adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Mizel Uelbeklə üç müsahibə

17058 | 2009-01-10 01:36
"Mən Amerika ədəbiyyatını ona görə oxuyurdum ki, iyirminci əsrdə niyə məhz ABŞ-ın ağalıq etdiyini anlaya bilim. Təəssüf ki, anlaya bilmədim".
   
   Mişel Uelbek kimdir?
   
   
   
   Mişel Uelbek 1956-cı il, fevralın 26-da Fransanın Reyunyon adasında doğulub. O, dağlara bələdçilik edən ləpirçi ilə anestezioloq həkimin ailəsində doğulmuş iki uşaqdan birincisi idi. İkinci uşaq doğulandan sonra ailə Mişelə çox az diqqət ayırırdı. Mişelin altı yaşı olanda ata nənəsi, Kommunist Partiyasının qatı təəssübkeşi Henrietta öz himayəsinə götürür. Altı yaşlı Mişellə kommunist qarı çox gözəl dil tapırlar və gələcəkdə Mişel onun soyadını daşıyır. Bu soyadı o, sonradan həm də yazıçı təxəllüsü kimi istifadə edir.
   
   1978-ci ildə Uelbek "Ekologiya və ətraf mühitin mühafizəsi" ixtisası üzrə diplom alır. Sonra isə o, Lui Lümyerin adına Ali Milli Məktəbin kinematoqrafiya bölməsinə daxil olur və 1981-ci ildə buranı bitirir. Elə həmin il onun oğlu Etyen dünyaya gəlir. Sonrakı illərdə Uelbekin həyatında işsizlik, boşanma dönəmi başlayır. Bu hadislər onda ciddi depressiyaya səbəb olur. 1983-cü ildən başlayaraq, Uelbek Parisdə sistem administratoru işləyir, sonra isə Kənd Təsərrüfatı Nazirliyində, nəhayət, Milli Assambleyada çalışır.
   
   Ədəbi fəaliyyətə Mişel Uelbek şeir və esselər yazmaqla başlayır. 1991-ci ildə yazıçı özünün ilk kitablarını - "Sağ qalmaq" adlı esselər toplusunu və "Q. F. Lavkraft: İnsanlığın əleyhinə, inkişafın əleyhinə" adlı araşdırmasını nəşr etdirir. Bu kitabların ardınca da "Xoşbəxtlik axtarışında" adlı şeirlər toplusu işıq üzü görür. Amma ədəbi mühit və oxucular ilk kitablara qarşı laqeyd qalırlar.
   
   Mişel Uelbekə şöhrəti isə "Mübarizənin sərhədlərinin genişləndirilməsi" adlı ilk romanı gətirib (1994). Bu romanda o, Qərb cəmiyyətinin liberal nailiyyətlərini şübhə altına alır. Əsas tənqid hədəfi isə müasir insan üçün tələyə çevrilən seksual azadlıq olur. Bu mövzunu Mişel Uelbek "Bəsit hissəciklər" adlı növbəti romanında inkişaf etdirir. Və bu kitab fransız yazıçısına dünya şöhrəti gətirməklə yanaşı, ədəbiyyat üzrə dövlət mükafatının "Qran pri"sini qazandırır.
   
   Mişel Uelbekin son romanı - "Adanın imkanları" "İnteralye" ədəbi mükafatını qazandırır. Və bu romanın motivləri əsasında Uelbek eyniadlı film çəkir. Amma 2008-ci ildə Lokarno film festivalında nümayiş olunan bu film kino tənqidçilərində heç bir müsbət və ya mənfi rəy oyatmadı.
   
   1990-cı illərin sonlarında Fransanı tərk edib. Buna səbəb olan amillərdən biri də onun əleyhinə açılmış məhkəmə prosesi və müsəlman cəmiyyətinin təhdidləri oldu. Sonralar isə Uelbek İrlandiyada və İspaniyada yaşayır. Hazırda Mişel Uelbek ən yaxşı fransız yazarlarından hesab olunur.
   
