adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

çÖRçiLiN ƏN BÖYüK NAiLiYYƏTi

21511 | 2009-01-17 01:00
XX əsr dünya siyasətçiləri arasında ser Uinston Çörçilin özəl yeri vardır. İyirminci illərdən başlayaraq İngiltərə hökumətində mühüm vəzifələr tutan görkəmli dövlət xadimi ayrı-ayrı vaxtlarda iki dəfə Baş nazir seçilmişdir. 90 illik həyatının enişli-yoxuşlu yollarında onun yüksək şəxsiyyəti, hərtərəfli istedadı hər zaman diqqət çəkmişdir.
   
   Tərcümeyi-halından bəhs edən kitabında o yazır ki, gələcək həyat yoldaşımı mənə ərə getməyə inandıra bilməyim ən böyük nailiyyətim oldu. Onların evliliyi nə az, nə çox, düz 57 il sürüb. Həyatı boyu bir an belə bu izdivacın peşimançılığını çəkməyib. Xaraktercə fərqli olan bu iki insan arasında qarşılıqlı anlaşma, məhəbbət, nəvaziş, qayğı, sayğı heç vaxt əskik olmayıb. Bizim bir mahnıda deyilir ki, "küsüb barışmağın öz ləzzəti var". Əgər küsüb-barışmaq həqiqətən böyük ləzzətdirsə, qətiyyətlə demək olar ki, Çörçil ailəsi ömür boyu bu sevincə həsrət qalıb.
   
   Klementina son dərəcə gözəl və gözəl olduğu qədər də ağıllı qadın kimi tanınır. Bərabər yaşamaq yalnız bir yastığa baş qoymaq deyil. Bu da düz deyilib ki, məhəbbət iki nəfərin bir-birinə gözünü zilləməsi yox, hər ikisinin eyni istiqamətə baxmasıdır. Uzun ömürlü sağlam ailə həyatının əsas sirri bu mətləbdə gizlənir. Sevincini, kədərini ailədə səninlə bölüşən varsa, demək xoşbəxtsən. Uinstonun bu məsələdə bəxti gətirmişdi.
   
   Klementina Hozer 1885-ci ildə aprel ayının 1-də Londonda dünyaya gəlmişdi. Bu qız gözəllikdə anasına bənzəsə də, təbiəti tam başqa idi. Uşaqlıqdan hər kəsdən, o cümlədən bacı-qardaşlarından ciddiliyi, ağır təbiəti, nəzakəti ilə fərqlənirdi. Onun tərbiyəsi ilə peşəkar dayələr məşğul olurdu. Sarbonna universitetini bitirib Londona qayıdandan sonra fransız dilindən dərs deyirdi. Gənc müəllimənin xoş sədası ətrafa yayıldıqca elçı daşını döyənlər də çoxalırdı. Fəqət, qız ərə getməyə tələsmirdi, hər şeyi yüz ölçsə də, hələ nəsə biçmək qərarına gəlməmişdi. Bu səbəbdən onun üç dəfə nişan üzüyünü qaytardığı da məlumdur.
   
   Uinstonla tanışlığı kübar məclislərinin birində təsadüfən baş verdi. O dövrdə Çörçil gənc siyasətçi kimi yeni-yeni üzə çıxırdı. Çox sonralar ilk görüşlərini xatırlayan Klementina yazır ki, o, özünü çox qəribə aparırdı. Məni rəqsə dəvət etmirdi, halbuki dövrəmdə fırlanan digər gənclərin hər biri iki-üç dəfə mənimlə rəqs etmişdi. Bir kənara çəkilib məftun baxışlarla uzaqdan mənə göz qoyurdu. Yeməklər süfrəyə düzüləndə düşündüm ki, yeni heyranım yaxınlaşıb məni masaya dəvət edəcək. Buna da cəsarəti çatmadı. Özlüyümdə düşündüm ki, bu cür sıxıntılı olmaq gənc siyasətçiyə yaraşan hal deyil.
   
