Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | STALİNİN HƏDİYYƏSİ Adalet.az | STALİNİN HƏDİYYƏSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

STALİNİN HƏDİYYƏSİ

17807    |   2009-01-24 00:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə sayımızda)
   
   
   
   O axşam gec saatlara kimi davam edən təmtəraqlı toy mərasimi nəhayət bitdi. Mötəbər qonaqlar yavaş-yavaş evlərinə dağılışdılar. Ertəsi gün bu barədə qəzetlərdə dərc olunan təzə xəbərlər də bir neçə günə köhnəldi, kübar dairələrdə təəssüratlarla paylaş-malar, siqarı damağından əskik olmayan təzə bəyimiz və özündən 11 yaş cavan gəlinimiz barədə dedi-qodular da gündəmdən qalxdı. Venesiyada bal ayını keçirən Klementina və Uinston unudulmaz qandola gəzintilərini təkrarlamaq, gitaranın müşayiətilə səslənən lirik serenadaları yenə dinləmək, dadı damaqda qalan italyan mətbəxini bir daha dadmaq arzusuyla romantika dolu gerçək nağıllar aləmini açıq səma altında bənzərsiz muzeyi tərk edib evlərinə qayıtdılar. Və o gündən gündəlik qayğılarla dolu birgə ailə həyatı başladı.
   
   Tanışları öz aralarında Çörçili "hər zaman tələsən oğlan" adlandırırdı. İctimai-siyasi fəaliyyətlə məşğul olmaqdan xoşlanardı. Siyasi karyerasında mövqelərini möhkəmlətmək üçün gənc siyasətçinin işi başından aşıb daşırdı. Təzə gəlin də düşdüyü ocağın həyat ritmilə ayaqlaşmağa çalışardı.
   
   Hər yeni qurulan ailə övlad arzulasa da, bu şirin dilək hamıya nəsib olmur. Bir il sonra ilk körpənin səsi eşidiləndə gənc valideynlərin sevincinin həddi-hüdudunu təsəvvür etmək cətin idi. Qədəmi sayalı qızın adını Diana qoydular. İki il sonra Allahın lütfüylə Uinston ikinci dəfə ata oldu. Oğluna atasının adını verdi. Avropalı olsalar da, bir qız, bir oğlan bəsdir, deyib dayanmadılar. Diana ilə Rendolfa arada kiçik fasiləylə Sara və Merihold adlı iki bacı da qoşuldu. Dörd uşaq anası Klementina qayğılarının artdığından şikayətlənməzdi, əksinə, bu məsuliyyətdən qürur duyardı. Uşaqlıqda yetərincə ana nəvazişi hiss etmədiyindən övladlarına qarşı daha mehriban olmağa çalışardı. Uinston işdən qayıdanda vaxtını balalarla keçirməkdən xüsusi həzz alardı. Çünki o da uşaqlıqda valideyn sığalından qıtlıq çəkmişdi. Anasına ən çox bənzəyən sonbeşikləri elə bil Ay parçası idi. Fəqət, nəzərdənmi, mərəzdənmi gələn gözlənilməz bəla o göyçək balanı erkən apardı. 1921-ci ildə 3 yaşlı Merihold bir neçə günün içində dünyasını dəyişdi. Bu dərd atanı lap çox üzdü. O, saatlarla otağına qapanıb qəm-qüssəni dağıtmaq üçün siqarını tüstülədər, viski içərdi. Amma eyni açılmazdı. Klementinanın təsəllisi də fayda verməzdi. Yenə şəfa İlahidən gəldi. Rəhmdil Xuda tezliklə daha bir qız əta etməklə bu ağır itkinin bir növ əvəzini verdi. Adını Meri qoydular.
   
