adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

iŞ VƏ GÖRüŞ YERi - ZiREHLi QATAR

17358 | 2009-01-10 01:35
Kler Şeridanın heykəltəraş olaraq Kremldə ilk işlərindən biri Qriqoriy Zinovyevin büstü oldu. 1920-ci ildə bu adamın nüfuzu olduqca böyük idi. İnqilab qarşısındakı xidmətləri, natiqlik qabiliyyəti, nəzəri hazırlığı ilə fərqlənən siyasətçinin adı yeni hakimiyyətdə öncüllər sırasında çəkilirdi. Bir müddət sonra isə onun büstünü deyil, baş daşını belə düzəldən Allah bəndəsi tapılsaydı, heç tərəddüd etmədən cəhənnəmə vasil edərdilər. Axı, Qriqori Yevseyeviç də, Lev Borisoviç Kamenev də otuzuncu illərin təmizlik ələyindən "xalq düşməni" adıyla çıxacaqdı. Çar üsuli-idarəsinin həbsxanalarında zülmə tab gətirən azadlıq aşiqlərı bu dəfə çekist zindanlarının müsafiri olacaqdı. Mürəkkəb və ziddiyyətli yolun hər ikisi üçün məntiqə sığmayan sonu 1938-ci ildə güllələnmə ilə tamamlanacaqdı. Bu dünyaya Ovsey-Qerş Aronoviç Apfelbaum adıyla gələn körpə böyüdükcə oddan-alovdan keçərək, (partiya ləqəbi Qriqori, təxəllüsü isə Radomıslski olub - E.B.) o dünyaya "xalq düşməni" Qriqori Yevseyeviç Zinovyev olaraq siyasi həmfikri Kamenevlə birgə göndəriləcəkdi. Hələlik şikara çevrilməyən Zinovyev bir neçə mühüm vəzifəni daşıyırdı və həmişəki kimi öz şakərində idi. Kominternə rəhbərlik də ona etibar edilmişdi. Leninin vəfatından sonra Baş katib vəzifəsinə Stalinin namizədliyini də məhz o, irəli sürəcəkdi. Bir sözlə, Siyasi Büro üzvü Zinovyevin əvvəl cızdağı, sonra canı çıxacaq günə hələ çox qalırdı.
   
   ÇK-nın ilk sədri, eyni zamanda Daxili İşlər xalq komissarı Dzerjinski Kremldə gedən qeyri-adi yaradıcılıq prosesinə bir müddət kənardan göz-qulaq qoyandan sonra ledi Şeridana baş çəkdi. Yenicə layiq görüldüyü Qırmızı Əmək Bayrağı ordeni də sinəsini bəzəyirdi. Feliksin büstünü Kler özünün ən uğurlu işlərindən sayırdı. O, qəhrəmanının xarakterik cizgilərini dəqiq tuta bilmişdi. Sərt baxışları son dərəcə canlı alınmışdı. Sənətkarın müşahidələrinə görə, heç elə bil bu adamın gecələri Lubyankada "xalq düşmən"lərini dindirməklə keçmirdi. Hərəkətlərində yuxusuzluq, yorğunluq hiss olunmurdu. Saatlarla lal-dinməz oturması halını dəyişmirdi. "Dəmir" Feliksə ovçu nəzəriylə baxa-baxa ovcunda tutduğu gili yumşaldıb istədiyi şəklə salan xanım bütün imkanlarını cəmləyib baş çekistin simasını ustalıqla əbədiləşdirməyə çalışırdı. Xatirələrində yazır ki, indiyə kimi bu qədər kamil baş fiquru işləmək mənə nəsib olmamışdı. Bəs onun əlləri, barmaqları... Klerin söylədiyinə görə, belə plastika yalnız mahir pianoçuya, yaxud böyük mütəfəkkirə məxsus ola bilərdi. Hər halda bundan sonra qərb mətbuatında Feliks haqqında yazılan uydurmaların bircə kəlməsinə də inanmayacağını deyirdi.
   
