adalet.az header logo
  • Bakı 11°C

Vədələnmiz ömür

17610 | 2009-01-24 00:05
Ağıllı məsləhətlərdən biri də budur ki, çağırılmayan yerə getmək olmaz. Çünki çağırılmadığın yerdə səni gözləmirlər. Əgər gözləmirlərsə, deməli, heç kimə lazım deyilsən.
   
   Çağırılan yerə isə getmək borcumuzdur. Sayıb dəvət edirlər, deməli, səni orada gözləyirlər. Sənin orada yerin var.
   
   Çağırıldığımız yerlərdən ən böyüyü, ən vacibi, birincisi və yəqin ki, sonuncusu yaşadığımız bu dünyadır. Əgər bizi çağırmasaydılar, rahat yoxluğu qoyub, narahat varlığa niyə gəlirdik, nə işimiz vardı burda?
   
   Beləliklə, bizi çağırırlar, biz də çığıra-çığıra, özümüz haqqında hay-həşir qopara-qopara gəlirik bu dünyaya. Çığırırıq, bağırırıq və bu da o deməkdir ki, bizim dünyaya gəlməyimiz əslində kiminsə çağırışına hay vermək deməkdir.
   
   Başımızda min sevda olan vaxtlarda bu dünyanı həddən artıq gözəl, sevilməyə, yaşamağa layiq bilirik. Əksinə, narahatlıqlar üzə çıxanda giley-güzar edir, bəxtimizdən şikayətlənirik. Amma bircə şeyi nəzərə almırıq ki, əsas bu deyil. İnanmaq çətin olsa da, and içirəm, əsas bu deyil. Əsas odur ki, çağırıldığın, dəvət aldığın bu dünyada səni kimsə gözləyir. Söhbət təkcə valideynlərdən getmir. Onlar səni gözlədiyi kimi, gözləməyə də bilər. Sən təsadüfən, valideynlərin tərəfindən gözlənilmədən də bu dünyaya gələ bilərsən. Məgər belələri azdır? Görün nə qədər atılmış uşaqlar var. Ən maraqlısı budur ki, həmin o atılmış uşaq da bir gün bu dünyaya çağırıldığı və kim tərəfindənsə gözlənildiyi həqiqətini anlaya bilərlər. Özü də daha böyük ehtimalla məhz atılmışlarlar kiməsə və kiminsə onlara lazım olduğunu anlayırlar.
   
   Dünyada vədələnmiş ömür yaşamaqdan böyük elm yoxdur. Özü də bilmədən, tanımadan və xəbəri olmadan səni gözləyən adamla görüşməyin vaxtına, vədəsinə düşməlidir. Hardasa, bəlkə də dünyanın o başında bir qız yaşyır, ya da bir oğlan. Yolda, küçədə, qatarda, avtobusda, təyyarədə, sinifdə, qonaq getdiyin yerdə, yaxud elə qonşuda, lap elə evin içində birdən-birdən, guya təsadüfən, əslində isə İlahi bir vədəyə minnətdar olaraq onunla, yəni gözlədiyin və gözləyəninlə rastlaşa bilərsən. Səndən tələb olunur ki, bu məqamı ötürməyəsən. Bir də anlayasan ki, İlahi vədədə görüşmək çox az adamlara qismət olan xoşbəxtlikdir.
   
   Bəli, nadir hallarda belə xoşbəxlik baş verə bilər. Əksər vaxtlarda və dünyaya gələn əksər adamlar üçün bu xoşbəxtlik baş vermir. Hər kişinin bir qadını olur. Digər qarşılaşdığı, ünsiyyətdə olduğu, hətta yaşadığı qadınlar həmin o qadının, yəni səni gözləyən qadın haqqında təsəvvürlə oynamaqdan, bu yolda sonsuz axtarışlardan başqa bir şey deyil. Bizi çaşdıran, aldadan çox zaman zahiri, üzdə olan gözəlliyə bağlılığımızdır. Gözəllik daha dərində gizlənib. Bu mənada kişilər qadınlardan daha çox səhvə yol verirlər. Kişilər özünə hər mənada tən gələcək əsl qadının yanından ona məhəl qoymadan keçib gedə bilərlər.
   
   Bizə elə gəlir ki, hər şey əlimizdədir. Gücümüzü toplasaq, özümüzü səfərbər etsək istədiyimizə yetə bilərik. Amma ilk baxışda sadə görünən, öhdəsindən asanca gələcəyimizi güman etdiyimiz həyatın öz qanunları var. Bu qanunların bizə tabe olmadığını görüb özümüzə yalançı həyat qururuq. Bir gün bütün bunların yalan, özünüaldatma olduğunu dərk edəndə kədərlənir, hər şey üçün peşmançılıq çəkirik.
   
   Yaşamaq yalançı həyat qurmaq deyil. Yaşamaq həyatın bizdən asılı olmayan qanunlarına həssas olmaq, onlara uyğun olaraq baş verən təsadüflərdən yan keçməməkdir. Sevdiyin və seçdiyin adam xoşuna gələ bilər. Amma bu vacib deyil. Vacib odur ki, seçdiyin sənə tanış gəlsin. Səni məcbur eləsin ki, gözünü ondan çəkməyəsən. Diqqətlə bax, gör sənə tanış gəlirmi? Xoşa gəlməkdən vacib tanış gəlməkdir. Hardasa vədələşdiyinizi xatirinə gətir, ondan sonra qərar qəbul elə. Birdən əgər səni başa düşməsə əl çəkmə, dalınca düş, dilə tut. Bütün bunlar təsir etməsə götür qaçır...
   
