BƏHANƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
34420 | 2009-01-10 01:39
Yanvarın ilk gününün mənim üçün nə qədər doğma olduğunu yaxınlarım, mənimlə ilıq münasibəti olanların hamısı bilir. Elə yanvarın ilk günündə də Mobil telefonuma gələn ilk mesajı mənə son dərəcə doğma və ərki keçən birisi göndərmişdi. Yazmışdı ki, "Bəy, ad günün mübarək. De görüm 51 sənə nəsə deyir, yoxsa?.."
   
   Bəli, daşın hara atıldığını dərhal anladım. Axı 50 yaş arxada qalırdı və söhbət 51-ci ilin ilk anından, başlanğıcından gedirdi. Doğrusu, həmin mesaja qədər heç fərqinə varmamışdım. Elə bil o ismarıc məni bir balaca silkələdi. Səmimi deyəcəm, içimdə qəribə bir duyğu baş qaldırdı. Sanki nələrsə mənə qarşı çevrildi və nələrsə də məndən qopub getdi. Yenə bütün səmimiyyətimlə deyim ki, o nələrsənin bu gün də nə olduğunu hələ dəqiqləşdirə bilməmişəm. Sadəcə fəhmlə hiss edirəm ki, indi iki anı paralel yaşayıram. Bir 50 yaşa qədər olub-keçənlərim toplumunu, bir də 51-in mənim üçün ayırdığı gələcək və bugünki yolun çətinliklərinig
   
   Yeni il qarlı-çovğunlu başladı. Dostlarla bir araya gəlmək çətin olsa da, mənə sayğı göstərənlər, məni loru dildə desək, urvata mindirdilər, dəyər verdilər. Hər birinə könülləri istəyən, ürəkləri tutan qədər sevinc, xoşbəxtlik diləyir və təşəkkürümü bildirirəm. Çünki hər bir insan kimi mən də ən çox diqqət xəstəsiyəm. İynə ucu boyda kiminsə diqqətini hiss edəndə yaşadığımı, gərəkli olduğumu anlayıram. Həmin o diqqət 51-in içərisində bəlkə də üst-üstə bir gün, bir həftə həcmində, yəni saat, zaman boyda deyil. Amma geniş anlamda yanaşanda bir diqqət ölçüsünün nə boyda olmasından asılı olmayaraq ömür uzatmaq deməkdir, günə-gün, aya-ay, ilə-il calamaq deməkdir. Və məncə, insan üçün bundan önəmli başqa heç nə lazım deyil. Təki dəyərləndirilib, qiymətləndirilib gərəkli olduğunu bilib yaşamaq amacını bir az da artırasan.
   
   Bəli, indi söhbət 51-dən gedir. Və indi səhv etmək, sayğısızlıq göstərmək, günaha batmaq ikiqat peşmançılıq, ikiqat utanc deməkdir. Çünki nə uşaq deyilsən, nə gənc deyilsən. Və əsrin yarısını yıxa bilmisənsə, deməli, yaşadığın insan ömrü üçün məsuliyyət də daşımalısan. Elə etməlisən ki, yer tutmayasan, artıq görünməyəsən. Həm də sənə görə sənin ətrafın, sənin doğmaların tər töküb xəcalət çəkməsinlər, utanmasınlar, gözlərini kimdənsə gizlətməsinlərg
   
   İndi yeni ilin əvvəli, ikinci həftəsinin sonudur. Arxada qalan bu barmaq sayı günlər 51-dən gedir. Belə götürəndə bu günlərin hər biri ötənlərdən o qədər də fərqlənmir. Yenə həmin iş, yenə qələm-kağız və yenə də dostların ikibaşlı zarafatları. Hətta Oqtay Salamovun bəyan etdiyi kimi, yubiley tədbirlərinin ilboyu davam etdirilməsi arzusu. Təbii ki, gözəl arzudu, ammag Amma niyə və necə sualları olmasaydı. Hər halda bu suallar sadə göründükləri qədər də çətin cavablar istəyirlər. Ondan yayınmaq o qədər də asan deyil. Sadəcə bir qələm adamı kimi sözün içindən sıyrılıb çıxmaq imkanları bizləri bir qədər çevik edib. Bir az da sadə formada desəm, istər zarafatdan, istər qəmdən, istər iş-gücdən çulumuzu bir təhər çıxarırıq. Amma içimizdə çəkdiklərimiz gözlə görünən olmadığından elə özümüzlə qalır. Ən yaxşı halda onları hansısa bir kağızın küncünə qaralayırıq. Düzdü, kağız-qələm də indi işə çox yaramır, adamlar bilgisayarlardan istifadə edirlər. Rəhmətlik Sabir demişkən, "əcnəbilər göydə balonlarla uçur, biz hələ avtomobil minməyiriz" fikrinin davamını özümə şamil etsəm, bilgisayar sarıdan hələlik problem var, inşallah, nə vaxtsa yoluna düşər.
   
   Düz 49 il ilin başlanğıcı mənim üçün o qədər də yaddaqalan olmayıb. Amma 50-ni yola salanda bu elə-belə gəlib-getmədən yaxamı kənara çəkə bilmədim. Dostlar üçün əməlli-başlı bir bəhanə var idi. Hamısı da elə bil sözü bir yerə qoymuşdular, üzbəüz də, telefon zəngləri ilə də bir fikri təkrarlayırdılar: "50 yaşda hara yığışacağıq?" Bəli, bu da 50. Gəldi, bəhanəni ortadan götürdü, bizləri bir araya gətirdi və sonra da gəldiyi kimi də çəkilib getdi. Axı bəhanələr sadəcə səbəblərin başlanğıcıdı. Mən də bir səbəbin həm şahidi, həm iştirakçısı, həm də elə səbəbi oldum. Daha dəqiq desəm səbəbkarı. Allah hər kəsə xoş amaclı bəhanə və səbəb qismət eləsin. Və hər kəs də həmin o bəhanənin, səbəbin işığında ürək dostlarını, gözü-könlü axtardıqlarını öz ətrafında görə bilsin. Necə ki mən çoxlarını gördüm.
   
   
   
   P.S. Mən bu "Bəhanə" yazısını sadəcə olaraq mənə diqqət yetirən hər kəsə təşəkkür etmək amacı ilə yazdım.
   
   

TƏQVİM / ARXİV