adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Ağ XƏZ

17989 | 2009-01-17 01:00
Bizim xudmani evimizin eyvanından uzaqda səhraya oxşar bir çöllük görünürdü. Tez-tez pəncərədən ora baxırdım. Mən böyüyəndə orada yeni qəsəbə salındı. Çoxlu binalar tikildi və Qarabağdan gələn qaçqınların bir qismini orada yerləşdirdilər.
   
   O vaxt təqvimdə qırmızı tarixlər çox deyildi , hamının gündəlik iş-gücü vardı, hər dəqiqə hay-həşir olmazdı deyə hamı bayramlara xüsusi hazırlaşardı. Hansı günün bayram, hansının iş günü olduğunu dəqiq bilirdik. Məhəlləmizdə hər bayramda uşaqlarla yığışıb müxtəlif tamaşalar, səhnəciklər hazırlayardıq. Qonşular əvvəlcədən bilirdilər ki, bu bayramda həyətdə nəsə bir proqramla çıxış edəcəyik. Yeni ildə Şaxta Babanın libasını hazırlamaq üçün bir az əlləşməli olurduq. Kimisə Şaxta Babaya bənzətmək çətin idi. Ən çətini də Şaxta Babaya saqqal düzəltmək idi. Bacımın boynunda ağ xəz olan Nikolaydan qalma kürkü vardı. Mən elə hey bacımın Nikolaydan qalma kürkünü əlimə götürüb boynundakı ağ xəzə baxardım, bu xəzi əkişdirmək barədə cürbəcür planlar üzərində baş sındırardım. Ağlıma heç nə gəlməzdi. Bacım onu geyməsə də yaman əzizləyirdi. O, müəllimə işləyirdi. Bu kürkü almaq üçün maaşına bir müddət qənaət etmişdi. Biz də hər il Şaxta Babanın saqqalını pambıqdan düzəltməli olurduq. Şaxta Baba haqda hamı hədiyyə paylayan, səxavətli bir qoca kimi danışırdı. Cocuq olanda hər il valideynlərimizə sifarişlər verib gözləyirdik ki, Şaxta Baba yeni il gecəsi istədiyimiz hədiyyələri gətirib küknar ağacının altına qoyacaq. Qoyurdu da. Bir az böyüyüb özümüz Şaxta Babanın torbasına topladığımız pulla hədiyyə alıb dolduranda anladıq ki, hamısı yalan imiş. Hədiyyələri evdəkilər alırmış. Xəyallarımız puç oldu.
   
   Uşaqlıqda kosmopolit hadisələrlə çox maraqlanardım. Tez-tez yuxularımda başqa planetlərə uçar, orada şüşəli liftlə qalxıb enərdim. Yuxu, xəyal haqda da çox düşünərdim. Sonralar parapsixologiya elmi ilə tanış oldum. Bu elmə görə xəyal insanın sifarişidir. Mütləq gələcəkdə xəyal etdiyimiz və gerçəkləşəcəyinə inandığımız hər arzu kosmik auramıza göndərdiyimiz sifarişdir. Filan iş olacaq desək, o, mütləq olacaq. Əgər filan iş olsa, ya olar desək işin gerçəkləşməsini şübhə altına qoyuruq. Buna görə xəyalımıza gətirdiyimiz, səsləndirdiyimiz hər istəyə nəzarət etməliyik ki, sifariş xeyrimizə olsun. Bu haqda öyrənənə qədər mən xeyli yaşamalı oldum.
   
   Məktəbdə də həvəslə şənliklər keçirərdik, hamıya bilet satardıq, kim istəsə bir ay qabaqcadan bilet alıb bizim şənliklərdə iştirak edə bilərdi. Həmin biletlərin puluna masalar düzəldər, zalı bəzəyər, müxtəlif oyunlar üçün hədiyyələr alardıq. Bir dəfə ağlımıza gəldi ki, növbəti yeni ilə təbii küknar ağacı gətirək. Çox axtardıq, gəzdik, soraqlaşdıq, gördük almağa çox pulumuz sərf olunacaq. Bir gün yolda iri, yaraşıqlı küknar ağacları sıralanmış bir küçəyə rast gəldim. Yoldaşlarıma dərhal xəbər verdim, onlardan biri əmək otağından gizlincə mişar götürdü və biz kiçik avtobus tutub həmin küçəyə yollandıq. O vaxt təbiət qoruq kimiydi. Ağaclar salınmış hər yerdə xüsusi nəzarətçilər dayanırdı. Bir budaq qırsan adamı əməlli-başlı cərimə gözləyirdi. Şagirdlərin ağac kəsməsinə görə təkcə özlərini deyil, məktəbi, valideynləri, müəllimləri və müdiriyyəti töhmət edərdilər. Bunu yaxşı bilirdik, amma şənliyimizdə təbii ağacın olmasını o qədər arzulayırdıq ki, heç nəyə baxmayaraq, getdik və ağacı mişarlayıb maşına qoyduq. Artıq hamımız miniyə doluşmuşduq, birdən hardansa gözətçi peyda oldu. Çox həyəcanlandıq. Yadımda dəqiq deyil qorxduq, ya yox. Bilirəm ki, özümüzü itirmədən sürücüdən tez aradan çıxmasını xahiş etdik. O da cəsarətlə bizi gözətçidən xilas elədi. Beləliklə, şənliyimizdə ucu tavana dirənən iri, olduqca cazibəli küknar ağacı vüqarla dayanmışdı. Onu bəzəmək üçün yerə uzadıb əvvəlcə zərlədik, sonra oyuncaqları, sonra da işıqları asdıq. Hamılıqla qaldırıb ağ parçaya bürüdülmüş, içi nəm torpaqla dolu yekə vedrəyə yerləşdirdik. Bayrama təhsil idarəsindən dəvət olunan qonaqlar sonradan məktəbimizə xüsusi təltif, təşkilatçılara isə diplom verdi. Yəqin elə biliblər ağacı almışıq.
   