   Uelbekin sizə təqdim etdiyimiz ilk müsahibəsi Rusiyada götürülüb.
   
   
   
   Amerika kultu məni iyrəndirir
   
   
   
   Mişel Uelbek: "Hər şeyi
   
   xalqlar arasındakı münasibətlər yox, fərdlər arasındakı
   
   münasibətlər həll edir"
   
   
   
   - Sizin çılğın, odlu-alovlu romanlarınızı oxuyanda adama elə gəlir ki, özünüz də romanlarınıza oxşayırsınız. Amma gördüyümüz qədərilə təbiətcə çox sakit adamsınız.
   
   - Deyim ki, çox vaxt belə olur. Çılğın romanları yazan adamların əksəriyyəti dinc, sakit adamlardır. Sakit, "ağıllı" əsərləri isə əksinə, təbiətcə nadinc, şuluq və çılğın adamlar yazır.
   
   - Oxucuların çoxu romanlarınızdakı qəhrəmanlarla sizin aranızda paralellər aparır. Etiraf edin, "Adanın imkanları" romanındakı Daniel öz portretinizdi?
   
   - Adətən mən qəhrəmanları olmaq istədiyim adamlara bənzədirəm. Daha doğrusu, mən başqa bir adam olmaq istəyirəm, amma bədbəxtlikdən tale bunun mənə rəva görmür. Və həmin şeyləri qəhrəmanımın üzərində tətbiq edirəm. Amma mən çətin ki, qadınımla, arvadına qarşı seksual marağını itirdiyinə görə onu tərk edən Daniel kimi rəftar edərdim. Mənim daha bir qəhrəmanım isə həddi-buluğa çatmamış qızla əlaqədə olur. Yəqin ki, mən heç onun kimi də eləyə bilməzdim. Amma etiraf edim ki, belə bir şey ürəyimdən keçib. Ümidvaram, oxucular mənim də ağır ruhi vəziyyətdə olan, öz iti ilə ancaq heyvanların yaşadığı adaya köçən Danielin günündə olduğumu düşünmürlər.
   
    - Yəqin ki, siz Aleksandr Puşkinin dünyada xoşbəxtliyin olmadığı, təkcə sevincin var olduğu barədə məşhur fikrini eşitmisiniz... Onunla razısınız?
   
   - Xoşbəxtlik yoxdur, amma sevinc var. Bəlkə də daimi, keçib-getməyən sevinc elə xoşbəxtliyin özüdür ki, var. Amma ziddiyyət burasındadır ki, sevinc tez keçib gedir, kədər isə qalır. Sevinc daha dərin və iti hissdir, belə demək mümkünsə, o, şüuru büsbütün zəbt edən bir sərxoşluqdur, ekstazdır. Mən Puşkini ona görə oxumuşam ki, özüm də şairəm. Onunla yanaşı, mən on doqquzuncu əsrdə yazıb yaradan bütün rus yazarlarının, sonra isə iyirminci əsrdə yazan az qala bütün ingilis və Amerika ədiblərinin əsərləri ilə tanış olmuşam. Mən Amerika ədəbiyyatını ona görə oxuyurdum ki, iyirminci əsrdə niyə məhz ABŞ-ın ağalıq etdiyini anlaya bilim. Təəssüf ki, anlaya bilmədim.
   
   - Romanlarınıza baxanda adama elə gəlir ki, Amerika həyat tərzi sizi o qədər də cəlb eləmir. Halbuki, elə bugünki Fransada da qəhrəmanlarınız çox rahat yaşamır.
   
   - Əvvəla, mən öz kitablarımda dünyanın xəritəsini hələ onun olduğundan bir az da yumşaq təsvir edirəm. Əslində reallıq daha pisdir. İkincisi, Amerika bir istehlak cəmiyyəti yaradıb və bunu kulta çevirib, bu isə məni iyrəndirir. Üçüncüsü, mən nə qədər çox yaşayıramsa, amerikalılarla avropalılar arasında nə qədər az fərqin qaldığını başa düşürəm. Və başa düşürəm ki, ümumiyyətlə hər şeyi xalqlar arasındakı münasibətlər yox, fərdlər arasındakı münasibətlər həll edir.
   