   Nədənsə Uinstonun ürəyinə elə dammışdı ki, guya erkən öləcək. Bu bədbinlik körpə balasını qəfil itirəndən sonra qəlbinə, fikrinə hakim kəsilmişdi. Bəlkə bu səbəbdən bacardıqca çox iş görmək, hər fürsətdən faydalanmaq, həyatın mümkün olan bütün nemətlərindən zövq almaq istəyirdi. Yavaş-yavaş təyyarə sürməyi də öyrənmişdi. Boş vaxtlarında gündüzlər cıdıra, gecələr kazinoya gedərdi. Siyasi karyerasında addım-addım, mərhələ-mərhələ qazandığı uğurları ilə yanaşı, ilham pərisi gələndə rəsm əsərləri çəkərdi, fikirlərini cəmləyib kitab yazardı. Sevimli xanımı ilə mütəmadi məsləhətləşər, onun dəyərli fikirlərilə hesablaşardı. Uinstonun həyat tərzinə alışmaq üçün Klementinaya xeylı vaxt lazım gəldi. Bu ağıllı qadın heç vaxt ərinə irad tutmazdı, hansısa hərəkətinə və ya sözünə görə onu qınamazdı. Xasiyyətini dəyişməyə, fikrinin axarını öz düşüncəsiylə, dünya görüşüylə eyniləşdirməyə cəhd göstərməzdi. Bilirdi ki, bunun faydası yoxdur. Bir dəfə Oksford universiteti tələbələrinin qarşısında çıxış edərkən demişdi: "Ərinizi mütləq qaydada hər işdə sizinlə razılaşmağa məcbur etməyin. Artıq emosiya biruzə vermədən öz inancınızda qalın və az sonra görəcəksiz ki, haqlı olduğunuzu əriniz özü könüllü surətdə təsdiqləyəcək."
   
   Çörçil başına gələn hər hansı xoşagəlməz hadisəni nəticə etibarı ilə öz xeyrinə istifadə etməyi də bacarırdı. Bir misal cəkim. 1931-ci ilin son ayında o, ABŞ-a səfər etmişdi. Yol keçərkən ehtiyatsızlıq üzündən maşın onu vurmuşdu. Aldığı xəsarət nəticəsində 15 yerdən sümüyü sınmışdı. Xəstəxanada vəziyyəti nisbətən yaxşılaşan kimi, populyar dərgilərdən birində "Mənim xoşagəlməz NyuYork sərgüzəştlərim" adlı yazı dərc ertdirdi. Bu esse oxucular arasında böyük maraq doğurdu və Amerikanın müxtəlif mətbuat orqanlarında təkrar çap olundu. Çörçilə 2500 dollar qonorar göndərdilər. Həmin pul kifayət etdi ki, xəstəxanadan çıxandan sonra xanımı və qızıyla birlikdə Baham adalarında 3 həftə rahat dincəlsinlər. Başına gələnlərin mətbuata çıxarılması ingilis siyasətçisinin Amerikada yetərincə populyarlaşmasına da səbəb oldu.
   
   Ötən əsrin iyirminci illəri dünya tarixində mürəkkəb dövr kimi yadda qaldı. Birinci Dünya Müharibəsi bitsə də hər yerdə siyasi nehrələr çalxalanırdı, sular durulmurdu. Avropa savaş meydanına çevriləndə okeanın o tayında da misli görünməyən iqtisadi böhran Amerikanı yamanca silkələmişdi. Dünyanın ən böyük quru payına sahib olan SSRİ-nin sıravi vətəndaşı bir parça quru çörəyin həsrətində idi. Qitələri dolaşan xəstəliklər, epidemiyalar yüz minlərlə insanın qəniminə çevrilmişdi. Otuzuncu illərdə Stalinin rəhbərliyi altında sovetlərdə qul əməyi və amansız repressiya maşını sayəsində iqtisadiyyat bir qədər güclənməyə başlamışdı. İtaliyada, Almaniyada faşistlərin hakimiyyətə gəlişi, hərbi sənayenin guclənməsinə, siyasətçilərin işğalçı planlarının tezliklə həyata keçməsinə möhkəm zəmin yaratmışdı. Bir sözlə, dünyada istər siyasi, istər sosial-iqtisadi baxımdan güvən qalmamışdı. Bu cür kütləvi rahatsızlıq uzun sürə bilməzdi. Ayrı-ayrı ölkələr arasında bağlanan sülh müqavilələri sadəcə vaxt udmaq, baş aldatmaqdan başqa bir məna ifadə etmirdi. Otuzuncu illərin sonunda İspaniya hərb meydanına çevrildi. Hələlik seyrçi mövqedə qalan bir çox Avropa ölkəsi də tezliklə alman faşistlərinin tapdağı altında qalacaqdı.
   