   Novruz bayramını da keçirirdik. O vaxt da Kosa hər yerdə eyni cür çıxış edir, indiki şeirini söyləyirdi.
   
   
   
   Novruz-novruz
   
   bahara, ay bahara
   
   Güllər-güllər
   
   nübara, ay nübara...
   
   
   
   Bütün tədbirlərdə, televiziya bayramlarında Novruz eyni ssenari üzrə hazırlanırdı.
   
   
   
   A kos-kosa gəlsənə
   
   Gəlib salam versənə...
   
   
   
   Kosa gələnə yaxın keçəl bu sözləri deyər, yıxılıb ölər, sonra üstünə su çiləyərdilər. Kosa da gəlib bir-bir hamıdan bayram payı dilənərdi.
   
   
   
   Keçəli güldürsənə
   
   Kosanın payını versənə və s.
   
   
   
   Bizim dilənçi Kosadan xoşumuz gəlməzdi. Onun şeirindən də bezmişdik. Özümüz onunçün yeni bir şeir yazmışdıq. Təxminən belə idi:
   
   
   
   Bu novruz axşamında
   
   Bir ağıllı olaydı,
   
   Yaxşı şeir deyəydi,
   
   Bunun əvəzində mən
   
   Verərdim paxlavadan
   
   Ya da şəkərburadan
   
   Qarnını doyduraydım.
   
   Nə olaydı, olaydı...
   
   
   
   Müharibə başlayandan sonra məktəbimizə qaçqın uşaqlar gəldi. Müəllimlər bizdən köhnə, geymədiyimiz pal-paltarları gətirməyi xahiş edirdi. Qohum-qonşudan soraqlaşıb pal-paltar yığıb məktəbə verirdik. Yeni yoldaşlarımıza dəstək olmağa çalışırdıq, onlar üçün lazımi məktəb ləvazimatları alırdıq. Daha bayramlar keçirmirdik.
   
   Çox keçmədi, əvvəllər pəncərəmizdən səhraya oxşayan, sonra isə qaçqınların yaşayış yerinə çevrilən qəsəbədən bir oğlanla tanış oldum. 9 yaşı olanda atası ona öz "Kamaz"ını sürməyi öyrətmişdi. Atası cəbhədə bərk yaralanır, onu Bakıya qospitala göndərirlər. Ermənilər rayona soxulanda aləm bir-birinə qarışır, hay-haray düşür, hərə canını götürüb bir tərəfə qaçır. Ailənin bütün kişiləri cəbhədə olduğu üçün evdə qalan qadınlar, cocuqlar və qocalar həyətdən çıxa bilmir. Anası ona sükan arxasına keçməyi əmr edir, "atan sənə sürməyi öyrədib, otur sükan arxasına". Danışır ki, 11 yaşına yenicə girmişdim anam elə qətiyyətlə mənə otur sükan arxasına dedi ki, ürəkləndim. Qadınları, cocuqları və qocaları maşına yığıb Bakıya sürdüm. Maşını yerindən tərpətmək çox çətin idi. Qəfildən mənə bu günə kimi anlamadığım ilahi bir güc gəldi. Maşını zorla yerdən götürdüm, elə təzəcə tərpənmişdik ki, qabağımıza erməni tankı çıxdı. O qədər yaxın idi ki, tankdakıların səsini eşidirdim. Vəhşiləşmişdim, "Kamaz"ı birtəhər arxaya verib yolu dəyişdim. Nədənsə bizə güllə atılmadı. Bakıya çathaçatda yollara səpələnmiş dövlət qulluqçuları uzaqdan gələn sürücüsüz "Kamaz"ı görüb çaşqın halda maşını saxlayırlar. Boyu balaca olduğu üçün sürücüsü çöldən görünməyən maşının qapısını açıb heyrətə gəlirlər...
   
   (Ardı var)

TƏQVİM / ARXİV