   - Siz televiziyanın, reklamın, supermarket hakimiyyətinin əleyhinə çıxış edirsiniz. Maraqlıdır, bunların əvəzində, nə təklif edirsiniz?
   
   - Əslində mən qəzetlərin yazdığı qədər də qiyamçı deyiləm. Məsələn, mən kitablarımın kübar, zövqlü zümrə üçün nəzərdə tutulmuş elitar yerlərdə deyil, kütləvi istehlak malı kimi supermarketlərdə satılmasının tərəfdarıyam. Yeri gəlmişkən, axı mənim supermarketləri tənqid elməyim yadıma gəlmir. Mən təkcə vəhşicəsinə bahalı brendlərin və kuturyelərin mallarının əleyhinə çıxış etmişəm.
   
   - Yeri gəlmişkən, siz Fransa üçün müqəddəs olan bir şeyə - kuturye məsələsinə qarşı çıxırsınız: kuturyelər az qala Fransız mədəniyyətinin nailiyyətidir. Və hələ deyirsiniz ki, bu qiyam deyil?
   
   - Fransada həddindən çox kuturye var. Amma böyük rəssamların hamısı ölüb.
   
   - Bəs əsas rəqibinizi, müasiriniz olan məşhur yazıçı Frederik Beqbederi yazıçı yoxsa məşhur brend hesab edirsiniz? Yadımıza gəlir, Moskvaya keçən dəfəki səfiriniz zamanı siz yazıçı Beqbederlə sərt ədəbi mübahisəyə girişmişdiniz...
   
   - Beqbederin əsərləri maraqlıdır, onun iti tənqidi baxışları var. Amma o, həddindən artıq tərbiyəli və təbiətcə çox rəhmdildi. Buna görə də o, iti hissləri yaşamaq və ya onları ötürmək iqtidarında deyil. Və mənim də gözümə xırda yazıçı kimi görünür..
   
   - Sizdən fərqli olaraq, Beqbeder böyük, ülvi məhəbbətdən bəhs edən roman yazdı və adını "İdeal" qoydu. Yeri gəlmişkən, həmin romanın əsas qəhrəmanı öz sevgisini Moskvada tapır, bəlkə siz də öz qəhrəmanınızı böyük məhəbbət axtarışı üçün Rusiyaya göndərəsiniz?
   
   - Böyük sevgi axtarışına çıxan bütün romantiklər əslində seksual manyak olurlar. Məsələn, mənim yaxın bir tanışım (o, məşhur yazıçıdır) pornofilmlərdən ötrü ölür və bununla yanaşı mənim şeirlərimi oxuyanda özünü ağlamaqdan saxlaya bilmir. Buna görə də mən insanları romantiklərə və realistlərə deyil, soyuq və ehtiraslı insanlara ayırmağın tərəfdarıyam.
   
   - Axı, məlumdur ki, cavan vaxtı hamı ehtiraslı olur, yaşlanıqca isə adam bir az soyuyur. Bəs sizin qəhrəmanlarınıza yaş faktoru təsir edir, ya yox?
   
   - O qədər də yox. Parisdəki tələbə qiyamını seyr edərkən düşünürdüm ki, əgər mən də onlar yaşda olsaydım, mütləq onların sıralarına qoşulardım. Amma sadəcə, oxumaq istəmədiyimə görə. Əgər darıxdırıcı mühazirələrdə oturmaq əvəzinə, küçələrdə bağırmaq imkanı varsa, niyə də qiyamçı tələbələrə qoşulmayasan? Ümumiyyətlə, mən həmişə düşünmüşəm ki, inqilabçılar dünyanın haqsızlığına ondan daha betər haqsızlıqla cavab verməyə hazır olan adamlardır. Yəqin ki, onlara qoşulmağa mənim sadəcə, cəsarətim çatmır. Axı necə də olsa, mən tənbəl adamam.
   