   Zarafat edirəm. Əlbəttə, zarafatın içində həqiqət gizləndiyini nəzərə almaq şərtilə.
   
   Nahaq deməyiblər ki, qızla oğlanın kəbini göydə kəsilir. İlahi vədələşmə də elə bununla bağlıdır. İspan rejissoru Karlos Sauranın "Məhəbbətin tilsimi" filmində yoxsullar yaşayan qəsəbədə belə bir hadisə baş verir. İki kişi içib keflənəndən sonra bir-birinə söz verirlər ki, uşaqları böyüyəndə onları evləndirsinlər. Amma burda üçüncü, kənardan olan uşaq da var və o da həmin kişilərdən birinin qızını dəlicəsinə istəyir. Yoxsul kişilərin söhbəti elə orda, kef məclisində qalır. Bir neçə ildən sonra ikisi də dünyadan köçür. Lakin çox maraqlıdır ki, onların övladları böyüyəndə atalarının söhbətindən xəbərləri olmayaraq bir-birinə könül bağlayır və toy edib evlənirlər. Üçüncü isə - hələ də kişilərdən birinin qızını sevən oğlan dünyanın ən bədbəxt adamına çevrilir. Dünyanın ən xoşbəxti isə kef edir, evdə gözəl arvadı ola-ola qəsəbədə bütün qızları öz məşuqəsinə çevirir. Bir gün elə qız üstə onu vurub öldürürlər. Bax, burda bədbəxt aşiqin sanki bəxti açılır. Dul qalan xanıma gəlib ürəyini açır, ondan başqa heç bir qadını gözü görmədiyini, ürəyi sevmədiyini bildirir. "Dünyada mənim üçün bir nəfər var, o da sən!" Bu sözlərin qarşısında kim davam gətirə bilər. O ki olsun dul qalan qadın. Nəhayət, normal adamla normal ailə qurmağın vaxtı çatıb. Hər halda qadının ağlı bu həqiqəti dərk etməyə çatır. Amma hər dəfə elə bir, ilk baxışda əhəmiyyətsiz, mənasız, hətta gülünc hadisələr baş verir və bütün bunlar onların evlənməsinə mane olur. Elə bil hansısa kənar qüvvə işə qarışır. Çox çətinlikdən sonra onlar, yeni ailə qurmaq istəyən dul qadın və gənc oğlan görücü qadının yanına gedir, ondan bu məsələnin sirrini öyrənmək istəyirlər. Məlum olur ki, yeni ailənin qurulmasına mane olan vədələnmiş nigahdır. Bu nigah əvvəlcə görücünün düşündüyü kimi tilsim də deyil. Tilsimdən qat-qat güclüdür. Bu, vədələnmiş ömrə bağlanan nigahdır. Baxmayaraq ki, nigah bağlayanlardan biri artıq dünyada yoxdur.
   
   Biz həyatı sadə görməyə çalışırıq. Əslində belə də olmalıdır. Nəyə görə lazımsız yerə onu mürəkkəbləşdirməliyik? Amma bəzən qarşımıza çətinliklər çıxanda, onların həllini tapa bilməyəndə anlamalıyıq ki, hər şey düşündüyümüz qədər də sadə deyil.
   
   Əgər yanındakı, bu dünyada sənə ayrılan müddətdə səninlə qoşa gedən adam, illər keçdikcə səni özünə tanıtdırmırsa, sənin gücünün nədə olduğunu yadına salmırsa, sənə yalnız zəif olduğunu xatırladırsa, deməli, bu, saxta nigahdır. Siz bir-birinizi görməyib evlənmisiniz, siz bir-birinizi tanımırsınız, bir-birinizə yadsınız. Boşansanız da, yaxud birlikdə, yanaşı yaşaya-yaşaya ömrünüzü çürütsəniz də heç nə dəyişməyəcək. Öz ömrünüzü yox, yad ömrünü yaşayacaqsınız. Əksinə, bir-birinizi müəyyən etdiyinizi anlasanız, deməli, istənilən baş tutub, başqa heç nəyə heyfsilənməyə dəyməz. Ən böyük nemətdən Yaradan sizi məhrum etməyib.
   
   Vədələnmiş ömür daha geniş anlayışdır. Mən bu yazıda yalnız nigahı misal gətirdim. Əslində isə hər bir şeydə, həmçinin, özünə peşə seçəndə, insanlarla rəftarında, cəmiyyətdə tutduğun mövqedə, dini görüşlərində, qismətinə, xalqına, xalqının tarixinə, yaşadığın ölkənin gələcəyinə, münasibətdə əsas sözü yenə də vədələnmiş ömür deməlidir. Başqa heç nə...
   
   Bəs onda görəsən nəyə görə həyatda söz daha çox yalana verilir?
   
   Bəlkə vədələnmiş ömrü, doğmaları, evi, ocağı daha böyük yalanlardan qorumaq üçün...
   
   

TƏQVİM / ARXİV