YAZILARA KÖÇƏN ÖMÜR

ƏBÜLFƏT MƏDƏTOĞLU
63641 | 2015-01-20 09:46
Bu günlərdə əyalətdə, yəni paytaxtdan o qədər də uzaqda olmayan, Şamaxıda yaşayan söz adamlarından biri özünəməxsus təmkinlə bildirdi ki, nədənsə daha çox paytaxtda yaşayıb, yazıb-yaradan şairləri, nasirləri təbliğ edirsiniz, bizləri unudursunuz. Doğrusu, Əvəz müəllimin bu iradı müəyyən qədər həqiqət olduğundan onunla razılaşdım və elə öz ayağı ilə redaksiyamıza gəlib çıxmış bu ağsaqqalla yerindəcə söhbət edib fikir bölüşməyə qərar verdim. Necə deyərlər, dəmiri isti-isti döymək prinsipinə söykənib Əvəz müəllimlə üzbəüz əyləşdik...
Öncə onu deyim ki, artıq 70 yaşını arxada qoymuş Əvəz müəllim Ağsu rayonunun Qırlar kəndində anadan olub. Öncə pedaqoji texnikomunu, sonra bugünkü pedaqoji universiteti bitirib. Uzun illər gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan Əvəz müəllimin 50 ili məktəblə bağlıdı. Elə tələbəlik illərindən bədii yaradıcılığa meyl göstərən Əvəz müəllim ilk təcrüblərini, yəni şeirlərini rayon və respublika mətbuatında çap etdirə bilib. Sonra şeirdən nəsrə üz tutub. Özünün dediyi kimi, hekayələr silsiləsi onu daha çox cəlb edib və beləcə, bir-birinin ardınca maraqlı, oxunaqlı hekayələrin respublika mətbuatında, sonra isə kitablarında oxucuların ixtiyarına veribdi.
Təbii ki, hər bir insanın həyatı, xüsusilə söz adamının həyatı onun yaradıcılığına kifayət qədər təsir edir. Bu mənada Əvəz müəllim sovet-alman müharibəsi illərində doğulduğundan çətin bir həyatla üz-üzə qalıb. Üstəlik də müharibə illərində kolxoz sədri olan atası günahsız yerə həbs edilib. Yəni təsərrüfatın iki baş qara malı tələf olduğundan günahkar kimi kolxoz sədri məsuliyyətə alınıb və 5 il müddətinə azadlıqdan məhrum edilir. Aclıq, haqsızlıq onu və ailənin digər üzvlərini sındıra bilməyib. Oxuyub, təhsil alıb öz haqqını sübut etmək üçün daha qətiyyətli olub, daha böyük iradə, əzm ortaya qoyubdu. Məhz bu iradə, bu qətiyyət də onu arzularına qovuşdurub. İstəyi müəllim olmaq idi. Bu istəyinə də çatdı. İstəyi yazmaq, özünü ifadə etmək idi. Allah ona bu istedadı da verdi və o, bunun da sevincinə qovuşdu.
- Əvəz müəllim, sizin hekayələrinizdə, ümumiyyətlə, əsərlərinizdə daha çox kənd həyatı, ağır müharibə illəri, eyni zamanda məktəblə, təhsillə bağlı məqamlar daha çox diqqət çəkir. Yəqin ki, bu da öz həyatınızla bağlıdı.