   Həmin dövrdə İngiltərə də süd gölündə üzmürdü. Bir çox ciddi problemlərlə daxildə və xaricdə qarşılaşırdı. Müharibə kabusu hər kəsin astanasında dayanmışdı. İkinci Dünya Müharibəsi başlayanda Uinston Cörcil İngiltərənin baş naziri idi. Faşizm üzərində qələbənin əldə edilməsində onun xidmətləri az deyildi. Stalinlə münasibətlərini, görüşlərini, yazışmalarını və o dövrlə bağlı digər sənədləri bu günün gözüylə nəzərdən keçirəndə olduqca maraqlı və ibrətamiz məqamlar üzə çıxır. Amma mən hələlik bu məsələlərdən yan keçib xanım Cörcilin müharibənin son günlərində SSRİ-yə səfərindən danışmaq istəyirəm.
   
   1945-ci ilin aprel ayında Britaniya Baş nazirinin həyat yoldaşı Moskvaya dəvət olundu. Sovet hökuməti onu xüsusi xidmətlərinə görə Şərəf nişanı və Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edəcəkdi. Xüsusi xidmət deyəndə nə nəzərdə tutulurdu? Klementina Çörçil 1943-cü ildə Londonda "Rusiyaya Yardım Fondu" yaratmışdı. Az vaxtda Fondun hesabına xeyli pul toplanmışdı. Bəzi yazılı mənbələrdə bu məbləğ səkkiz milyon funt-sterlinq olaraq göstərilir. Həmin vəsait əsasən tibbi avadanlıqların, dava-dərmanların alınmasına sərf olunurdu. Rostovda, Kislovodskidə hərbi hospitalların tibbi avadanlıqla təchizatında, xəstəxanaların dərman və sarğı materialları ilə təmin olunmasında Fondun xidmətləri böyük idi.
   
   Moskvada xarici işlər naziri Vyaçeslav Mixayloviç Molotovla görüşdən sonra ərinə göndərdiyi teleqramda ledi yazırdı: "Molotov ölkələrimiz arasında münasibətlərdə mövcud problemlərə də toxundu, fəqət əmin olduğunu bildirdi ki, çətinliklər ötəri hal daşıyır, var olan sovet-ingilis dostluğudur".
   
   Çörçilə cavabında xüsusi olaraq bir fikri vurğulayırdı: "Xahiş edirəm, söhbət əsnasında hər dəfə xatırlat ki, ingilis-sovet xalqları arasında dostluq əlaqələrinin davam etməsi mənim arzumdur və əlaqələrin möhkəmlənməsi ücün daha ciddi şəkildə fəaliyyət göstərmək niyyətindəyəm".
   
   Göründüyü kimi, müharibənin nəticələri Baş nazirin siyasi görüşlərinə də təsir göstərmişdi. Axı özünün etiraf etdiyi kimi, bir vaxtlar bolşevik hökumətini beşikdə boğub məhv etmək üçün o, var gücünü əsirgəmirdi. Hitler siyasi arenaya çıxıb dünyaya meydan oxumağa başlayana qədər Çörçil Moskvanı azadlığın, sivilizasiyanın, inkişaf etmiş dünyanın ən qatı düşməni hesab edirdi və ona qənim kəsilmişdi. Doğru deyilib ki, "hər şey axır, hər şey dəyişir". Xüsusən siyasət aləmində dünənki rəqibin bu gün müttəfiq, yaxud bugünkü silahdaşının sabah düşmən olması adi haldır.
   
