Bazarlıq

ƏBÜLFƏT MƏDƏTOĞLU
36106 | 2008-12-31 00:53
Deyirəm çox qəribə bir zamanda yaşayırıq. Elə bir zamanda ki, az qala hər bir əməlimiz, hər bir işimiz, hətta ən savab tədbirimiz belə az qala bazarlığa çevrilib. Bilmirəm, bu mayanın korlanmasında günahkar daha çox kimdir - zaman, yoxsa biz? Amma bildiyim ən dəqiqi odur ki, biz zamanı deyəsən elə şeylərdə ötüb keçirik ki, ona başqa millətlərin, başqa məmləkətlərin olsa-olsa yüz il bundan sonra ehtiyacı olacaq. Görünür biz edilməni yox, edilməsi məsləhət bilinənlərə daha çox üstünlük veririk.
   
   Son vaxtlar xarici mətbuatda nələr yazıldığını bir anlıq unudub öz telekanallarımızın, mətbuatımızın yaydığı, yazdığı diqqətçəkən informasiyalara nəzər yetirək. Tutaq ki, hansısa bir telekanal xəbərləri çox önəmli bir məlumatla başlayır:
   
   - Göyçayda üçayaqlı çəpiş doğulub.
   
   Və yaxud:
   
   - Cəlilabadda üçayaqlı pişik var.
   
   Və yaxud:
   
   - Tərtərdə ikibaşlı quzu doğulub.
   
   Və ən vacib xəbərlərdən biri kimi də Goranboyda filankəsov filankəsin təsərrüfatında üçəm quzu və yaxud iki buzovun doğulması camaat tərəfindən qeyri-adi hadisə kimi qarşılandı. Təbii ki, bütün bu xəbərlər, mən hələ onu demirəm ki, hansısa bölgəmizdə qışın şaxtasında alça çiçəkləyir və yaxud tut ağacı bar gətirib və sair. Deməli, bütün bu xəbərlər biranlıq efir ömrü əldə etməklə ən azı bir həftə söz-söhbətin əsası olur. Hara gedirsən, kimlə kəlmə kəsirsən, başlayır bu qərib, qeyri-adi xəbəri özünün bər-bəzəyi ilə sənə danışmağa. Tay fikirləşmir ki, o da bu məmləkətdə yaşayır, ən də. Həmin xəbəri televiziyada, mətbuatda mən də izləyib oxumuşam, o da. Bax, o fikirləşməməyinin səbəbində zənnimcə, bir bazarlıq dayanır. Çünki televiziya, mətbuat o xəbəri kimdənsə alıb bizə satır, biz də bir-birimizə satırıq. Beləcə bazarlaşırıq. İş o yerə gəlib çatır ki, bu gün bir növü bazara işləyirik. Nəyimiz var, ağına-bozuna baxmadan sırıyırıq millətə. Təbii ki, millətdə bizə.
   
   Elə götürək xeyir işlərimizi. İstənilən xeyirli bir məclisin məqsədinin, məramının da mayasında bir bazarlaşma var. Tutaq ki, qız toyu ediləcək, oğlan adamları gedir qız evinə. Otururlar üzbəüz və başlayırlar bazarlaşmağa. Nə qədər qonaq çağırılacaq, hansı yeməklər veriləcək, kimlər məclisi idarə edəcək, oğlan evi nə qədər məsrəf xərcləməlidir, oğlan tərəfindən nə qədər dəvətli məclisə qatıla bilərg Hə, bu bizim mədəni bazarlıqlarımızdan biridir. Düzdür, bu bazarlığın boynuna yıxırıq ki, adətdi, neyləmək olar, hamı necə, biz də elə. Olsun, nə deyirəm ki?
   
   İndi ilin sonu gəlib çatıb. O biri bazarlıqlar tamam yaddan çıxıb. Uşaqlar evdə Şaxta babanı, Qar qızı, onun bəzədilmiş küknar ağacını səbirsizliklə gözləyirlər. Oyuncaqlar bir yandan, hədiyyələr də o biri tərəfdən. Üstəgəl bayram süfrəsinin alış-verişini, yəni bazarlığını, lap onun da üstünə gəl uşaqların atəşfəşanlıq etmək üçün istədikləri müxtəlif fişəngləri və s. Deməli, rəhmətlik Sovet hökumətinin rəhmətlik Həmkarlar təşkilatı o vaxtlar bu bazarlığın müəyyən hissəsini özü edirdi. İndi bu yalnız bu xatirələrdə qalıb, acı da olsag Nəhayət, hər hansı bir tədbiri həyata keçirmək üçün plan-layihə hazırlanır. Elə bu bazarlıqlar da həmin layihənin bir cizgisidir. Mən də onun üzərində baş sındırıram. Hələ ki, bir nəticəyə gəlib çatmasam da, amma bilirəm ki, mütləq Yeni il üçün bazarlıq etmək lazımdır. Heç nə də etməsəm balacaların xatirinə mütləq küknar ağacını bəzəmək üçün pambıq və bir də bir-iki ədəd şam almalıyam. Doğrudur, indi pambığı qar adı ilə uşağa sırımaq olmur, amma neyləyək, olanımız budur da. Daha doğrusu, əlimizin cibimizdən götürdüyü və bazarla razılaşdırdığı gələ ki budur.
   
   Axı indi hər şey, o cümlədən bütün alış-verişlər daha çox razılaşma yolu ilədirg Allah bazarınızı versin.
   
   

TƏQVİM / ARXİV