- Doğrudan da mən nə yazmışamsa, daha çox şahidi olduğum, gördüyüm, yaşadığım məqamları qələmə almağa üstünlük vermişəm. Ona görə də 200-dən artıq hekayənin əsas qəhrəmanları da elə əhatəmdə olan adamlardı. Doğrudu, sovet dönəmində bir çox yazılarım nəşriyyatların senzurasından keçə bilmədi. Elə "Qara gözlər" romanım, hekayət və povestlərim "sandıqda" qaldı. İndi də solmuş vərəqlərə baxanda acı bir təəssüf hissi keçirirəm. Ancaq indi söz azadlığıdı və mən də yaşadıqlarımın, şirinli-acılı şahidi olduqlarımın hamısını bədiləşdirməyə çalışıram. Professor Nizaməddin Şəmsizadə demişkən, "həyat ətri" verən hekayələrin dünyaya gələməsinə, oxucu qapısı döyməsinə çalışıram. Sevinirəm ki, yazdıqlarım özümü daxilən rahatlayır, həm də oxucularımın ürəyincə olur. Çünki təmasda olduğum qələm adamları, oxucular və bütövlükdə ziyalılar əsərlərimlə bağlı həmişə müsbət fikirlər söyləyib məni daha da ruhlandırıblar. Burda bir məqamı da xatırladım ki, ədəbiyyat gənc nəslin təlim-tərbiyəsində, həyat yolunu seçməsində həmişə müsbət rol oynayıb. Ümumiyyətlə, kitab insanların dünya görüşünün formalaşmasından tutmuş, həyat yolunun seçilməsinə qədər, eləcə də reallığın dərk edilməsində həmişə müsbət təsirə malik bir qüvvədi. Təsadüfi deyil ki, müqəddəs kitablar da məhz bu dediyimin bir sübutudu. Biz həmin kitabları oxuya-oxuya özümüzü, Allahı dərk edirik, ədəbiyyat nümunələrini oxuyanda da həmin o dərketmə bir az da genişlənir, şaxələnir. Məndən soruşsanız ki, ədəbiyyatın gücü nədədi, onda çəkinmədən deyə bilərəm ki, insana təsir etməkdə, insanı formalaşdırmaqda, insanı yönəltməkdə. Bax, bu üç şərt ədəbiyyatın daşıdığı missiyanı ifadə edir. Bəzən söyləyirlər ki, bu gün cəmiyyətdə bir boşluq mövcuddur, gənclərimiz müxtəlif istiqamətlərə meyl göstərir. Düzdü, bunlar var. Ancaq bir həqiqət də var ki, biz müstəqil dövlətik, torpaqlarımızın 20 faizi işğal altındadı, bir milyon nəfərə yaxın qaçqın-köçkünümüz var. Amma bütün bunlara baxmayaraq, biz öz milli kimliyimizə, öz milli dəyərlərimizə sadiqik, bağlıyıq. Ona görə də o müəyyən sapmaları, çaşqınlığı həmin milli dəyərlərlə, həm də ədəbiyyatın gücüylə normal məcraya döndərmək mümkündü.
- Əvəz müəllim, təbii ki, hər bir yazıçının öz dünyası, oz oxucusu var. Siz də bir söz adamı olaraq əyalətdə yaşasanız da, bu ədəbiyyatın içərisindəsiniz. Bu ədəbiyyat sizə nə verib?
- Səmimi etiraf edim ki, ədəbiyyat, yazmaq mənə öncə özümü ifadə etmək imkanını verdi, hekayələrim, kitablarım işıq üzü gördü, AYB-yə üzv seçildim, Yazıçılar Birliyində yubileyim keçirildi, barəmdə çox dəyərli söz adamları fikir söylədilər. Hər bir kitabım ömrümü bir az da uzatdı, Prezident mükafatçısı oldum, Yazıçılar Qurultayına nümayəndə seçildim. Ən vacibi isə oxucularımda ünsiyyət tapdım. Və nəhayət, böyük Atatürkün dediyi kimi, mənim yazılarımı oxuyanlar mənim kimliyi görüb bildilər.
... Biz Əvəz müəllimlə xeyli söhbət etdik. Onun əsərləri barəsində necə deyərlər, yazı masasında olan yeni fikirləri, planları barəsində danışdıq. Mən tam şəkildə özüm üçün müəyyən etdim ki, ömrünün 72-ci ilini yaşayan Əvəz müəllim bu gün bütün diqqətini, bütün istəyini sözə yönəldib. O, hər bir işıq üzü görən yazıçı ilə sanki yenidən doğulur, həyata daha böyük şövqlə, həvəslə ürək açır, könül verir. Bax, onun bu yazıb-yaratmaq istəyini duya-duya mən də ona yeni-yeni uğurlar, yeni-yeni kitabların sevincini arzuladım.



TƏQVİM / ARXİV