   Klementinanı sovet ordusu tərəfindən azad edilən ərazilərdə vaxtilə alman əsirliyində olan ingilis hərbçilərinin gələcək taleyi maraqlandırırdı. İki ay öncə Yalta görüşündə Stalinlə Çörçil arasında bu barədə danışıqlar aparılmışdı. Stalin lazımı köməklik göstəriləcəyini vəd etmişdi. Klementina Moskva görüşlərində öz tərəfindən hərbi əsirlərin tezliklə vətənə qayıtmasına çalışırdı.
   
   Moskvada rəsmi görüşlərini bitirib proqram üzrə Leninqrada mehman oldular. Sonra Stalinqradla tanışlıq başladı. Ledi bu qəhrəman şəhəri görmək arzusunda idi. Əslində şəhər büsbütün dağıdılmışdı. Gəziləcək, görüləcək abad yer qalmamışdı. Amma qəhrəman şəhərin xarabalıqları müharibənin dəhşətlərini, ölüm-dirim savaşında amansız küçə döyüşlərinin mənzərəsini aydın nümayiş etdirirdi. Şimali Qafqaz alman faşistlərindən azad ediləndən sonra Kislovodsk, Pyatiqorsk, Yessentuki, Jeleznavodsk şəhərləri, Krım yarımadası demək olar ki, iri xəstəxana kompleksinə, müalicə-profilaktika mərkəzinə çevrilmişdi. Hər yan yaralılarla dolmuşdu. İngiltərəli qonaqlar aprelin 17-dən 19-na kimi Kislovodsk, Pyatikorsk, Yessentuki şəhərlərində oldular. Klementina Çörçilin səfəri mətbuatda işıqlandırılmasa da nümayəndə heyəti hər yerdə yüksək səviyyədə qonaqpərvərliklə qarşılandı.
   
   Stavropolun diyarşünaslıq müzeyinin arxivində bir neçə il əvvəl Listov familiyalı podpolkovnikin imzasıyla 1945-ci ilin aprel ayında yazılan hesabat üzə çıxdı. Xidməti məqsədlə hazırlanan sənədin üzərində "məxfi" qrifi də var imiş. Əslində bu sənəddə heç bir dövlət sirri yox idi. Sadəcə olaraq Klementina və onu müşayiət edən şəxslərin Şimali Qafqaza 3 günlük səyahəti müddətdə qonaqlama xərcləri göstərilirdi. Ledi Çörçil və onu müşayiət edən şəxsləri yüksək səviyyədə qarşılamışdı. Onların Xalq Komissarları Sovetinin istirahət evində lyuks otaqlarda yerləşdirilməsi və yeməklərin təşkili ilə xüsusi təyin olunmuş NKVD əməkdaşları məşğul idi. 42 nəfərdən ibarət yardımçı personal nümayəndə heyətinin şəhərdə qaldığı müddətdə iş yerlərini bir an belə tərk edə bilməzdi. Mətbəxin fəaliyyətinə nəzarət üçün ayrıca səyyar laboratoriya yaradılmışdı. Kislovodsk şəhər sovetinin sədri Borodinin Klementina Çörçilin şərəfinə ziyafət verdiyi də hesabatda qeyd olunur. Ev sahiblərinə minnətdarlıq kimi, ledi Çörçilin adından 30 nəfərlik səhər yeməyinin təşkil edilməsi də göstərilir. Ümumilikdə üç gün sürən səfər zamanı o vaxtın puluyla Kislovodskidə 33.943 rubl, Pyatiqorskidə 19.346 rubl, Yessentukidə 8.205 rubl xərcləndiyi qeyd olunur.
   
   Krım artıq faşist işğalından təmizlənsə də bu yerlərin əvvəlki görkəmini almasına hələ çox qalmışdı. İki ay əvvəl burada üç müttəfiq dövlət başçısının görüşü keçirildi. Həmin ərəfədə ciddi təhlükəsizlik tədbirləri görülmüşdü. Hamı və hər şey nəzarət altına alınmışdı. Hər ehtimala qarşı xarici vətəndaşıarın bölgəyə səfərləri məhdudlaşdırılmışdı. Uinston Çörçil bu görüşə qızı Sara ilə bərabər gəlmişdi. O vaxt heç ağlına gətirmirdi ki, iki ay sonra sevimli xanımı da bu füsunkar yerlərin qonağı olacaqdı.
   