   Təbii ki, Klerin əsas hədəfi Vladimir İliçin büstünü hazırlamaq idi. Leninin büstünün naturadan işləməsinə razılıq verilsə də, münasibətdə müəyyən gərginlik hiss olunurdu. Kler iş prosesində İliçi istədiyi kimi söhbətə tuta, onunla səmimi ünsiyyət yarada bilmirdi. Sirli-sehrli şirin dilini, cazibədar vücudunu boşuna çalışdırırdı. İşvə-nazın keçərli olmadığını görən qadın qarşı tərəfə intellektual zəmində tor atmaq istədi. Londondan ayrıldığı xeyli vaxt olduğunu, ictimai-siyasi, mədəni həyatda nələr baş verdiyindən bixəbər qaldığını, məlumat qıtlığından sıxıldığını bəhanə gətirib, Britaniyada nə var, nə yox deyə, soruşmaqla İliçi dilə gətirmək istədi. Lenin azacıq gülümsünərək, "Deyli herald" qəzetinin son nömrələrini müsafirinə uzatdı. Alın oxuyun dedi, burada hər şey barədə ətraflı yazılıb. Gözləmədiyi halda İliç onun ailə münasibətləri ilə maraqlandı.
   
   Lenin: Sizin əriniz Rusiya səfərinizə necə baxır?
   
   Kler: Mənim ərim bir neçə il öncə müharibədə həlak olub.
   
   Lenin: Hansı müharibədə?
   
   Kler: Fransada.
   
   Kler belə güman edir ki, Trotski ilə onun eşq macərası barədə rəhbərə xəbər çatdıran olmuşdu. "Rusiya səfərinə əriniz necə baxır" sualının sətiraltı mənası da ilişginin gizli qalmadığını ifadə edirdi. Leninin Uinston Çörçildən zəhləsi gedirdi. Klersə, məlum olduğu kimi, onun yaxın qohumu idu. Aradakı sərin münasibətə bu amil də səbəb ola bilərdi.
   
   Kler bir gün saat 11-dən 16-ya kimi rəhbəri Kremldəki kabinetində diqqətlə müşahidə edib. Xanımın sözlərinə görə, bu müddətdə İliç nə bir tikə yemək yeyib, nə bir qətrə su, çay, qəhvə içib, nə də siqaret çəkib. Nəsə yazıb, qovluqda gələn sənədləri gözdən keçirib, bəzilərini imzalayıb, çox vaxt da gözlərini məchul bir nöqtəyə zilləyərək fikrə dalıb. Pəncərə kənarında oturub qəhrəmanın portretini işləyən xanıma İliç sözgəlişi deyib ki, burjua incəsənətinin ən böyük qüsuru hər şeyi bəzəmək, təmtəraqlı göstərməkdir. Onun fikrincə, sənət həyatı realist şəkildə əks etdirməlidir. İliç bu sahədə yetərincə məlumatı və səriştəsi olmadığını etiraf edib. Amma onunla görüşlərindən sonra Kler əsla belə düşünmürdü, bu sözləri təvazökarlıq kimi qiymətləndirirdi. Maraqlıdır ki, rəhbərin sağlıq durumunda ciddi problemlərin olduğunu hələ ilk görüşdə o, sənətkar fəhmiylə hiss etmişdi. İliç sanki iradəsinin, yaşamaq əzminin, arzularını həyata keçirmək istəyinin hesabına səhhətiylə bağlı içindəki dağıdıcı sarsıntılara, ağrı-acıya, iztirablara güc gəlirdi. İş otağında heç nə xanım Şeridanın gözündən qaçmayıb. Yazı masasının üstündəki telefona zəng gələndə, səs əvəzinə balaca lampa işıqlanarmış. O deyir ki, bu vaxt İliçin sifəti müəyyən qədər canlanardı. Danışıq bitən kimi yenə əvvəlki tək süstləşər, içinə qapanardı. Yəni, işlə bağlı ən kiçik qığılcım belə onu dərhal hərəkətə gətirirdi.
   
