BiB- yəni Böyük iqtisadi Böhran

ETİBAR CƏBRAYILOĞLU
33198 | 2009-01-24 00:05
Ey gidi dünya, gidi... Düzəlmək bilmirsən ki, bilmirsən. Dahi Məmməd Arazın zamanında bazarda it atdan baha satılırdı. İndi də "JEK" suyu neftdən bahadı. Su bahalaşmayıb, sadəcə, neft qiymətdən düşüb. Bir vaxtlar bütün bağlı qapıları açan dollara bu dəqiqə camaat uzaq qohumun göndərdiyi toy dəvətnaməsi kimi baxır. Yəni baxmaq istəmir.
   
   İqtisadi böhran dünyanın dizini yaman qatlayıb. Ən bərk gedən dövlətlərin səsi gəlmir. Başı havalarda olan milyonçuların çoxu indi yerlə gedir. Bəziləri müflis olandan bir xoruza yükdülər. Cibləri bir az boşalan kimi intihar edənlər də var. Əvvəlki vaxtlarda milyarderlərlə qonşuluqda yaşayanlar fəxr edirdilər. Toyda-yasda yeri gəldi, gəlmədi deyirdilər ki, filankəs bizim məhlədə qalır. İqtisadi böhran başlayandan milyonçuların kasıb qonşuları da onlardan beziblər. Deyirlər, baş-beynimiz gedib, varlıların evində hər gün dava-dalaşdı. Arvadları səhər-axşam deyinir, qab-qacaq sındırır, ərlərinə itin sözünü deyirlər.
   
   Varlılar bir yana qalsın, dünyanı diz çökdürən iqtisadi böhran şair-yazıçıların da yaradıcılığına təsir edib. Dünyanın düz vaxtında hansı şairimizin şerini oxuyurdun misraların arasından ceyran-cüyür qaçırdı, dağ keçisi adama buynuz göstərirdi, buz kimi bulaqlar, yaşıl çəmənliklər göz oxşayırdı. Meşəbəyi bardaş qurub kabab yeyirdi, tut arağından yüz-yüz gillədirdi, halı düzələn kimi qonşu gözələ göz də vurudu.
   
   Amma indi... İqtisadi böhran dərinləşdikcə şair və yazıçılarımızın əsərlərində meyitlərin sayı artır. Nə qədər ölüm-itimdən yazmaq olar? İnsafsızlar o qədər ölüm-itimdən yazırlar ki, bədii əsər oxuyandan sonra yatmaq da olmur. Göz yumunca ölülər adamın yuxusuna girir. Özü də elə
   
   çətin suallar verirlər ki...
   
   Çoxdandı Bayıl tərəfə yolum düşmürdü. O gün könə dostlardan biri məni səhər tezdən oralara qonaq çağırmışdı. İlin bu vaxtı səhər-səhər adamı niyə dəvət edərlər? Təbii ki, xaş yeməyə. Əjdahanı bu vəziyyətdə görəndən sonra adamın boğazından xaş keçər? Əjdahanı deyirəm də, funikulyorun qabağında ağzını açıb Bəhram Gura hücum etmir? Yadımdadı, əvvəllər sakit bir Əjdahaya oxşayırdı. İqtisadi böhrandan sonra Əjdaha ağzını daha da geniş açıb, elə bil bu dəqiqə hop edib yazıq uşağı udacaq. Böhran belə davam eləsə zalım Əjdaha Bəhram Guru yeyib qurtaracaq. Bəhramın qılıncı da düşəcək heç bir təcrübəsi olmayan yad adamların əlinə.
   
   Heykəldən söz düşmüşkən, Bakının mərkəzindəki "26-lar" abidəsini də göndərdilər daş Leninin yanına. Düz də elədilər, iqtisadi böhranın at oynatdığı zamanda kimdi 26 adamın nazını çəkən... Bu qədər adamı işlə təmin etməyə, yeməyini, geyimini, cib xərcliyini verməyə pul lazımdı. İndi Füzulini saxlamağa imkan yoxdu, 26-larla ilgilənən kimdi?
   
   Başımı iqtisadi böhranın yaratdığı problemlərə qatdığım günlərdə dəhşətli bir xəbər aldım, özü də Paris tərəfədən. Fransanın keçmiş prezidenti Jak Şirakı it qapıb. İt oğlu it illərlə onun evində bəslənib, sonra da sahibinə diş atıb. Bu hadisə yazdığım mövzunu daha da aktuallaşdırdı. Sübut olundu ki, iqtisadi böhran Jak Şirakın itini də boğaza yığıb. Yeri gəlmişkən, beş-altı il əvvəl mərhum deputatlarımızdan biri Jak Şirakın qudurduğunu deyəndə hamı ona bir təhər baxmağa başladı.
   
   Amma öz aramızdı, rəhmətliyin proqnozu özünü doğrultdu...
   
   

TƏQVİM / ARXİV