adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Yanvar 2015 15:28
8651
SİYASƏT
A- A+

“Amerika Azərbaycanın maraqlarını nəzərə almadı”

Ermənilərin xaricdə lobbiçilik fəaliyyəti, Azərbaycanın SSR-nin tərkibində olduğu bir vaxtda informasiyanın blokadada olması, digər tərəfdən Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasından sonra ermənilər geniş əl–qol atmağa başladılar”. Bunu YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

A.Hüseynov diqqəti 1990-cı ildə baş verən hadisələrə yönəldərək ABŞ Azərbaycana bir dövlət olaraq qərəzli yanaşdığını bildirib: "İlk növbədə Heydər Əliyevin Siyasi Bürodan istefa verməsi bu məsələlərin daha da vüsət almasına gətirib çıxartdı. Eyni zamanda Amerika Birləşmiş Ştatları və digər dövlətlər də bu məsələdə Azərbaycanın maraqlarını nəzərə almadılar. Üstəlik erməni mövqeyindən çıxış edərək Qorbaçovdan Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsini təkidlə tələb ediblər. SSRİ-nin rəhbəri də Qərbin maraqlarına qul olduğu üçün onların tələbini "ləbbeyk" deyərək yerinə yetirib. Əlbəttə bu gün də bu vəziyyət davam edir. Bu o demək deyil ki, aradan illər keçib və həmin qüvvələr susub. Bu gün də düşmənin "dəyirmanına su tökənlər"in fəaliyyəti davam edir. Sadəcə olaraq əvvəlki illərdən fərqli olaraq hazırda zəif görünürlər. Çünki bizim xarici diplomatiyamız xeyli güclənib”.

Politoloq bu gün də Azərbaycana qarşı xarici qüvvələrin müəyyən addımlar atdığını, lakin prezident İlham Əliyevin xarici siyasətdə həyata keçirdiyi təxirəsalmaz tədbirlər nəticəsində ölkəmizə qarşı edilən istənilən hərəkətin neytrallaşdırıldığını bildirib: "Ölkə prezidenti İlham Əliyev Qarabağ məsələsində çox qətiyyətli şəkildə öz sözünü deyir, mövqeyini bildirir. Bu isə ermənipərəst xarici qüvvələrin qarşısına sipər çəkir. Əgər İlham Əliyevin qətiyyətli addımları, xarici siyasətdəki böyük nailiyyətləri olmasaydı, bəlkə bu günkü Qarabağ məsələsi tamam başqa cür şəkildə həll olunardı və ya bu məsələ digər dövlətlər tərəfindən fərqli qəbul olunardı. Günümüzdə cənab İlham Əliyevin qətiyyətli mövqeyi o dövrdən başlayaraq Azərbaycana qarşı yönələn həmin qüvvələrin qarşısını qətiyyətlə alır. Bu gün demək olmaz ki, həmin qüvvələr sakitləşiblər. Sadəcə, Azərbaycan dövləti tərəfindən həmin qüvvələr neytrallaşdırılıb. 20 Yanvar faicəsinin baş verdiyi günləri xatırlayarkən qeyd etmək istəyirəm ki, burada fərqli faktorlar var. O dövrdə SSRİ-yə qarşı Amerikanın münasibəti tamam başqa idi. Biz də SSRİ-nin tərkibində respublika olmuşuq. Yəni süveren dövlət deyildik. Əlbəttə o dövrdəki baxışla günümüzdəki baxış arasında kəskin fərqlər mövcuddur. Bu gün Azərbaycan dünya birliyinin üzvüdür. Bununla belə ölkəmizə qarşı bir erməni xisləti dayanıb. Öz xislətlərini, niyyətlərini də onlara dəstək olan xarici qurumlar, ölkələr vasitəsilə həyata keçirməyə çalışırlar. Onlar bu niyyətlərindən əl çəkilməyənə kimi, Azərbaycan da öz qətiyyətli mövqeyindən bir addım da geri durmayacaq”.