   Klerin Rusiyaya gəlişi və bolşevik liderlərinin heykəl qalereyasını yaratmaq təşəbbüsü sənət aləmində hadisə olsa da Kremldə birmənalı qarşılanmadı. İngiltərə Antantanın tərkibində gənc respublikanın beşikdə ikən nəfəsini kəsmək üçün canfəşanlıq göstərirdi. Müttəfiqlərin qoşun hissələri gəmilərlə Arxangelskə gətirildi. Sovetləri iqtisadi blokadaya alan hərbi ittifaq Vrangelə, Denikinə, Kolçaka hər cür yardım göstərirdi ki, döyüşdə uğurlarını artırsın, qələbələr qazansın. Rusiyaya qarşı qərəzli mövqeyinə görə İngiltərə xarici işlər naziri Corc Kerzonu tanıyan da, tanımayan da lənətləyirdi. Lenin Çörçili 14 dövlətin Rusiyaya qarşı düşmən mövqe tutmasının baş təşkilatçısı adlandırırdı. Hitler hələ hakimiyyətə gəlməmişdən əvvəl məhz Çörçil kommunizmin önünə sipər çəkmək üçün əlindən gələni əsirgəmirdi. Vladimir Ulyanovun amansızlığını, qəddarlığını xüsusi vurğulayan Uinston Çörçil deyirdi ki, öz məqsədinə çatmaq üçün Çingizxan da, Tamerlan da Lenin qədər adam qırmayıb, qan axıtmayıb.
   
   Bu səbəbdən Çörçilin yaxın qohumunun yeni art layihə çərçivəsində inqilab cəngavərlərinə göstərdiyi ilgi, iltifat anlaşılan deyildi. Bütün bunlara baxmayaraq, Kler Şeridan öz işini gördü. Leninin büstü indi də Moskvada Mərkəzi Lenin muzeyinin fondunda saxlanılır. Zinovyevin, Trotskinin, Kamenevin, Dzerjinskinin, Krasinin əbədiləşən simaları da məhv edilməyibsə, demək yeddi qıfıl arxasında hansısa saxlancda, yad gözlərdən uzaqda qalmaqdadır.
   
   Əlbəttə, siyasətdə hər şey hər an dəyişə bilir. Dünənki düşmənlə bu gün bir masa arxasında oturmaq adi haldır. Dostluq yox, ümumi maraqlar təkcə İngiltərə diplomatiyası üçün deyil, hər kəs üçün ön plandadır. Faşizmə qarşı mübarizə əzmi qırxıncı illərdə Çörçili Sovetlərlə iş birliyinə gətirib çıxaracaqdı. Onun özü də, qızı və xanımı da dəfələrlə Rusiyaya gələcəkdi. Çörçil dəfələrlə Stalinlə yaxın təmasda olacaqdı. Bu görüşlərdən doğan təəssüratları qələmə alıb ayrıca kitab dərc etdirəcəkdi. Hətta 1953-cü ildə ona ədəbiyyat sahəsində Nobel mükafatı veriləndə həmin kitab da nəzərə alınacaqdı. Çörçil eyni zamanda gözəl rəsm əsərlərinin müəllifi idi. Sərgilərdə nümayiş etdirilən işləri maraqla qarşılanardı.Görkəmli siyasətçi 90 yaşını tamamlayıb yeni ilə yenicə qədəm basanda onun vida zəngi çalınacaqdı. 1965-ci il yanvar ayının 24-ü Uinston Çörçilin vəfat etdiyi gün kimi tarixə yazılacaqdı. Bu münasibətlə 80 yaşlı Kler Şeridana başsağlığı verənlər də olacaqdı. Hələliksə, təqvimdə 1920-ci ilin son günləri idi. Onun kuzinası Kler Şeridanın Rusiya sərgüzəştləri davam edirdi.
   
