- dedi.
   
   Qız tərəddüdlə olsa da onun yerində əyləşdi. Həm də başqa çıxış da yox idi. O biri stolların yəqin ki, sahibləri var idi və onlar isətnilən an otağa qayıda bilərdilər. Oğlan bunu da hiss etdi:
   
   - Narahat olma, hamı gedib. Mənim də başım yazıya (əli ilə stolun üstündəki yarımçıq yazını göstərdi) qarışmışdı, ona görə ilişib qalmışam.
   
   Qız bu izahatdan incidiyini dərhal birüzə verdi .
   
   - Bəs deyirdin ki, həmişə işdən sonra oturub burda səni düşünür, sənin barəndə şerlər yazır, səni gözləyirəm. Hələ mənə bağışladığın "Ömrümün dan üzü" kitabını da guya burda mənim üçün yazdığını deyirdin.
   
   - Doğrudan da həmişə elə olub. Və elə bu gün də əslində mən səni gözləyirdim. Sadəcə çaşdım qəfil gəlişindən. Bilmədim nə deyim, ona görə də ağlıma gələn ilk sözü dilimə gətirdim.
   
   Oğlanın səmimi etirafı qızın ürəyincə oldu. Odur ki, çiyinlərindəki ağırlıq götürülmüş kimi dərindən bir nəfəs aldı. Əl çantasını stolun bir küncünə qoyub qollarını çırmadı:
   
   - Sizin bu otaqda əməlli-başlı təmizlik işləri görmək lazımdır. Otağınız elə bil ki, müharibə görüb. Divarlar, pəncərələr qalsın bir yana, barı stolunuzun üstünü səliqəyə salın, külqabılarınızı boşaldın. Bu nə pintilikdi, sizin xadiməniz yoxdu?
   
   - Var, yaşlı bir qadındı. Adamın ürəyi gəlmir ona irad tutmağa, bir balaca da işarə vuranda dodaqaltı o qədər danışır ki, peşman olursan. Ona görə də yadımıza düşəndə, imkanımız olanda, bir də kimsə irad tutanda yüngülvari səliqə-səhman yaradırıq. Eh, bir də ki, əsas işdi, kimdi stolun üstünə fikir verən. İşləmək lazımdı, əzizim, ancaq işləmək.
   
   Oğlan sözünün sonunu zarafata tərəf çəkmişdi. Qız onu başa düşürdü. Görürdü ki, onun qəfil gəlişi, otaqdakı səliqəsizlik oğlanı əməlli-başlı pərt edib. Necə deyərlər, hazırlıqsız bir vəziyyətdə yaxalandığından qızın könlünü almaq, öz vəziyyətini yaxşılaşdırmaq istəyir. Qız da dərinə getmədi. Çantasından çıxardığı əl dəsmalı ilə əvvəl oğlanın stolunun üstünün tozunu sildi, qəzetləri, jurnalları səliqə ilə bir tərəfə yığdı, külqabısını götürüb boşaltdı və tərs-tərs də onun üzünə baxdı.
   
   - Bəs mənə söz vermişdin ki, day çəkməyəcəksən?
   
   - Bilirsən, yadımdadı söz verdiyim, amma ayın axırına kimi səndən möhlət almışam axı. Üç gün qalıb, inşallah, üç gündən sonra əlimdə siqaret görməyəcəksən.
   
   - Deməli, xəlvətdə çəkəcəksən?
   
   - Yox. Ümumiyyətlə, çəkməyəcəm, canına and içmişəm axı.
   
   Artıq otaqda əməlli-başlı səliqə yaranmışdı. Qız dibçəklərin suyunu vermiş, yarpaqların tozunu da silmişdi. Və arada, - heyf bu güllərə ki belə səliqəsiz bir yerdə saxlayırsınız. Bilmirəm, bunla özünüzə təskinlik verirsiniz, yoxsa güllərə zülm edirsiniz. Hər halda, otaqda gülün olması çox yaxşı haldı. Adamın gözü-könlü sevinir.
   
   Onlar yır-yığış işlərini görüb üz-üzə oturdular. Oğlan stolun siyirməsindən yarımlitrlik qrafini çıxartdı və qızdırıcını onun içərisinə qoyub elektrik xəttinə qoşdu. Bu onun çay dəstgahı idi. Siyirmədə nə vaxtdansa qalmış müxtəlif konfetlər və bir də çay paketləri vardı. Hə, demək olar ki, çay içmək problemi çözülmüşdü. İndi onlar dünyanın bəlkə də ən xoşbəxt, ən qayğısız adamları idi...
   
   
   
   P.S. Həmin gün az qala gecənin yarısına qədər baş-başa qaldılar. Özlərindən, arzularından, oğlanın yazı-pozularından söhbət açdılar. Və bəlkə də ilk dəfəydi ki, bir-birindən incimədən, bir-birinin qəlbinə dəymədən bitib-tükənməyəcək anlar yaşadılar. Bir gün, bir gecə... İndi onu xatırlayıb yenə də o günlərə qayıdırlar...
   
   

TƏQVİM / ARXİV