20 YANVAR: 25 İL

VAQİF YUSİFLİ
50980 | 2015-01-20 09:49
Xalqımızın tarixində elə səhifələr var ki, onlar qanla yazılmışlar. Zaman baxımından yaxın ya uzaq olsun, yaddaşımızda o səhifələr həmişə kədərlə oxunur.
1990-cı ilin 20 Yanvar günü də yaddaşımızda dərin iz buraxan belə səhifələrdən biridir. İyirmi beş il keçir o qanlı faciədən. Hər il 20 Yanvar günü Bakıda, Azərbaycanın digər şəhərlərində insanlar axın-axın Şəhidlər Xiyabanı adlanan, günahsız insanların dəfn olunduqları məzarlıqlara baş çəkirlər.

Bu gün qara geymişəm, qara günümdür mənim,
Dünyanı silkələyən ahım, ünümdür mənim.
Şəhidlər Xiyabanı qibləm, yönümdür mənim,
Öz dərdimi çəkməsəm, özgələr dərdə qalmaz.

Xalq şairi Zəlimxan Yaqubun "Qalmaz" şeirindəndir bu misralar. İyirmi beş il ərzində Azərbaycan şairləri 20 Yanvarla bağlı yüzlərlə şeirlər, poemalar yazmışlar. Xalq kədərinin ifadəsi olan bu poeziya nümunələri 20 Yanvar tarixinin bədii salnaməsidir.
Elə Zəlimxan Yaqub o matəm günlərində xalqın içindən gələn dərdi neçə şeirə çevirdi. Onun "Şəhid qanı" şeiri Azərbaycan poeziyasında şəhidliyə həsr olunan şeirlər içərisində xüsusilə seçilir:

Həyatımda ilk dəfə bu qədər qan görürdüm,
Qızıl qana bələnmiş sökülən dan görürdüm.
Qan içində çalxanan Azərbaycan görürdüm,
Yerdən, göydən, dənizdən axırdı şəhid qanı.
Əzizinəm, can ağlar,
Könül ağlar, can ağlar,
Bu gün yaman günümdür,
Mərd yanar, meydan ağlar.
Həyatımda ilk dəfə bu qədər gül görürdüm,
Hər gülün arxasında sınan könül görürdüm.
Bütün Azərbaycanı məlul-müşkül görürdüm,
Dünyanı yandırırdı, yaxırdı şəhid qanı.
Əzizim nələr gördüm
Dərd dağı dələr gördüm.
Min şəhidin yasında
Bir xalqı mələr gördüm.

Filologiya elmləri namizədi Aslan Salmansoy bu poetik nümunələrin müəyyən bir qismini "Qan borcu" adı altında bir almanaxda toplayıb. Heç şübhə yoxdur ki, ədəbiyyatımızda 20 Yanvar faciəsinin inikası ilə bağlı tədqiqat aparan müəlliflər bu kitabdan bir mənbə kimi istifadə edəcəklər.
Kitab Əlibəy Hüseynzadənin "Hali-Vətən", Almaz İldırımın "Əsir Azərbaycanım", Şəhriyarın "Azərbaycan" şeirləriylə açılır. Əlbəttə, dillər əzbəri olan bu şeirlər 20 Yanvar faciəsindən çox-çox əvvəllər qələmə alınsa da, XX əsr Azərbaycanımızın tarixi faciələrini, xalqımızın azadlıq mücadiləsini, istiqlal savaşını özündə əks etdirən ən dəyərli poetik nümunələrdir.

Ya Rəbb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan.

Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

(M.Şəhriyar)

Vətən övladları məhz bu duyğu ilə küçələrə, meydanlara axışdılar, xeyli canlı qüvvə, sursat və zirehli texnika ilə silahlanmış rus ordusu ilə üzbəüz qaldılar. Vaxtilə şəninə mahnılar qoşulan Qızıl Ordu Bakını qan dənizinə döndərdi, Neftçalada, Lənkəranda, Cəlilabadda eyni faciələr törətdi. Xalq şairi Qabilin "Mərsiyə" şeiri də həmin günlərdə yarandı:

Öz Qızıl Ordumuzun Yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax,
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız,
Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,
Bu saat Kərbübəla düzləridir düzlərimiz;
Necə qan ağlamasın üzlərimiz, gözlərimiz ?!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbəran eylədilər!

