Didərgin düzən Lazım...

ETİBAR CƏBRAYILOĞLU
38370 | 2009-01-10 01:36
Görəsən, o, bu il bizim
   
   tərəflərə gələcəkmi?
   
   
   
   Öküz ili Siçan ilindən bərk gedir. Bayramın təsirindən ayılanda bir də gördük ki, ilin 10 günü arxada qalıb. Amma bu 10 gündə heç bir dəyişiklik baş vermədi. Hamam da köhnə hamamdı, elə tas da. Əsərlərini dönə-dönə oxuduğum yazıçı Əziz Nesinin sözü olmasın, hamamın tarixi dəyəri var deyə uçurmurlar, gözləyirlər ki, öz-özünə uçsun. Tası da tullamırlar, tamam zay olmasın deyə, tez-tez qalaylayırlar.
   
   Ötən illərdən həyata keçməyən bir xeyli arzularımız var. Onları da özümüzlə Öküz ilinə gətirmişik. Ümid edirik heç olmasa bu il arzularımıza çatacağıq. Yaxşı ki, arzular ərzaq məhsullarından fərqli olaraq çox qalanda xarab olmurlar. Nə qədər istəyirsən saxla, bu il yerinə yetmədi, qəmin kəm, gələn ili gözlə.
   
   Neçə illərdi ən böyük arzumuz Şuşada isti kabab yeyib, üstündən buz kimi soyuq dovğa içməkdi. Erməni köpəyuşağı Şuşada at oynadır, amma bizim kabablar soyuyur, dovğasa xarab olub gedir. Buna baxmayaraq, arzumuz köhnəlmək bilmir ki, bilmir. 15-16 ildi yaşından-başından, vəzifəsindən, pulundan-parasından, maşınının markasından, geyim-keçimindən asılı olmayaraq kimi dindirirsən deyir ki, Lazım gəlsə torpaqlarımızı azad edər, erməni dığalarını İrəvana qədər qovarıq. Arzunun gözəlliyinə söz ola bilməz. Lakin Lazımın tərsliyi tutub, gəlmək fikri yoxdu. Tərs oğlu tərs bir "KAMAZ" daşı yığıb ətəyinə, deyir ki, məni öldürsəniz də daşı ətəyimdən boşaldan deyiləm. Yəni sizin kababın soyuması, dovğanın xarab olması məni ilgiləndirmir...
   
   İndi elə bir zamandı ki, əksər ulduzlar və siyasətçilər pul verib efirə çıxır, həyatlarında baş verənlər barədə etiraf edirlər. Aradabir ağlayırlar da. Fürsət düşmüşkən mən də etirafda bulunmaq istəyirəm. Yeni ilin ilk günlərində ürəyim yaman darıxırdı. Məmləkətdə qəzetlər çıxmırdı, telekanallar da ötən illərdən qalan verilişləri təkrar fırladırdılar. "O olmasın, bu olsun" filmini bir neçə gün ərzində o qədər göstərdilər ki, axırıncı gün yazıq Məşədi İbad evlənməkdən vaz keçdi, kənd camaatı "Bəyin oğurlanması"nı əngəllədi, "Sehirli xalat" qüvvəsini itirdi, "Kişi sözü" urvatdan düşdü.... Həmin cansıxıcı günlərdə dostlardan biri saqqızımı oğurlayıb məni tanınmış falçılardan birinin mərkəzi ofisinə apardı. "Fala inanma, faldan da qalma" şüarını əsas tutaraq getdim falçının qəbul otağına. Lazımın foto-robotunu verdim əlində saz tutan falçı kişiyə. Falçı Lazım barədə nələr demədi...
   
   Məlum oldu ki, Lazım 1992-93-cü illərdə AXC- Müsavat cütlüyünün hakimiyyəti zamanı bizneslə məşğul olub. Yaxşı pul qazanmasına baxmayaraq vergidən yayınıb. Vəziyyət gərginləşən kimi də sərhədi adlayaraq Rusiyaya gedib. Ora çatan gündən müxalifətçilik etmək istəyib. Lakin qohumları ona Qobustanın və Bayılın foto şəkillərini göndərən kimi bu fikrindən daşınıb. Ucu-bucağı bilinməyən Rusiyanın şəhərlərini bekar- bekar gəzəndə gözü bir qıza düşüb. Sonrası da məlumdu - dörd ilə dörd uşaq... İndi o köpəkqızı da Lazımı gözündən uzağa buraxmır. Deyir ki, bir addım uzağa getsən od vurub özümü odduyacam. Lazımın da qərib eldə əlacı kəsilib, səhər bazara gedir, axşam hava qaralan kimi qayıdır arvadının, balalarının yanına. Hirsindən içdiyi arağı hesablasaq təqribən Volqa çayının həcmi qədər olar.
   
   Falçı aldığı qonorarın əvəzinə bizə ümid verdi. Sazı kökləyəndən sonra dedi ki, Lazım nə zamansa gələcək. O, bu il də gələ bilər, gələn il də. Necə deyərlər, Lazımı bir qədər gözləmək lazımdı.
   
   Qadan alım, ay zalım Lazım. Sən bu dəqiqə bizə çox lazımsan. Əlinə-ayağına imkan düşən kimi sərhədi adlayıb keç bu tərəflərə. Qoy hamı görsün ki, gəlmisən. Sən bu il gəlsən lap yaxşı olar. Həm bəzilərinin bəhanəsi kəsilər, həm də nəhayət çoxdankı arzumuza çatarıq.
   
   Gəl də, kabab soyuyur, dovğa xarab olur axı...
   
   

TƏQVİM / ARXİV