MƏNŞƏYİ BİLİNMƏYƏN ƏTLƏR

FAİQ QİSMƏTOĞLU
67351 | 2015-01-21 01:50


Tez-tez belə bir fikirlər səslənir ki, filan yerdə satılan ətin mənşəyi bilinmir. Daha doğrusu, bəlli deyil ki, bu ət nə ətidir. Çünki camaatın gözü qorxub. Ən azından ona görə ki, insanlar dəfələrlə bu cür faktlarla üzləşib və mənşəyi bilinməyən ət alıblar. Təbii ki, hər bir istehlakçı çox çətin ki, ətin keyfiyyətini müəyyənləşdirə bilsin. Bunun üçün gərək həmin şəxs ya mütəxəssis olmalıdır, ya da hər hansı iribuynuzlu və xırdabuynuzlu heyvanın ətini tanımalıdır. Bu da çox çətin bir məsələdir.
Sirr deyil ki, polis əməkdaşlarının dəfələrlə keçirdiyi əməliyyat zamanı ya maşında, ya da bazar-dükanda mənşəyi bilinməyən ət tapılıb. Təxminən bir il bundan qabaq Tərtər rayonundan Bakıya "Jiquli" markalı maşında 150 kiloqram at əti gətirən bir sürücü yaxalanmışdı. Məlum olmuşdu ki, həmin sürücü bu at ətini Bakıya gətirərək bazarlara və eləcə də 20 Yanvar dairəsində fəaliyyət göstərən yeməkxanalara, dönərxanalara verirmiş.
Qəribə olsa da həmin adamın sonradan bu işlərlə necə məşğul olması istintaqçılar tərəfindən xırda detalına qədər aydınlaşmışdı. Sən demə, bu cür adamlar rayon yerində ölmüş heyvanların cəmdəyini Bakıya gətirərək külli miqdarda pul əldə edirmişlər. Ürək ağrısı ilə deyə bilərik ki, mənşəyi bilinməyən ətin satılması kiməsə xeyir gətirsə də bu onu alan adamlar üçün müəyyən problemlər yaşadır. Axı hamı yaxşı bilir ki, mənşəyi bilinməyən ətdə həm də insan səhhəti üçün təhlükəli olan xəstəliklər mövcuddur.
Məhz buna görə də insanlar rayona gedərkən yol kənarındakı yeməkxanalarda çörək yeyərkən çox narahatlıq hissləri keçirirlər. Çünki bəzi yeməkxanaların sahibləri çox ucuz qiymətə aldıqları mənşəyi bilinməyən ətləri müxtəlif xörəklər adı ilə bişirərək satışa çıxarırlar. Onu da qeyd edək ki, aidiyyəti qurumlar keçirdikləri reyd zamanı dəfələrlə bu cür faktları aşkarlayıblar. Təəssüflə qeyd etməliyik ki, kimlərsə pul qazanmaq naminə çirkin əməllərindən bu gün də əl çəkmirlər.
Bir dəfə Yasamal rayonu ərazisində aparılan yoxlama zamanı çoxlu sayda həyətlərin birində xəstə atlar aşkar edilmişdi. Həkimlərin və mütəxəssislərin rəyi belə olmuşdu ki, bu atlar rayonlardan ucuz qiymətə alınaraq Bakıya gətirilib və onları kəsərək kolbasa sexlərinə, yeməkxanalara veriblər. Sözün açığı, bu gün Bakıda fəaliyyət göstərən bəzi kolbasa sexlərinin fəaliyyəti də şübhə doğurur. Belə ki, həmin sexlərin sahibləri bəzi hallarda ölmüş heyvanların cəmdəyini alaraq ondan kolbasa və sosiska istehsal edirlər.
Düzdür, Bakıda kifayət qədər müasir standartlara cavab verən və keyfiyyətli kolbasa-sosiska məmulatları istehsal edən sexlər mövcuddur. Özü də həmin sexlərdə məhsullar ən müasir texnologiya ilə istehsal olunur, sanitar və gigiyena qaydalarına əməl edilir. Təbii ki, mövcud standartlara uyğun kolbasa istehsalı alıcıları da razı salır. Ancaq gəlin onunla razılaşaq ki, mənşəyi bilinməyən heyvan ətindən kolbasa və sosiska istehsal eləyən bəzi sexlər də var. Bax, həmin istehsalat sahələri kolbasa istehsalı ilə məşğul olan nüfuzlu şirkətləri camaatın gözündən salır.
Əlbəttə, bu cür mövcud nöqsanlara qarşı həmişə aidiyyəti qurumlar yetərincə mübarizə aparmağa çalışır. Təsadüfi deyil ki, elə həmin qurumların köməyi nəticəsində də bazar-dükanlarda və satış mərkəzlərində mənşəyi bilinməyən ətlər üzə çıxarılır. Deməli, burdan belə bir məntiqi nəticə çıxır ki, respublikamızda müəyyən qurumlar bu cür qanunsuzluqların qarşısının alınması üçün ciddi addımlar atır və mənşəyi bilinməyən ətləri bazar-dükanlara çıxaran insanları məsuliyyətə cəlb eləyir.

TƏQVİM / ARXİV