Həmin gün mənim də yadımdadır. Boğazımda tıxanan qəhərlə, içimi doğrayan kin və qəzəbdə axına qoşulub Şəhidlər Xiyabanına doğru yol alırdım. Fikirləşirdim ki, əsrlər boyu "Avropanın jandarmı" rolunu oynayan Rus imperiyası öz rüsvayçı "Parçala və hökm sür!" siyasətində ən müdhiş rolunu oynadı. Axı, biz nə istəyirik? - istəyirik ki, Azərbaycan müstəqil olsun, bizim də üçrəngli bayrağımız BMT civarında dalğalansın, maddi sərvətlərimizin yiyəsi özümüz olaq, yeni bir Azərbaycan yaradaq... Buna görə bütöv bir xalqı işğala məruz qoymaq, onun azadlıq yanğısını söndürmək olardımı? Həmin gün bütün Bakı qırmızı qərənfillərə qərq olmuşdu. Çox keçməz, Azərbaycan poeziyasında və xalqın yaddaşında QƏRƏNFİL obrazı 20 YANVAR obrazı ilə qoşalaşacaqdı. Kim bilir, o zərif çiçəklər bəlkə də bizdən çox şəhid məzarları üzərində göz yaşları axıdacaqdıg

Qərənfil-şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!

Cavanlara qıydılar,
Tanklar altda qoydular -
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!

Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara,
Ağla, qərənfil, ağla!

Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya,
Ağla, qərənfil, ağla!

1990-cı il Azərbaycan poeziyasının ən hüznlü ili idi. Çünki xaincəsinə vurulan zərbələr hamını sarsıtmışdı, yara hələ isti idi. Hələ göylərimizdən, analarımızın, bacılarımızın qara yaylıqlarından, şəhərimizin üzərindən matəm buludları çəkilməmişdi. Bu matəm buludları, bu göz yaşları şeirimizdə də kədərli bir ovqat yaratmışdı. "Bakının yuxusu dağılmışdı küçələrə, Od ələnirdi işıq gələn pəncərələrə Göydən ölüm yağırdı yerə. O aylı gecədə Ah-vaylı gecədə için-için ağlayırdı Bakı" (Nüsrət Kəsəmənli), "Dağlar da, daşlar da ağlayır dil-dil, Bu dərdi çəkməklə qurtaran deyil" (Ofelya Babayeva), "Əl-ələ tutdular şəhid oğullar, Güllələr töküldü yolları üstə. Dayanıb tankların önündə onlar, Ölümü aldılar qolları üstə" (Aslan Kəmərli), "Göylər qara bağlayır, Bu torpağın ahına. Şeirimiz yas saxlayır, Şəhidlərin ruhuna" (Nisə Bəyim), "Yarımçıq yazılmış şeirlər öldü, Səhəri Şəhidlər Xiyabanında ağlaya-ağlaya basdırdı millət Özünün ən gözəl şeirlərini" (Aydın Uluxanlı), "Bələyinə qan bələndi Bakının, Əynimizə qan köynəyi biçmişik Aman allah, bu nə dərddir, düşmüşük?!" (Qaçay Köçərli), "Dönüb milyon-milyon al qərənfilə, Vətən torpağında bitdi şəhidlər" (Nəsir Əhmədli) və s.
Aslan Salmansoyun tərtib etdiyi "Qan borcu" kitabında 20 Yanvar faciəsiylə bağlı səkkiz poema təqdim edilir. Əlbəttə, bu, kiçik rəqəmdir, çünki bu mövzuda poemaların sayı çoxdur. Ancaq onu da nəzərə alaq ki, kitab seçmə nümunələr əsasında tərtib edilib.
Böyük şairimiz Bəxtiyar Vahabzadənin "Şəhidlər" poeması 20 Yanvar mövzusunda yazılan əsərlərin ən kamili və bədii-sənətkarlıq baxımından ən mükəmməlidir. Birincisi; bu poema təkcə həcminə görə deyil, həm də mövzunu tam əhatə etdiyinə görə seçilir. Müəllif "Gülüstan" poemasındakı vətənpərvərlik ideyasını daha parlaq şəkildə davam etdirir, bu faciənin yaranması səbəblərini təhlil edir, faciənin günahkarlarını ittiham edir. İkincisi; poema lirik səpgidə başlasa da, tezliklə epik xətt də ona qoşulur. Ayrı-ayrı şəhidlər haqqında da (İlham-Fərizə, Larisa, Sürəyya Lətif qızı, Baba müəllim, Aleksandr Marxevka və s.) poetik oçerklər poemanın epik vüsətini artırır.

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.

Zalım öyünməsin zülümləriylə,
Minbir böhtanıyla, minbir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

"Şəhidlər" poemasının bir məziyyəti də bundadır ki, şair şəhidliyi həm də qəhrəmanlıq kimi vəsf edir. Qəhrəmanlıq təkcə hünər göstərmək, düşməni məhv eləmək deyil, həm də əliyalın olsa belə təcavüzə müqavimət göstərmək, hiddət və etirazını bildirməkdir. 20 Yanvar faciəsindən göyərən toxumlar sonralar boy atdı, müstəqillik bayrağımızın ucalmasına yol açdı. Xalq şairi Sabir Rüstəmxanlı bu fikri belə ifadə edirdi:

Bu torpağa çoxdan bəri
Şəhid qanı tökülməyib.
Ətri qaçıb gül-çiçəyin
Rəngi avazıyıb bayraqların,
Qayıtdı, qayıtdı
Bayrağımın əsl rəngi
İlhamın qanadı
Günəşin odu,
Torpağım azadlıq doğacaq sabaha
Qorxum qalmadı!

Burada türk şairi Nihal Atsızın bir şeiri yada düşür:

Qəhrəmanlıq nə yalnız
Bir yüksəliş deməkdir,
Nə də yıldızlar kibi.
Parlayıb sönməməkdir.
Sızlarsa da könüllər
Şəhidlərin yasından,
Qoşar adım getməli
Onların arxasından.
Qəhrəmanlıq içərək
Acı ölüm tasından
İrəliyə atılmaq
Və sonra dönməməkdir!

Şəhidlərə həsr olunan poetik nümunələr içərisində Adil Cəmilin "Qan borcu" və Ramiz Məmmədzadənin "O gecə" poemaları da diqqəti xüsusilə cəlb edir. Hər iki poema canlı təəssüratlar və müşahidələr əsasında yazılsa da, öz səpgisinə görə lirik səciyyəlidir. Müəlliflər faciə haqqında öz düşüncələrini ümumiləşdirmişlər.

Azalıb dünya işığı-
Yer qaradır, göy qaradır.
Bayraq-qara, insan-qara,
Allah, bu yerlər haradır?..

Bu dünyanın harasında,
Belə matəm, yas olubdur?
Qəfil düşən qaranlıqda
Bakı tanınmaz olubdur.

Qırmızı tabutlar üzür,
Qapqara "ümman" istündə.
Qərənfillər qan ağlayır,
Günahsız insan üstündə.

(Adil Cəmil)


Belə oğullarla torpaq Vətəndir!
Əllərdən düşməyən bayraq Vətəndir!
İgidlər uyuyan bu dağ-Vətəndir.
Diz çökək, sükutla keçək yanından
Güc alaq Şəhidlər Xiyabanından..

(Ramiz Məmmədzadə)

İyirmi beş il nə tez gəlib keçdi. Elə bil dünən idi Bakının üzərini qara buludlar alan gün. Zəhmli tankların sürətlə şığıyaraq küçələri, meydanları, insanları şumladığı gün. Dünən idi elə bil Bakının qırmızı qərənfillərə qərq olduğu gun, Şəhidlər Xiyabanına gedən insan axını.
Biz bunları unutmamışıq... Çünki:

Sınar dağların beli, bu qədər ah götürməz,
Adi insan olan kəs belə günah götürməz,
Yerdə bəndə götürsə, göydə Allah götürməz,
Qəm yemə dəli könlüm, nahaq qan yerdə qalmaz.

(Z.Yaqub)

TƏQVİM / ARXİV