   Hərbi məsələlər üzrə xalq komissarı, İnqilabi-Hərbi Şuranın sədri Lev Davıdoviç Trotski ona təhkim olunan zirehli qatarla cəbhə bölgələrinə yollananda ingilis qonağını da özüylə bərabər apardı. Bolşeviklərin Qızıl Ordusunun monqol-tatarların Qızıl Ordasından heç də zəif olmadığını xanıma əyani şəkildə nümayiş etdirmək ona xüsusi həzz verirdi. Axı, kimsəyə sirr deyil ki, Sovetlərdə ordu quruculuğu bilavasitə Lev Davıdoviçin adıyla bağlı idi. Bu qatar onun istəyinə görə hazırlanmışdı. Təkərlər üzərində "alınmaz qala" da işləmək, istirahət etmək, lazım gələndə hərbi əməliyyatlara qatılmaq üçün hər şərait yaradılmışdı. Ledi Kler də hər şeyə diqqətlə baxır, gördüklərini, eşitdiklərini hafizəsində həkk edirdi. Bütün bunlar sadəcə sənətkar marağı çərçivəsini çoxdan aşıb keçmişdi. Görən, kim kimin sehrinə, yoxsa toruna düşmüşdü? Kler xatirələrində yazır ki, Trotski qadınların nazıyla oynamağı xoşlamazdı. Deyir, elə ki, tək qalırdıq, vaxt itirmədən mənə meyl göstərərdi. Öpüşləri ehtiraslı olsa da, hərəkətlərində nəvazişdən əsər-əlamət duyulmazdı. O, yalnız öz şəhvətini söndürməyin hayındaydı. Kler xüsusi vurğulayır ki, çox vaxt ikili görüşlərimiz zirehli qatarda keçərdi. Amma vidalaşarkən Trotskinin xəbərdarlığı uzun illər xanımın qulağında sırğa kimi asılı qaldı: "Vətənə qayıdandan sonra bizim ünvanımıza böhtan yağdırmağa başlasanız, mən özüm İngiltərəyə gəlib..." Sözünü yarımçıq kəsib fikrini davam etdirməsə də eşitdiklərindən yaman təşvişə düşən Kler onun nə demək istədiyini dərhal anlamışdı.
   
   Rusiyada gördükləri xanıma həddən ziyadə qəribə gəlirdi. Baş verən olaylardan adi məntiqlə baş aça bilmirdi. Aclıq, səfalət içində yaşayan insanların qəlbində aşıb-daşan ruh yüksəkliyi təəccüb doğururdu. Soyuqdan kəsilən nimdaş geyimli adamların çöhrəsindəki həyat eşqi əcnəbi qonağa karnavalda üzə taxılan maskaları xatırladırdı. Doğrudanmı, "aclar və qullar dünyası"nın nümayəndələri üç il ötməsinə baxmayaraq, hələ də imperiyanın süqutunun sevincini yaşayırdı? Yoxsa, aclıq və səfalət girdabına yuvarlanan ruslar fani dünyada hər şeyin tezliklə yenidən qurulacağına inanıb, bu inamdan ilhamlanıb xarüqələr yaradacaqlarını güman edirdilər? Yalana heykəl qoyduqlarını, bərabərlik adlı heç vaxt gerçəkləşməyəcək xəyalları bütləşdirdiklərini vaxtında anlasaydılar, xülyalarla yaşamasaydılar hadisələrin axarı bəlkə başqa istiqamətə yönələcəkdi? Güclü müşahidə qabiliyyətinə malik olan Kler sadə insanların gülər üzündəki çaşqınlığı, qəlbləri üzən naməlum mənşəli dumanı, çəni, çiskini də sezirdi. Bütün bunları bir cümlə ilə ifadə edib gündəliyində yazırdı ki, mən insanların varlığına hakim kəsilmiş müdhiş əzabı görürəm. Bu, təkcə əzab deyildi, həm də qorxu idi. Hamıya, hər şeyə şübhə ilə yanaşılan zamanda adamları get-gedə daha geniş miqyasda ağuşuna alan repressiya kabusu. Xof insanın içindəki mənəviyyatı dağıdır, ləyaqəti öldürür, ruhu söndürür. Ondan qurtulanın bir quru canı qalır ki, o da çox vaxt ya qurşuna yem olur, ya sağalmaz mərəzə tutulur...
   