   Klementina onun utancaqlığının səbəbini bilmirdi. Uinston siyasi söhbətlərdə dildən pərgar olsa da, sevgiməhəbbət hisslərini ifadə etməyi yetərincə bacarmırdı, sıxıntı çəkirdi. Kübar məclislərdə danışmağa, qızların könlünü oxşamağa münasib sözlər tapmırdı. İlk tanışlıqda özünü itirər, dili topuq vurardı. İndiyə kimi o da iki dəfə nişanlanmışdı. Birinci seçimi Meybl Lav adlı kifayət qədər tanınmış aktrisa idi. İkinci dəfə gözəlliyi ilə hər kəsi yerindən oynadan Pamelo Plouden adlı qıza vurulmuşdu. Amma yenə də oxu daşa dəymişdi. Hərəkətlərindən və davranışından bir qədər qətiyyətsiz adam təsiri bağışlayan cavan oğlanın nişanını hər ikisi qaytarmışdı. Üçüncü cəhdi də boşa çıxmışdı. Tankerlər imperiyasının varisi Myuriel Vilson onun sevgisini rədd edərək qəti surətdə "yox" demişdi. "Bəxtsiz cavan"ın növbəti başıbəlalı məhəbbət macərası da amerikalı aktrisa Etel Berrimorla baş verdi. Bu sevda da uğursuzluqla nəticələnincə Uinstonun özünə inamı lap zəiflədi, ailə quracağına gümanı azaldı. Bəlkə ona görə Klementina ilə ilk tanışlıq axşamında gözünü ondan çəkməsə də təkrar yaxınlıq etməkdən çəkindi. Amma onun gözlərinin qeyri-adi rəngini həmişəlik hafizəyə aldı. Bu baxışlarda gənc qızlara xas olmayan müdriklik də nəzərindən qaçmadı. Bəs onun cəlalə görkəmli şabalıdı saçları... Bu gözəlliyi necə unutmaq olardı? O, haqlıydı, unutmaq olmazdı. Amma, işinə-gücünə möhkəm aludə gənc siyasətçi subayçılığın daşını dərhal atmaqdansa, hələ dörd il də bu yükü daşımalı oldu.
   
   Günlərin bir günündə o dövrün nüfuzlu London ailələrindən biri öz malikanəsində şam yeməyi düzənləmişdi. Bu məclisə dumanlı şəhərin say-seçmə adamları dəvət olunmuşdu. Onların arasında 33 yaşlı Uinston da vardı. Çörçil artıq İngiltərə hökumətində nazir müavini idi. Amma bu cür tədbirlərdə canı sıxılardı. Adətən, səmimiyyətdən uzaq olan belə məclislər vaxtın dəyərini və əhəmiyyətini bilməyən qayğısız təbəqənin sevimli məşğuliyyəti idi. Onu daha çox gələcək siyasi karyerası düşündürürdü. Evdə rahat kresloya yayılıb kitab oxumaq onunla-bununla nəzakət naminə çeynənmiş ifadələrlə paylaşmaqdan yüz qat maraqlı görünürdü. Nə biləydi ki, bax elə həmin gəcə onun bəxt ulduzu həmişəlik üzünə parlayacaq.
   
   Hara olursa-olsun, saat neçədirsə, o da fərq etməz, getdiyi yerə gecikmək onun adətiydi. Bu qonaqlığa da dəvət olunan vaxtdan xeyli gec qatıldı. Masa arxasında əyləşəndə gördü ki, yanındakı xanım neçə vaxtdan bəri ağlına, xəyallarına, qəlbinə hakim olan Klementinadır. Aradan ötən illər ərzində o sanki qızlar bulağının suyundan içib bir az da gözəlləşmişdi. Bu təsadüfi görüşdən əslində məmnun qalan Klementina sonralar xatirələrində yazır ki, masa arxasında mənim sol tərəfimdə o köntöy cavan oğlanı yenidən görəndə təəccübləndim. Onun utancaqlığına bələd olan qız bu dəfə özü söz açdı ki, aradakı sükut pozulsun. Söz sözü gətirər, deyiblər. Elə ki, üzdən də olsa siyasətlə bağlı məsələlərə toxundular, oğlanın rəngi-rufu dəyişdi, qaməti düzəldi, eyni açıldı. Elə danışmağa başladı ki, sanki diplomatik görüşdə oturmuşdu. Əvvəlki qətiyyətsizlikdən, utancaqlıqdan əsər-əlamət qalmamışdı. Bax, bu başqa məsələ. Deyən onun əsl siması üzə çıxdı. Əqidəli, çalışqan, ciddiliyi ilə fərqlənən insan təsiri bağışlayan gəncə Klementinanın qəlbində rəğbət hissi oyanmağa başladı. Beləsinə vurulmaq, bel bağlamaq olardı.
   