   - Sizi həvəsə gətirən və ya şoka salan şeylər var?
   
   - Məni bu dünyada təəccübləndirən tək şey qadınla kişinin arasında ildırım sürəti ilə yaranan cazibədir. O ki qaldı şoka düşməyimə, nə cür şoka düşürəmsə düşüm, mən roman yazanda ondan qurtula bilirəm.
   
   - Dediniz ki, qəhrəmanlarınızdan fərqli olaraq, yeniyetmə qızla əlaqəyə girə bilməzsiniz... Siz dindarsınız?
   
   - Seksual təravət, cavan bədən və gənclikdən başqa heç nəyi qiymətləndirməyən dünya insan varlığını gəmirir. Mən bu yalançı həzz təşnəsinə təslim olmaq istəmirəm.
   
   - Birinci dəfə siz Rusiyada yeddi il əvvəl olmusunuz. Bu vaxt ərzində sizcə, rus cəmiyyəti nə qədər dəyişib?
   
   - Rusiya Qərbi Avropaya oxşamağa başlayır. Burada da insanlar eyni malları alır. Qərb indi ruslarla əvvəlki məsafədə deyil. Yeddi il əvvəl mövcud olan ehtiyatlılıq hissi, nizamsızlıq yoxdur.
   
   - Ruslar haqda nə fikirləşirsiniz?
   
   - Yenə də deyirəm - ruslar indi qərblilərə oxşayır. Çox şey dəyişib. Əvvəllər mənə elə gəlirdi ki, rus qadınları ərə gedənə qədər bakirə qalan qadınlara və fahişələrə bölünür. İndisə hər şey dəyişib.
   
   - Bəs siniflər haqda nə deyə bilərsiniz?
   
   - Əgər əvvəllər Rusiyada bir yığın adam "Mersedes" sürür, qalanları isə səfil həyat tərzi keçirirdisə, indi belə deyil. İndi orta sinif var.
   
   - Rusiyadakı uğurunuz sizi təəccübləndirir?
   
   - O qədər də yox. Mənə tez-tez Dostoyevski və başqa rus yazıçıları haqda suallar verirlər. Mən özümü hansı mənadasa rus mədəniyyətinə bağlı adam sayıram. Ona görə də buradakı uğurum məni daha təzə mədəniyyətə sahib olan ABŞ-dakı uğurlarımdan az təəccübləndirir. Rusiyada bu - qanunauyğunluqdur. Elə Almaniyada da - çünki mən uzun müddət alman fəlsəfəsi ilə maraqlanmışam və bunun mənə böyük təsiri olub.
   
   - Sizcə, romanlarınız rus oxucusunu nə ilə cəlb edir? Sizdən daha çox nəyi soruşurlar?
   
   - Məndən daha çox dinlə, gələcəklə bağlı şeylər soruşurlar. Yəni qlobal məsələləri...
   
   - Bəs Almaniyada?
   
   - Orada daha çox seks və məhəbbət haqda sual verirlər.
   
   - Dediniz ki, Rusiyada daha çox Dostoyevski haqda soruşurlar. Bu yazıçı sizi nə ilə cəlb edir?
   
   - Dostoyevski dahi romançıdır. Onun personajlarını yaddan çıxarmaq mümkün deyil. Maraqlıdır ki, qadın personajlarını o, elə də uğurla yarada bilməyib. Yəqin ona görə ki, qadınlarla çox da maraqlanmırdı...
   
   - Bəs Appolinariya Suslova ilə çılğın eşq macərası...
   
   - Ola bilər, amma bu, kifayət deyil axı. Məncə, həmin vaxt o daha çox Rusiya, din, inqilab haqda düşünürdü, nəinki qadınlar haqda...
   
   

TƏQVİM / ARXİV