adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

NƏLƏR QALDI ARXADA...

VAHİD ƏLİFOĞLU
22865 | 2009-01-10 01:36
... İnanma ki, dinə bədbəxt,
   
   Cin atına minə, bədbəxt.
   
   Ey, arxası mənə, bədbəxt,
   
   Kimsə yox mənim arxamda...
   
   
   
   Qarşılamaq, həm də nəyisə yola salmaqdı... Qonaqlarım əlləri əlimə çatana kimi gəldilər. Əlləri əlimdən üzülən kimi də çıxıb getdilər. Qapım olmadı qapımı açsınlar, evim olmadı gecələyələr...
   
   ... Anam deyərdi ki, harada olursan ol, bayram axşamı çalış ki, evində olasan. Bayram axşamı evində olmayan yeddi bayramı yerindən-yurdundan kənarda qarşılayar. On bir təzə ili çadırda, altı təzə ili Haramıda qarşıladım...
   
   Elə ona görə də 92-ci ilin "Novruz bayramı" köçüb getdi Seyidəhmədli qəbristanlığına. Köçüb getdi ki, bayramları İmişlidə, Biləsuvarda, Haramıda qarşılamasın... Yerində, yurdunda qarşıladığın bayramların mübarək, ay ana...
   
   ... 93-cü ildən üzü bəri neçə bayramlar keçib evimdən kənarda. Doğrudanmı, hər evdən kənarda keçən bayramın yeddi bayramlıq cəzası var? Anam deyərdi...
   
   ... Yadımda qalmayıb, hansısa xarici təşkilat məmləkətimizin yerli təşkilatı ilə birlikdə "Dünya uşaqların gözü ilə" adlı müsabiqə keçirirdi. Müsabiqənin şərti beləydi ki, uşaq gördükləri, bildikləri düşüncəsi daxilində bədiiləşdirib inşa yazmalıydı. Babat da mükafat vəd edirdilər. Qızım Elgünlə birlikdə bir gün özümüzə əziyyət verib "93-cü ilin uşaqları" adlı yazı yazdıq. Yazı köçkün bir uşağın Qarabağdan başlanan, çadırdan keçən və Haramıda yekunlaşan xatirələrindən ibarət idi. Bir aydan sonra cavab aldıq ki, mövzu aktual deyil...
   
   ... Tələbəlik illərində Sabir adına kitabxanada fəaliyyət göstərən "Ədəbiyyat dərnəyinə" mən də şeirlər aparırdım. Dərnəyin rəhbəri tanınmış şair idi. İndi həyatda olmadığına görə adını çəkməyə ehtiyac görmürəm. Şeirin ilk misrasından iki söz oxumamış deyirdi ki, saxla, zəifdi... Bir gün uşaqlarnan sözləşib həmin şairin beş il qabaq "Azərbaycan" jurnalında çap olunmuş şeirini tapıb gətirdim. Şeirin bir bəndini oxumuşdum ki, dedi:
   
   - Saxla, cır tulla, getsin...
   
   ... Biz çayın kənarında əyləşib çaya kağız gəmilər buraxan və bu gəmilərin kiməsə çatacağına inanan uşaq kimiyik...
   
   ... Əbülfət Mədətoğlu telefonda kövrəldi ki, qağa, mən də çatdım "əlliyə". Güldüm.
   
   Dedi nəyə gülürsən? Dedim mən beş il qabaq çatdım əlliyə nə oldu ki, sən də çatanda nə ola... Telefonu qapayandan sonra öz-özümə dedim ki, ay Vahid müəllim, sən də lap özünü qoymusan dəli oğlanlığa. Bəs deyil, tay?..
   
   Amma Tuğun işğal günündən bura qədər keçən illəri çıxdım, gördüm qağamın əlli nədi, qırxa çatmağına hələ çox var...
   
   ... Keçən il Məmməd Arazın da 75 yaşı tamam oldu. O boyda şairin televiziya kanalında iki şerini oxumadılar, amma Kərimin arvadından ayrılmasının səbəblərini düz bir saat müzakirə etdilər...
   
