adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Heç nəyi unutdura bilməyən 25 il

3972 | 2015-01-20 09:45
İnanmıram ki, qələmdaşlarımdan kimsə 20 Yanvar müsibətindən ağrısız yazmağa başlasın, həyəcansız davam eləsin və mətni rahatca bitirsin. Mən də istisna olmadım.
Azərbaycan Jurnalistlər Birliyində (AJB) baş məsləhətçi işləyirdim (indiki AzərTAc-ın binasında). İctimai hadisələr gündəlik həyatımızın ayrılmaz hissəsi idi və görürdük ki, xalqın səriştəsiz ölkə rəhbərliyinə, erməni separatçılarına qarşı qəzəbli çıxışları sosial problemləri necə arxa plana atır.
O biri tərəfdən də Komsomolun Mərkəzi Komitəsi Əfqanıstanda həlak olmuş azərbaycanlı döyüşçülər haqqında bütün müttəfiq respublikalarda olduğu kimi kitab hazırlamaq qərarı çıxarmışdı və bu sənədə görə, həmin kitabı AJB-nin məsul işçisi kimi mən hazırlamalı idim. Əfqanıstanda həlak olmuş 208 soydaşın hərəsi haqqında qısa oçerk, foto şəkil mütləq idi. Kitab üçün material hazırlamaqla məşğul olurdum. Amma Qorbaçov Mixailin haqq tərəzisinin ağır gələn gözünü bilə-bilə ermənilər tərəfə əyməsi adama çalın-çarpaz dağ çəkirdi. Ölkəmizdən kölə itaətkarlığı görməyən Q. Mixailin əmri ilə dinc, əliyalın, evində gecələyən Azərbaycan vətəndaşlarının üzərinə ağır silahlarla yaraqlanmış ordu göndərildi. (Sonralar məlum oldu ki, tanklardan çıxmayan və uyuşdurucuların təsirindən xumarlanan hərbçilərin arasında ermənilər də az deyilmiş!)
Bu hadisədən cəmi 8 ay qabaq Moskvada SSRİ Jurnalistlər İttifaqında ezamiyyətdə olmuşdum. Azərbaycandan 30-dan çox qəzet redaktoru paytaxtda təcrübə kursuna cəlb olunmuşdu və mən də qrupa rəhbərlik edirdim. Kurslarda məşğələ çərçivəsində suallarımız da az olmurdu. Məsələn, Aleksandr Bovinə (xanımı erməni olan bu siyasi icmalçı sonra SSRİ-nin İsraildə səfiri işlədi) iki qonşu xalqın münaqişəsi ilə bağlı sual verəndə, adam qırmızı-qırmızı dedi: "Sizin açıq qoyduğunuz məsələyə mən də açıq cavab verəcəm: mən ermənilərin tərəfindəyəm!" Açıq-aşkar düşmənçilik idi. Redaktor dostlarımızdan olan Arif ürəyindən tutdu və gəlib Bakıda canını tapşırdı.
Kursların gedişi günlərində imkandan istifadə edib ermənilərin qaldırdıqları "Qarabağ problemi" ilə bağlı yazımı "Komsomolskaya pravda" qəzetinə təqdim etdim. Şöbə müdiri dərhal oxudu, sonra sağ əlinin şəhadət barmağını fikirli-fikirli tavana tuşladı: "Çapına yuxarıdan icazə vermirlər", - dedi. Ancaq problem barədə danışdıqlarıma, insafən, səbrlə qulaq asdılar.
Arada vaxt tapıb Əfqanıstanda itkin düşmüş bir zabitimizin taleyi ilə maraqlanır, Moskvada əlaqəli qurumlarla təmas qururdum. "Nə istəyirsiz, məgər onun tabutu gəlməyib sizə, məgər onu dəfn etməmisiz?" sualı qarşısında mənim "Həmin zabitin anası oğlunun lap bu yaxınlarda "İzvestiya" qəzetində dərc olunmuş şəklini görüb. Buyurun, siz də baxın", - deyə verdiyim cavab bilirsiz nə ilə nəticələndi? Belə bir təkliflə: "Gedin onu qəbirdən çıxarın, analiz edin!" Bəli, gəlib Bakıda bu işi də gördük... Amma gözəl-göyçək oğlunun fotosunu onun "ölümündən" xeyli sonra mərkəzi qəzet səhifəsində görmüş ananı buna neçə inandıraydıq?