   Aprelin 24-də qonaqlar Krıma gəldilər. Viran qalan Sevastopolu gördülər. Bir neçə gün Alupkada Qafqaz canişini, general Vorontsovun sarayında gecələyib yaxın ətrafdakı gəzməli-görməli yerlərlə tanış oldular. Uinston Çörçil də Yalta konfransı keçiriləndə Bağçasarayda qalırdı. Klementina ev sahiblərindən rica etdi ki, onu da məhz ərinin qaldığı otaqda yerləşdirsinlər. Burada qaldığı dörd gün ərzində məşhur Nəbatat bağını gəzdi, "Artek" düşərgəsində pionerlərlə görüşdü. İstirahət kompleksinə 15 ədəd tibbi-sanitar xidmət üçün tam təmin olunmuş çadır hədiyyə etdi.
   
   Aprelin 26-da Yaltada Çexovun ev muzeyini ziyarətindən şox məmnun qaldı. Hörmətli qonağı yazıçının bacısı Mariya Pavlovna qarşılayıb muzeylə yaxından tanış etdi. Sən demə, bizim ledi məşhur rus yazıçısının həqiqi pərəstişkarı idi. Onun yaşam tərzini görmək, yazı masasına baxmaq, iş otağının ab-havasını udmaq fürsətini bu səbəbdən qaçırmadı. Fəxri qonaqların Xatirə Kitabına ürək sözlərini yazıb imzaladı. Evin həndəvərində dolaşdıqları bağı vaxtilə Anton Pavloviçin özü salmışdı. Mariya Pavlovna öz əliylə həyətdə bitən tər bənövşələrdən çələng düzəldərək hörmətli qonağa təqdim etdi. Çexovun yenicə çapdan çıxan hekayələr kitabını ona bağışladı. Ledi Çörçil Fəxri Qonaqların Xatirə Kitabına təəssüratını yazdı.
   
   Qonaqlar yolüstü Odessanı da gəzib yenidən Moskvaya qayıtdılar. Mayın 8-də ərinə göndərdiyi teleqramda deyilirdi:
   
   "Biz burada yığışıb şampan şərabı içirik. Çoxdan gözlədiyimiz böyük Qələbə münsibətilə səni salamlayır və təbrik edirik. Mənim əzizim, axşam sənin çıxışını radio ilə dinləyəcəyəm və səni düşünəcəyəm. Millətə şərəflə xidmət etdiyin son beş ilin hadisələri yenə xəyalımda canlanacaq."
   
   Mayın 9-da Qələbə paradına Qızıl Meydanda tamaşa edən qonaq həmin gün Moskva radiosu ilə çıxış edərək Sovet xalqını böyük qələbə münasibətilə təbrik etdi və Uinston Çörçilin təbrik məktubunu oxudu.
   
   Qələbə günündən xatirə olaraq Stalin ledi Çörçilə brilyant qaşlı qızıl üzük bağışladı. Bir vaxtlar siyasət aləmində müəmmalı məsələlərlə rastlaşanda "burada ingilis barmağı var", demək dəbdə idi. Qələbə günündən sonra Baş nazirin xanımının barmağında bolşevik rəhbərinin brilyant qaşlı üzüyünün parlamasında mən bir rəmzi məna da görürəm. Qələbədən sonra ingilis barmağı olan yerdə Sovetlərin qızıl nişanəsi də özünü göstərəcəkdi...
   
   İosif Vissarionoviçə təşəkkür məktubunda Klementina xüsusi olaraq qeyd edirdi ki, Qələbə günlərində Sizin məmləkətdə olduğuma görə özümü xoşbəxt sayıram.
   
   Şərəf nişanı və Qırmızı Əmək Bayrağı ordenli ledi İngiltərəyə dönəndən sonra "Mənim Rusiya ziyarətim" kitabı üzərində çalışmağa başladı.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK