adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ALLAHIM, BU MiLLƏTi ÖZüN QORU!

OQTAY SALAMOV
17437 | 2009-01-24 00:05
Ya yeri-göyün sahibi, bu sifariş deyil, tələb deyil, ən acizanə xahiş, ən səmimi yalvarışdır: Nə olar, Allahım, bu milləti heç kimə tapşırma, özün qoru. Bilmirəm buğda (alma) yeyib Cənnətdən qovulduğunu unudub, ya o qədər arxayın, təkəbbürlü, özündənrazı olub ki, müqəddəslikləri unudub, hər nədirsə haq yolundan yaman dönüb millət. Var ey, yaxşı cəhətləri lap çox var. Özü də o qədər tolerantıq ki, bu millətin yaxşısına beçə kəsim, quzu kəsim, çoşqa kəsim, dəvə kəsim..., nə kəsim desən yeri də var, deyəni də. Bəlkə də elə bu yaxşıların hesabına hələlik Tanrının səbri tükənməyib, bizi Yer üzündə saxlayıb. Mənim də yalvarışım ona görədir ki, Özünün böyüklüyü xatirinə, bizim yaxşıların xatirinə bir az da dözsün, bəlkə haq yoluna qayıda bildik. Bəlkə də mən məsələləri bir az tündləşdirirəm, bir az çox sərtləşdirirəm, amma "həm ehtiyat igidin yaraşığıdır", həm də "ehtiyatlı oğulun anası ağlamaz" məsəllərini əsas götürərək vaxtında xəbərdarlıq edirəm ki, qurunun oduna yaş da yanmasın.
   
   Bu uzun, bəlağətli ricətdən sonra bircə günün xəbərləri arasından seçdiyim unikallığımızın bəzi nümunələrini təqdim edim ki, söhbətim faktsız alınmasın. Beləliklə:
   
   Rusiyanı Kazan şəhərinin Vahidov rayon məhkəməsi iki azərbaycanlının, ata və oğulun binayət işinə baxıb. 51 yaşlı ata Abbasəli Abbasov 2 il altı ay, 28 yaşlı oğul Aslan Abbasov 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Ata-oğul ...kilsədən ikona oğurlayıblar. Ay başınıza dönüm, daha bu boyda da olmaz axı..
   
   Mətbuat Şurasının əməkdaşı Rəhim Hüseynzadə deyir ki, normal jurnalistika ilə məşğul olan qəzetlər ölkə KİV-inin 30 faizini təşkil edir. Yəni qalan 70 faizi "reket" jurnalistikasıdı. Sözsüz ki, bu böyük bəladı. Amma qəribədir ki, heç kim bu "reket"lərin raketlərini hansı fəzada səyirtdiklərinin fərqinə varmır. R.Hüseynzadə deyir ki, bəzi qurumlar dilənçi payı kimi jurnalistə "hörmət" eləyirlər. İnandırım sizləri ki, o "bəzi qurumlar" imkanları olsa jurnalistə nəinki "hörmət" eləməz, hətta onu qurumuna yaxın da buraxmaz. Zibili var, rüşvət alır, müftəxordu, canının, cibinin, kreslosunun, vəzifəsinin qorxusundan jurnalistə "hörmət" eləyir. Əslində mən gərək burada jurnalist sözünü də dırnaqda yazaydım. Amma bir halda ki, cəmi 30 faiz normal jurnalistika ilə məşğul olur, deməli, onların adlarını dırnaqda yazmaq lazım gəlir, azlıqdır axı... Və deməli, bu məmləkətdə rüşvət verən varsa, rüşvət alan var və ya əksinə, reket jurnalist varsa reket qurum var. Və əgər jurnalistlərin 70 faizi reketdirsə, deməli, qurumların da 70 faizi reketdir və sair. Ta onda "bəzi qurumlar" niyə deyirsiniz ki?..
   
   Xəbərlərin birində deyilir ki, "Yeni Azərbaycan" Təşəbbüs qrupu MSK-da Təşviqat qrupu kimi qeydə alınıb. Deyir qrup quruma 46 min 950 seçici imzası təqdim edib ki, bunlardan, 3 min 69-u səhv sayılıb. İzahatında deyilir ki, yəni bir nəfər bir neçə nəfərin yerinə imza atıb, məlumatlar düzgün qeyd olunmayıb və s. Əslində olan işdir və təbiidir ki, iş olan yerdə səhvlər də olur. Amma maraqlısı budur ki, bu nöqsanlar müxalifətdə olanda imzalar "saxta" adlanır, iqtidarda olanda "səhv". Sovetin vaxtında təyinatla rayonda işləyəndə 1 May paradının diktor-aparıcısı idim. Şahmat məktəbinin şagirdləri də parada "canlı şahmat" taxtası ilə çıxmışdılar. Yəni şagirdlər şah, vəzir, piyada paltarı geyinib damaların arasında keçirdilər. Yanımda dayanan dostum Ramiz şaqqanaq çəkib güldü və dedi: "Pah atonnan, burada da varlının oğlu şahdır, kasıbınkı piyada". Zalımın səsi mikrofona düşmüşdü, az qala məni işdən qovacaqdılar... Elə-belə xatırladım...
   
   Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev "Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı"na qoşulmaq istədiklərindən, amma bu qurumda birləşən partiyaların onlarla əməkdaşlıqdan yayındıqlarından gileylənib. Deyir ilk iclasda iştirak etsək də, ikinci toplantıya dəvət edilməmişik. Amma müxalifətin rəsmiləri deyirlər ki, Eldəniz Quliyevə qarşı qərəzli mövqeləri yoxdur. AXCP sədrinin müavini Həsən Kərimov deyir: "Eldəniz Quliyev "Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı"nın təsisçilərindən biridir. Hesab edirəm ki, onun ikinci iclasa dəvət almaması texniki yanlışlıq olub". Əcəb yanlışlıqdır, üzrü günahından betər. Göydən gəlməyiblər ki, bizim millətdəndi dəə...
   
   O gün televizorda Şəmkirin Uşaq Xəstəxanasını göstərdilər. Cırıq döşəklərdə pəncərədən girmiş itlər yatırdı. Palatalarda siçan, siçovul, antisanitariya baş alıb gedirdi. Mən də birinci səhifəyə replika yazmışdım, İngiltərənin baş naziri Brauna Qəzzadakıları qırıb sonra onlara yardım göndərdikləri üçün Viktor Hüqonu, Vaqif Cəbrayılzadəni oxumağı məsləhət görmüşdüm. Hüqo deyir ki, "Dünyada uşaq qığıltısından təntənəli himn yoxdur". Vaqif Bəbrayılzadə deyir ki, "Bu dünya dəyməz bir körpənin göz yaşlarına"... Bağışla, Braun məüllim, bizimkilər də Hüqonu, Cəbrayılzadəni oxumayıblar. Yoxsa, ən azından, o xarabalığın üstündən "uşaq" və "xəstəxana" sözlərini götürərdilər. Allahdan yalvarışım belələrinə görə bizi qorumasıdır...
   
   Bakı şəhərində küçə ticarətini demək olar ki, aradan qaldırmışdılar. Artıq qoca arvadların limonun, semiçkasını dağıtmaq üçün soncuqlayan, şıllaq atan pol0slər, onların yeddi mərtəbəli söyüşləri ancaq sənədlərdə və yaddaşlarda qalmaqda idi. İndi şəhəri, özü də nəinki şəhəri, bütün respublikanı çinli küçə alverçiləri bürüyüb. Vəzifəli mənasında demirəm, çinli, yənit kitaylı. Çinin orada heç kimin almadıqdlarını sırıyırlar bizə. Deyəsən xaricilərə küçədə də ticarət eləmək olar, hələ xəstəxanalarda, poliklinikalarda, məktəblərdə də. Ticarət döyül, xəcalətdi, amma çəkəni yoxdur. Biz də belə millətik...
   
   Bir qəzetdə yekə hərflərlə başlıq yazıblar: "Ali və orta məktəblərdə rüşvətxorluq var". Harada yoxdur ki? Professor Şirməmməd Hüseynov demişkən, "gərək millətin öz canında ola". Amma ağsaqqal bu sözü tamam başqa məqamda və başqa mənada söyləyib. Məsələ belədir ki, yanvar ayının 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin 125 illik yubileyidir, amma hökumət səviyyəsində bu qeyd edilmir. Şirməmməd müəllim yuxarıdakı sözü deyir və əlavə eləyir ki, "hər şeyi hökumətdən tələb eləmək olmaz, heç kəsə demirlər ki, Rəsulzadənin yubileyini keçirmə". Amma "keçir" də demirlər, keçirsən icazəsiz aksiya adı ilə dağıtsalar qanun pozucusu olacaqsan. Professor deyir ki, "bizim millətdə hələ hələ millətçilik hissi formalaşmayıb". Bəs nə vaxt formalaşacaq, məhv olub gedəndə? Amma Şirməmməd müəllim, inciməyin, Rəsulzadənin yubileyini məhz hökumət keçirməli idi, özü də təntənəli surətdə. Amma yubileyi keçirilməməklə Məmməd Əmin Rəsulzadə böyüklüyündən düşmür. Hər halda, mənə belə gəlir...
   
   Yanvarın 16-da
   
   Memar ƏƏcəmi
   
   metrosunun yaxınlığındakı bina partlayanda bir nəfər hamilə qadın yaxınlıqdakı poliklinikaya gedirmiş, Başına daş düşüb ölüb. Allah rəhmət eləsin. Amma daş düşəsi başlar o qədərdi ki, nədən o qadının taleyinə düşüb, bilmək olmur. Hər şey O kişinin əlindədir, ona görə də bu milləti qorumağı Ondan xahiş eləyirəm. Görəsən qorumağına dəyərmi?..
   
   

TƏQVİM / ARXİV