   İyirmi il sonra Kler etiraf edəcəkdi ki, gəzdiyi-gördüyü bütün yerlərdə həmişə axtardığı bir şey olub, o da ideal. Vaxtilə Rusiyaya da bu sevdanın sorağıyla gəlmişdi. Tarixə nəzər salsaq görərik ki, baş verən hər hansı inqilabdan sonra ən böyük problem onu həyata keçirənlərin aqibəti olur. Başqa sözlə desək, əldə olunan inqilabı nailiyyətləri inqilabçıların özlərindən təmizləmək lazım gəlir. Çünki tarixdə liderlər yox, lider qalmalıdır. Lider sözü cəm şəkilçisi xoşlamaz. Bu sözün yanında, daha doğrusu, arxasında olsa-olsa yalnız "və" bağlayıcısı gələ bilər. Məsələn belə: lider və başqaları. Başqalarını da bir qayda olaraq, başqası deyil, bilavasitə başda duran özü seçib müəyyən etməlidir. Necə ki, bunu az sonra İosif Vissarionoviç Stalin edəcəkdi...
   
   Klerə Tanrının bəxş etdiyi ömür payı nisbətən çox olduğundan sırası gəldikcə Krasinin, Dzerjinskinin, Leninin vəfatı xəbərlərini qəzetlərdən oxuyacaqdı. Kamenevin, Zinovyevin, Petersin "xalq düşməni" elan edilərək güllələndiyini eşidəndə pərişan olacaqdı. Vaxtilə müsahibə aldığı Mustafa Kamal Ataturkün rəhmətə getdiyinə heyfsilənəcəkdi. Merkaderin buz baltası ilə Trotskini öz evində qanına qəltan edəcəyindən dəhşətə gələcəkdi. Mussolinin, Hitlerin ibrətamiz aqibətini görəcəkdi. Bütün bunlardan sonra müharibə bitən il kimsədən xəbərsiz Kler Şeridan həmişəlik İrlandiyaya daşındı. Hətta dini inancını da dəyişib katolik oldı. Görünür, olub-keçənləri unutmaq, çevrəsini, maraq dairəsini, yaşam tərzini büsbütün dəyişmək istəyirdi. Düz 25 il bu minvalla ömür sürən Şeridan 1970-ci ildə 85 yaşında vəfat etdi. Aradan bir qərinə ötmüş İngiltərə xüsusi xidmət orqanlarının açıqladığı sənədlərə istinadən mətbuatda sensasiya doğuran xəbərlər yayıldı. Guya Kler Şeridan, təkcə rəssam, heykəltəraş, jurnalist deyil, həm də mahir kəşfiyyatçı imiş. Özü də ruslara xidmət edirmiş. Yəni, həqiqətən Çörçilin kuzeni NKVD-nin agenti olub? Deməli, dünyada gizli dinləmə cihazları olmayan vaxtlarda belə İngiltərənin Baş nazirinin dil-dodağından çıxan sözlər Moskvanın qulağına çatırmış. Açıqlanan sənədlərə inansaq, ledi vaxtilə İstanbula, Əlcəzairə çekistlərin məxfi tapşırıqlarını yerinə yetirmək üçün yollanıb. Əgər yazılanlar həqiqətsə, bərəkallah mərifətinə, Kler xanım! Ya da əhsən fərasətinə, ay NKVD! Kler Şeridanın kəşfiyyat orqanları ilə əməkdaşlığı nə qədər inandırıcı səslənsə də, hansı dövlətin maraqlarına xidmət etməyi müəmmalı məsələdir. Xatırladım ki, İngiltərə Baş nazirinin həyat yoldaşı da qirxıncı illərdə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdi. Bəs hansı xidmətlərinə görə Klementina Çörçil bolşeviklərin yüksək mükafatına layiq görmüşdü? 1945-ci ildə Qələbə gününü nüfuzlu ledinin harada və necə qarşılaması da maraqlıdır. Klementina ilə Kleri təkcə qohumluq əlaqəsi birləşdirirdi, yoxsa?..
   
   

TƏQVİM / ARXİV