Ulduzla müsahibə

ETİBAR CƏBRAYILOĞLU
45416 | 2008-12-31 00:47
Bu da ilin sonuncu günü. Ayrılıq dəmi gəlib yetişdi. Kərəmi bir neçə dəfə belə məqamda ağlamaq tutub. Amma ağlamaqla işlər düzəlsəydi nə vardı ki, elə gedib Əslini Kərəmə alar, yekə şadlıq evlərinin birində onlara toy çaldırardıq.
   
   Klassiklərimiz dəfələrlə deyiblər ki, ağladıqca kişi bankrota düşür. Ona görə də ağlayıb-sızlamaqdansa oturub ilin sonuncu köşəsini yazmaq məsləhətdi. İldi də gəlmişdi, indi gedir. Barmaq deyil ki, kəsiləndən sonra yerində heç nə bitməyə. 2008-ci il qurtarır, odey 2009-cu il qapının ağzında pusqu qurub, gəlmək üçün fürsət gözləyir.
   
   Yola salmaq istədiyimiz il heç bir hadisə ilə yadımda qalmadı. Bircə onu bildim ki, jurnalistlərimizin əksəriyyəti Olimpiya çempionu oldu. Nə qədər qəpiyə güllə atmaq olar... 2007-ci il daha maraqlı idi. Həmin ilin düz bu vaxtı "Ədalət"də özümlə müsahibə çap elədim. Bu ilin sonuncu köşəsi üçünsə ulduz axtarmalı oldum. Yaxşı ki, tez tapdım. Özü də yerdə. Qəhrəmanımın göylərlə işi yoxdu. Adi liftə minməyə qorxur. Onunku ancaq uzanmaqdı. Digər işlərindən özü danışacaq.
   
   - Sizinlə ilin sonuncu həftəsində görüşürük...
   
   - Əvvəl görüşmüşdük bəyəm? Nəsə yadıma gəlmir.
   
   - Yeni ili deyəsən, təzə mənzildə qarşılayırsız...
   
   - Buranı mənə dördüncü ərim bağışlayıb. Özü də üçüncü ərimdən ayrılmağım münasibətiylə. Təmir işləri tam başa çatmadığından heç bir telekanalda reklam etdirməmişəm. Etiraf edim ki, ev-eşiyimi, maşınımı, təzə şalvar-köynəyimi televizorda reklam etdirməkdən heç xoşum gəlmir. Mənə elə gəlir ki, sənətçi sənətiylə yadda qalmalıdı.
   
   - Lap yaxşı. Onda gəlin sənətdən danışaq...
   
   - Bağışlayın, uzanmaq olar?. Mənə belə daha rahatdı...
   
   - Sənət barədə danışırdıq...
   
   - Sənətim var. Qədim peşələrdən birini - toxuculuğu bitirmişəm. Üstündə möhürü olan diplomum da var.
   
   - Şou verilişlərinin bir neçəsində demisiniz ki, ilk albomunuz hazırlanır...
   
   - Demişəm, sözümün üstündə də dururam.
   
   - Adını bilmək olar, yoxsa sirrdir?
   
   - Bu vaxta kimi sirr saxlayırdım, heç sponsoruma da deməmişdim. Amma indi eksklüziv olaraq sizə deyirəm ki, ilk albomun adını "İtin balasıdı yalan deyən, yar bizə qonaq gələcək" qoymuşam.
   
   - İlk albomunuzda hansı mahnılar yer alacaq?
   
   - Mənim zadım genişdir. Siz ona nə deyirsiz?
   
   - Bilmirəm axı siz nəyi nəzərdə tutursuz...
   
   - Hə yadıma düşdü, repertuar... Repertuarım genişdir. "Ayıb da olmasın, su gəlib daşa dəydi" mahnımı da alboma daxil etmişəm.
   
   - Bu yaxınlarda sünnət toylarının birində oxuduğunuz mahnı da alboma daxil olunub?
   
   - "Ölüb yerə girmirsən, bu xal nə xaldı, belə düzdürmüsən" mahnısını deyirsiz? Bu mahnı mənə böyük uğur gətirdi. Artıq qəlyanaltılarda hitə çevrilən bu mahnını pərəstişkarlarımın çoxsaylı xahişilə alboma daxil etmək istədim.
   
   - Hansı bəstəkarlarla çalışırsız?
   
   - Çalışmaq deyəndə ki, populyar bəstəkarların əksəriyyəti mənim yanıma gedib-gəlir. Elə olur ki, səhərə kimi çalışırıq. Görkəmli bəstəkarların dediyinə görə, bu məndə pis alınmır.
   
   - İndi hamı klip çəkdirir. Bəs sizin klipinizi nə zaman görə biləcəyik?
   
   - Klip çəkdirmək mənim əlimdə siqaret çəkmək kimi asan bir işdi. İstəsəm elə bu dəqiqə müsahibə verə-verə bir klip çəkdirərəm, özü də super. Amma başqa sənətçilərdən fərqli olaraq, mən bu məsələyə çox ciddi yanaşıram. Hər halda planımda var. Yeni ilin ilk həftəsində "paxmeldən" ayıla bilsəm, hökmən klip çəkilişlərinə başlayacağam.
   
   - Hansı mahnıya?
   
   - İlk klipim "Korsan, min dəfə demişdim ki, həsiri basma, dolan gəl" mahnısına çəkiləcək.
   
   - Bir də doğulsaydınız müğənni olardızmı?
   
   - Əvvəla bu dəfə özəl klinikaların birində doğulmaq istərdim. Doğulandan sonra özüm istəməsəm də onsuz da məni bu sənətə gətirəcəklər. Fiquramdan, dodaqlarımdan görünmür bəyəm?
   
   - Oxucularımıza nə demək istərdiz?
   
   - Yeyib-içib, kef etsinlər. Dünya beş gündü, onun da iki günü istirahət gününə düşür. Bütün oxucularınızın qulluğunda hazıram!

TƏQVİM / ARXİV