   ... Tofiq Abdin altmış yeddini, Aqil Abbas əlli beşi "qatladı"...
   
   ... Doxsanıncı illərdə "Dünyanın ən varlı şəhəri"nə yağan "Dolu" indi hamımızın başına yağır. Heyif ki, çox adam hələ yarılmış başından dodağına süzələnən qanı doşab bilib yalayır...
   
   ... Damarlarından doşab axanların cəmdəyindən öləndə araq çəkəcəklər, Abi...
   
   ... Kişinin əlası, yaxşısı, kafisi olmur. Kişi ya kişidir, ya da nakişi. Vəssəlam...
   
   ... Seyran Səxavət yazır:
   
   - Qoca çiynindəki xurcunu yerə qoyub yolnan keçən uşaqdan soruşdu:
   
   - Bu millət niyə belə eləyir, ay bala?..
   
   ... Hamının qoyunu, inəyi, atı, iti...
   
   Əmirzeyitlidən ta Örənqalaya kimi deyəsən yazı-pozu ilə baş girləyən elə bircə mənəm...
   
   ... Xanımım (can, ay Vahid bəy - V.Ə.) qız toyundan qayıdandan sonra bir gün axşamacan öz-özünə deyindi:
   
   - Yanımda əyləşmiş gəlinə dedim ki, indi tamada bizim kişinin şeirini deyəcək. Dili qurumuş da hamıdan dedi, təkcə sənin şeirini demədi...
   
   ... Toyda bir bənd deyilmiş şeirin şöhrəti yüz kitabdan irəlidi...
   
   ... Mirəli müəllim kitablarımın hər üçünü mənə qaytarıb qıpqırmızı dedi:
   
   - Qardaş, bağışla bu kitablarda toyda oxumalı bir dənə də "isbatlı" şeir tapmadım.
   
   ... Televizorda dedilər ki, Bakıdakı "Xruşşovka"ları, "Stalinka"ları söküb yerində hündürmərtəbəli, müasir tipli binalar tikəcəklər. Əbülfətin "Motodrom"dakı evi yadıma düşdü, sevindim. İxtisasca inşaat mühəndisi olsam da qağamın evinin memarlıq üslubunu müəyyən edə bilmədim...
   
   ... Bəzi adı türk, toxumu məlum olmayanlar ermənilərdən üzr istəmək üçün imza toplayırlar. Üzr istəməyən mənəvi, etik, kişilik anlayışlarını bir tərəfə qoyub, prosesin mexanizmini aydınlaşdırmağa cəhd etdim. Kəşf etdim ki, üzrxahlıq edən gərəkdir ki, üzr istədiyinin qarşısında qabağa əyilib, beli bükülü vəziyyətdə dayansın... Belə "poza" yandan baxanda çox biədəb görünür, əfəndilər...
   
   ... İraqda da uçan naməlum obyekt göründü. Amma "tarelka" deyil, ayaqqabı qaçqın ayaqqabısı olmadı. On beş ildi geyindiyim "dermantin" ayaqqabılarımın altında, yalan olmasın, yarım kilo mismar var...
   
   ... Zamin dedi ki, əmi, narahat olma, sağ və salamatam. Akif müəllim, qocalırsan. Tay şilləni də sərrast vura bilmirsən...
   
   ... Yusif Ağayev də "əməkdar jurnalist" oldu. Oqtayın bu adı, mənim də "Xalq şairi" adım qaldı İsrafilin düdük çalmasına... İsrafili də ki, "Xalq artistləri" qoyur ki çıxa ekrana...
   
   ... Mən arxada qalan 2008-ci ilin son yazısını yazmaq istədim. Hər il onsuz da hamımızın ad günüdü. Dirilərimizin də, ölülərimizin də... Hər il, istədin-istəmədin əldən çıxmış, bir daha geri qayıtmayacaq günlərdi, aylardı... 2009-dan nə gözləyirəm? 24 səhifəlik "Ədalət" və səhifələrdəki müəllif şəkillərinin hamısını öz yerində...
   
   ... Üç yüz altmış beş gün də gəldi Qarabağsız günlərimin üstünə...
   
   

TƏQVİM / ARXİV