   Bir neçə gün sonra Uinston Klementinaya məktub yazaraq, onu anasının malikanəsinə nahara dəvət etdi. Nəhayət ki, belə gənc, yaraşıqlı və alicənab qızla rastlaşdığına görə Tanrıya şükr eləyən oğul onu anası ilə yaxından tanış etmək niyyətində düşmüşdü. Məsələ ciddiləşirdi. Klementina ananın da ürəyincə oldu. Bundan sonra tez-tez görüşməyə başladılar, arada fasilələr olanda onu da yazışmalarla doldurardılar. Vaxt tapanda şəhər kənarına birgə səyahətləri də oldu. Axır ki, Çörçil ürəklənib qəlbini açdı. Artıq toy tədarükü görmək olardı.
   
   
   
   ***
   
   XX əsr gələn gündən iri addımlarla irəliləyirdi. Təqvim artıq səkkizinci ili göstərirdi. Toyun vaxtı-vədəsi sentyabr ayına müəyyənləşdi. Uinston artıq ticarət naziri vəzifəsini daşıyırdı, hökumətin üzvü idi. Ölkənin ən gənc nazirinin toy məclisinə oğlan evində ciddi hazırlıq gedirdi. Aralarında 11 il yaş varqi vardı. Qız evində də müəyyən həyəcan yaşanırdı. Ən böyük təlaş isə Klementinanın qəlbində çağlayırdı. Nişanlısının gələcəyinə, ona sədaqətli ömür-gün yoldaşı olacağına şübhə etmirdi. Maddi korluq çəkməyəcəklərinə də şübhə bəsləmirdi. Onu qayğılandıran daha ciddi səbəb vardı - qısqanclıq! Yox, yox! Uinston ötəri sevgilərə baş qoşub ailəsinə xəyanət edən adama oxşamırdı. Klementinanın rəqibi adam deyildi, onun hər şeydən çox sevdiyi siyasət, öz işinə, vəzifə borcuna vurğunluğu idi. İkisi də ona eyni dərəcədə əziz olsa da Uinstonun ailəsindən daha çox siyasətə bağlı olacağına o, şübhə etmirdi. Klementina ikinci planda qalacağına əmin idi. Uinstonun ailəsindən daha çox siyasətə bağlı olacağına o, şübhə etmirdi. Elə olan halda nə etməli? Yenə yüz ölçməli? Yox! Bu dəfə nişanlı qız qəti surətdə biçməyi qərara aldı. Amma elə biçdi ki, yalnız ailə həyatında deyil, iş həyatında, ictimai-siyasi fəaliyyətində də hər zaman onun yanında yer aldı. Ömür boyu Uinstonun ən yaxın məsləhətçisi Klementina oldu.
   
   1908-ci il ili yayın sonunda xəbər yayıldı ki, Müqəddəs Marqarita kilsəsində onların kəbini kəsildi. Qəzetlər onların nigahından gen-bol yazırdı. Gözəl gəlinin qar kimi düm ağ atlas libasından, başındakı tacdan, brilyant sırğalarından və daha nələrdən xəbər verilirdi. Toy məclisinə azı min nəfər dəvət almışdı. Təbriklərin sayı-hesabı yox idi. Təzə bəyə ən orijinal hədiyyəni isə Madam Tüsso muzeyi təqdim etdi. Bu, Uinston Çörçilin mumdan hazırlanan fiquru idi. Həmin gündən heykəl muzeyin zəngin kolleksiyasına daxil edildi.
   
   Toy mərasimində ən əlamətdar hadisə Kral VII Eduardın bəylə gəlinə təbriki oldu. Göndərdiyi hədiyyənin üzərindəki xatirə yazısında bu sözlər qeyd olunmuşdu: "Mənim ən gənc nazirimə". O hədiyyə ömrünün axırına kimi Uinston Çörçillə bərabər oldu.
   
   (ardı var)

TƏQVİM / ARXİV