Sonra gördüm ki, birinci çap olunmalı bu kitab hələ çox növbə gözləyəcək. Çünki hazır kitab materialları "Gənclik" nəşriyyatında "itdi", mən onu yenidən hazırladım, üstündən 23 il keçdi, amma kitaba (yəni Əfqanıstanda nahaq qurban getmiş oğullarımızın xatirəsinə) ölkədə heç bir təşkilat (!) maraq göstərmədi. Beləliklə, 1979-1989-cu illər Əfqanıstan müharibəsinin baiskarı - başqa bir "Qorbaçov" olan L. Brejnevin siyasi səriştəsizliyini, Kremlin dünya ölkələrində törətdiyi qırğınların təhlillərini də ehtiva edən kitab işıq üzü görmədi...
Moskva səfərindən az sonra SSRİ Jurnalistlər İttifaqının məsul işçisi V. Xolyavçenko Bakıya gəldi və mən onunla Xankəndinə ezamiyyətə getdim. Cari işlərlə yanaşı, DQMV-nin jurnalist təşkilatına müraciət elədim ki, kitab hazırlanır, Əfqanıstanda həlak olmuş soydaşlarınız barədə siz də məlumat təqdim edin. Təklif qəbul edilmədi. Amma həlak olmuş döyüşçülərə həsr olunmuş "Ömrün qönçə çağında" kitabına Dağlıq Qarabağdan olan erməni hərbçilərin-Azərbaycan vətəndaşlarının adlarını daxil etdim. (Biz də erməni deyilik ki?!)
Komendant saatı tətbiq edilmiş Bakı yanvarın 20-də Q. Mixailin rəhbər olduğu nəhəng ölkənin müttəfiq respublika paytaxtını yox, Kərbəla çöllərini xatırladırdı. Bütün sovet sisteminin, Kommunist Partiyası nizamnaməsinin və SSRİ prezidentinin əxlaqının astarı üzə çevrilmişdi. Slavyan millətindən olan paytaxt sakinləri həyəcan və utandıqlarından bayıra çıxmaqdan həya edib çörəyi qonşu uşaqlarına aldırırdılar. Axı, Bakıya qədər oxşar hadisələr Gürcüstanda, Pribaltikada, daha əvvəl Qazaxıstanda, Çexoslovakiyada...da baş vermişdi.
Kremlin iflas əlamətləri, "rəhbərliyin" insanlığa sığmayan biabırçı əməlləri dünyaya tez yayılmasın deyə, Azərbaycan televiziyasının enerji bloku sovetin qəddar hərbçiləri tərəfindən sıradan çıxarılmışdı. Yanvarın 22-də axşam Rusiyanın "Mayak" radio stansiyası hər saatın tamamında sevincək xəbər verirdi: "Bakıda xidməti borcunu ləyaqətlə (?) yerinə yetirmiş hərbçilər Krasnodar hava limanında gül-çiçəklə qarşılanıblar..."
Bütün ölkə kimi AJB də hüzn içində idi. Xariclə əlaqə kəsilmişdi. Rusiyadan gəlmiş boyu 2 metrlik soldatlar AzərTAc-ın binasının qapısı önündə süngüsü taxılmış "Kalaşnikov"larını çarpazlayıb durmuşdular, binaya daxil olanları diqqətlə yoxlayırdılar. Bu ağır günlərdə tələbə dostum, "Oqonyok" jurnalının təmsilçisi Vasif Səmədov Moskva mətbuatı üçün "Təcavüz" yazısını işləyirdi, Mehman Fərzullayev indiki "Azərbaycan" nəşriyyatında qanlı olayları fotolarla əks etdirən 1 milyondan çox tirajla "Səhər" qəzetinin çap prosesi ilə məşğul idi, təcrübəli və istedadlı jurnalistlər Məzahir Süleymanzadə və Şakir Yaqubov isə qollarını çırmalayıb min bir əziyyətlə "Səhər"i çapa hazırlayırdılar.
Həya kimi nemətdən məhrum Q.Mixailin bu arada belə bir bəyanatı yayıldı: "Bakı hadisələrində qadın və uşaq ölməyib". AJB sədri Hacı Hacıyev, müavini Valid Sənani, Birliyin şöbə müdiri Fərman Eyvazlı (Allah hər üçünə rəhmət eləsin!) və mən qısa müşavirə keçirib belə qərara gəldik ki, Ali Sovetin sədri Elmira Qafarovanın, Şeyxülislam Allahşükür Paşazadənin bəyanatlarından, sovet hərbçilərinin vəhşicəsinə öldürdükləri Azərbaycan vətəndaşlarının fotolarından və hadisələrin baş verdiyi şəraitin izahından ibarət zərf hazırlayıb 1990-cı il fevralın 6-da keçiriləcək Sov.İKP MK-nın növbəti plenumunun iştirakçılarının ünvanına çatdıraq. Beləliklə, foto jurnalistlərimizin də yaxından köməyi ilə gecə-gündüz işləyib 90-a yaxın komplekt-zərf və müttəfiq respublika, muxtar respublika, vilayət, iri şəhər partiya komitələri rəhbərlərinin ünvanı olan siyahı tərtib olundu. Bir iri çanta yük idi. Onu mən çarpaz süngülü "Kalaşnikov"ların altından, sonra blokadaya alınmış paytaxtdan çıxarıb qatarla Dağıstana çatdırmalı, oradan da poçtla bir-bir ünvanlara göndərməli idim ki, fevralın 6-da Moskvada plenuma toplaşacaq vicdanlı insanlar Q.Mixailin iç üzünə tamaşa edə bilsinlər.
Qatar Mahaçqalaya çatanda səhər hələ açılmamışdı. Yaxınlıqdakı mehmanxananın qapısını döydüm. Qapını açan gözətçi ləzgi kişi haradan gəldiyimi biləndə yavaşca dedi: "Mehmanxana Krasnovodskun qəbul etmədiyi ermənilərlə doludur. Səni görməsələr yaxşıdır. Bu nə müsibətdir ləkəli Mixail müsəlmanların başına gətirir? Hələ yaxşı ki, bizimkilər Rusiyadan Bakıya gedən silah və əsgərlə dolu qatarın qabağına çıxıb özlərini relslərin üzərinə sərdilər, qoymadılar şəhərinizə əlavə qüvvələr getsin..."
Mahaçqalanın mərkəzi poçtundan iki gün ərzində zərfləri bir-bir ünvanlara yolladım. Səylə işlədiyimə göz qoyan bir yaşlı rus qadın yaxınlaşdı. Bakıdan olduğumu biləndə ağlamsındı: "İkicə qızım var. Biri azərbaycanlıda, digəri ermənidə ərdədir. İndi onların vəziyyəti necə olacaq?!" "Bunu Qorbaçov yaxşı bilir", - dedim.
Üstündən bir neçə il keçdi və Q. Mixail Nobel sülh mükafatı alanda yadıma rəhmətlik Hüseyn Cavidin misraları düşdü: "Yüksəliş varsa, səbəb alçaqlıq..."
Nə prezident Q. Mixailin dövründə, nə də sovetlərin varisi olan Rusiya Federasiyası zamanında Azərbaycan xalqından üzrhaqlıq edilmədi. Faşist Almaniyasının varisi olan indiki Almaniya dövləti isə yəhudilərə hətta təzminat ödədi.
Əgər adicə bir fərdin təkəbbürü ikrah doğurursa, gör indi imperiyanın təkəbbürü necə faciədir. Hər şeydən əvvəl həm özü, həm də xalqı üçün. Yəqin elə ona görə də açıq döyüşdə, ədalətli müharibədə həyatını itirənlərə "öldü" deyilir, qəsbkarlıq, hikkə, təkəbbür nümayişi savaşında qan töküləndə "faciə yaşandı" söyləyirik. Bu baxımdan 20 Yanvar faciəsi tək Azərbaycan xalqının deyil, həm də təkəbbürlü, düşüncəsiz, xisləti paslı, məkrli imperiya qüvvələrinin faciəsidir. Siz 25 il əvvəl qanına qəltan edilmiş ölkəni və o dövrdə at oynadan imperiyanı bu gün hər cəhətdən müqayisə edin.
Amma nə olur-olsun, ötən 25 il bizə heç nəyi unutdura bilmədi.

P.S. Əfqanıstan müharibəsində həlak olmuş 208 Azərbaycan hərbçisi haqqında min bir əziyyətlə hazırlanmış "Ömrün qönçə çağında" xatirə kitabı isə yalnız 23 il sonra, Milli Məclisin deputatı Qənirə Paşayevanın dəstəyi ilə işıq üzü gördü. Kitabın ərsəyə gəlməsində maraq göstərməli olan Azərbaycan Əfqan Veteranları İctimai Birliyi ona təqdim etdiyim hazır kitabları iki ilə yaxındır ki, otaqlarında toz altında saxlayır.

TƏQVİM / ARXİV